Страницы

03.02.2011

Şərq qaynayır

Şərq qaynayır. Bir ay öncə Tunisdə başlayan ixtişaşlar burada hakimiyyətin devrilməsi ilə nəticələndi. Çoxlu Təzyiqlərə, 800 nəfərə yaxın siyasi məhbusun həbsdə saxlanılmasına, 90-a yaxın etirazçının öldürülməsinə baxmayaraq 10 milyonluq əhalisi olan Tunisdə Ben Əlinin 23 illik hakimiyyətini xilas etmək mümkün olmadı. 
Hazırda Misirdə də oxşar hadisələr başlayıb. Xarici KİV-lərin xəbərlərinə əsasən, ölkənin paytaxtı Qahirədə yanvarın 25-dən başlayan etiraz aksiyaları səngimək bilmir. On minlərlə misirli küçələrə çıxaraq ilk dəfə prezident Hüsnü Mübarəkin istefasını tələb edib. Yanvarın 28-i axşama olan məlumata görə 1000- yaxın insan hıbs edilib, 10 nəfər ölüb və çoxlu yaralanan var.

.
Etiraz aksiyaları İsgəndəriyyə və digər iri şəhərləri də bürüyüb. Qahirədə keçirilən etiraz aksiyalarında 30 min, İsgəndəriyyədə keçirilən aksiyalarda 20 mindən çox insan iştirak edir. Tunisdə bu günlərdə baş vermiş inqilabi hadisələrdən ilhamlanan nümayişçilər deyib ki, etirazlarını hökumət yıxılanadək davam etdirəcəklər.
Xəbərlərə görə, misirlilər ilk dəfədir ki, prezident Hüsnü Mübarəkin əleyhinə şüarlar söyləyib və polisi daşa basıblar. Polislə etirazçılar arasında toqquşma polis parlamentin qarşısına toplaşmış kütləni dağıtmağa çalışanda baş verib.
Ekspertlər deyir ki, Misirdəki hadisələr az əvvəl Tunisdə baş verənlərdən, həm də internet vasitəsilə ilhamlanıb.
Şərif Mansur Vaşinqtondakı misirli insan haqları fəalıdır. O, BBC-yə deyib ki, Misirdə vəziyyətin özünəməxsusluğu Tunisdə olduğu kimidir. Orada da rejim üçün heç bir real siyasi qüvvədən təhlükə yox idi və təhlükə gözlənilmədən küçələrdən gəldi. Adamlar özləri küçələrə çıxıb çoxdan bəri demək istədiklərini dedi. Ş.Mənsur bildirib ki, Tunisdə baş verənlərin Yaxın Şərqin başqa yerlərində təkrar olunmasını bütün insan haqları fəalları arzulayırlar: “Zənnimcə, Yaxın Şərqin rejimlərində yaşayanların hamısı belə bir şeyi istərdilər. İstərdilər ki, Tunis hadisələri domino effektinə çevrilsin. Bu regionda baş verənlər qeyri-islami inqilablardır. Kütlələrin təşkil olunması İslam ideologiyası üzərində qurulmayıb. Hadisələrin regiona yayılmasında əsas rollardan birini internet, yeni medianın imkanları oynayır. Misirdə son illərdə internet texnologiyaları çox inkişaf edib. Misirdə əhalinin 20 faizi internetə malikdir, 66 faizin mobil telefonu var. Odur ki, Tunis inqilabının qonşu ölkələrə yayılması üçün həm oxşar yerli şərait, həm də texniki imkanlar var”.
Misirdən gələn son xəbərlərə görə, sosial xəbərləşmə şəbəkəsi Twitterə giriş bağlanıb. Bu şəbəkə Tunis inqilabında mühüm rol oynamışdı. Daha sonra bütün ölkə üzrə inteernetə qadağa qoyuldu. Aksiyaların təşkilatçıları əsasən gənclərdir. Müxalifət aksiyaya “Qəzəb günü” adını qoyub. Qahirə və digər şəhərlərdə nümayişçilər H.Mübarəkin portretlərini cırıb yandırıblar.
Bu arada ərəb mənbələrindən biri xəbər verib ki, prezident H.Mübarəkin varisi hesab edilən oğlu Camal arvadı və qızları ilə birlikdə ölkədən qaçıb, onun Qahirənin qərbindəki aeroportdan 97 çemodanla birlikdə Londona uçduğu bildirilir. C.Mübarək küçələrə çıxan nümayişçilərin əsas hədəflərindən biri idi. 1981-ci ildən bu yana hakimiyyətdə olan Misir prezidenti Hüsnü Mübarəkin səhhətində ciddi problemlər var və o, hakimiyyətin oğluna ötürülməsi ssenarisini hazırlayıb. Bölgədəki ekspertlərə görə, Tunisdən sonra hakimiyyət dəyişikliyinin baş verməsi ehtimalı ən yüksək olan ölkə MisirdirSon məlumata görə Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq baş direktoru, Nobel mükafatı laureatı, Misir müxalifətinin liderlərindən olan Məhəmməd əl-Baradeyi Misirdə dövlət siyasətinin dəyişdirilməsi prosesinə başçılıq etməyə hazır olduğunu bildirib.
“Media forum” saytının məlumatına görə, Əl-Baradeyi Vyanadan Qahirəyə yola düşməmişdən əvvəl hava limanında jurnalistlərə belə deyib: “Əgər adamlar, əsasən də cavanlar ölkədə siyasətin yenidən qurulması prosesində mənim iştirak etməyimi istəyərsə, onları qoyub getmərəm. Amma bu, dinc çevriliş olmalıdır”. 
Yanvarın 27-də Yəmənin paytaxtı Sanada etiraz aksiyaları başlayıb. “Media forum” saytı xəbər verir ki, aksiya iştirakçıları ölkəyə 30 ildən çoxdur rəhbərlik edən prezident Əli Abdulla Salehin istefasını tələb edir.
Nümayişçilər Sana Universiteti də daxil olmaqla paytaxtın dörd müxtəlif yerində toplaşıblar. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirir və Tunis prezidenti Zeynalabdin Ben Əlinin devrilməsini xatırladırlar.


                                                                                         cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий