Страницы

20.04.2011

Biləcəridən bu yana

Aqşin Yenisey                    qafqazinfo.az

Adətən, kəlləli adamlar öz çıxışlarında ölkənin mədəni, ədəbi sərhədinin Biləcəri qəsəbəsindən keçdiyini, daha doğrusu, Biləcəridən o yana keçə bilmədiyini söyləyib, bir-birilərinə acıq verməyi sevirlər. Biləcəri qəsəbəsi, sanki, milli mədəniyyətimizlə əcnəbi mədəniyyətlərin arasındakı sərhəd-keçid məntəqəsidir; bu yanda bizimkilərdir, o yanda başqaları.
 

Ölkənin coğrafi sınırının Biləcəridən 300-500 km aralı keçməsinə baxmayaraq, zurnamızın səsinin bu qəsəbədən o yanda eşidilməməsi onun göstəricisidir ki, biz hələ milli qanacağımızı paytaxdan vur-tut bir stansiya uzağa yaya bilmişik və boğazımızda qaynayan zəngulələri, qoltuğumuza vurduğumuz nağaranın gumbultusunu dünyaya eşitdirmək üçün onları, heç olmasa, Biləcəridən sonrakı, “Nasosnı”, “Yalama” stansiyalarına qədər gətirib çıxarmağı bacarmalıyıq. Ancaq bunu bacarmaq üçün, deyəsən, daha doqquz milyon adama ehtiyacımız var. Elə “20 yanvar” metrosundan Biləcərinin özünə gəlib çıxanadək o qədər qəribə milliliklə qarşılaşırsan ki, hətta bu həngamələrin Biləcəriyədək davam edəcəyinə, qəsəbədən o yana keçməyəcəyinə sevinirsən. Şəxsən mən hər dəfə Biləcəridəki qohumumun evinə qonaq gedəndə avtobusdan düşən kimi sevindiyimdən dayanacaqdaca qol götürüb oynayıram - avtobusa minib düşənəcən başıma gələn qəzavi-qədərdən sağ-salamat qurtulduğum üçün. Nə qədər ateist ruhlu adam olsam da bu yolu getməyə hazırlaşanda evdəki iriçaplı, yəni bir ovsuna divarda arpa dənəsi yeridən, qurd ağzı bağlayan seyid şəkillərindən bir neçəsini ciblərimə dürtürəm.


Elə bu yazıda da paytaxtda hər gün şahidi olduğumuz, dost-düşmən arasında üzümüzü qızardan bir rüsvayçılıq haqqında danışacağam. Bu rüsvayçılıq – növbəyə dura bilməməyimizdir. Metroda, avtobus dayanacaqlarında, bankomatların qabağında, poçt idarələrində növbə üstündə düşən saçyoldular, söyüş-qarğışlar, üzcırdılar, kəlləatmalar, bıçaqlaşmalar sübut edir ki, xalqımızın dünyagörüşündə hələ ki, növbə gözləmək məsələsinə növbə çatmayıb. Biləcəridən bu tərəfdə növbədə durmaq, bir növ, ağciyərlik kimi qiymətləndirilir; kişi xeylağı nədir, növbə gözlədi nədir? Təbiət səni elə ona görə kişi yaradıb ki, heç vaxt heç yerdə növbə gözləməyəsən. Süfrə arxasında ətin yekəsini evin kişisinə verən və onun kişiliyini kasasındakı toyuq budunun yekəliyi ilə ölçən xalqımızın adət-ənənəsinə görə, kişi əgər dayanacaqdadırsa avtobusa hamıdan qabaq o minməlidir, dükandadırsa, kolbasanı birinci ona çəkməlidirlər, ağzında evin kişisi deyirsən, bəs o yoğunluqda qarını, o qalınlıqda peysəri görmürsən? Toydursa, birinci evin kişisi oynamalıdır, gitaranın bakirəliyini birinci o pozmalıdır, zurnanın siftəsini o etməlidir. Nə növbəbazlıq?

Növbə məsələsində qadınlarımzın da özünəməxsus irəliləmə metodları var. Bizim qadın növbənin ortasında və sonundadırsa və növbədənkənar irəliləmək, bir növ, uğura imza atıb birinci olmaq istəyirsə, qəfildən qəşş eləyib yerə yıxılmağı yetər. Ayılan kimi ürəktutma xəstəliyi olduğunu söyləyib yenidən qəşş eləməyin bu işdə faydası birə beş artır. Belə ki, bayılmış xəstə qadının halına acıyan növbədəkilər onun heysiz vücudunu çiyinləri üzərinə qaldırıb özləri irəli ötürəcəklər. Bəzən növbədə irəliləmək üçün arxada dayanmış kişiylə namus, ismət uğrunda üz-göz olmaq da zənən tayfasının işinə yarayır. İşıq pulu, qaz pulu ödəyərkən tez-tez belə bir mənzərəylə qarşılaşırıq; hansısa qadın arxasındakı kişinin ona sürtüşdüyünü söyləyib çığır-bağır salır və millətin qınağından utanan yazıq kişi, məsələn, o dülgərdirsə, özünü təmizə çıxarmaq üçün cibində gəzdirdiyi yaylı metrəni çıxarıb camaatın gözü qarşısında arvadla aralarındakı məsafəni ölçür, yəni ey ulu xalqım, bu uzaqlıqdan arvada nəsə etmək üçün gərək Tanrı kişini yenidən yaratsın. Ancaq növbədə irəliləyişə nail olmaq üçün sözügedən qadın gözünü yumub, ağzını açır. Axırda bu deyingənlikdən, cənə-boğazdan zara gələn tamaşaçılar arvadı irəli buraxıb, dülgərə yalvarırlar ki, baş qoşma, metrəni də qoy cibinə. Növbədə yubanmamaq üçün xəstə, yaxud namus mücəssiməsi olmaqla yanaşı, özünü şəhid anası, ya da qaçqın adlandırmağın da öz üstünlükləri var. Ancaq bəzən olur ki, növbədə hamı özünü “xəstə”, “namuslu”, “şəhid anası”, yaxud “qaçqın” kimi aparır. Bu zaman hadisə yerində əsl qarğabazarı yaranır; “xəstə” indicə yıxılıb öləcəyini, “namuslu” arvad indicə arxa tərəfdəki əlimetrəli dülgərin təcavüzünə məruz qalacağını, “şəhid anası” yuxarılara şikayət edəcəyini, “qaçqın” isə üstünə nöyüt töküb özünü yandıracağını söyləyərək qabağa buraxılmasını təkid edir. Bu zaman növbədəki qadınları statuslarına uyğun “boy sırası” ilə düzmək, doğrudan da, cəhənnəm əzabıdır. Əgər ölkədəki müharibə vəziyyətini nəzərə alıb “şəhid anasını” irəli buraxsan, xəstə acığa düşüb, doğrudan da, növbədə öləcək. İndi gəl polis idarələrində get-gələ düş ki, mərhumu “özünüöldürmə həddinə gətirən” özündən başqa heç kim olmayıb. Sosial problemləri nəzərə alıb “qaçqını” irəli buraxsan, “namuslu” qadın hikkəsindən polisə şikayət edəcək ki, arxasında dayanmış dülgərlə əlbir olub bütün növbədəki kişilər onu növbəyə qoyub zorlayıblar. Harda? Avtobus dayanacağında, poçt idarəsində, bankomatın qabağında. Belə növbələrdə ən doğru qərar yerini kiməsə verib, oradan üzüsulu əkilməkdir.

Gürcüstanla sərhəddə belə milli növbələrin birində şahidi olduğum mənzərəni təsvir edib, sözü verirəm oxuculara. Qırmızı Körpü adlanan nəzarət-buraxılış məntəqəsində əsgərlər pasportları yoxlayırdılar. Ət-ətə söykənmiş camaatımız sərhədi birinci keçmək uğrunda, həmişə olduğu kimi, bir-birini minir, dişləyir, təpikləyir, cürbəcür bəhanələr uydururdular. Qəfildən arxa tərəfdə çaxnaşma düşdü, hamı geri boylandı və məlum oldu ki, arxada ağbirçək bir zənənin ürəyi gedib. Arvadın üstünə nə qədər “Bonaqua”, “Fanta”, “Sirab” töksələr də bayılan ayılmadı. Axırda camaat onu tez həkimə çatdırmaq üçün çiyinlərinə qaldırıb başları üzərindən irəli ötürməyə başladı. Arvad sərhədi uça-uça keçdi. Bir saatdan sonra Gürcüstan tərəfdə yoxlanış zamanı nə görsək yaxşıdır? Həmin arvad indi də Azərbaycana gələnlərin başları üzəriylə vətənə doğru uçurdu. Gürcü sərhədçiləri də bu mənzərəyə baxıb gülürdü. Öyrəndik ki, sən demə, bu qadın keçid məntəqəsinin həndəvərində xırda alverlə məşğuldur və gündə beş-altı dəfə bu cür uça-uça gah Gürcüstana, gah da Azərbaycana mal, yaxud pul dalınca gedib-qayıdır və gürcülər tərəfdə onu bizim xalqın milli mələyi adlandırırlar.

Комментариев нет:

Отправить комментарий