Страницы

21.02.2011

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ

                 Rəsulzadə 127 il əvvəl Bakının Novxanı kəndində anadan olub

Faktxeber.com-un verdiyi məlumata görə, bu gün şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin banisi olmuş Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Görkəmli dövlət xadimi olan Məmməd Əmin Rəsulzadə 127 il əvvəl 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Qeyd edək ki, siyasətlə hələ gənc yaşlarından maraqlanan Məmməd Əmin Rəsulzadə ilk siyasi təşkilatı - “Müsəlman gənclik təşkilatını” 1902-ci ildə 18 yaşında qurub. 1917-ci ildə isə “Müsavat” partiyasının Bakıda keçirilən birinci qurultayında sədr seçilib. O Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biridir. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində sovet qoşunlarının müdaxiləsi ilə süqut edir. Elə həmin il Rəsulzadə qırmızı ordunun əsgərləri tərəfindən Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edib. 

İSTİQLALA APARAN MƏŞƏQƏTTLİ YOLLAR

1918-ci il, 28 may!

Çəkdiyin həqarətlərə bu gün son qoyulur, Vətən! Neçə illər həsrətində olduğun istiqlal işığı axıb çöllərinə yayılır.

Bu gün xalq və istibdad möhnətindən qurtarıb nurlu bir yola düşürsən. Elə bir yolun yolçusu olursan ki, istisini duymayan bəxtəvər günə çatmaz. İstiqlal məşəlini başın üzərində alovlandırmağa az qalır. Lap az qalır...

Həmin gün dörd müsəlman partiyanın iştirakı ilə Tiflis şəhərində fövqəladə iclas keçirilir. İclas bir məqsədlə çağırılıb: mövcud, mürəkkəb vəziyyəti nəzərə alıb Azərbaycanı idarə etmək. Azərbaycan Respublikasının yaradıldığını bildirmək.

Gizli səsvermə yolu ilə 22 səsçoxluğu qazanıb Məmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının başçısı seçilir.

Bu vaxt onun 34 yaşı vardı...

Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884-1955) müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaradıcılarından biri, görkəmli ictimai-siyasi və dövlət xadimi, istedadlı alim, jurnalist və publisist olmuşdur.

M.Ə.Rəsulzadənin çoxcəhətli fəaliyyətini, zəngin ədəbi-siyasi irsini, elmi-nəzəri görüşlərini dərindən, obyektiv və sistematik şəkildə öyrənmədən Azərbaycan tarixinin XX əsrin birinci yarısı, xüsusilə də Rusiyada üç inqilab (1905-1907, 1917 fevral və oktyabr) dövrü və milli, müstəqil Azərbaycan dövlət quruluşunun yaradılması və fəaliyyəti dövrü tarixini tədqiq etmək, işıqlandırmaq mümkün olmaz.

Günəşin şəfəqləri buludların arasından süzülüb torpağı cana gətirir, onun soyuqdan, şaxtadan qoruyub qoynunda gizlətdiyi gül-çiçəyə boy verib böyüdürdü. Bəli, Novxanı kəndində xoş qədəmli bahar gəlirdi. Kəndin hörmətli adamlarından olan axund Hacı Molla Ələkbərin evində iki övlad böyüyürdü: oğlu Məhəmməd Əmin və qızı Şəhrəbanu. Adlı-sanlı axund ömür-gün yoldaşı Zal qızı Zinyətlə sakit həyat yaşayır, övladlarını böyüdürdülər. Oğluna yaxşı təhsil verib, bilik adamı etmək axundun ən böyük arzusu idi. Quranı mükəmməl oxuya bilən Məhəmməd Əminin dərin zəkası onun diqqətindən yayınmırdı.

Təzə əsr girəndə onun on altı yaşı vardı. Müəyyən təhsil alıb bilik qazanmışdı. Məşhur pedaqoq S.M.Qənizadənin müdir olduğu ikinci rus-müsəlman məktəbinə, bir müddət də Bakı texniki məktəbdə oxumuşdu. Lakin ən çox maraqlandığı siyasi mübarizə, xalqı qəflət yuxusundan oyadıb, düçar olduğu xəstəliyi anlatmaq istəyi idi. Bu işdə ilk fəaliyyət addımını təşkilat yaradıb müəyyən adamları dövrəsinə yığmaqda görürdü.

1902-ci ildə on səkkiz yaşlı Məhəmməd Əmin Rəsulzadə "Müsəlman Gənclik Təşkilatını" yaratdı. Bu bir əsrə yaxın müstəmləkə rejimi altında inildəyən xalqın ağrılarını sağaltmağa çalışan ilk siyasi təşkilat idi.

1903-cü ildə Məhəmməd Əminin fəaliyyət dairəsi xeyli genişlənir. Dostları ilə çoxlu mütailələr edir, inqilabi ruhlu yazılar yazır, mübarizə yolunda qətiyyətli olurdu. Başçılıq etdiyi Hümmət Təşkilatına sonradan yolları başqalaşan N.Nərimanov, M.Əzizbəyov və qeyriləri daxil idi. Təşkilatın "Hümmət" adlı bir qəzeti də çıxırdı. Sonradan həmin qəzet "Təkamül" adı ilə nəşr olunmağa başladı. Bu da Bakıda o zaman fəaliyyət göstərən, amma prisnsip etibarilə bir-birlərinə düşmən olan bolşevik və menşeviklərin diqqətini cəlb edirdi.

Elə həmin illərdə o, sonradan milyonlarla insanın qanını töküb, türk xalqlarının qəti düşməninə çevriləcək Stalinlə tanış olur.

Onları ilk dəfə əmisi oğlu Məmmədəli tanış edir.

...Stalinlə ilk söhbətdən sonra Məhəmməd Əmin daxilən narazı qaldı. Sonradan əlaqə saxlayıb görüşsələr də, müəyyən işlərdə birgə çalışmaları olsa da, Stalinin bu xoşagəlməz hərəkətindən, xüsusilə də asanlıqla dediyi "aradan götürərik" sözlərindən Məmməd Əminin xoşu gəlmirdi.

1908-ci ildə Vətənində başlanan kütləvi təqiblər 24 yaşlı istiqlalçını qürbətə mühacirət etməyə məcbur edir.

Doğma yurdundan aralı düşmüş gənc Azəri türkü içərisində istiqlaliyyət alovu ağrılı fikirlər içərisində əzab çəkirdi. Adamları zülmün, sitəmin qara pəncəli əlindən qurtarmaq yollarını düşünürdü.

Yolçusu olduğu tozlu-torpaqlı yol, nəhayətsiz halda uzanır, sonu görünmürdü. Yolçu yol gedirdi...

Məmməd Əmin Rəsulzadə İrana gəlib çatanda burada məşrutiyyə hərəkatı alovlanırdı. O, məşrutə inqilabının belə alovlu vaxtında gənc yaşlarında ikən mübarizəyə qoşulmuşdu. Burada onun Avropa təhsili görmüş ziyalı dostları vardı. İnqilab işinə hədsiz sədaqəti olan Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza ilə fikircə, əqidəcə yaxın idilər. 1910-cu ildə İran ziyalıları ilə birgə İran demokratik Partiyasının əsasını qoydular.

Sonralar təzyiqin getdikcə artdığına görə M.Ə.Rəsulzadə İranı tərk etməyə məcbur oldu. Məşrutə hərəkatı yolçusu olduğu azadlıq mübarizəsinə yeni təkan verdi. İran inqilabı sonrakı fəaliyyətində mühüm örnək oldu.

İndi üz tutub getdiyi məkan Türkiyə idi. Doğma yurduna qayıtmaq həsrəti ilə çırpınanda 29 yaşı vardı. Birdən sanki möcüzə baş verdi. Vətənə qayıtmağına icazə verdilər.

Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı mühacirlər hökumət tərəfindən bağışlandı və M.Ə.Rəsulzadə beş ilin ayrılığından sonra Azərbaycana qayıtdı.

1913-cü il idi. Bundan iki il qabaq əmisi oğlu məktub vasitəsiylə böyük fərəh hissi ilə Müsavat adlı bir partiyanın qurulduğundan yazırdı. Vətənə qayıtdıqdan sonra M.Ə.Rəsulzadənin ən çox narahat edən Müsavatın iş xəttini dəyişən zamana uyğunlaşdırmaq idi. Beş yüz adamın iştirak etdiyi Müsavat Partiyasının V Qurultayında 33 yaşlı M.Ə.Rəsulzadə Mərkəzi Komitənin sədri seçilir.

İstiqlaliyyətə və hürriyyətə doğru daha inamlı addımlar atıldığı zamanda bolşeviklər hakimiyyətə gəldi. Rəsulzadə onların qorxulu oyuna başladıqlarını bilirdi. Bu oyunun ilk təhlükəsi erməni Şaumyanın noyabr ayında Bakı Xalq Komissarı seçilməsi idi. Belə alınırdı ki, Bakı Petroqrad bolşeviklərinin - Lenin hökumətinin sərəncamına keçir.

Azərbaycan Respublikası yaradılmış, hökumət qurulmuşdu. Amma Bakı şəhəri Şaumyanın hökmranlığı altında idi. Buna görə də başkənd müvəqqəti olaraq Gəncəyə köçürüldü.

...Türk qoşunları Bakıya yaxınlaşırdı. Azərbaycan və Türkiyə hökumətləri arasındakı Batumi müqaviləsinə əsasən türklər Azərbaycana kömək edir, onu işğalçılardan təmizləyirdilər. Sentyabrın 14-dən 15-nə keçən gecə onlar sürətli hücumla Bakıya girdilər. Düşmən təslim oldu. Qafqaz Müsəlman Ordusunun komandanı Nuru Paşa Gəncəyə - Azad Azərbaycan Hökumətinin başçılarına xoş xəbərli teleqraf göndərdi.

M.Ə.Rəsulzadə şad xəbəri İstambulda eşitdi. O günü sonralar belə xatırlayırdı: "Türkiyənin hərbi naziri və baş komandanın vəkili olan Ənvər Paşa telefon açdı: "Əmin bəy, Bakı alındı!" Bu qısa xəbərin məndə tövlid etdiyi təsiri təsvir etməyə qabil deyilərm. O təsiri unuda bilmirəm".

Lakin çox təəssüf ki, bu sevinci ömrü uzun olmadı. Min bir əzabla yaradılmış ADR cəmi 23 ay yaşadı. İstiqlalçıların xalqın azadlığı yolunda qazandıqları hər şeyə bu qısa müddət ərzində nail olunmuşdu.

1920-ci il aprelin 26-sı gecəsində işğalçı XI Ordu artıq Azərbaycanın hüdudlarını keçdi.

Aprelin 27-dən saat 12-də Parlamentin son iclası oldu.

Hərbi nazir S.Mehmandarovun vəziyyət haqqındakı məlumatından və mövqeyindən də çox şey asılı idi. Amma bütün imkanlardan istifadə etmmiş təcrübəli general açıq elan etdi ki, "onun ordusu müqavimət göstərmək imkanına malik deyil". Bakıda qalan cüzi bir qüvvə ilə 60 minlik düşmən qoşununun qarşısını almaq olmazdı. M.Ə.Rəsulzadə çıxış edərək açıqca bildirdi ki, son nəfəsinə kimi bolşeviklərlə vuruşmağa hazırdır.

Amma dövran dəyişmişdi. Dəyişən şərait insanı çox şeyə məcbur edir. Bir də son ümid Vətəni bu bəladan qurtarmağın son çıxış yolu azərbaycanlı bolşeviklərin göndərdikləri ultimatuma qalırdı. Onlar göstərirdi ki, hakimiyyət ruslara deyil, azərbaycanlı kommunistlərin ixtiyarına keçir. Aprelin 28-də Bakının küçələri XI Ordunun əsgərləri ilə dolu idi. Mayın 3-də Parlament binasındakı Azərbaycan Demokratik Respublikasının 3 rəngli bayrağı endirildi.

Sonrakı illər bütün Azərbaycan xalqı, eləcə də M.Ə.Rəsulzadə üçün ağır olmuşdur. 1931-ci ildə Türkiyə ilə Sovet Birliyi arasında imzalanan dostluq müqaviləsinə görə (müqavilənin gizli bir bəndi də belə idi: mühacirlər ölkədən çıxarılsın, sovet hökuməti əleyhinə təbliğat işi aparılmasın) həmin ölkəni tərk etmək məcburiyyətində qaldı.

Müəyyən müddətlərdə Polşada, Almaniyada, Rusiyada yaşadı.

1947-ci ilin sonlarında yenidən Ankaraya qayıtmağa icazə verildi. O, tək deyildi. Polşada evlənib həyat qurduğu Leyla xanım (əsl adı Vandadır) da onunla birlikdə Ankaraya gəlmişdi.

1952-ci il aprelin birində burada başçılıq etdiyi Azərbaycan Kultur Dərnəyinin orqanı olan "Azərbaycan" dərgisinin ilk nüsxəsi çapdan çıxdı.

1955-ci il martın 6-sı. Ankara universitetinin tibb fakültəsinin xəstəxanası. 2-ci daxiliyyə klinikası. Otağa çoxlu adam toplaşıb. Xəstə ölümlə çarpışır, son gücünü, qüvvətini, toplayıb istəyini, arzusunu bir ünvana çatdırmaq istəyir.

...Qəflətən xəstə hərəkətsiz oldu. Bayaqdan asta-asta döyünən ürəyi həmişəlik dayandı. Otaqdakılar hönkürtü ilə ağlamağa baladılar. Saat 22.45 dəqiqə idi.

Martın 7-də gecə saat 22.45-də Ankara radiosu M.Ə.Rəsulzadənin vəfatı xəbərini bütün dünyaya yaydı.

Martın 8-də saat 12.30-da mərhumun cənazəsi Hacı Bayram Camesindən götürülərək Əsri məzarıstanlığında dəfn edildi.

Hörmətli oxucular! Bu, Azərbaycan Milli Qrutuluş hərəkatının ideoloqu və lideri Məmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti barədə inldiyədək yazılanlara istinadən kiçik bir məlumatdır. Siz isə onu xatırlayanda anası acından, bacısı qorxudan, həyat yoldaşı həsrətdən, qızı soyuqdan ölmüş, digər qızı 19 yaşında güllələnmiş, nəvəsi itkin düşmüş, oğlanlarından biri 19 yaşında qətlə yetirilmiş, digəri 54 il qürbətdə yaşamış bir adamın ən başlıcası da boyunduruqda olan xalqın qeyrətli bir nümayəndəsinin ağrılarını yaşayın.

Qoyun yaşadığınız o ağrılar donmuş qanınızı coşdurub, qaranlıq yaddaşınıza işıq saçsın. İstiqlaliyyətiniz mübarək!

Комментариев нет:

Отправить комментарий