Страницы

01.04.2011

UNİVERSAL İNAM AXTARIŞINDA


İlahə Ucaruh          Professional Oxucu Liqası

I hissə

“Da Vinçi kodu” və Qoca Şərq

             Son zamanlar dunya massmediasında qalmaqallara səbəb olmuş Den Braunun ”Da Vinçi Kodu” romanı müzakirə edilir. C. Braunun Amerikan məharəti ilə yaratdığı bu postmodern əsərində detektiv və tarix, din və fəlsəfə, inam  və  şübhə, elm və incəsənət, feminizm və digər mövzular, iç-içə girərək,  geniş oxucu kütləsinin diqqətini çəkmişdir.
         Bu romanın kitab variantı əsasında çəkilən eyni adlı bədii film, xristian   dindarların dünyada fəal etirazına səbəb olmuşdur. Onlar filmin  kütlələrə nümayişini  qadağan etdirməyə çalışmışlar. Azərbaycanda da bu bədii filmin kinoteatrlarda göstərilməməsi üçün müsəlman din xadimləri ölkənin Mədəniyyət Nazirliyinə müraciət edib, vətəndaşlarımızın “mənəvi-əxlaqi qeydinə” qalıblar. Bu xəbər məni narahat etməyə bilməzdi,  çünki ikiyə bölünmüş yurdumun başına gələn bəlaların səbəblərindən öndə duranı  dini fanatizm,  bisavadlıq, xurafat və mövhumatdan əl çəkə bilməməkdir.  Romanda baş verən yarımuydurma, yarımgerçək tarixi faktlara əsaslanan hadisələrin arxasında müəllifin əsas demək istədiyi fikirlərin qeyri-xristian xalqlara da  aid olduğunu söyləmək istərdim.
            Əsərin  baş ideyası, adamların dini ehkamları, doqmaları ötüb keçə bilməməsi problemidir. Dinin mahiyyətini anlamamasından törəyən cinayətlərin, insan haqlarının, xüsusilə də qadın haqlarının tanınmamasının qarşısını almaq istəməsidir. Müxtəlif dinlərin İşıq, Nirvana,  Tanrı,  Boq, Allah, Eşq, Mütləq və s. adlandırdığı Əzəli, Sonsuz və Kamil  İlahi Qüdrətin  hamı  üçün eyni  olduğunu müəllif yada salmağa çalışmışdır: “Allah hər bir dində metafora (məcazi məna), alleqoriya və müxtəlif şişirtmələrlə təsvir edilir. Metafora, qəbuledilməz olanı şüurumuza qəbul etməyə köməkçi vasitədən başqa bir şey deyil. Problemlər, metaforaları hərfi mənada başa düşəndə yaranır... Dini alleqoriya tədricən reallığın bir hissəsinə dönüşmüş.” Müəllifin bu yanaşması, qədimdən günümüzə gəlib çıxan Hind, Şərq fəlsəfələrindən süzülüb gəlmişdir.
             Qədim himnlərdə Hər yerdə mövcud olan, Əbədi, Sonsuz və Qəti Prinsip, insanın anlama qabiliyətini üstələyir. Söz və bənzətmələrlə Onu yalnız kiçiltmək olar; buna görə də Onun haqqında heç bir mühakimə mümkün deyil. Mütləq, Sonsuzluqdur, buna görə də müxtəlif fikirlər Onu yalniz məhdudlaşdıracaq. Sonsuzluq əzəməti və gözəlliyi bəsit təsəvvürlərimizə və  terminlərimizə sığmır. O, təsvirəgəlməz  hüdudlarda qalmalıdır.  Bütün  Hind əfsanələrində Parabraman və ya Mütləq, sırf fəlsəfi anlayışdır, Varlıq və Yoxluq üzərində qurulan Kosmosun prinsipi, başlanğıcı və ya qanunudur.
             Məlumdur ki, Sokrat, Dünya Mahiyəti sirrinin müzakirəsindən daima imtina edirdi.  Kilsə və məscidin din xadimləri  bu fəlsəfi anlayışı “ allah” ideyasina çevirərək, şəxsiləşdirərək, öz inhisarlarına almağa çalışmışlar. Belə kiçiltmə ilə bu nəhəng anlayış allah şəxsiyətinə, “Kainatın Hakimi” anlamına  endirilmişdir. Artıq bu “simalı”, “şəxsiyətli” və cismləşmiş tanri müəyyən xasiyətə malikdir: o qəzəblənir, cəzalandırır, mükafatlandırır. Onu ancaq dualarla, xüsusilə də qulluqçularına müəyyən qurbanlar gətirməklə yumşaltmaq mümkündür.  Bundan fərqli düşünən fikir sahibləri kafir adlanaraq  hər zaman təqib edilmiş,  tonqallarda yandırılmış, dəriləri soyulmuşdur. İndinin özündə də İran kimi ifrat dindar ölkələrdə aydınzəkalılar təhlükələrlə üz-üzə qalmaqdadırlar.   
D. Braunun “Da Vinçi kodu” romanındakı ideyalarını, eramızın VII əsrində islamdan qopan batinlik adlı dini-fəlsəfi təriqətin populyarcasına yenidəndərki kimi qəbul etmək də mümkündür. Ərəbcə “batin” sözü, daхili, məхfi deməkdir. Batinlilər (Farabi, İbn Sina, İxvan-üs-Səfa və ya Səfa Qardaşları, Şəms Təbrizi,  Həllac, Nəimi, Nəsimi, İbn Rüşd və s.) Quranı hərfi mənada anlamağın yanlış olduğunu, onun şeirlərinə məcazi məna verməyin, onda “sirlər” tapmağın  gərəkliliyini müdafiə edirdilər.
Batinçi  Farabi hesab edirdi ki, həqiqi dinin obrazlı simvolikası, intellektual inkişafın və hazırlığın çeşidli səviyyəsində müхtəlif cür şərh edilə bilər, lakin həqiqət bir olaraq qalır və onun dərkinə gedən yol, prinsip etibarilə, hamıya açıqdır. Ancaq adam abstraksiyalarla düşünə bilmirsə, onda bu simvollar, əlbəttə, onun üçün dini əsatirlərə -- antropomorf Allaha, məleykələrə, dünyanın zamanda yaranmasına və s. dönür. Beləsini öz fikrindən daşındırmaq nəinki mənasızdır, hətta zərərlidir.
Farabinin davamçısı Ibni Sina da Quran mətnlərinin dini məzmun və mənasını müəyyən fəlsəfi müddəaların yalnız simvolik, alleqorik ifadələri kimi təqdim edirdi. Düşüncə, bilgi, məntiqi nitqin, dini münasibətlərin izahıyla bağlı Avisenna (Ibn Sina) fəlsəfənin -- həqiqi bilik, dinin isə – onun yalnız alleqorik əksi olduğu fikrindəydi.
Şərqin digər mütəfəkkiri Ibni Rüşd də Quranın zahiri (görünən, oхunan) və daхili (gizli, dərk edilən) qatları olduğuna inanırdı. O, gizli qatın sirlərini yalnız fəlsəfəylə, təfsir, interpretasiyalarla anlamağın mümkünlüyünü hesab edirdi.  Ibni Rüşdə görə, mətnin fəlsəfi qiymətləndirilməsi  analizə, deduksiya  və induksiyaya əsaslanır. Onun fikrincə, inam, məlum olanlara istinad edərək  naməlum olanın kəşfi və izahıdır. Təfsir və məntiqi analiz elmlərini  gəlişdirən Ibni Rüşd, elmdən uzaq olan adamlara ehkamın yalnız zahiri tərəfini göstərməyin kifayət olduğunu, belə adamlara məntiqi yolla müqəddəs sirrləri aşılamağın yanlışlığını düşünürdü. Mürtəce müsəlman ruhaniləri, başda Qəzzali olmaqla, məntiq elminin  öyrənilməsi, adamları dindən uzaqlaşdıraraq,  kafirliyə gətirib çıхaracağını deyirdi. Bu səbəbdən məntiqə ədavət bəsləyir, bütovlükdə  onun əleyhinə çıхış edirdi. Ibni Rüşd ömrünün sonunadək rəqibləri ilə qətiyyətlə mübarizə aparmışdı. Azərbaycan din xadimlərinin Con Braunun “Da Vinçi Kodu” əsərinə aqressiv münasibətləri İbni Rüşd (məntiqçilərin)—Qəzzali (təqlidçilərin)  qarşıdurmasının davamıdır.
  
II hissə

Mistikadan sinergetikaya

Ənənəvi baxışa görə, dünyada mövcud olan dinlərin məlum fərqlərinə baxmayaraq, onların hamısı bəşəriyətə həqiqi, xoşbəxt həyat yolunu göstərmək, “insanı xilas eləmək” üçün gəlmişlər.
Əsrlər boyu bu  niyyətlərlə könüllü və ya məcburi olaraq beyinlərə yeridilən dinlər, öz məqsədlərinə heç də nail olmamışlar. Zaman keçdikcə gözlənilən nəticələrin əksinə olaraq hər bir din, müxtəlif tarixi şəraitlərin təsiri altında  əvvəlcə haçalanıb, sonra bir neçə məzhəblərə, təriqətlərə ayrılmışlar. “Təkmilləşmiş”, “təmizlənmiş” yeni  dini  məzhəblərin davamçıları arasındakı münasibətlər heç də sakit və qansız ötüşməmişdi...
Dinlərin bütövlüyünün itirilməsi  istisnasız olaraq inancların hamısına aiddir: induizmdən törəyən cərəyanlar—buddizm, krişnaizm, vedizm, braxmanizm və s., zərdüştçülükdən—pars, azərqoşəsb və qəştasb, xristianlıqdan—pravoslav, katolikçilik, protestantçılıq, qriqorianlıq, baptizm, adventizm və s., islamdan—sünnilik, şiəlik, sufilik, batinlik, bahailik və s. Siyahısı tamam olmayan bu cərəyanların fəaliyəti  vaxtaşırı savaşlara,  insan faciələrinə səbəb olmuşdur. Artur Rembonun söylədiyi kimi, “inamlar və ideyalar davası, ruhani mübarizələr, adamlar arasında gedən döyüşlər qədər qəddardır.”
Din mərkəzli zehniyyətin əsrlər boyu yaratdığı böhranı və zülmü aradan qaldırmaq istəyi fikir adamlarını hər zaman narahat etmiş, katastrofik durumdan çıxış yolları axtarılmışdır. Bu axtarışlar, səmavi kitabların müxtəlif səpgidə təfsirləri, dində reforma və dindən kənar idraketmə ehtiyacına təkan vermişdir. Bu təkandan doğan  batinilik,  ateizm, rasionalizm, pozitivizm, humanizm, praqmatizm kimi dünyagörüşləri  ortaya çıxmışdır. Protestantçılıqda inam ehkamlarını yumşaltma, rasionallığın  inkişafina zəmin yaratmışdır.  Lakin bu fəlsəfi cərəyanların da çalışmaları, məzhəblər  kimi, bütün insanların   daxili, ruhani ehtiyaclarına cavab verməmişdir, yeni dövran  yeni bohranlar  gətirmişdir.
            İki  cahan savaşları, irqçilik, şovinizm, elmi nailiyyətlərin “zirvəsi” olan  atom-nüvə silahlarının istehsalı, qanlı etnik münaqişələr, az inkişaf etmiş ölkələrdə  baş alıb gedən  əhalinin aclıqdan ölüm halları kimi qlobal problemlər insan evladının son yol ayrıcında qalmasından xəbər verir. Koqan  yazır: “Göründüyü kimi, bəşəriyət o qədər də irəliləməyib. O, dünya tarixi məktəbinin hər sinfində həddindən artıq çox oturmuş, idrak məsələsində geri qalmış, bütünlükdə hələ ruhani yetkinliyə çatmamışdır. O, keçmişdən yetərincə dərs almadan, gələcəyə nəzər salmadan, bugünlə yaşamağa üstünlük verir... Çıxış yolu uzun sürən infantilizmi ötməkdə, ruhani kamilliyə yiyələnməkdə, hərislik və təkəbbürdən azad olmadadır.”         
               Bir çox tanınmış şəxsiyətlər yeni inamın köhnə inamları əvəz etməsi ehtiyacını göz önünə almışlar. Təzə inam yaratma istəyini Bernard Şou belə izah edirdi : “Özünüzə din və ya əxlaq və ya allah bilir daha nə adlandırdığınız bir şey yaradıbsınız. Bu isə faktlara ziddir. Belə halda niyə onu zibilxanaya tullamayasınız. Atın getsin və özünüz  üçün faktlara münasib yenisini yaradın. Dünyanın bədbəxtliyi də indi məhz elə bundadır. O, köhnəlmiş buxar və dinamo maşınlarını tullayır, lakin köhnə etiqadlarını, köhnə din və siyasi konstitusiyalarını atmaq istəmir. Nəticədə isə  maşın və texnika sahəsində irəlidə olarkən, din, əxlaq və siyasət sahəsində ziyana işləyir və ildən ilə müflisləşməyə doğru yaxınlaşırıq. Dünən köhnə din uçubsa, sabah özünüzə yeni və daha yaxçısını tapın... Marks və Darvinin əsərləri məndə bu qənaəti yaratdılar ki, sivilizasiyanın yeni dinə ehtiyacı var və bu ehtiyac onun ölüm-dirim məsələsidir.”
Türk dünyasının  görkəmli yazarı Çingiz Aytmatov məhşur “Qiyamət” əsərində  həyatın zəncirinə çevrilən dinlərin artıq gərəksizliyini bəyan edir: “Günümüzdə tanıdığımız dinlərin ümidsiz bir şəkildə köhnəlməsi, vaxtilə oyanmaqda olan kütlənin ibtidai düşüncə tərzinə hesablanmış dindən bu gün ciddi danışmaq olmaz... Əgər tarix, bəşərin inanc göylərindədünyanın hazırki tələblərinə uyğun gələn, təzə ilahi duyğulara malik, yeni qüvvəmüasir allah bütü təklif  eləyə bilərsə, onda azacıq ümid etmək olar ki, dini təlimin bəlkə də qara quruş da olsa dəyəri var.” 
            Bir zamanlar insanı ideala, kamilliyə doğru aparmaq istəyən fəlsəfə indi, yazıçı  V. Pelevinin sözü ilə desək,  bir “şıqqıldayan intellektual oyuncağa” çevrilmişdir.  Dünyanın hazırki tələblərinə dinlərin uyğun gəlməməsi adamları nihilizmə, skeptitizmə, pessimizmə  və sonda anarxizmə, həyatı qaydasız oyuna, heçnə oyununa, traqifarsa, absurd teatrına transformasiyasına  sürükləmişdir. Sivilizasiyanın yeni, universal, mövhumatdan və xurafatdan azad  inama  ehtiyacı olduğunu dərk edən alimlər, filosoflar, yazıçılar  axtarışa qoşulmuşlar. Din və inamın mahiyyətinin aхtarış təcrübələri Şərqdən Qərbə keçmiş, Kant, Kyerkeqor, Spinoza, Dekart, Niçşe, Haydegger, B. Rassel və digər ünlü filosoflarda  davam etmişdir. Şərq-Qərb ilişkiləri Avropanı dünyəvi din-inamın, müasir ideyalara toxunan, elmi biliklərə və ən əsası –  insançılığa əsaslanan inam axtarışlarına sövq etmişdir.          
         Kant, “indiyədək tamamilə görünməyən plan əsasında metafizikanın bütöv reformasını, yeni doğuluşunu” gözləyirdi.
         Leybnisin arzularından başlıcası  “universal xarakteristika”, yəni xüsusi alqoritm  yaratmaq idi. Bu alqoritm vasitəsi ilə Leybnis sırf mexaniki yolla “bütöv həqiqəti” əldə etməyi düşünürdü.


             Niçşe, fövqalinsan ideyasını ortaya ataraq, müasir dövrün əsas sualını qoydu. Niçşe, varlıqda hakimiyət əzmi olduğundan bütün öncəki dəyərlərin təzədən dəyərləndirilməsini müdafiə edirdi. Hər şeyin əbədi qayıdışının qarşısında bütün Yer üzünə insanın öz hakimliyini yaymağa hazırlaşdığını öncədən görən filosof, “Allah öldüyündən” insan üçün hər şeyin dəyəri və mərkəzi insan özü ola biləcəyini düşünürdü. “Neozərdüşt”, Niçşedən soruşurdu: bu missiyaya insan evladı layiqdirmi, onun mahiyyətinin özü dəyişməməlidirmi? Bu suala Niçşe belə cavab verir ki, adam özünü ötməli və fövqəlinsan olmalıdır.       
            Materializmə söykənən marksist dünyagörüşündə din fenomeni  tənqid edilir, “ruh”, “müqəddəslik”, “möcüzə”, “səcdə” və s. kimi sözlər sırf dini terminologiyaya  aid edilir. Bu,  həmən anlayışların  arxasında duran daxili  ehtiyacların inkarı demək idi.  
          İnsanın ali imkanlarına pərəstiş edən  V. Solovyov, Berdayev kimi  mütəfəkkirlərin “tanrıyaratma” ideyası ”dini ateizm” terminini ortaya atdı.     
            Ruhaniyətə  tələbatın hiss edildiyindən, lakin müəlliflərin köhnəlməsi səbəbi ilə yeni, amma öncəkilərdən də təsirli dinlər hazırlamaqda insanın azad olmasını Z. Freyd, Le Bon, E. Fromm kimi psixoloqlar söyləmişlər. Le Bon yazır: ” Bütün irqlərin insanları müxtəlif adlar verdiyi bir tanriya səcdə edirlər—ümidə. Axi onların bütün allahları yalnız bir –yeganə--allah idi...İnanc, adi gerçəklikdən daha münasib gerçəkliyi yaratmağa yönəlibdir. O, adi gerçəkliyin qarşısına daha əlvan gələcəyi qoyur.”
            T. De Şarden, özünün yeni din axtarışları barədə  dostuna yazırdı: “Bildiyiniz kimi, bütün məşğulliyətlərim və düşüncələrim yeni dinin (bunu, daha yaxşı xristianlıq da adlandıra bilərsiniz) özümdə təsdiqinə və ətrafa yayma cəhdi ilə bağlıdır. Yeni yaradacağım dində  allah, dünyanın ruhu olmaq üçün öncəki dövrlərin qeyri-məhdud mülkədarlığını buraxır.  Nail olduğumuz mədəni və dini səviyə bunu tələb edir.”
            Mədəniyətlərin, millətlərin müxtəlifliyinin qorunmasının tərəfdarı, universal sivilizasiya (və ya qloballaşma) əlehdarı olmağına baxmayaraq, antropoloq  Levi Sross  təfəkkür və mənəviyatın bəzi universal formalarına çatmağın labüdlüyünü bəyan edirdi.
          Ingilis filosofu Bertran Rassel dini, bəşər tərəqqisinin ən böyük əngəli  sayıb, dini illüziyalardan azad olmanı tələb edir: “Əbədiyyət miqyasında fəaliyyət göstərən İlahi Qüdrət daha yaxşı şey yarada bilərdi.” Amma alimin əsərlərində dinlə barışma notları da duyulur, dinin dəyərli məqamlarının axtarışına can atılır. “Dinin mahiyyəti” əsərində  Rassel, allahsız, tanrısız bir dini dünyagörüşünün bərpası ideyasının üzərində düşünür. Doqmatik formadakı dinə hücümuyla bərabər, Rassel dindəki üç əsas  məqamların—səcdə, itaət və sevginin  toxunulmamasının vacibliyini vurğulayır. 
           İnsan evladının təfəkkür gücü, xeyir və şəri tanıma bacarığı ilə bərabər şiddətli səcdə ehtirasına, ehtiyacına malik olmasını söyləyən Rassel yazır ki,  “tamamilə yoxa çıxmaq istəməyən səcdə, başqa allahlara üz tutmalıdır.”              
               Dünyaya, insan taleinə dini və qeyri dini dərin, ciddi baxışda bir növ uyusallıq (barışıqlılıq, itaət) vardır. Bu, insan gücünün, səlahiyətinin həddi olduğunun dərkidir. İtaətin, yəni qaçınılmaz faktlar qarşısında barışıqlılığın, uyusallığın  toxunulmamasını ingilis alimi belə müdafiə edir:  “ İtaət (uyusallıq) hissi,  düşüncələri azad edib, əvvəllər ötəri şəxsi xeyir arzuları arxasında gizlənmiş iradəni yeni məqsədlərə yönəldir... Dinin  təlqin etdiyi itaət mahiyyət etibarı ilə elmin öyrətdiyi qane olma ruhuna yaxındır. Elmi nailiyyətlərin qazanılmasının etik neytrallığı məhz bu qaneliliyin, uyusallığın nəticəsidir. Maddiyat sahəsindəki sürətli uğur və tərəqqinin sərhədsiz imkanlarına ötkəm inamı olan dünyaya əslində elə bu çatışmır...”
       Məhəbbətin  toxunulmazlığını müdafiə edən Rassel onu  güc fəlsəfəsinə qarşı qoyur: “Niçşenin dediyi guc qarşısında səcdə, idealların məhvi nəticəsidir: bu, şərtsiz-filansız şərə tabe olmadır, qəlbimizdə ən yaxşı olanın Heçliyə qurban gətirilməsidir... Etiraf edək ki, bu məlum dünyada o qədər yaxşı ola biləcək şeylər var ki; sədaqət göstərdiyimiz  ideallar materiya aləmində hələ realizə olmayıb.”  
         Maraqlıdır ki, idealizm və dinə qarşı müqavimət göstərən Rassel, mistisizmin axtarışlarını elm və dindən daha yüksək məşğuliyyət sayır, onu dünyaya baxış sistemi deyil,  həyata münasibət adlandırır.  Mistik fəlsəfə, diskursiv analitik dərk etməyə zidd olan intuitiv anlama bacarığına inanırdı. Bu inam,  qəfil aydınlanma, vəhylər, intuisiya yoluna inam idi: “Mistik duyğuda başqa üsulla əldə edilməyən  müəyyən müdriklik elementi vardır...         Mistisizm mahiyyət etibarı ilə Kainat haqqindakı təsəvvürlərimizə olan dərin və gərgin inam hissinə olduqca yaxındır. Mistik  alim — təfəkkur sahəsində mümkün olan ən yüksək nailiyyətdir.” Rassel deyir ki, mistik-alimlər Heraklit və  Parmeniddən sonra gələn Platonun “fəlsəfə və elmin ortaq bağlarını kəsməsindən hər iki tərəf ziyan çəkir... Ancaq dünya ilə ideallarımızın nigahı bar verə bilər. Təklikdə onlar qısır qalırlar...”       
             Martin Lüterin xristianlığı “yumşaltma” dini siyasətinə oxşar istəklər indi islam dünyasında duyulmaqdadır. Lakin,  çağdaş  islamın tərəfdarı olan, islamın “yumşaldılması” yönündə aktiv fəaliyyət göstərən fars teoloq Sorosh, Türkiyyəli teoloq Fətullah Gülən adlı reformist, qatı islamçılar, orta əsrin qaranlıq düşüncəsini daşıyan bəsit  adamlar tərəfindən  kafir, düşmən və casus adlandırılır. 
           Bertran Rasselin dediyi kimi, “filosof adlandırdığımız böyük insanlar eyni zamanda həm elmə, həm də mistisizmə ehtiyac hiss etmişlər. Onların məqsədi, bu iki ehtiyacı harmonik şəkildə birləşdirmə cəhdləri idi.” Bu cəhdlərin davamçısı  Azərbaycanın alim-filosofu,  Mütləqə İnam yaradıcısı Asif Atanın yeni maksimalist  təlimi nə dini, nə də ateizmi qəbul etmir. Bu təlim, “dini” və “ruhani” anlayışları ayırır; dini olanın ruhani olmamağını bəyan edir. Bunun həqıqət olması xristian sayılan alman faşistlərinin törətdikləri, həmçinin  son günlərdə qatı dinçi fars şovinist molla rejiminin fərqli düşünən insanları qeyri-insani, qeyri-ruhani,  qəddarca öldürməsi hallarında özünü bir daha göstərməkdədir. Asif Atada ruh anlayışı inamin, idrakın, mənəviyyatın və iradənin vəhdətindən yaranan güc, enerji deməkdir. İlk baxışdan təzadlı, əcaib, sadəliyinə görə, qəliz terminologiyalardan azad olduğundan bəsit görünən bu təlimin başlıca xüsusiyyətlərindən biri, dinlərin sahib çıxdığı “müqəddəslik” anlayışına üz tutmasıdır, dünyaya, həyata, insana müqəddəs duyğular bəsləməsidir: “Din, müqəddəsliyin təsdiqidir, ancaq əfsanəvi, nağılvari, alleqorik, məcazi təsdiqidir. Bir forma kimi din məzmuna təzyiq göstərir, onun təzahürünə mane olur. Bu səbəbdən də dinə qayıtmaq lazım deyil. Ancaq din tərəfindən təsdiq, vəsf və təbliğ edilən müqəddəslik ideyasına, Tanrı ideyasının ülvi mənasına, həmin mənanın yaratdığı vəcdə, heyrətə, səcdə ülviyyətinə qayıtmaq mütləq lazımdır.”          
               Həm sosializmin, həm kapitalizmin amansızlığına qarşı çıxan  Asif Ata, elmdən və eləcə də əvvəlki fəlsəfi baxışlardan — induizmdən, zərdüştçülükdən, mistisizmdən, idealizmdən, , humanizmdən, strukturalizmdən,  modernizmdən və s. bəhrələnib, inamı fəlsəfə ilə sintez etmişdir. Bu filosof, bəşəriyyətin xilasını  Mütləqə, yəni Əzəli, Əbədi, Sonsuz və Kamil olana inamda görmüşdü.
             Mütləqə inamın  mahiyyətini bir-iki sözlə anlatmaq mümkünsə, o da  filosof Vitqenşteynin bu sözlərinə söykənə bilər: “Əsaslandırma, bünövrənin axtarışı kimi dərk edilərsə, onda, nəhayət, sonsuzluğa geriləmədən yaxa qurtarmaq üçün bütün təməllərin bir təməli olduğunu, artıq ona qarşı adət edilmiş sübut-dəlillər və əsaslandırmalar oyunu təsbit edilə bilməyən, “dil oyunları” çərçivəsində digər, qeyri-təməl elementlərə  mümkün olan sualvermə ona qarşı qeyri-mümkün olan mütləq ehtiva edilməlidir.” Mütləqçi fransız yazar-filosof  M. Prust  hesab edirdi ki, “insan öz məhdudluğunu ötə biləndə təzədən özünə yiyələnəcəkdir. Mütləqlə öz əlaqəsini hiss edən adam üçün mövcudluğun məhvəri narahatlıq yox, ümid, sevinc, heyrət olur.”

             Asif Ata fəlsəfəsini ən azı Rassel, M. Prust kimi şəxsiyyətlərin düşüncələrinin məntiqi davamı və inkişafı kimi qəbul edilməyin tərəfdarıyam. Bu filosofun köhnə anlayışlara (inam, peyğəmbər, səcdə və s. ) yeni məna gətirməyi postmodernist filosof J. Derridanın  nəzəriyyəsinə görə, köhnə sözlərin mənasından bir qədər uzaqlaşma,  köhnə anlayışlara yeni məzmunun verilməsi, gətirilməsi və yeni mənaların  aşılanması—paleonimiya—xüsusi dekonstruksiya məntiqinə uyğun gəlir. Düşünürəm ki, türklərin ruhani və milli  liderinin bir simada birləşməməsi dünya türklərinin  tarix boyu param-parça olaraq təklənməsinin ilk səbəbidir.
               İnsanın səcdəyə, liderə olan ehtiyacını məharətlə istifadə edən siyasət alverçıləri, həmçınin də xalqımızın düşmənləri,  Kassirerin sözü ilə desək “insan məharətlərindən ən köhnəsi olan və kütlənin onsuz keçinə bilmədiyi halda, dini, tətbiqi elmə dönüşdürüb” qarşı tərəfə  ideoloji silah kimi  istifadə  edirlər. Millətin yüksəlişi materiyadan kənarda olana, Sonsuzluğa (Sonsuza) can atan şəxslərin çoxalması ilə birbaşa əlaqəlidir. Və əksinə, Sonsuzluğa canatma bitərsə, millətin də çöküşü başlar. Digər sözlərlə desək, ruh,  millətin güc qaynağıdır, ruh tənəzzülə uğrayarsa, millət ölməyə başlar, materializm isə hücuma keçər.        
              Son zamanlar düşüncələrin nihilistliyə, anarxizmə, mütləq subyektivçiliyin meyvəsi  olan eqoistlik və bunların məntiqi nəticəsi kimi vətənin aqibətinə biganəlik hallarına   sürüklənmələr cəmiyyətdə müşaiyət edilməkdədir. Elə təəsurat yaranır ki, sanki  bütün dünyada və bütün sahələrdə baş verməkdə olan məqsədlərin dəyişdirilməsi və dəyərlərin ucuzlaşdırılması, idealların ifşa edilməsi , yolların dolaşdırılması, şüurların qaranlığa salınması, ürəkləri qəddarlaşdırma, bir qorxunc gözəgörünməz, lakin dünyanın ixtiyar sahibinin işidir... İndividualizm, tarixin müəyyən devrlərində dəyərli idi, lakin müasir dünyanın daha çox  xeyirin sosial konsepsiyasına ehtiyacı var.
             Gildenbrand adlı filosof da Mütləq ideyasının önəmini vurğulayır. “Müasir adam, mütləq həqiqət ideyasından uzaq qaçan, keçmişin sadəlövh ehkamları qarşısında tənqidedici üstünlüyü ilə qürür duyan relyativistdir. Və eyni zamanda o, ən yüksək səviyədə təhsildən qeyri-tənqidi olaraq möcüzələr gözləyir və digər relyativistlərin öyrətdiklərini mütləq həqiqət kimi qəbul edir. Bu paradoksu necə anlamalı? Əslində bu baxışların bir kökü var. Bir-birinə zidd olduğuna baxmayaraq, bunlar köhnə həqiqəti –Mütləqdən dönmüş adam hökmən “Büt”ün qurbanına çevrilir—həqiqətini  təsdiqləyirlər. Mütləq həqiqətin  müqəddəs bağlarından qopmaq istəyən qaçılmaz olaraq son dərəcə sadəlövh, qabaqcadan hasil olan yanlış qənaətə əsasən, qeyri-tənqidi, əsassız fikirlərə səcdənin toruna düşürlər. Epistemeden (dərk etmədən) boyun qaçıran bir qayda olaraq Doxun (fikrin) şagirdi olacaq... Növbəti dəbdə olan filosofluq üslubundakı aşıb-daşan mürəkkəb terminologiya dərinlik təəsüratı yaradır, əslində isə bu, adətən fikrin məzmunsuzluğunu gizlədir. Yeni anlayışlar ixtira etməklə guya klassik problemləri həll edirlər və bildirirlər ki, bu problemlər ya yanlış qoyulub, ya  əhəmiyətsizdirlər və ya ümumiyətlə mövcud deyillər. İntellektual səmimiyətin sübutu budurmu?

             Postmodernizmin parlaq nümayəndəsindən biri, Jan Bodriyar “Süküta qərq olmuş kütlənin kölgəsində” əsərində inam-din məsələsinə dair  nəticələri də mahiyyət etibarilə Asif Atanın fikirlərinə çox yaxın görünməkdədir: “Kütlələrin diqqətə aldığı yalnız Allahın obrazıdır, İdeyası deyil. Onlar heç zaman nə kliriklərin qayğı predmeti kimi qalan İlahilik İdeyasına, nə də günah və şəxsi qurtuluş problemlərinə toxunmayıblar. Onları cəlb edən—şəhid və müqəddəslərin əfsanəviliyi, qiyamət günü və ölüm rəqsinin füsünkarlıqları, möcüzələr, teatrlaşdırılmış kilsə oyunları, təşrifat, İdeyanın transdentliyinə zidd olan  dini mərasimlərin immanentliyidir. Onlar bütpərəst olmuş, özlərinə sadiq olaraq bütpərəst də qalmışlar. Kütlələr, Ali Məqamlar barədə daxili narahatlıq keçirmədən, ikonalar, mövhumat və şeytanla kifayətlənirlər. Bəlkə bu, ruhani yüksəlişlə müqayisədə inamda düşkünlük təcrübəsidir? Ehtimal ki, belədir. Bayağı mərasimçiliklə və ləkə gətirən yamsılama vasitəsilə əxlaq və inamın kateqorik imperativini, hər zaman rədd etdikləri mənanın möhtəşəm imperativini dağıtmaq onların adətidir. Bir də ki, iş onların dinin ali işığına çıxa bilməməsində deyil—onlar o işığa heç əhəmiyyət vermədi. Onlar inam uğrunda ölməyə hazırdı—müqəddəs iş, büt uğrunda ölümə. Lakin transendentliyi, lakin bununla bağlı gərgin gözləmə, möhlət, zahidlik—dinin başlandığı o yüksəkliyi saymırlar. Allah Dərgahı kütlələr üçün həmişə əvvəldən burada, yerdə—ikonaların bütpərəst immanentliyində, Kilsənin Allah Dərgahı haqda qurduğu tamaşada mövcud olmuşdur. Dini mahiyətdən inanılmaz uzaqlaşma... Kütlələr, dinin mənasını təsəvvürlər və möcüzə həyacanını yaşamada əridiblər—bu onların yeganə dini təcrübələridir... Rasional kommunikasiya və kütlələr bir araya gəlməz. Kütlələrə məna göndərilir, onlar isə vaqiənin həsrətindədirlər. Məzmuna və ya heç olmasa məlumatın koduna ciddi yanaşmanın vacibliyinə inandırmaq cəhdləri boşuna çıxmaqdadır. Kütlələrə məktub verirlər, onlar isə yalnız işarəçiliklə maraqlanırlar. Kütlələr simvolların oyunu ilə heyran olan və stereotiplərin boyunduruğuna girənlərdir, yalnız vaqiəli olanı qəbul edəndir.”

                            Fövqalhissi din yaratma cəhdləri,  bütün yeni dinlər, “Mənəvi Qanun”, “İdeal Birlik” və s. yeni adlar altında elə yazımın İ-ci hissəsində göstərdiyim  həmin qədim abstraksiyalara müraciət edirlər. Bu, yenə də abstraksiyaların duyğuötəsi mənşəyini təsdiq etməsinə xidmət edir. Dinlər bir-birindən nə qədər də fərqli olsalar da,  şəxsiləşdirilmiş ideal  və ya şəxsiləşdirilməmiş varlıq, qanun, mahiyyət olsun, onların hamısı özündə İdeal Abstraksiya daşıyır.
                    Fizika sahəsində aparılan son tədqiqatlar yeni elmin, sinerqetikanın yaranmasına səbəb olmuşdur. Bu yeni elm, təbiətşünaslığı cəmiyətşünaslıqla, insan və mədəniyyət aləminin sosial bilgilərini  təbii fenomenlərin bilgisi ilə  birləşdirməyə çalışır. Ruh və Materiyanın Vahid Fizikası—sinerqetika paradiqması— mistik-alimlərin duyduqlarının reallığını sübut eləməyə çalışır. Sinergetika, çox detallarla ağırlaşmış, məsələnin mahiyyətini kölgədə qoyan məlumatı sıxmağa və onu bir neçə işarə, konsepsiya və ideyalara çevirməyə imkan verir. “Sinergi” müxtəlif enerjilərin, Varlığın səmavi və yer  planlarını, enerjilərini birləşdirməsi deməkdir. Bunların birliyi, bir qayda olaraq,  bəşəriyyət nəzərindən qaçırılırdı.   Bir zamanlar akademik V.İ. Vernadski tamam yeni məntiqi, vahid biliyi, “müasir kainat həyatının” simvol dilini ehtiva edən Kainat  bütövlüyünü sübut eləməyə çalışırdı. Onun fikrincə, Təbiətin bütövlüyü yalnız müdriklərə, peyğəmbərlərə açılırdı... 
 
Məqaləni Karl Popperin fikirləri ilə bitirirəm:Həyatımıza haqq qazandırmağı işimizdə axtarmalıyıq, tarixin saxta mənasında yox. İsrar edirəm ki, tarixin mənası olmasa da, biz ona məna verə bilərik. Nə təbiət, nə tarix bizim nə edəcəyimizi deyə bilməz.” 

Комментариев нет:

Отправить комментарий