Страницы

19.02.2011

“Qul bazarı”na quldarların hücumu





intizam.azerooblog.com

Xətai rayon İcra hakimiyyəti “Xalqlar Dostluğu”ndakı işçiləri zorla dağıtmaq niyyətindədir. Son iki ayda iş axtaranların sayı sürətlə artır “O, olmasın bu olsun” filmində Məşədi İbadın “ədə, hambal, bura gəl” çağırışına onlarla işsiz-gücsüz insanın yüyürməsi səhnəsini yəqin ki, çoxunuz təbəssümlə seyr edibsiniz.
Müqayisə qüsurlu olsa da, deyim ki, Bakının “Qul bazarı” (biz bu ifadəni İşçi Bazarı kimi ifadə etmək qərarındayıq) kimi ad çıxaran yerlərində qoca, cavan, orta yaşlı insanların işçi axtaran adamların üzərinə necə qaçdığını görən heç bir adam “O, olmasın, bu olsun”un həmin səhnəsinə gülə bilməz.


Bakının müxtəlif yerlərində hər gün səhər açılandan qaş qaralana qədər minlərlə adam iş üçün özünü soyuğa-istiyə verib gününü keçirir. Bir həftə əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda “Əmək yarmarkası” keçirildi. Bu yarmarka “qul bazarları”na necə təsir göstərib? Cavab bizə bəlli olsa da, qərara gəldik ki, məsələyə elə yerindəcə münasibət öyrənək. Bu dəfə “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında işçilərin kütləvi toplaşdığı yerə getdik.

İşçi bazarının üstünlüyü və çatışmazlığı

Yüzlərlə iş axtaran insan burda - tikintisi yarımçıq qalmış körpü və binanın əhatəsində yolun qırağında dayanıblar. Onlara yolun əks tərəfindən dahi rəhbərin gülümsər iri portreti boylanır. İş axtaran insanların üzərinə “qul” yarlığı yapışdırılsa da, onlar heç də məzlum, tifil və zavallı deyillər. Həmsöhbətimiz olan bir neçə şəxsin sözlərinə inansaq, bura elə adamlar çıxır ki, onların altında “Mercedes” markalı maşın, yaxşı ev-eşik və s. var. Burda çalışan adamların gəlirlərini az saymaq olmaz. Şəxsən söhbətləşdiyimiz adamların aylıq gəlirləri biz jurnalistlərdən qat-qat çoxdur. Hər halda, onlar 300-400 manat aylıq gəliri qəbul etmirlər, bunu haqlı olaraq çox az sayırlar. Problem ondadır ki, belə yerdə çalışan insanların əmək şəraiti, pul qazanmaq formaları alçaldıcı və təhqiramizdir.
Səhərdən axşama qədər ayaq üstə iş gözləmək… İş üstündə amansız rəqabət... Günlərlə işin olmaması. Xəstəlik və başqa səbəblər ucbatından işə çıxa bilməyəndə gəlirdən məhrum olma… Pensiya təminatının olmaması və s.

Əyalət işsizlik ucbatından Bakıya axır

“Xalqlar dostluğu”ndakı İşçi bazarında olanların mütləq əksəriyyəti əyalət adamlarıdır. Onların arasında 12 ildir bura çıxıb çörək qazananlardan tutmuş 1-2 illik staj yığanları da var. “Hökumətin keçirdiyi “Əmək yarmarkası”nda iştirak edibsizmi” sualına burda verilən cavablar ürəkaçan deyil. İşçilər yarmarkanın formal xarakter daşıdığını, orda təklif edilən işlərin az maaşlı olduğunu deyirlər. Şamaxıdan olan Kərim adlı gənc bildirir ki, dörd ay əvvəl rayonlarında keçirilən yarmarkada iştirak etsə də, iş tapa bilməyib: “Dedim ki, fəhlə adamam, mənə bir iş verin. Onlar da dedilər ki, yox, bizə mühəndis lazımdır”.
Cəlilabadlı Mirmüzəffər də rayonda iş tapa bilmədiyindən, Bakıya üz tutub: “Evimin içində günə 5 manat qazana bilsəydim, burda nə işim vardı? Burda günə 15-20 manat qazana bilirəm. Amma bu pulun nə qədəri kirayəyə, yol puluna çıxır. Kimin xoşu gələr küçədə dayanmaqdan?”

İşsiz artır, iş azalır

Qlobal iqtisadi böhran hakimiyyətin inadkarcasına təkzibinə baxmayaraq, Azərbaycana daxil olub. Buna iş axtaran insanlarla söhbətdə də əmin olmaq mümkündür. İşçilər deyirlər ki, iki aydır bazarda kəskin durğunluq yaranıb. 7 ildir burda iş tapan Cəfər söyləyir ki ötən ilin uyğun dövrü ilə müqayisə olunmaz dərəcədə iş azalıb: “Burda elə adam var ki, 15 gündür bir dənə də işi olmur. Elələri var ki, bura çıxıb, geri qayıtmağa pulu yoxdur, bir manat pul alıb evinə qayıdır. Çox çətinləşib. Mənim özümün son 10 gündə cəmi 3 işim olub”.
İşçilər onlara tələbatın azalmasının səbəblərini hələ ki, çətinliklə dərk edirlər. Lakin ölkədəki maliyyə böhranından xəbərdar olanlar da var: “Bütün tikintilər dayanıb. Tikinti qiymətləri düşüb, ancaq tikən yoxdur. Hətta bu körpünü (yaxınlıqdakı tikintini göstərir) də dayandırıblar, tamamlaya bilmirlər. Bilmirik bunun axırı necə olacaq?” - bu sözlər vaxtilə texnikumda müəllim işləmiş şəxs dedi. Fəhlələrdən öyrəndiyimizə görə, İşçi bazarına son aylarda axın güclənsə də, burda sıxlığın yaranması müvəqqəti haldır. Çünki iş olmadığından, adamlar bezib bazarı tərk edirlər.

Xətai rayon İcra hakimiyyəti işçilərə qənim kəsilib

Bu arada “Xalqlar dostluğu”ndakı işçilər üçün əlavə qayğılar da peyda olub. Xətai rayon İcra Hakimiyyəti əmək bazarının dağıdılması üçün səy göstərir. Ötən həftə bir neçə dəfə yol qırağında dayanan işçilərin dağıtmaq üçün müdaxilə edilib, onların avadanlıqları dağıdılıb, sındırılıb. İşçilər deyir ki, icra hakimiyyətinin xırda çaplı işçiləri onları təhqir etməkdən belə çəkinirlər. Adını çəkməkdən imtina edən orta yaşlı işçi deyir: “Bizə deyirlər ... gedin, hara gedirsiniz. Bəs biz hara gedək? İş yeri göstərsinlər, gedək də. Buranı dağıtmaqda onların məqsədi nədir? Neçə adam burdan pul qazanır, bura olmayandan sonra biz ya oğurluq etməliyik, ya da dilənçilik”.
Əmək bazarının dağıdılmasının əsl səbəbi bilinməsə də, işçilərin maraqlı versiyası var. Kəramət adlı işçi bildirir ki, tikinti sektorunda fəhlələr çox aşağı haqla çalışdığından, ora üz tutan azdır. Buna görə də iri şirkətlər səyyar İşçi bazarların dağıdılması üçün icra hakimiyyətləri ilə sövdələşməyə giriblər: “Onlar istəyir ki, buralar dağılsın, sonra da biz məcbur olub tikintilərə gedək”.


                                                                                               Natiq Güləhmədoğlu

Комментариев нет:

Отправить комментарий