Gülnarə RƏFİQ meqalem.blogspot.com
Xəzərin sahilində bir qala var. O qədər sakit, dinməzcənə dayanıb ki, ona sükut qalası da deyə bilərdik. Minilliklərdir ki, onu sökürlər, amma tam dağıda bilmirlər, sonra guya bərpa edir, yeni görkəmə salırlar, adına min əfsanələr qoşurlar, o isə dözür və dinmir. Məğrurcasına sahildən bir az aralı dayanıb yenə də əvvəlki kimi öz sirrini kimsəyə danışmır.
Amma bizimçün, Xəzər sahilində yaşayıb onun sehrində qidalanan insanlar üçün Qız qalası barədə danışmamaq günahdır. Bizim Qız qalası haqqında biliklərimiz özünü qaladan tullamış qız barədə əfsanədən uzağa getmir. Bu əfsanənin ucbatından həya edib Qız qalası barədə bütün dünyaya car çəkə də bilmirik. İlk milli biletimiz – Əfrasiyab Bədəlbəylinin «Qız qalası» baletini səhnələrdə görə bilmirik.
Gecə və gündüz bərabərləşəndə…
Qalanın yaşı barədə mübahisələr hələ də səngimir. Məşhur tarixçi Sara Aşurbəyli Qız qalasının tikilməsini eramızın ilk əsrlərinə aid edir. M.A. Nəbiyev isə qalanın eranın 6-cı əsrində tikildiyini deyir. Davud Axundov qalanın daha qədim olduğunu və eramızdan əvvəl 6-cı əsrlərdə tikildiyi fərziyyəsini irəli sürür. Azərbacan memarlığı tarixi üzrə mütəxəssis L. Bretanitskiy qalanın iki mərhələdə, aşağı hissəsinin 5-6 –cı əsrlərdə, yuxarı hissəsinin isə 12-ci əsrdə tikildiyini fərz edir. Belə bir versiya da var ki, qala əvvəl od məbədi kimi tikilib. Dilimizdə «qala» sözü həm də od qalamaq mənasında işlənir. Qız qalasının zərdüşti daxması olması versiyası da var. Zərdüştilər torpaq, od, su və havanı müqəddəs element saydıqlarından ölülərinin torpağa basdırmır, odda yandırmırdılar. Sükut qalası adlandırılan hündür bir yerdə qoyub gedir və onları vəhşi heyvanların ixtiyarına verirdilər. Amma adı çəkilən bütün bu versiyaların demək olar ki, hamısı ciddi şəkildə tədqiq edilərkən çoxlu suallar və anlaşılmazlıqlar meydana gəlir ki, bu da Qız qalasını açlmaz bir sirrə çevirir. Fərziyyələr arasında qalanın müdafiə xarakterli olması versiyası da vardı. Amma Qız qalasının cəmi 8 pəncərəsi var. Bu pəncərələr göyə tərəf yönəldildiyindən oradan heç Qalanın aşağısında dayanan adamları görmək mümkün deyil. Tədqiqatçı Abbas İslamov daha bir maraqlı faktı üzə çıxarıb. Hər il dekabrın 22-də, gecə və gündüz bərabərliyində günəş doğan kimi əsas pəncərədən içəri işıq düşür. Sonra günəş müəyyən qanunauyğunluqla o biri pəncərələrdən içəri işıq salır. Ona görə də Qalanın pəncərələri simmetrik deyil və sanki memarlıq qanunlarını pozaraq qeyri mütənasib şəkildə açılıb. Bütün pəncərələr dənizə baxır. Qala Günəş kültu ilə bağlı tikilibsə bunun daha qədim inanclara söykəndiyindən xəbər verir. Amma hazırda biz günəşin Qalaya düşən şüalarıyla bizə nə deyəcəyini bilə bilməyəcəyik. Çünki 60-cı illərdə aparılan təmir işləri zamanı Qız qalasında əzəldən olmayan mərtəbələr tikilib. Pəncərələrdən düşən işığın qədim divarlarda nə yazdığını da görməyəcəyik.
Balaca kosmos
Qız qalası Günəş sistemini kiçik modelidir. Onun 9 pəncərəsi var (hazırda 8-dir, çünki «restovrasiya» zamanı pəncərələrdən biri qapadılıb), bu bizə məlum planetlərin sayına uyğundur. Pəncərələrin asimmetrikliyi göy cisimlərinin ziqzaqvari trayektoriyasını təsvir etməsiylə bağlıdır. Ən böyük pəncərə ən böyük planet Yupiteri təmsil edir. 7-ci pəncərə isə T hərfi şəklindədir. Məlumdur ki, 7-ci planet olan Uran yanpörtü şəkildə fırlanır. Ona görə də başqa planetlərə nəzərən perpendikulyar pozadadır. Qız qalasının ən üst mərtəbəsi göyün 7-ci qatını simvolizə edir. Qalanın hündürlüyü 28,7 metrdir. Bu Günəşdən Urana qədər olan məsafəni -28 700 milyon km.- simvolizə edir. Beləliklə Qız qalası minilliklər sonra kəfş ediləcək astronomik bilikləri özündə cəmləşdirib. Diqqət yetirilsə batıq və çıxıntı şəklində görülmüş hissənin 31(30) zolaqlarıı asanlıqla samaq olar. Bu ayın günlərini də göstərə bilərdi. Dayaq divarının cünub və şərq tərəfindən zolaqlar sayılsa onların 24 olduğunu görərik. Bu, sutkada saatların sayını da bildirə bilər. Abidənin cənuba baxan pəncərələrinin 4 olması fəsilləri, mərtəbələrə qalxan pillələrin 12 olması isə ilin aylarını göstərir. Keçmiş zamanlarda ulduzlar indikindən fəqli düzülmüşdü. Qız qalasının bir qrup ulduza nəzərən tikildiyini fakt kimi qəbul edəndən sonra ulduzların yerdəyişməsin nəzərə alaraq onun dəqiq yaşını təyin etmək olar. Onda bilinər ki, Qız qalası 11-ci əsrdə yox, ən azı 3 min il bundan əvvəl tikilib.
Suyun Allahla sazişi
1960-cı illərdə edilmiş üzdəniraq bərpa işləri (Mimikonov adlı memarın başçılığı altında) qalanın quruluşunu tam dəyişərək onun nə üçün tikildiyini sübuta yetirən dəlilləri sıradan çıxardı. Amma qala boyunca yuxarıdan aşağıyadək uzanan bişmiş gildən olan borular qırılsa da indiyədək saxlanılır. Bərpadan qabaq mərtəbələrin yerində 80 sm enində dairəvari çıxıntılar vardı. Bu axurlar qalanın içindəki tempratur fərqindən yaranan atmosfer suyunun borulara tərəf axması üçün nəzərdə tutulub. Bu su ayinlərdə istifadə edilirdi. Ən təmiz su insanla təmasda olmayan sudur. Bəlkə Qız qalasını tikən əcdadlarımız bunu bizdən daha yaxşı bilirdi? Bir sufi əfsanəsində belə deyilir: müdriklərdən biri öncəgörməlik edir ki, gün gələcək dünyada su yoxa çıxacaq. Yalnız xüsusi olaraq yığılmış sudan başqa içməli su heç yerdə olmayacaq. Sonra su yenidən qayıdacaq, amma onu içən hər kəs ağlını itirəcək. Yalnız bir nəfər müdrik kişinin sözünə baxıb su eytiyatları yığır. Su yoxa çıxan gün o, yalnız öz ehtiyatında olan sudan içirmiş. Sular kəhrizlərə, quyulara qayıdanda hamı hərisliklə sudan içdi və havalandı. Təkcə həmin kişi öz suyundan içirdi və hamı onu dəli adlandırdı. Səbri tükənən gün kişi bütün ehtiyatını torpağa töküb hamının içdiyi sudan içdi və hamının dediyi kimi «ağıllandı». …Qız qalasının düz yanında qayada ovulmuş daş qəbrin izləri görünür. Bilinir ki, onun içini sonradan doldurublar. Bəlkə bu elə həmən kişini qəbridir?
Nostradamus Bakı qalası barədə
Bütün dünya Nostradamusun öncəgörməliklərindən danışır və onun yazıları hələ də tədqiq edilir. Azərbaycanlı riyaziyyatçı Vaqif Ələkbərov bu mövzuda maraqlı tədqiqat apararaq gözlənilməz nəticələr əldə etmişdir. Vaqif Ələkbərov da Qız qalası ilə bağlı maraqlı müşahidələr aparıb və Nostradamusun «Senturiya»sının mətnində eyni sözlərin təkrarını vurğulamaqla «Qala» sözü ilə bağlı bəzi sətirləri aşkarlayıb.
«Buka qalası barbarların cəngəlliyindən qorxacaq» (1.28), «Dənizdəki qala 3 dəfə əldən ələ keçəcək» (3.01), «Mars qalanın ən böyük pəncərəsində olacaq» (5.42), «Böyük Neptun qalanın böyük pəncərəsindən görünəcək» (3.01) Buka sözü Nostradamus üçün xarakterik olan anoqramma, yəni hərflərin yerini dəyişmə üsuluyla tədqiq edilsə Baku sözü rahat alınır. Cəngəllik dedikdə ola bilər qalanın ağac gövdəsinə oxşaması nəzərdə tutulur. Axı onun içi ağacın özəyi kimi boşdur və divarları bayırdan ağac qabığı kimi zolaqlıdır. Şeirlərdə Günəş sistemi planetlərinin Qız qalasının pəncərələrinə uyğun gəlməsi bir daha tasdiqlənir. Qalanın yarıyacan zolaqlı olması bir qədər qəribədir. Bu faktı tədqiqatçıların heç biri izah edə bilmir. Nostradamusun adıçəkilən katrenində deyildiyi kimi Qalanı ağaca bənzətsək və planetlərin Günəş ətrafında hərəkət müddəti ilə müqayisə etsək, Qalanın zolaqlarını sanki ağacın yaşını təyin edən halqalar kimi qəbul edə bilərik. Günəş sistemində ən uzaq planet olan Pluton ən uzun perioda malikdir – 247, 7 il. Qız qalasını tikən memarlar da həmin rəqəmləri işlədiblər. 24 tam halqalı zolaq və 7 yarımçıq çıxıntı. Bu 3 rəqəm zərdüştilikdə də müqəddəs sayılırdı. Zərdüştilər sudrə adlanın ağ köynək geyər və onu 4 düyünlə bağlayardlar. Kuşti adlandırılan kəmər özü isə 72 ipdən hörülərdi. Rəqəmlərin üst-üstə düşməsi adamı heyərətləndirir. Müqəddəs Quranın da Fussilət (Müfəssəl izah edilmiş) surəsini islam teoloqları Günəş sisteminin şifrəli illüstrasiyası kimi və qazvari dumandan əmələ gəlməsinə sübut kimi sitat gətirirlər. Bu surədə də 2, 4, 7 rəqəmləri sırayla işlədilir.
2, 4,7 rəqəmləri arasındaki mistik əlaqədən danışarkən yenə də Nostradamusu yada salmaq lazımdır. Onun fikricə kitabındakı hər fəsil 100 katrendən ibarət olmalı idi. Amma müasirlərinin anlamadığı səbəbdən 7-ci fəslə yalnız 42 katren daxıl edərək onu sanki natamam saxlamışdır. Ruhani quru kimi ad çıxarmış El Moriyanın ezoterik dairələrdə məhşur olan kitabının «Kosmosun 247 qanunu» adlanması da yəqin ki, təsadüfdən deyil. Ona görə də Qız qalasının zolaqlarının sayını da təsadüf saya bilmərik. Magik 2, 4, 7 rəqəmi Qalanın ölçülərində dəfələrlə rast gəlinir.
Həyat ağacı
Məlumdur ki, Azərbaycan ərazilərində İslam dini bərqərar olmamışdan əvvəl, Qafqaz Albaniyası, sonralar Atropatena dövləti olarkən zərdüştiliklə yanaşı xristianlıq da qəbul edilimşdi. Xristianlıq buralarda 1-ci əsrdən etibarən olduğundan xristian mənbələrində İncil kitabı formalaşan zamanlarda bu qala barədə bir şey yazılmaya bilməzdi. Dimirti Rostotskinin «Müqəddəslərin həyatı» kitabında oxuyuruq «… Albaniyanın Baruk (Bakı) şəhərində xəstələrə şəfa verən, iztirab çəkənlərə kömək edən bir qala dayanıb». Qız qalasının zolaqlarının ağacın halqaları ilə bənzədilməsi İncilin hələ açılmamış bəzi sirrlərindən birinə yaxınlaşdırır. İoann Boqoslovun «Etiraf»ında (22 fəsil) sirrli «Həyat ağacı» təsvir edilir ki, bunu teoloqlar hələ ki, şərh edə bilmir. Onun yazdığına görə bu «Ağaca xüsusi rol verilib və o, xalqların sağalmasına, şəfa tapmasına xidmət edir». İoann Boqoslovun «Etiraf»ında 4-cü «Apokalipsis» fəslində belə sətirlərə rast gəlmək olur: «Mən Taxt görürəm. Onun ətrafında daha 24 taxt da var. Hər 24 taxtda ağ geyimli qocaman oturub. Bu Taxtın qarşısında 7 od yanır ki, 7 İlahi ruhun simvoludur.» Həmin müəllif başqa yerdə (4-cü fəsil, 6-cı şeir) «… Taxtın qarşısında şüşə kimi dəniz kristal kimi parlayır» deyir. Yenə də 2, 4, 7 rəqəmləri. İoann Boqoslovun 4-cü fəsil, 7-ci şeirində dediyi daha qəribədir: «… və bu Taxtın yanında 4 heyvan gördüm. Birisi şirə bənzəyirdi, ikincisi buğaya. Üçüncüsü heyvan üzlü insana, sonuncusu isə uçan qartalı oxşayırdı». Bu cümlənin arxasında məna tapa bilməyən oxucular İçəri şəhəri qoşa qala qapısı tərəfdən girməmiş başını qaldırıb Azərbaycanın qədim herbinə baxa bilər: bir-birinə baxan iki şir arasında bir buğa. Azərbaycanın xəritəsini görənlərə isə onun uçuş zamanı qartala bənzəməsini bir daha xatırlatmaq lazım deyil. Heyvana bənzər insanlar barədə isə uzun-uzadı fəlsəfi polemikaya qoşulmaq olar. Əhdi-ətiqdə də (qədim İncil) qəribə fraza var: «… Şərqdən olan qartalı göndərəcəm ki, dinlərin əzəlinə qaytarsın». Bu xristianlar üçün «Allah təkdir, yeganədir» fikrinə qayıdışdırsa bütün dünya dinlərinin birləşəcəyi yerə işarə edilir.
Kosmik informasiya qəbul etmək üçün vacib qəbuledici
Ola bilər ki, Qız qalası da Misir ehramları kimi astronomiya ilə çıx bağlı olaraq şəfa verici bioenerji mənbələrindən biridir. Qız qalasının mərkəzi boş olduğundan onun ortasından enerji mübadiləsi gedir. İnsanın enerji sistemiylə müqayisədə onun onurğa sümüyü ətrafında yerləşən 7 enerji mərkəzi- çakrlarla müqayisə edilə bilər. Bəzən buna 7 möhür də deyilir. Vaqif Ələkbərovun akademik Qoçun biolokasiya matritsa görüntüsü metodikası ilə təcrübələr nəticəsində əldə etdiyi faktlara əsasən bu hipotez təsdiqlənir. Mərtəbələr bioenerji baxımından özünü insanın çakraları kimi aparır. İnsanın enerji sütunu- yəni onurğası sıradan çıxarsa onun sağlamlığına necə ziyan dəyə bilərsə Qız qalasının da enerji kanallarının bağlanması həmin nəticəyə gətirir. «Qalanın başında durub şərqə doğru baxın». Qız qalasında 2005-ci il mart-aprel aylarında aparılan tədqaqatların nəticəsində maraqlı nəticələr alınmışdır. Qız qalasının başına çıxmış bir qrup ekstrasens cənub şərq tərəfdə altıguşəli oval forma müşahidə ediblər. Moskvalı bioenergetiklər Qalanın enerjisini tədqiq edərkən avadanlığın sıradan çıxmasını görəndə onlar Qız qalasını dünyanın daha bir möcüzəsi adlandırmışdılar. Qız qalasının başında olarkən bioenergetiklər qalanın mühafizəkarı adlandırdıqları məxluqla kontakta girə bilmişdilər. 7 ekstrasens eyni vaxtda adi adamlar üçün gözəgörünməz olan mühafizəkarın suallarına cavab verirdilər. Deyilənə görə bu məxluq qalanın bəzi sirrlərini də açıqladı ki, eksperiment zamanı onun məsləhətlərindən istifadə edildi. Yəqin qədimdə ekstrasensor qabliyyətli adamları kahin adlandırırdılar və onlar da qalanın mühafizəkarı ilə kontakta girib məlumat öyrənə bilirmişlər. Deyirlər ki, Misir piramidalarında faraonlar bədənlərini sağaldır və cavanlaşırdılar. Amma bunun yollarını, üsullarını yalnız kahinlər bilirdi. İndi biz də Qalanın hansı hissəsində, nə qədər, üzü hansı istiqamətə dayanacağımızı bilmirik ki, Qız qalasından yararlana bilək. Çox təəssüf ki, mübariz ateizm mövqesində tərbiyə almış elm adamlarımız tarixi öyrənərkən bu tip informasiyaları ciddi qəbul etmirlər. Təcrübə aparan ekstrasenslər Qalanın mühafizəkarından həmişə eyni cümləni eşidirdilər: «Qalanın başında durub şərqə doğru baxın».
Nə qədər ki, Qız qalasının özəyi metal arakəsmə ilə örtülüb onun içindəki enerji də içinə qapanaraq tıxanıb. Qədim dövrlərdə insanlar bizə nisbətən ulduzlara daha yaxın idilər.
Комментариев нет:
Отправить комментарий