Страницы

18.02.2011

Rəsul Bayramın “Axına qarşı” kitabından bir parça

                           II Fəsil


Tarixi arayış
 
(Ambisiyalı siyasi nadanların hakimiyyətə gəlməsi bəşəriyyətin ən böyük faciəsidir)


Texniki inqilabın burnuy inkişafına təsadüf edən 20-ci əsrin başlanğıcı, dünyanın daha əvvəlki kimi yaşaya bilməyəcəyindən xəbər verirdi. Proqressiv ictimai əlaqələr yaradan ölkələrlə, diktatorial, totalitar və qismən avtoritar rejimlər arasında dünyada təsir gücünü genişləndirmək uğrunda mübarizənin kəskinləşəcəyinə heç bir şübhə yox idi. Texniki inkişaf bu ölüm-dirim müharibəsini daha da tezləşdirirdi. Bu inqilabın nəticəsində ölkələr arasında məsafələr qısalmışdı. O dövr üçün yaradılan kütləvi qırğın silahları öz tətbiqini gözləyirdi və bu mübarizənin amansız olacağından və böyük insan itkisi ilə qurtaracağından xəbər verirdi.


Daha qədimdəki kimi imperiyaların 100 illər mövcud olması mümkün deyildi. 20-ci illərin əvvəllərində dünyanın xəritəsi 5-10 ilə yenidən cəkiləcəkdi, ayrı-ayrı xalqların bir dövlət kimi mövcudluğunun bir necə ildə yox ola biləcəyi gözlənilirdi.


Bu qlobal müharibənin gözlənildiyi 20-ci əsrin əvvəllərində, daha doğrusu 1914-cü ilin iyununda müharibə başladı. Müharibənin səbəbi guya herçoq Frans Ferdinandın Serbiyada öldürülməsi oldu. Amma bu da gerçəklikdir ki, şərait yaranmasaydı on herçoq öldürülsəydi belə müharibə başlamazdı.


Müharibə əslində ingilis-amerikan alyansı və Bismark dövründə torpaqlarını itirmiş Fransa tipli bir sıra ölkələrlə, dünyada təsir dairəsindən həmişə narazı olan Alman-Avstriya alyansı və onların satelatları arasında idi. Bu müharibənin başlaması yazıq herçoqa terrorun olub-olmamasından asılı olmayaraq labüd idi.


Sözügedən qlobal müharibənin iki bic iştirakçısı da var idi. Onların məqsədi nə təsir gücünü artırmaq, nə də yeni ölkələri tabeliklərinə kecirmək idi. Hər iki ölkənin diktatorlarının məqsədi müharibə iştirakçısı olmaqla imperiyalarının daxilində gedən proseslərdən xalqın fikrini yayındırmaq, özlərinin şəxsi iflasının qarşısını almaq, alınmazsa yubandırmaq idi. Bu ölkələr vaxtı ilə ən qüdrətli imperiyalardan biri olan Osmanlı imperiyası və Rusiya idi. 1908-ci ildən intensiv şəkildə dağılmağa başlayan Osmanlı imperiyası, birinci dünya müharibəsinin nəticəsində süqut etdi, türklərin yaşadığı indiki Türk Cümhuriyyətinin torpaqları da az qala itirilmişdi.


Rusiyaya gəldikdə isə fəlakət daha geniş və daha dərin oldu. İmperiya dağıldı, hakimiyyəti ilk günlərdən rejimlərini saxlamaq üçün misli görünməmiş amansızlıqla qan tökən bolşeviklər ələ keçirdi. Günahsız insanların qanını tökmək prosesi qismən bərpa etdikləri imperiyanın SSRİ adlanmasından sonra da davam etdirildi. On milyonlarla günahsız insan yeni yaradılmış saysız-hesabsız həbsxana və düşərgələrdə məhv edildi. Kommunizm infeksiyası dünyanın hər yerinə yayıldı. Bu günə qədər də bu ideya sahibləri öz xalqlarının mənəvi və fiziki terroru ilə məşğuldurlar. Rusiyada proseslərin bu şəkildə getməsinin bir çox səbəbləri vardır. Ən əsas səbəbi Rus çarı II Nikolayın fərsiz, məhdud ağıllı olmasında axtarmaq lazımdır. Liderlik keyfiyyətlərindən məhrum olan birisinin hakimiyyətdən iki əlli yapışması, siyasi və iqtisadi islahatlara mane olması, heç bir hazırlıq görmədən müharibəyə başlaması tək imperiyanın yox, özü və ailəsinin fiziki məhvi ilə qurtardı.


Əlbəttə həmişə keçmiş liderləri pisləmək üzərində siyasət qurmaq çox zərərli və səhv addımdır. Bununla yanaşı, insanların həyatında həm müsbət, həm də mənfi rol oynamış hadisələrin müəllifləri heç vaxt yaddan çıxmamalıdır. Hər bir vətəndaş bilməlidir ki, onun ölkəsində diktatura rejiminin banisi kimdir, kimin yaramaz siyasəti hesabına bu proses reallaşıb.


I Dünya müharibəsinin sonunda qalib gəlmiş amerika-ingilis alyansına dünyanın bütün ölkələrində total demokratikləşmə prosesini həyata keçirmək üçün ideal şərait yaranmışdı. Amma təəssüf ki, belə bir fürsətdən istifadə edilmədi. Faktiki olaraq daha ağır nəticələrlə qurtaran II Dünya müharibəsinin təməli 1918-ci il Versal müqaviləsi imzalananda qoyulmuşdu. O vaxtdan bu günə qədər bir çox ölkələrdə ümumilikdə milyardlarla insan amansız diktatura rejimləri ilə üz-üzə qalası oldu. Təəssüf ki, elmi-texniki tərəqqi demokratik ölkələrin inkişafında müsbət rol oynamaqla yanaşı, diktatorial rejimlərdə xalqın gücünü də kifayət qədər məhdudlaşdırır. Ən əsası, iqtisadi və hərbi gücə malik demokratik ölkələrin texniki tərəqqi nəticəsində nüvə silahları əldə etmiş diktatorial ölkələrə müdaxilə edib bədbaxt xalqlara kömək etmək şansı sıfıra bərabərləşdi. Tək öz ölkələrində yox, ətrafda olan kiçik qonşu ölkələrdə də diktatura rejiminin yaradılmasını təşkil etməklə böyük bir ərazidə insanları kölə vəziyyətinə saldılar. Nəticədə XX əsrdə təpədən dırnağa qədər silahlanmış, əhalinin maksimum 5-10 faizini təşkil edən canavar diktatorial sinif yarandı və onun düşməni nəinki silahı, heç iti dişləri olmayan qoyun sürüsünə bənzər xalq oldu.


XX əsr əvvəlki əsrlərdən total fərqlənir. Əvvəllər kustar şəkildə primitiv silahlar düzəldib xalqa zülm edən istənilən rejimə qarşı azı 20 faiz şansla üsyana qalxa bilən xalqlar, müasir silahlarla silahlanmış, rejimin imtiyazlarından kifayət qədər istifadə edən 10 -15 minlik polis və ya ordunun - killerlik əxlaqını mənimsəmişlərin qarşısında aciz idi və taleyi ilə barışmaqdan başqa bir çarəsi qalmırdı. Taleyi ilə barışmış əhalinin 90 faizi ilə yanaşı, haqsızlığa qarşı mübarizəni ancaq terrorda tapan 5-10 faiz xüsusi xarakterli adamlar da formalaşmağa başladı.


Beləliklə, terrorizmin dünyada inkişafına start verildi. Terorçunun yaranmasının əsas şərtlərindən biri fərdin ilk növbədə öz taleyindən narazı olmasıdır. Diktatura rejimlərinin yaratdığı şərait terrorçu yetirmək üçün ideal mühit hesab olunur. Xüsusi ilə total korrupsiyalı kalanlaşmış diktatorial rejimlərdə terroristlərin yetişməsi labüddür. Geci-tezi var. Çin kimi avtoritar rejimlərdə terroristlərin olmamasının səbəbini, korrupsion klan diktaturasının olmamasında, iqtisadiyyatın liberallaşmasında və qanunların 90 faizinin hamı üçün eyni şəkildə işləməsində axtarmaq lazımdır.


Sivil Avropa Şərqdə onların maraqlarına xidmət edən əcaib diktatura rejimləri yaratdıqca terroristlərin sayı həndəsi silsilə ilə artmağa başladı. O vaxtı bu əcaib rejimlərin yaradıcılarının ağlına da gəlməzdi ki, 70 ildən sonra dünyanın bütün ölkələrini əhatə edən hansısa konkret bir xalqa mənsub olmayan terroristlər milləti yaranacaq, onların hər yerdə şəbəkələri olacaq, indi qazandıqları bir neçə milyard dollarla müqayisədə 100 dəfələrlə artıq pul xərcləmələrinə baxmayaraq onların artımının qarşısını almaq mümkün olmayacaq. Heç onu da hesablaya bilmədilər ki, ideyalı fundamentalist terrorçuların təbliğatının qurbanları təkcə diktatura rejimlərində yaşayan ağılları formalaşmamış, xəyalpərəst gənclər yox, həm də demokratiyanın beşiyi sayılan İngiltərə kimi ölkələrin gəncləri də olacaq.


I Dünya müharibəsində qələbənin əsas iştirakçısı ABŞ-ın Versal müqaviləsindən sonra “Liqa Naçii” yaradıb, bütün məsuliyyəti onun üzərinə ataraq özünü dünya problemlərinin həllindən izolyasiya etməsi, ikinci əsas oyuncu Böyük Britaniyanın ön plana çıxması ilə nəticələndi. Dünyaya ağalığı ABŞ-ın heç nə istəmədən İngiltərəyə və onun müttəfiqlərinə verməsini bayram edən Böyük Britaniya Osmanlı imperiyasından və Rusiyadan qopan Asiya, Avropa və Afrika qitələrinin geniş ərazilərində 100 milyonlarla insanın taleyini həll edən hegemon ölkəyə çevrildi. Uzun tarixi dövrdə dünyanın ən böyük və qüdrətli imperiyasını yaradan və öz əhalisindən sayca 10 dəfələrlə çox olan Hindistan kimi ölkələrdə yerli camaata məhdud azadlıq verməklə müvəffəqiyyət qazanmış Böyük Britaniya, nəzarətində olduğu ərazilərdə heç də demokratik rejimlər yaratmaq niyyətində deyildi. Böyük Britaniyanın apardığı siyasət nəticəsində o vaxtlar İraq tipli bir sıra siyasi, coğrafi, dini münasibətlərin bir araya gəlməsinə imkan verilməyən ölkələr yaradıldı ki, indiyə qədər eyni problemlər nəinki aradan qaldırılmayıb, daha da dərinləşib. Adama elə gəlir ki, İraqın sərhədlərini hansısa general bir neçə qədəh viskidən sonra hərbiçini maraqlandıran prinsiplər əsasında xəritədə şəkilini çəkib. Eyni işləri yaxın Şərqdə nəzarət etdikləri ərazilərdə fransızlar da həyata keçirirdi. ABŞ-ı isə gələcək ağır iqtisadi böhran və dəhşətli fəsadlar törədəcək, milyonlarla insan itkisi ilə qurtaracaq 2-ci dünya müharibəsi gözləyirdi...


Yeri gəlmişkən bir faktı da qeyd etmək istərdik. Başqa ölkələrdə repressiyalardan qorxub Fələstin torpaqlarına qayıdan yəhudilərin problemlərinin həllini öz boynuna götürən Böyük Britaniyanın praktiki işi nəticəsində bu iki xalq arasında o vaxtdan başlanan düşmənçilik indi dərinləşib ölüm-dirim düşmənçiliyinə çevrilib.


Yəhudi problemi


Osmanlı imperiyası Fələstin (İsrail) adlanan torpaqları işğal edəndə bu regionda cəmi 1000-ə yaxın yəhudi yaşayırdı. Xristianlardan fərqli olaraq 400 illik Osmanlı imperiyası dövründə yəhudilər dini əqidələrinə görə təqib edilmədi, onlara dini azadlıq verildi. Fələstinə ilk kütləvi yəhudi axını 1881-ci il Şərqi Avropa poqromlarından başlandı. Sonrakı dövrlər Kişinyov poqromları vaxtına (1904-1914) və Hitlerin hakimiyyətə gəldiyi 1933-cü ildən başlayır. İqtisadiyyatı zəif olan şərqi Avropada onsuz da qəzəbli olan xalqları az saylı, ancaq kifayət qədər mobil olan yəhudilərə qarşı qaldırır, onları bütün bəlaların səbəbkarı kimi qələmə verir, camaatı yəhudilərin mülkiyyətinin dağıdılmasına, evlərinin yandırılmasına, müqavimət göstərənlərin isə öldürülməsinə yönəldirdilər. Hitler Almaniyasına qədər Rusiya, Polşa və Macarıstanda yəhudilərə qarşı xüsusi amansızlıq göstərilirdi. “Liqa naçii” fantastik neft ehtiyatları olan ərəb torpaqlarını İngiltərənin nəzarətinə verməklə yanaşı, yəhudi probleminin həllini də I Dünya müharibəsindən sonra ona həvalə etdi.


20-ci illərdə Böyük Britaniyanın xarici işlər naziri Belforun adını daşıyan, yəhudilərə İsrailə qayıtmaq üçün kvota qoyan deklarasiya işə düşdü, yəhudilərə Fələstinə gəlmək və özlərinin avtonom dövlət strukturlarını yaratmağa icazə verildi. Ancaq əvvəllər olduğu kimi sivil Avropadakı orta səviyyədən yuxarı yaşayış tərzindən əl çəkib İsrailə gəlmək arzusunda olanların sayı o qədər də çox deyildi. Sionistlərin təbliğatının elə bir əhəmiyyəti yox idi, əksəriyyət müqəddəs torpaq kimi İsraili yox, özlərinin problemsiz yaşadıqları Avropa ölkələrini hesab edirdilər. Bu da təbii idi, 1500 il öncə İsraili tərk edib başqa ölkələrə səpələnmiş yəhudilərin vətəninin İsrail olduğunu elan etmək səfehlik idi. İsrailə yəhudilərin axını Hitler Almaniyada hakimiyyəti ələ keçirəndən sonra intensivləşdi. Ona görə intensivləşdi ki, başqa Avropa ölkələri Almaniya və o tipli ölkələrdən qaçan yəhudiləri bir neçə səbəbdən öz ölkələrinə buraxmırdılar. Bir hissəsi Hitlerdən qorxurdu, bir hissəsi isə özlərinin daxilində yaranan faşist rejimini dəstəkləyənlərin güclənməsini istəmirdi. Faşizm ideyası Kommunist ideyası kimi yoluxucu idi və bir çox Avropa ölkələrinin qapısının astanasında idi. Hətta ABŞ və İngiltərə kimi ölkələrdə də faşistlərə rəğbət bəsləyənlərin sayı artırdı. Bu dövrdə ingilislər yəhudi problemi ilə əlaqədar daha ciddi problemlərlə rastlaşmışdı. Yəhudilərə Fələstinə qayıtmağa icazə verdikləri üçün ərəblərin nifrətini qazanmaqla yanaşı, onların Hitler Almaniyasına rəğbətini artırmışdılar. Bu isə ərəb ölkələrində faşist rejimlərinin yaranmasına gətirib çıxara bilərdi. İngilislərin razılığı və köməyi ilə azsaylı yəhudilər özlərinin nizami silahlı dəstələrini yaratmışdılar. Amma yəhudilərin çoxsaylı ərəbləri ölkədən qovmaq, onların üzərində qələbə çalmaq imkanı yox idi.


***

Ərəblərin ingilislərə qarşı narazılığı getdikcə artırdı. Vəziyyətdən çıxmaq üçün İngiltərə “Ağ kitab” adlandırılan plan qəbul etdi. Bu plan üzrə yəhudilərin İsrailə qaçması faktiki olaraq qadağan edildi. Söhbət artıq Fələstin dövlətini yaratmaqdan gedirdi. Qəbul olunmuş qərara görə həmin dövlətin tərkibində yəhudilərin sayı 30 faizdən artıq ola bilməzdi. 1939-cu ildə Almaniyanın Polşanı işğal etməsi ilə yəhudilərin vəziyyəti dözülməz dərəcədə ağırlaşdı. Avropa ölkələrinə gedə bilməyən yəhudi qaçqınları daha bir problemlə - Fələstinə buraxılmamaq problemi ilə də rastlaşdılar. İngilislər yəhudiləri Fələstinə buraxmamaqda ərəblərin müttəfiqinə çevrildilər.


Tarixi arayışın davamı


Avropa və ABŞ bolşevik rejiminə qarşı vuruşan Denikin-Kolçak ordusuna kömək edəcəyinə söz versə də, bu vədə əməl olunmadı. Nəticədə rus kommunistləri vətəndaş müharibəsini böyük qan gücünə uddu. İdeologiyası bütün dünyada proletariat diktaturası rejimi yaratmaq olan bolşevik Rusiyası ilk növbədə Avropanı daxildən laxlatmağa başladı. Rus bolşeviklərinin tərtib etdiyi planla Avropanın ürəyində yerləşən Almaniyada xaos yaradıb hakimiyyəti ələ keçirmək istəyən yerli kommunistlər 1923-cü ildən nizam-intizamı ilə fərqlənən Almaniyada iqtisadiyyatın bütün sahələrini 10 il müddətində iflic vəziyyətə saldılar. 1933-cü ildə Almaniyada bolşevik dövlət çevrilişi ərəfəsində Rusiyada yaranmış vəziyyətə oxşar situasiya yetişmişdi. Həmişə parlamentə seçilməyə nail olmalarına baxmayaraq, alman kommunistlərinin çevriliş etməyə gücü çatmırdı. Çünki məhdud ordu və onun generaliteti beynəlmiləlçilik ideyalarının əleyhinə çıxış edirdi. Alman xalqının içərisində qurur və milli ləyaqətini proletar diktaturasına qurban verəcək, vətənini də torpaqlarını da sata biləcək adamların sayı Rusiyadakı kimi çox deyildi. 1917-18-ci illərdə rejimi saxlamaq üçün Rusiyanın yararlı torpaqlarının azı 40 faizini işğalçılara qurban verən bolşeviklərin lideri Leninə orduda olanların heç 5 faizinin də etiraz etmədiyi halda, alman ordusunun general və əsgərlərinin 100 faizi ölkənin maraqlarını heç bir şeyə qurban verməyə razı deyildi.


Psixikasında kifayət qədər problem olan Marks və Leninin sayıqladığı kommunist ideyaları sadə xalqın arasında çuma kimi yayılırdı. Avropanın liderləri bu çumanın yayılmasının qarşısını almaq üçün iblislə də əməkdaşlıq etməyə hazır idi. 1923-cü ildə İtaliyada antikommunist faşistlərin hakimiyyətə gəlməsinə dəstək verənlər sonrakı dövrdə daha aqressiv millətçi sosialistlərin hakimiyyətə gəlməsinə gizli kömək edirdilər. Yaranmış inqilabi şəraitdən istifadə edən Hitler faktiki olaraq dövlət çevrilişinə əl atdi və nəticədə hakimiyyəti ələ keçirə bildi.


Bolşeviklərin amansız düşməni olmasına baxmayaraq alman faşistləri onların təcrübəsindən istifadə edərək əvvəlcədən özlərinin silahlı dəstələrini də yaratmışdılar. Həmin qüvvələr əvvəl kommunistləri, sonra radikal sosialistləri, onun ardınca isə yəhudiləri represiya məruz qoyaraq onlara qarşı xüsusi amansızlıq nümayiş etdirdilər. Avropanın 1917-1920-ci illərdə beşiyində boğmadığı əcaib məxluqlar - bolşeviklər sözün həqiqi mənasında monstra çevrilmişdilər. Millətçi sosialist rejiminin daha əcaib monstra çevrilməsinə isə 6 il qalırdı...


1939-cu ildə artıq böyüyüb nəhəngə çevrilmiş iki monstrın yeməyini çatdırmaq mümkün deyildi. Ona görə onlar birləşib dünyanı bölüşdürmək üçün Polşaya hücum etdilər. Beləliklə də 50 milyondan çox insan həyatı aparan II Dünya müharibəsi başladı...

                                                                                                             qafqazinfo.az 

Комментариев нет:

Отправить комментарий