İsraildən İranı qəzəbləndirəcək daha bir səfər
Yəhudi dövlətinin rabitə naziri Bakıya gəlir, İsrail şirkətləri Azərbaycanın informasiya-rabitə sektorunda payını artırmağa hazırlaşı
İsraillə Azərbaycan arasında İranı qəzəbləndirəcək daha bir əməkdaşlıq başlayır. Dünən yayılan xəbərlərə görə, İsrailin rabitə və kommunikasiyalar naziri Moşe Kahlon ilk dəfə Bakıya səfər edəcək. Onun səfərinin mayın 16-da baş tutması gözlənilir. İsrailli naziri bu ölkənin rabitə və informasiya texnologiyaları sahəsində aparıcı mövqe tutan şirkətlərin rəhbərləri müşayiət edəcək.
Bəs bu səfər İranda niyə qəzəb və narahatçılıq doğura bilər? Məsələ ondadır ki, İran İsrailin Azərbaycandan ona qarşı elektron kəşfiyyat məqsədilə istifadə etdiyini bildirir. Tehranda hesab edirlər ki, İsrail Azərbaycanın cənub regionlarında qurğular yerləşdirərək İrandakı telefon danışıqlarını dinləyir. Bu baxımdan İsrailin Azərbaycanın rabitə və informasiya texnologiyaları sektoruna maraq göstərməsi istənilən halda Tehran tərəfindən sakit qarşılanmayacaq. Çox güman ki, İsrailin də bu sektora maraq göstərməsi təkcə bizneslə bağlı deyil. Məlumdur ki, İsrail telekommunikasiyalar və elektron izləmə sahəsində dünyada ən qabaqcıl texnologiyalara malikdir. Bir neçə il əvvəl məlum olmuşdu ki, İsrail kəşfiyyatı Beyrutda telekommunikasiya şirkətlərindən birində quraşdırılan avadanlıqlar vasitəsilə bütün ölkə boyu telefon danışıqlarını, o cümlədən yüksək rütbəli dövlət rəsmilərinin danışıqlarını izləyib. Azərbaycan son illər hərbi, təhlükəsizlik və digər sahələrdə İsraillə əlaqələri möhkəmləndirir. Bura telekommunikasiyalar və rabitə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi də daxil olsa İranda narahatlıq daha da artacaq.
musavat.com
Комментариев нет:
Отправить комментарий