Страницы

27.03.2011

Lotu Mamed öldü

Kişilik torpağının yetirmələri

Azərbaycanlı qanuni oğru, kriminal aləmdə xüsusi nüfuza malik, ”Masallı Mamed” kimi tanınan Məmməd İsgəndər oğlu Hüseynov cəza çəkdiyi 1 saylı müəssisədə dünyasını dəyişib.

Bu barədə Masallı Mamedin yaxınları məlumat veriblər. Onların deməsinə görə, “qanuni oğru”nun ölümünə səbəb beyninə qan sızmasıdır. Hadisə 20 mart günü, günorta saatlarında baş verib. Məmməd Hüseynovun halı qəfildən pisləşib, onu xəstəxanaya çatdırıblar, həkimlər müdaxilə etməyə fürsət bulublar. Lakin arestantın həyatını xilas etmək mümkün olmayıb. Masallı Mamedin ölüm səbəbi kimi rəsmi diaqnoz beyninə qan sızması kimi göstərilib. Yaxınları hələlik hər hansı qəsd versiyası barədə iddia irəli sürməyib. Lakin o da məlum olub ki, “qanuni oğru” dünən və bu gün telefonla yaxınları ilə danışıb, onlarla bayramlaşıb. Son olaraq ölümündən bir neçə saat əvvəl, 20 mart, saat 11 radələrində qardaşı ilə danışıb.

Masallı Mamed 1960-cı ildə doğulub. Qəzetlərin də dəfələrlə yazdığı kimi, şəkər xəstəliyindən əziyyət çəkirdi. Hətta bir neçə dəfə həbsxanada onun ölüm ayağında olması ilə bağlı xəbərlər dərc olunub. O zaman mərhumun yaxınları “Yeni Müsavat” qəzetinə bildirmişdilər ki, “qanuni oğru” xəstə-filan deyil, bu xəbəri qəsdən yayırlar və bunun arxasılnda ona sui-qəsd dayana bilər. Qəzetimizin 24 sentyabr tarixli 2008-ci il tarixli sayında Məmməd Hüseynovun yaxınlarına istinadən belə bir xəbər getmişdi: “Başqa bir mənbədən aldığımız məlumatda isə bildirilir ki, “Masallı Mamed”in şəkər xəstəliyinin ən ağır formasından əziyyət çəkməsi və ölüm ayağında olması barədə xəbərlər maraqlı dairələr tərəfindən yayılır. Qaynağın bildirdiyinə görə, ortada M.Hüseynovun aradan götürülməsi planı var. Bu cür xəbərlər də ona görə yayılır və faktiki olaraq “Masallı Mamedin” fiziki məhvinə hazırlıq məqsədi daşıyır…”
Qeyd edək ki, 1 saylı cəzaçəkmə müəssisəsində tanınmış azərbaycanlı “qanuni oğru” – Lotu Bəxtiyar da dünyasını dəyişmişdi. Ortalıqda doğruluğu təsdiqlənməyən belə bir iddia var ki, Lotu Bəxtiyarı o zamanlar bədəninə zəhər yeridərək, qəsdən öldürmüşdülər.

Uzun müddət Moskvada yaşayan Məmməd Hüseynov azərbaycanlı qanuni oğru “Sabirabadlı Hikmət”in qətlə yetirilməsindən sonra onun varisi sayılırdı.

Məmməd İsgəndər oğlu Hüseynov 1960-cı ildə Masallı şəhərində anadan olub. Atası İsgəndər kişi rayonun tanınan və imkanlı kişilərindən idi. Univermaq müdiri olan İsgəndər kişinin evində Məmməddən başqa daha dörd qardaş və iki bacı böyüyüb. Məmməd evin böyüyü olub. Yaşıdlarının danışdığına görə, orta məktəbdə oxuyanda çox davakar uşaq imiş. Özündən böyük uşaqlarla belə dava etməkdən çəkinməzdi. Onun bu davakarlığının nəticəsidir ki, 10 illik orta təhsil dövründə bir neçə məktəb dəyişməli olub. Hətta iş elə gətirib ki, sonuncu dəfə onu Ərkivan kənd məktəbinə «sürgün» ediblər.

Orta məktəbi başa vurandan sonra gənc Məmməd ali məktəbə daxil olmaq istəyirmiş. Amma təsadüfi bir cinayət onun bütün həyatını dəyişib. Həbslər, həbsxanalar, saysız-hesabsız yatablar. Və oğru dünyası…

Mamedin oğru dünyasına getdiyi yol isə sizə qəribə də gəlsə, Şuşadan keçir. 1978-ci ildə, 18 yaşı təzəcə tamam olmuş Məmməd Masallıda milis işçisini vurur. Məhkəmə onu bir neçə il müddətinə azadlıqdan məhrum edir və cəzasını çəkmək üçün Şuşada yerləşən və İttifaqın ən sərt rejimi ilə seçilən qapalı tipli həbsxanasına göndərilir. Burda tale yenə Mamedi sərt sınağa çəkir. Dustaqlardan biri yoldaşlarını rəhbərliyə tez-tez “satdığına” görə, Mamed dözmür, onu öldürür. Bundan sonra o dövrün qanunlarına görə, Mamedi ölüm hökmü də gözləyə bilərdi. İkinci hadisə, özü də ölümlə. Mamed 15 il iş alır. Onu güllənmə hökmündən güclə xilas etmək olur.

Bu dəfə Mamed cəzasını Azərbaycanda çəkə bilmir. Onu Qroznıya, Şuşadakından da betər həbsxanaya göndərirlər. Orda Mamed bir sıra nüfuzlu avtoritetlərlə tanış olur. Xüsusən də gələcəyin iki «qanuni oğrusu» Mamed və dağlı Cavanşirin dostluğu burdan başlayır.

“Masallı Mamed” 1990-cı ildə azadlığa çıxır. Həmin vaxt o, artıq keçmiş SSRİ ərazisində kriminal aləmdə ən nüfuzlu şəxslərdən biri idi. Amma «qanuni oğru» deyildi. Bu adı o, hələ beş il sonra alacaqdı. Və bunun da maraqlı tarixçəsi var.

1994-cü ildə “Masallı Mamed” Moskvada yenidən həbs edilir. Moskvadakı “Nessi” ticarət yarmarkasında əməliyyat keçirən xüsusi təyinatlılar onun üzərindən heroin tapıldığını iddia edirlər. Amma bu həbs müddəti də çox çəkmir. Mamed tezliklə azadlığa çıxır. Amma hardan. Moskvadakı məhşur «Matrosskaya tişina»dan.
1995-ci ildə Sabirabada böyük toy məclisi olacaqdı. O, dövrün ən nüfuzlu «qanuni oğrularından» olan Sabirabadlı Hikmətin toyuna Rusiyadan, Gürcüstandan belə nüfuzlu «oğru»lar yığışmışdı. Həmin vaxt mərhum Lotu Bəxtiyar təklif edir ki, məhz Hikmətin toyu günü həm Mamedi, həm də dağlı Cavanşiri «korenavat» edib «qanuni oğru» adı verilsin. Təklif bütün qardaşlar tərəfindən qəbul edilir. Amma Cavanşir “böyük qardaş” Bəxtiyara deyir ki, əvvəlcə adı Mamedə versinlər. Çünki o, onun üçün böyük qardaşdır. Bəxtiyar razılaşır. Toydan bir neçə gün sonra Bakıda əvvəl Mamed, sonra isə Cavanşir «qanuni oğru» adı alır. Oğruların həmin toplantısında Bəxtiyardan başqa, Hikmət, Mirseymur, Çingiz kimi «qanuni oğrular» da iştirak edir. Heç iki gün keçmir ki, iki azərbaycanlı «qanuni oğru»nun «korenavat» olması barədə xəbər Bakıdan tutmuş Vladivostoka kimi bütün cəzaçəkmə müəssisələrinə yayılır…

Rusiyada yaşayan “Masallı Mamed” Azərbaycana nadir hallarda gəlirdi. Onun 90-cı illərin ortalarında Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Dilrubə Camalovanın oğurlanan oğlunun azad edilməsində köməkçi olması barədə də söz-söhbət gəzir. Deyilənə görə, D.Camalova hüquq-mühafizə orqanlarının bu işdə aciz olduğunu başa düşdükdən sonra, kömək üçün məhz “Masallı Mamed”ə müraciət edib. Mamedin köməkliyindən sonra Camalovanın oğlu sağ-salamat geri qaytarılıb.Uzun fasilədən sonra Mamed Sabirabadlı Hikmətin dəfnində iştirak etmək üçün Azərbaycana gəlmişdi. Mərhumun üç mərasimindən sonra isə Rusiyadan dəfnə gələn kriminal avtoritetlərə birgə Azərbaycanı tərk etmişdi. Deyilənə görə, həmin vaxt Sabirabaddakı restoranların birində avtoritetlərin toplantısı olub və Hikmətdən sonra məhz “Masallı Mamed”in varis olması gündəmə gətirilib.

Hikmətin ölümündən sonra xüsusən Rusiyada məskunlaşan Azərbaycan kriminal qruplaşma bərk sarsıntı keçirir, hətta qruplaşma daxilində parçalanmalar yaranır. Amma Mamed «böyük qardaş statusu»ndan istifadə edərək onları toparlaya bilir.
Çox keçmir ki, elə həmin il, 2006-cı ildə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində “Masallı Mamed” Füzuli Qulamhüseynov adlı şəxslə birlikdə həbs olunur. Rəsmi məlumata görə, M.Hüseynovun üzərindən “Makarov” tipli tapança, F.Qulamhüseynovun üzərindən isə narkotik maddə olan tiryək aşkar edilərək götürülür.

Əməliyyatçılar onları “Neolit” restoranı yaxınlığında həbs edirlər. Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilir. 2006-cı ilin sonunda “Masallı Mamed”in məhkəmə prosesi keçirilib və o, iki il altı ay müddətinə azadlıqdan məhrum edilir. Cəzasını 10 saylı müəssisədə çəkir.

Mamed cəzasını çəkib yenidən Rusiyaya qayıdır. Amma zaman da həmin zaman deyildi. Putin Rusiyası «qanuni oğru»lara qarşı müharibə elan etmişdi. «Qanuni oğru»lar bir-bir “yoxa çıxır”, qətllərin üstü belə açılmırdı. Adi bir «sxodka» belə OMON hücumuna məruz qalırdı. Belə bir vaxtda Moskvadakı restoranların birində keçirilən toplantıda «Yusif Bakinski»nin tacqoyma mərasimi keçirilməli idi. Toplantı başlar-başlamaz OMON restoranı mühasirəyə alır. İştirakçılar, o cümlədən Mamed də saxlanılır, az keçməmiş isə buraxılır.
Çox keçmir ki, Rusiya kriminalitetinin «xaç» atalarından sayılan «Yaponçik» Vyaçeslav İvankov güllələnir. Onun dəfnində iştirak edən Mamed, sonra «Ded Xasan»ın başçılığı ilə keçirilən toplantıya dəvət olunur. Toplantıda Rusiya hüquq-mühafizə orqanlarının kriminalitetə basqısı və bundan sonra Moskvada mili qruplaşmalar arasında müharibəyə son qoyulması müzakirə olunur. Azərbaycan kriminal qruplaşmasını bu toplantıda Mamed təmsil edir.

O, 2009-cu ildə Azərbaycana qayıdır. Yaxın qohumunun yas mərasimində iştirak etmək üçün Masallıya gəlir. Amma çox keçməmiş o, narkotik vasitələrin saxlanmasında təqsirləndirilərək elə rayonundaca saxlanılır. Ötən ilin sentyabrın 13-də Masallı rayon məhkəməsinin sədri hakim Cahangir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilərək 3 il müddətinə azadlıqdan məhrum edilir.

Cəzasını çəkmək üçün 1 saylı cəzaçəkmə müəssisəsinə göndərilir. Amma çoxsaylı həbslər öz işini görmüşdü. «Masallı Mamed»in səhhətində ciddi problemlər yaranmışdı. O, son vaxtlar pnevmaniyadan və və qara ciyərin serrozundan əziyyət çəkirdi. Üstəlik şəkər də bir yandan. Əcəl onu martın 20-i yaxalayır. Saat 14 radələrində səhhəti qəfil pisləşir. Həkimlər nə qədər cəhd etsələr də artıq gec olur. Mərhumun həyatını xilas etmək mümkün olmur. Beləcə, Masallıda İsgəndər kişinin evindən başlayan ömür 1-ci «kolon»da başa çatır…

Allah rəhmət eləsin.

                                                                                          yenilik.az 

2 комментария: