Страницы

24.04.2011

BAKIDAKI İSRAİL SƏFİRLİYİ YENƏ BAĞLANDI

Yəhudi dövlətindən yeni terror xəbərdarlığı
“Hizbullah”ın yəhudilərdən qisas almaq üçün göndərilən qrupunda bir türk də yer alır; Təl-Əviv terror hücumunun qaçılmaz olduğunu bildirir




İsraildən “Huzbullah”ın bu ölkə vətəndaşlarına və xaricdəki diplomatik təmsilçiliklərinə qarşı terror hazırlığında olması barədə yeni xəbərdarlıq gəlib. Lakin bu dəfə xəbərdarlıq kifayət qədər ciddidir və konkret xarakter daşıyır. “The Jerusalem Post” qəzeti İsrailin xüsusi xidmət orqanlarına istinadən xəbər yayıb ki, “xüsusi təyinatlı "Hizbullah" özəyinin yaxın günlərdə xaricdə yəhudilərə və ya İsrail maraqlarına qarşı terror hücumu törətməsi “qaçılmazdır”.
İsrailin təhlükəsizlik xidmətinin aprelin 22-nə keçən gecə yaydığı təcili xəbərdarlıqda terror hücumunun hansı ölkədə baş verəcəyi açıqlanmayıb. Bildirilib ki, hazırda İsrail xüsusi xidmətləri terror hücumunu əngəlləmək üçün bütün mümkün səyləri göstərir. Lakin belə görünür ki, hücum qaçılmaz olacaq. İsrail hökumətindən bildirilib ki, xaricdəki ölkə vətəndaşlarının təhlükəsizliklərini təmin etmək üçün əlavə tədbirlər görülür. Bu xəbərdarlıq İsrail vətəndaşlarının Pesah bayramı günləri ilə bağlı xarici ölkələrə səyahət etdikləri bir vaxtda edilir.
Talal Hamiya“The Jerusalem Post”in yazdığına görə, hücumu həyata keçirəcək “Hizbullah” qruplaşmasına Talal Hamiyə başçılıq edir. Onun qruplaşması azsaylıdır, lakin kifayət qədər yaxşı təşkil olunub. Hamiyənin qruplaşması xarici ölkələrdə terror əməliyyatları həyata keçirmək üçün hazırlanıb. İsrailin xüsusi xidmət orqanlarından bildiriblər ki, Talal Hamiyə 1994-cü ildə və 1992-ci ildə Argentinanın paytaxtı Buones-Ayresdə İsrail səfirliyinə və sinaqoqa edilən terror hücumlarının təşkilatçılarından biridir. Bildirilir ki, “Hizbullah” 2008-ci ildə Dəməşqdə “Mossad” tərəfindən öldürülən səhra komandiri, təşkilatın xarici əməliyyatlar üzrə qruplaşmasına başçılıq edən İmad Muqniyənin qisasını almaq istəyir. Muqniyə öldürüldükdən sonra “Hizbullah” dəfələrlə onun qisasını almaq istəyib, bir neçə ölkədə, o cümlədən 2009-cu ilin əvvəllərində Bakıda İsrail səfirliyinə qarşı terror həyata keçirmək istəyib. Bakıdakı terror planının qarşısı İsrail və ABŞ kəşfiyyatının Azərbaycan xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat sayəsində alınıb.
Həsən NəsrullahMuqniyə öldürüldükdən sonra T.Hamiyə onun yerinə keçib və birbaşa “Hizbullah” lideri Həsən Nəsrullaha tabedir. O, həmçinin İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” briqadasının komandiri general Qasım Süleymanidən əmrlər alır. “Əl-Qüds” briqadası “Hizbullah”a xaricdə terror əməliyyatları planlaşdırmaqda dəstək verir. 2009-cu ildə Bakıda İsrail səfirliyinə qarşı hazırlanmış terror planının da “Əl-Qüds” tərəfindən dəstəkləndiyi istintaqda üzə çıxmışdı. İsrailin “Kanal 10" televiziyası xəbər verib ki, T.Hamiyə mühafizəçisi və sağ əli hesab edilən Əhməd Feydlə işləyir. Terror hücumu üçün göndərilmiş qruplaşmanın tərkibində texniki məsələlər üzrə mütəxəssis, partlayıcı qurğuların hazırlanması sahəsində peşəkarlaşan Əli Najam Əl-Din, habelə bomba hazırlanması üzrə ekspert Malik Ovayad daxildir. Məlumatlara görə Ovayd 1992-ci ildə Argentinada İsrail səfirliyinə qarşı istifadə olunan bombanı hazırlayan şəxsdir. Qruplaşmanın tərkibində yer alan Majd əl-Zakur xarici pasportları saxtalaşdırmaq üzrə mütəxəssisdir. Onun vəzifəsi qruplaşma üzvləri üçün saxta xarici pasportlar hazırlamaqdır. İsrail xüsusi xidmət orqanları onu da bildirib ki, terror qruplaşmasına bəzi biznesmenlər də kömək edir, onların arasında əslən livanlı olan mobil telefon satıcısı və bir Türkiyə vətəndaşı da yer alır. Qəzet xatırladır ki, bu ilin fevralında İsrail təhlükəsizlik orqanları Azərbaycan, Misir, İordaniya, Gürcüstan, Ermənistan və bəzi digər ölkələrdə terror təhlükəsi haqda xəbərdarlıq edib.
Bu məlumatla bağlı şərh almaq üçün Bakıdakı İsrail səfirliyi ilə əlaqə yaratmağa cəhd etdik. Lakin məlum oldu ki, səfirlik bağlanıb. Diplomatik nümayəndəliyə edilən telefon zənginə qoşulan avtocavabda deyilirdi ki, hal-hazırda səfirlik bağlıdır, təcili vəziyyətlər üçün əlaqə saxlamaq üçün isə mobil telefon nömrəsi qoyulmuşdu. Xatırladaq ki, İsrail hökuməti Azərbaycanda terror təhlükəsi ilə bağlı xəbərdarlıqlarını bir neçə dəfə yeniləyib. Fevral və mart aylarında İsrail Bakıdakı səfirliyini təhlükəsizlik nöqteyi-nəzərindən bağlayıb. Səfirlik əməkdaşları diplomatik nümayəndəliyin yerləşdiyi “Park-Hyatt” otelini tərk ediblər və bir müddət küçəyə çıxmadan ev şəraitində fəaliyyətlərini davam etdiriblər. Lakin bu yaxınlarda təhlükənin qismən azaldığı və səfirliyin yenidən işə başladığı məlum olmuşdu. İndi isə terror təhlükəsi haqda xəbərdarlıq kifayət qədər konkret xarakter daşıyır və hücumu həyata keçirmək üçün göndərilən qruplaşmanın tərkibi də məlumdur. Bu qruplaşmanın hücumu hansı ölkədə həyata keçirəcəyi açıqlanmasa da səfirliyin bağlanması təhlükənin Bakıya da aid edildiyini göstərir.



musavat.com

Комментариев нет:

Отправить комментарий