Страницы

21.04.2011

Kitabfobiya

Dostumla vədələşdiyimiz kimi Xutorun dar-düdük küçəsində görüşüb, üzü “Əcəmi” metrosuna sarı yollandıq. Tələbədir, baməzə, itoynadan, amma zəhmətkeş uşaqdır. Kaloritli danışığı, əla söz ehtiyatı var. Dərsdən sonra Dərnəgülün taxta bazarında günü səkkiz manata fəhləçilik edib yaşamağa çalışır. BDU-nun bufetində 20 qəpiklik çayla başımı piyləyib, danışdıqlarını öz dilindən yazmağı boynuma qoyanda razılaşdım. Yazım də, nə deyirəm?!

“Bazarda mənə ətbaş deyirlər. Əvvəllər bunun nə demək olduğunu bilməsəm də, indi dilimdən düşmür: yəni, key, maygülü, malbaş. Birinci dəfə fəhlə yoldaşım lökdodaq Cümşüddən eşitmişəm, altmış yaşı, altı qızı (hələ qapısını döyən olmayıb), 45 illik iş stajı var. Keçən ilin avqusutunda fəhləçiliyə başlamağımdan üç gün keçməmiş, Dərnəgülə kitab apardım. Dostoyevskinin “ İdiot”unu Qız qalasının yanındakı kitab mağazasında əlli qəpiyə almışdım. Dükan sahibləri bazarda əlikitablı adam görən kimi xoflanıb pıçıldaşmağa başladılar. Heç bir saat keçmədi, gücənə-gücənə çiynimdə altımetrlik taxtalar daşıdığımı görəndə, toxtaqlıq tapdılar, bir-birilə mazaqlaşıb gülüşməkdən qalmadılar. Mənim fəhlə yoldaşlarım-Cümşüd, Qafar, İsmayıl söyüd ağacının kölgəsinə yığışıb hansısa parnofilmə baxırdılar. Kitabı görər-görməz Cümşüd lök dodaqlarını aralayıb irişdi:

- Ə, bajıoğlu, kitab oxuyansan?

O vaxtlar mən utancaq, böyük-kiçik yeri bilən idim. Ədəb-ərkanla dedim ki, tələbəyəm.

- Oxuyuf-oxuyuf nə olajağsan, mantyor?

Qafardan bir gülmək çıxdı ki, qızın telefondan eşidilən nıqqıltısını batırdı.

- İncimə ha, məndən, - İsmayıl dilləndi. - Burda kitab oxuyana səy kimi baxırlar.

- Səy yox ə, bunun adı qaldı ətbaş! – Cümşüd əlini şalvarının altından salıb qarın-qasığını qaşıdı.

- Bazarda kitab satan kişi var, dəlidir. O qədər oxuyub, başı pozulub. Bir də görürsən qışqırır ki, mən planetin şefiyəm. Bu gün gəlsə səni tanış edərəm. - Qafar gülə-gülə dedi.

Onların şit zarafatlarından inciyib eləmədim, heç vecimə də deyildi. Qalınqabırğa olduğumu görəndə mənimlə dostlaşdılar. Həmin gün taxta bazarında kitab satan kişini gözləsəm də, gəlib çıxmadı.

Bekarçılıq olan kimi özümü söyüd ağacının kölgəsinə verib oxuyanda, hiss edirdim ki, mənə baxıb xosunlaşırdılar. Cümşüd şəhadət barmağını gicgahına söykəyib buranda, üçü də birdən gülüb məni ələ salırdılar. Onların acığına səhəri gün üç kitab alıb gətirdim. C.Cabbarlının pyesləri, Mopassanın hekayələri, Frans Kafkanın “Qəsr” romanı... Bir ay çəkmədi ki, tər iyi verən dar-düdük otağımızda əməlli-başlı kitabxana yaratmışdım. Mismar yeşiklərindən düzəltdiyim kitab şkafı otağımızın ən hörmətli yerini bəzəyirdi. Qafar hər dəfə otağa girib-çıxanda dodaqlarını gəmirib deyirdi:

- Qış gəlsin, hamısını peçə basıb yandıracam.

Bir dəfə də ərinməyib kitabların hamısını töküb-töküşdürdü ki, oxumağa bir şey axtarıram. Ağlım kəsmirdi, o, bir səhifəni axıra qədər oxusaydı, it olub hürərdim. Kitabların arxasında olan qiymətlərini bərkdən oxumağa başladı. Tərslikdən köhnə nəşr kitabların hamısının üstündə yeni pulla qiymətləri var idi. Hüseyn Cavid - 60 qəpik.

Heminquey- 80 qəpik.

Turgenev – 40 qəpik.

Dostoyevski - 80 qəpik.

M.Ə.Rəsulzadə - 1 manat 20 qəpik.

C.Məmmədquluzadə - 1 manat.

Kalkuyator götürüb hesabladı. Cəmi, 4 manat 80 qəpik.

- Sən öl, beş manat verirəm, icazə ver, bu kitabları yandırım.

Cümşüd əlini-əlinə sürtüb gözünü ağzıma zillədi ki, nə deyəcəm? Mənim susduğumu görəndə, Qafar bir az da şirnikləşdi:

- Yeddi manat verirəm, dördünü kitaba, üçünü zəhməthaqqı.

Zarafata salıb dişimin dibindən çıxanı dedim ona:

- Ay elmdən, təhsildən, maarifdən bixəbər qotur, sən nə bilirsən axı kitab nədir?! Bu dünyaya eşşək gəlib, eşşək gedəcəksən. Yandırmaq istədiyin Mirzə Cəlil sənin kimi debilləri adam eləmək üçün ömrünü çürüdüb. Kitab insana özünü tanıdır, dünyaya ayıq nəzərlərlə baxırsan. Oxumaqla heç kim dəli olmur...

Mənim zarafatla soxuşdurduğum təhqirlər Qafara ləzzət eləyirdi. Qarnını tutub dişini ağarda-ağarda hırıldayırdı. Elə bu vaxt qucağında bir yığın kitab olan lopabığ kişi “kitab, kitab” deyib bərkdən bağırmağa başladı.

- Sənin axırın bax belə olacaq. Ha-ha-ha, hi-hi-hi, hiii-hiiii-hiiii...

Cüllütə oxşar kişi mənimlə qabaq-qənşər dayanıb bağıra-bağıra dedi:

- Mən planetin şefiyəm, hamı məndən qorxur. Qorxur, bilirsən? Mən Bill Klintonun arvadı ilə sevişirəm. Hələ şahzadə Diana... oxxx, nə gözəldir o. Hər gecə onunla Şotland viskisi içib Məşədi İbad hamamında çimişirik. Bethoven, Bethoven hamamın damına çıxıb bizə fortepiano çalır. Keçən yay Havay adalarında Tolstoyla tennis oynamışam e, tennis. Salvador Dali az qala yadımdan çıxmışdı. O sarsağa dedim ki, özünü adam kimi apar, artistlik eləmə. Mən hər şeyi bacarıram. İstəyirsən qulağımın içindən bir tük çıxarıb ondan çay dəmləyim. Bığlarımdan hamburger düzəldərəm. İstəyirsən, istəyirsən?

- Haa-ha-ha, hi-hi-hi, ho-ho-hooo...

İsmayıl Qafara, Qafar Cümşüdə, Cümşüd də mənə baxıb gülürdü.

Cüllüt kişi kitablarin içindən birini seçib şəstlə mənə uzatdı : “Ailənin intim həyatı”

- Al oxu, gör dünyada nələr var.

Cümşüd kitabı onun əlindən qapıb bir manatı ovcuna basdı. Şalvarını isladan uşaqlar kimi sakitcə bir küncə çəkilib oxumağa girişdi. Dəlini bir təhər yola salıb başımı yellədə-yellədə debillərin yanına gəldim. Kişi geri qayıdıb var gücüylə bağırdı:

- Mən planetin şefiyəm. Mənim inəklərimi masonlar otarır. Qoyunlarımın altını Siciliya mafiyası təmizləyir. Planet mənimdir, mənim.

Qanım it qanına dönmüşdü. Debillərin mənimlə məzələnməyi əməlli-başlı qüruruma toxunmuşdu. Cümşüd qonşu fəhlələri də başına yığıb kitabı ucadan oxuyub qurtaran kimi bazarın ayaqyolunda növbə idi...

Həmin gün müdir məni iş dalınca göndərdiyindən günortadan xeyli keçmiş otağa qayıtdım. Yeyib-içirdilər, stolun üstündəki “Xan” arağı, xiyar turşusu, kolbasa-çörəklə bir yerdə V.Hüqonun “Səfillər”ini də gördüm. Səhifələrini cırıb süfrə əvəzi stolun üstünə düzmüşdülər. Cümşüd rəngimin bozardığını görüb qolunu boynuma saldı.

- Otur, bacıoğlu. Sən mənim xoşuma gəlirsən. Demə Cümşüd içib, ağzının qatığını dağıdır. İstəyirəm ağsaqqal kimi mənim nəsihətlərimə qulaq verəsən. Çörəkvay uşaqsan, sənə yazığım gəlir, ürəyim yanır. Oxuyan uşaqsan, çalışırsan, amma sənin oxumağın kimə lazımdır? Qazandığını da aparıb kitaba verirsən. Bu Viktor Hüqonu tanımıram, amma yüz faiz bilirəm ki, dalında adamı var. Adamı olmasaydı bu boyda kitabı çıxmazdı. İndi kasıb-kusubun kitabın heç kim çıxarmır. Düzdü, bacıoğlu? O oxuduğun institut da axmaq şeydir, oxuyub nə olacaqsan, hə? Sənə kim kömək edəcək, kim irəli çəkəcək? Elə bu Dərnəgüldə qırxın çıxacaq, çezib gedəcəksən. Mən sənə kömək eləmək istəyirəm. Bizim qohumumuz Günəşlidə moyka işlədir. Səni aparım onun yanında, ol moyşik. Sözümün canı var, bacıoğlu, moykaya yaxşı qızlar gəlir. Hamısının xarici maşını, pulu. Kişi istəyirlər, başa düşürsən, kişi. Biriylə tanış ol, özünü istəd, səndən ötrü öləcəklər. Maşallah, yarın-yaraşığın var. Bu qədər kitab oxuyursan, dilin-dilçəyin də yerində. Bir uşaq tanıyıram, indi əsgərlikdədir. Qız hər onun yanına gedəndə, tumuşuna qədər alıb aparır. Uçastkovı qızıdır, özü də can şeydir. Mənə baxma, üstümdən halva iyi gəlir, gora bilet almağa hazırlaşıram. Amma sən cavansan, kef çəkməlisən, qızlardan istifadə eləməlisən. Onların yanında maşın ustası var, “slesarlığı” öyrənərsən, gələcəyə sənətin də olar. Yoxsa düşmüsən institutun, kitabların dalına, bilmirsən axırın nə olacaq. Sözlərimi qulaqardına vurma, yoxsa kitab satan kişi kimi sən də gicbəsər olacaqsan, hamı sənə güləcək, ələ salacaq. İndi götür bu stəkanı, vur mənim sağlığıma. Götür, götür, niyə ağlayırsan, götür...

MÜƏLLİF: Cavid ZEYNALLI                            
meqalem.blogspot.com

Комментариев нет:

Отправить комментарий