Страницы

21.02.2011

Yalan dolu məmləkət


Baxıcı

Hüsamə bin Sərxan

“YALAN ZƏİFLƏRİN DALDALANACAQ YERİ VƏ SIĞINACAĞIDIR.” Bu sözlər ingilis materialist filosofu Frensis Bekona aiddir. Bəlkə də uğursuz sitatdır. Çünki mən də yalançıyam, bəlkə lap artıq, yalançı üstə “N”-əm. Amma bu dəfə düz olmağa çalışacam. Hamımız bilirik ki, hal-hazırda müxalifət “polatka”larında əməlli-başlı bayram atəşfəşanlığıdır. Səbəbsiz deyil. Heç biz düşündüyümüz kimi də deyil.  O mənada ki, artıq Qərb ölkəmizin milli-milsiz müxalifətinə nə pul-para verir, nə də üzünə gülür. Yəqin ki, bu yaxınlarda ölkəmizə səfər etmiş Barrozonun sifəti yadınızdan çıxmayıb. Gülə-gülə gəlmişdi, pay-püşünü alıb, gülə-gülə də getdi. Hər halda görüntü beləydi. Sonradan bəlli oldu ki, Avropanın ən böyük siyasət adamının Bakıya səfərinin demokratiya təəssübkeşliyinə və peşə semantikasına heç bir aidiyyatı-filanı yoxmuş. Sadəcə, mütərəqqi Qərb Azərbaycanla öz dilində və özünə layiq üsullarla danışmağa başlayıb. Qərb artıq anlayır ki, bu millətlə və bu millətin başbilənləri ilə düzünəqulu danışmağın və hərəkət etməyin yolları tükənib. Bu məmləkətdə hansı dildə, hansı formada istəsən danışmaq olar, bir şərtlə, danışdıqların yalan olsun. Məsələn, o günləri MM-in hörmətli millət vəkili Arif Rəhimzadəyə aid komitəsində “yerli özünü müdafiə batalyonlarının”-bələdiyyələrin vəziyyəti müzakirə edilirdi. Xub, alqışa layiq və tərifin kubuna bərabər hadisədir. Bu üzdən bələdiyyələrin və bələdiyyə ərazilərində yaşayan insanların uçmağa qanadları yoxdur. Onlar inanırlar yox, hətta ciddi-cəhdlə özlərin inandırırlar ki, bundan sonra dövlət orqanlarının müdaxiləsi olmadan, maneəsiz-filansız, normal qaydada ərizə və arayışlarını təqdim edib, qanunamüvafiq formada həyətyanı torpaq-filan sahibi ola biləcəklər və bundan sonra onlardan “proçi” xərclər (icra başçılarına, torpaq şöbələrinə…verilən) tələb edilməyəcək.Yaxud nazirlik və komitələrdə keçirilən korrupsiyayla bağlı kollegiya iclaslarının yaratdığı təfərrüatlardan doğan nəticələr də düşünməyə əsas verir ki, millətimiz yalandan ötrü şəhid olmağa belə hazırdır. Hərçənd, bu millətin yalana inanmamağa əsas və səbəbi də qalmayıb. Bir ölkədə ki, vətandaşdan necə, nə cür, nəyin, kimin hesabına yaşadığını soruşmurlar və vətandaş özü də bu sorğudan yayınırsa, demək, belə də olmalıdır. Sanki millətlə iqtidar arasında notarial qaydada müqavilə imzalanıb. Ki, “dəymə mənə, dəyməyim sənə.”
“YALAN HƏMİŞƏ ÇOXSÖZLÜ, MÜRƏKKƏB, QƏLİZ VƏ TƏMTƏRAQLI OLUR”. Bu ifadənin müəllifi isə dünyanın ən böyük “orısı” Lev Tolstoydır. Bəzən öz-özümə fikirləşirəm, görəsən, belə olduğunu Lev Nikolayeviç hardan bilirmiş? …Bax beləcə, bir xeyli müddət Rəhimzadə Arif müəllimə aid yalanın qanadları üzərində kosmosu-zadı ziyarət edəcəyik. Günlər həftələri, həftələr ayları, aylar illəri əvəz edəcək, amma heç nə dəyişməyəcək. Təbii ki, qurcalanmağa, qımışmağa, qaşınmağa başlayacağıq. Bu məqamda Füzuli Ələkbərov meydana atılıb, dövlətin adından yeni yalanlar düzüb-qoşacaq. Cəhənnəm bala, Füzuli müəllim elə danışır, heç olmasa onu başa düşmək olur. Vay o gündən ki, Ziya Məmmədov danışa. Bir sözlə, dəhşətdir, abi! Məmləkətimizdə yalan ayaq tutub yerimir e… qanad çalıb uçur. …Bütün bu kimi əndrəbadiliklərin və yalanların içində itib-batmış müxalifətsə toy-bayram edir. Guya dünyanın ən …baz və arvadbaz bədəviləri məmləkətimizin də ictimai-siyasi ab-havasını dəyişəcək, müxalifət də qulaqları-başları ağrımadan, söyülüb-döyülmədən, zopadan-mopadan yemədən keçib oturacaq yuxarı başda. Ay hay! Bu millət iqtidarından nə görüb ki, onun müxalifətindən də nə görsün? Heç olmasa onlar ölkənin simasını dəyişiblər, xaraba qalmış əyalət şəhərlərini, rayon mərkəzlərini gözəlləşdiriblər, “Yeni ulduz”larımızın sayı-hesabı itib, şükür tanrıya, ana-bacılarımızı, qızlarımızı ərə verməyə “Toy olsun” kimi məkanımız da var. Ay can-ay can! Bir sözlə, deyəsən, millətimizin vəziyyəti düzəlməyə başlayıb. Bunu iqtidarımız da hiss etdiyindən yaman əndişələndi və Təhrif (tarif) Şurasının qərarı ilə bir çox sahələrdə qiymətləri qaldırdı. Lakin bu da son deyil. Millətimizin, yaşamağın qeyri-leqal və “qanunsuz” yollarını mənimsədiyindən duyuq düşən iqtidarımız başqa variantlar üzərində də işləyir. Belə ki, dükan və marketlərdə alış-verişin nəqd pulla deyil, kartlar vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutan sistemin yaradılması istiqamətində görüləcək işlərə start verilib. Belə şeylər eşidəndə, adamın vahimədən əli-ayağı, başı-gözü əsir, abi! Belə olarsa, heç bilmirəm, nə edəcəm. Axı mənim, ömrü boyu kartım olmayıb.
YAZININ “DABAN”I: … “Toy olsun” nəinki teleməkanda, hətta ölkəmizdə yeganə məkandır ki, orada iştirak edən insanlardan nə qədər məvacib aldığını soruşurlar.
…“Orıs”lar deyirlər ki, “Yalan xəbərlə dünyanın o başına gedərsən, amma qayıda bilməzsən.” Deyirəm, ay brat, görəsən dünya nə vaxt qurtaracaq?

Комментариев нет:

Отправить комментарий