Страницы

18.02.2011

Pessimist gündəliklər


İbrahim Sel                                     Professional Oxucu Liqası

Bizdən asılı olmayan səbəblər üzündən qapanmış litparad.azeriblog.com saytına daxil olmuş şərhlərə cavab olaraq


 “Qan və rəmzlə yazılanlar oxunulmaq üçün deyil, əzbərlənmək istəyir”. Fridrix Nitsşe, “Zərdüşt belə deyirdi”
 
 Bəşəriyyətin tarixi elə insanın özünə oxşayır. Əvvəlcə uşaqlıq çağı, sonra keçid dövrləri, kamil yaş, qocalıq və… keçmişdə ərimək. Bütün yaş dövrlərinin tacına- kamil yaş dövrünə az vaxt ayrılır, bunu şişuclu dağ zirvələri ilə də müqayisə eləmək olar- yamacları geniş olsa da, piki dardı. Doğrudan da, bu dünyada hər şey bir-birinə oxşayır: peyda olur, yetişir və solur. Sonra isə “başqa formaya keçir” (Sokrat). Bəlkə də ona görə XX əsrin sonu və XXI əsrin əvvəli bəşəri inkişafın piki sayılır. İndi isə, mənə elə gəlir ki, insaniyyəti sərt eniş gözləyir. Bu mənim şəxsi mövqeyimdi. Ancaq bəşəriyyətin hələ çağa dövrünü yaşadığını iddia eləyənlər də az deyil.
 Amma… Bəzi faktlara görə, yuxarıda mükaliməyə çəkdiyim fikirlərin üzərində dayanmaq olar.
 Bütün hallarda bir həqiqəti rədd eləmək mümkün deyil. İldən-ilə Yer kürəsinin müxtəlif guşələrində tüğyan eləyən və çoxalan təbii fəlakətlərlə, (bəzən də texnogen) kataklizmlərlə, geniş miqyaslı qəzalarla, heç vaxt bizim əsrdəki kimi texniki proqress və informasiya küyü görməyən əcdadlarımız tanış deyildi. Yəqin ki XXI əsr- bəşəri mənəvi böhran, qəfil və sağalmaz xəstəliklər, təbii fəlakətlər və qəzalar əsri olacaq. Lokal müharibələrsə sonra qloballaşacaq. Buna əsas çoxdu. Tamamilə mümkündü ki, bu əsr İslam sivilizasiyasında dünya müsəlmanlarının ruhi tərəqqisi üçün axırıncı, yaxud axırdan əvvəlinci olsun (doğrusunu Allah bilər).
 Deməli, gələcək nə vəd eləyir? Bizi nə gözləyir?
 Gəlin mülahizələrimizi bölüşək.

                                                                BELƏLİKLƏ…

1.İnsan tərəfindən düzəldilən Kütləvi Qırğın Silahlarının müxtəlif növləri elə insanın əleyhinə yönəlib. Və bu prosesi dayandırmaq artıq mümkün deyil, necə deyərlər, “atılan ox qayıtmaz”.
2.İnsan tərəfindən öz rifahı naminə yaradılan zavod və fabriklər, sənaye müəssisələri, texniki təhcizat ildən-ilə atmosferi daha da çirkləndirir və Yer planetini həyatın yoxa çıxması ehtimalı kimi ciddi təhlükəyə yaxınlaşdırır. Lakin ABŞ, Yer kürəsini qorumaq məqsədilə tərtib olunan “Kioto Protokolu”na planeti ən çox çirkləndirən ölkə kimi qol çəkməkdən boyun qaçırır.
3.Bir neçə il əvvəl “Komsomolskaya Pravda” qəzetində, yerin nüvəsində yatan dünya neft ehtiyatının 40-50 il ərzində qurtaracağını göstərən elmi tədqiqatın nəticələri dərc olunmuşdu.
4.Dünyanın indiki altımilyardlıq əhalisi, 2050-ci ildə 20 milyard olacaq. Qurunun sudan az olması hesabıyla o dövrəcən torpaqda mineral potensialının tükənməsi, Yer sakinlərini kənd təsərrüfatı ərzağı ilə təmin eləyə bilməyəcək.
5.İldən-ilə çoxalan dini sektalar arasında ziddiyyət və münaqişə böyüyə bilər. Uzağa getməyək, Azərbaycanda son illər meydana çıxan təriqətləri və sektaları nəzərdən keçirək. Hər halda dövlətlər arası soyuqluğu, yaxud başqa kəskin problemləri diplomatiyanın köməyi ilə aradan ötürmək mümkündü, lakin dini zəmində yaranan münaqişələrdə diplomatiya gücsüzdü. Buna sübut çoxdu. Elə götürək Fələstin və İsraili, 1967-ci ildən bu yana öz aralarında vuruşurlar (günahsa İsraildədi, Fələstin torpaqlarını işğal eləyib). İspanlar və separat basklar da neçə onillikdi ki barışığa gəlmir. İrland katolikləri və prtostantları arasında bu gün də dərin ziddiyyətlər var.
6.Bütün bəşəriyyət qlobal miqyasda taun kimi yayılan ruhi və əxlaqi böhrana uğrayır. Məsələn: Qərb ölkələrində, əsasən də həmişə şəninə təriflər deyilən ABŞ-da şagirdlər öz sinif yoldaşlarını və müəllimlərini heç nədən güllələyir, yaxud qumbara ilə partladırlar; budu, “kütləvi qırğın” tendensiyası üstələyir; başıqırxıqlar (skinhedlər), faşistlər (yeni əsrin yeni tipi), narkomanlar, yüngül əxlaqlı qadınlar, hər cürə manyak və s. Qanunla qoyulan səddə, yaxud dövlət səviyyəsində ehtiyat tədbirlərinə baxmayaraq, sadaladıqlarımızın sıraları get-gedə böyüyür. Detektiv və erotik əsərlərdən savayı heç nə oxumayan gənclərdə oğurlamaq, öldürmək, zorlamaq kimi daha çox heyvani hisslər formalaşır. Bizim gəncliyimiz hesab olunan uşaqlar, kiçik yaşlarından kompüter oyun salonlarında “Kontr Strayk”ı, “QTA”nı, “Kveyk”i və s. oyunları təqlid eləyə-eləyə zorakılığı istedadla mənimsəyir. Kompüter salonlarınqa baş çəkin, “QTA”, “Kontr Strayk”, “Kveyk” və s. oyunlarını böyük şövqlə oynayan uşaqları görəcəksiniz, bu oyunda adamabənzər, tökməbədən, qəddar robot qabağına çıxanı əzişdirir, sahibin əlindən maşını alır, bir zərbəylə polisi kənara tullayır. Yəqin ki bu kimi gəlirli oyunlar nümayiş olunmayan salonlar müflis olacaq. ABŞ-da gənclər arasında keçirilən sorğuda respondentlərin 80%-i Maykl Cordan kimi varlı idmançı olmaq istəyini bildirib. Ancaq iman üzərində həyat rifahını qurmaq istəyənlər isə çox az olub. Deməli, “əgər ağlın varsa, niyə kasıbsan” məsəli, pulu gündəlik tələbatı ödəmək üçün vasitəyə yox, artıq bəxtin özünə çevirir. Almaniyada sərbəstliyə məhdudiyyət qoyduğu üçün öz valideynlərini güllələyən bir çox şagird qeydiyyata alınıb. Rusiyada isə milli faşizm ideyaları nəinki fərqləri çulğalayıb, hətta ayrıca partiyalar milli maraqlar şüarıyla bu tip ideyalar altında daldalanıb. Tezliklə belə partiyalar bizdə də peyda olacaq; tendensiya üzdədi- etnos ölkənin əsas millətini divara dirəyib.
7.ABŞ və İsrail kimi təkəbbürlü dövlətlər öz iradəsini bəşəriyyətə diqtə eləyirlər, nəinki yerdə, hətta kosmosda da hegemonluq arzusundadırlar. NATO kimi hərbi bloklar isə zahirən özünü xilaskar göstərməklə, əslində bütöv xalqlara və dövlətlər öz gücünü göstərir, onların heysiyyatını ələ alır (Vyetnam, Əfqanıstan, İraq və s. ölkələr), bütün planet miqyasında tədricən hərbi və siyasi nüfuza yiyələnir, ən əsası, daim sülhün mövcudluğunu şübhə altına salır.
8.Sağalmaz xəstəlik, XX və XXI əsrin taunu- QİÇS, bütün bəşəriyyəti hər tərəfdən sıxıb boğur. Əgər bu günə kimi 20 milyon adam QİÇS-dən ölübsə, deməli 40 milyon da xəstə var, 30 mini isə hər gün yoluxur.
9.Bütün bunlara iqlimin qlobal dəyişikliyini və şirin su ehtiyatının azalmasını əlavə eləmək olar. İstiləşmə sürətlə artır. Şirin suyun buz ehtiyatları vaxtından əvvəl qurtara bilər. Üstəlik hər hansı Fövqəladə Hal qloballaşma ərəfəsində daha da aktivləşir; cinayətkarlıq, əxlaqsızlıq, oliqarx məmurların üzə çıxması, məzlumların çoxalması, sinfi düşmənçilik və s. və ilaxır.
 İndiki zamanda insanlıq belə görünür. Ancaq bu hələ hamısı deyil.

                                             PROQRESS, YOXSA REQRESS?


 Açıq qəlbli adamın düşüncələrini yerindən oynadan böhran, tənəzzül, ümidsizlik, çıxılmazlıq və ardınca intihar- bunları düşünəndə qeyri-ixtiyari tanınmış yapon filosofu Daysaku İkedanın kəlamları xatırlanır: “Ümidlərin boşluğu, ən ölümcüm fanilik kimi hasarın çatından dərin uçuruma baxan adamlara, taleyin onları həmin uçuruma itələmək ehtimalından xəbər verir. Və bu dibsiz uçurum bizi gündəlik məişətdən ayırıb əzəldən yazılmış taleyimizi düşünməyə vadar eləyir”.
 Diqqət yetirin: əzəldən yazılmış taleyimizi!..

 Gələcək haqda həyəcan və kədərlə düşünməyimiz üçün səbəb çoxdu…

 Bütün bunlar ondan xəbər verir ki, bəşəriyyət özünüməhv yolunu seçib. Qasid Nağıoğlu demişkən, XXI əsr axırıncılardan ola bilər. Tanınmış filosof Karl Yaspers inkişafda olan texniki əsrin mənzərəsini belə vermişdi: “Texnika insanı əhatə eləyən gündəlik həyatı radikal şəkildə dəyişdirib, əmək fəaliyyəti sahəsi zorən kütləvi istehsal mühiti keçib, bütün mövcud olanları hərəkətə gətirib hansısa texniki mexanizmə, Yer kürəsini isə nəhəng fabrikə çevirib. Bununla da insanı tamamən öz kökündən ayırıb- həmin vəziyyət bu günə kimi davam eləyir. İnsan Vətəni olmayan və ənənələrini itirən Yer sakininə dönür. Xeyirli işlər və öyrənmək əzmi ruhən düşüb. Dövr simasını dəyişdikcə dağıdıcı xarakter alır”.
 Bax, bəşəriyyətin indiki vəziyyəti belədi.

                     BİZİM ZƏMANƏMİZDƏ BAXIŞ GÖZÜN ƏSAS MƏZİYYƏTİDİR

 Bizim zəmanəmizdə bütün baxışlar həyatın dəhşətli filmlər göstərilən amansız ekranına zillənmişdir. Bizim hər birimiz bu kinodan bir göz qırpımında gedirik. Lakin tamaşa bir dəqiqə belə fasilə vermədən davam edir. Dünyada bada gedən öpüşlər və nəğmələr vardır. Evlər, tarixi abidələr var ki, kələkbazların əli ilə yer üzündən silinib gedir. Suallar var, onların cavabları yoxdur. Bütün ölkəni qıran hərbçilər və həmin ölkənin terrorçu elan olunan körpələri vardır. Kolluqların arası ilə axan xırdaca çaylar və sıx otluqlar, biçənəklər vardır. Həm göy səmalar, həm bu səmalarda vertolyotlar vardır. Həm ürkək-ürkək öpüşən türk sevgililər, həm də onların qolundan yapışıb bunun üstündə şöbəyə dartan kürd polislər vardır. Yer üzünün ən ləyaqətli qanunvericisi olan hind-arinin əli ilə yaranmış dəyişməz qanunlar, lakin Azərbaycanda bu qanunları pozan dəyişkən buludlar vardır. Bu həqiqətləri yaradan insan allahın mərhəmətini qazanmaq üçün öz səhvlərini vaxtında etiraf etməyi bacarır. Zira, allahın yolundan çıxarkən insan bir yeni allahın yoluna qayıdır. Bu allah buludların üzərində hakim təki əyləşən qondarma allah deyildir…
 Öz sadəliyi və xeyirxahlığı ilə insanlara yaxın olan bu allah taxt-tacsız belə allah adına layiqdir. O allah ki həqiqətin yalnız göylərdə olduğunu israr etmir. O allah ki cırcırama cırıltısını, qumlu sahilləri, körpə şaqqanaqlarını sevir. O allah ki dostluğu, qardaşlığı kor-koranə itaətdən üstün tutur. Bu allah təkcə kilsələrin, məscidlərin allahı deyildir. O küçədə gəzməyi də özünə ar bilmir.
 Bu allah gələcək insanın timsalıdır. Öz qəlbi və idrakı ilə hər şeyə qadir olandan sonra insan dağları, düzləri, səhraları, dənizləri çiçəkli bağa çevirəcəkdir. Allahı belə başa düşənlər heç vaxt günah etmirlər. Allah Bibliyaya, yaxud Qurana imza atmaq üçün yaranmamışdır. Allah- sabahın insanıdır, insan isə yaxın gələcəyin allahıdır. Bizim zəmanəmizdə möcuzəni kitablarda axtarmaq lazım deyildir!
 İNSANın gələcəyinə inanaq!

1 комментарий: