Страницы

30.04.2011

Əmir Kusturitsanın müsahibəsi


Əmir Kusturitsa: "Hansısa ölkəyə getdiyimdə, təyyarədən düşüb, nəhəng reklam lövhələrini görən kimi qanım it qanına dönür"


Bu yaxınlara qədər keçmiş Yuqoslaviya ərazisində dörd cür məbəd eyni rahatlıqla fəaliyyət göstərirdi: pravoslav kilsəsi, katolik kilsəsi, məscid və sineqoq. Bu məbədlərin yaxınlığında isə bir qaraçı köçü şad-xürrəm ömür sürürdü.
Bax burada - dinlərin və mədəniyyətlərin toqquşduğu bir yerdə Əmir Kusturitsa doğuldu və ömrünün böyük bir hissəsini yaşadı.
Kino adamlarının "qaraçıların Fellinisi" adlandırdığı Kusturitsa yaradıcı fəaliyyətinə 1986-cı ildə, "No Smokinq Orchestra" rok-qrupunda gitara çalmaqla başladı.
Onun işləri kino aləminin diqqətini o dəqiqə cəlb elədi. İlk filminə görə Venesiya biennalının "Ən yaxşı debüt" mükafatını alan Kusturitsa cəmi 30 yaşında "Papa məzuniyyətdədir" filminə görə Kann Festivalında Qran-pri - "Qızıl Palma" Budağını qazandı. Mükafatı ona təqdim edən əfsanəvi rejissor Miloş Forman demişdi: "Kusturitsa 21-ci əsrin rejissorudur".
1998-ci ildə dünyaca məşhur rejissor doğma rok qrupunun heyətinə qayıtdı - bas-gitaraçı kimi…
O, çox vaxt sadə rok musiqiçisi kimi müsahibələr verir, əslində yazıçı olmaq istədiyini deyir, zaman-zaman qeybə çəkilir. Amma bu "qeybə çəkilmə"lərin sonunda mütləq nəsə bir şedevr meydana çıxır: məsələn, "Andeqraund" kimi. "Andeqraund"a görə Kusturitsa Kann Festivalının ikinci "Qızıl Palma" budağını aldı.
"Qaraçı zəmanəsi", "Ağ pişik, qara pişik", "Möcüzə dolu həyat" onun ən məşhur filmlərindəndir.
2006-cı ildə öz rok-qrupunun heyətində Ukraynaya qastrol səfərinə gələn Əmir Kusturitsanın "TeleKritika" qəzetinin yazarı İrina Qordeyçuka verdiyi müsahibəsinin bizim oxucular üçün də maraqlı olacağını sizə təqdim edirik.


- Əmir, sizdən kino barədə nəsə soruşmaq olar, yoxsa bu gün siz təkcə musiqiçi kimi müsahibə vermək fikrindəsiniz?
- Kino barədə də soruşa bilərsiniz. Nə soruşacaqsınız?
- Məsələn, Diyeqo Maradona barədə çəkdiyiniz film barədə danışmağınızı istəyərdim.
- Bu gün Latın Amerikası yeni bir fəzaya - özünüdərkə meyl edir. Və Latın Amerikası odlu-alovlu ideyaların çoxluğu baxımından dünyada birincidir. Bolşevik ideyalarını nəzərdə tutmuram - belə ideyaları mən heç vaxt bölüşməmişəm.

Bu qitədə çox müsbət proseslər gedir. Axı müstəqilliyi boğmaq cəhdləri hələ bu gün də sönməyib. Latın Amerikası isə Fidel Kastronun şəxsiyyəti və ideologiyasının xidməti sayəsində (məhz onun özünün ideologiyasının, ömrü boyu üzərində cəmiyyət modeli qurmağa çalışdığı ideologiyanın yox!) bu günə qədər öz simasını saxlayıb.
Fikir verin, buranın hər yerində - Uruqvayda, Venesuelada, Braziliyada milli özünü-identifikasiya ideyası qorunub, yaşadılıb. Bu qitə günümüzdə Amerikaya və ya kapitalizmə qarşı mübarizə aparmır.
Burada xalqın özünüdərki uğrunda mübarizə gedir. Ona görə də, mənim çəkdiyim film xalqın özünüdərkindən sadəcə Diyeqo Maradona barədə filmə çevrildi. Çünki Diyeqo Maradona təmsil etdiyi dünyanın - alçaldılmış və təhqir olunmuşlar dünyasının simvoludur.
- Əmir, dostunuz, bəzi filmlərinizin bəstəkarı və rok qrupunuzun üzvü Nele Karadjliç deyir ki, Xlebnikovun və Xarmsın vurğunudur. Bəs siz kimləri oxuyursunuz?
- Hazırda Tomas Eloy Martinesin "Müqəddəs Evita" əsərini oxuyuram.
- Bunu indi oxuyursunuz. Bəs ümumiyyətlə, ədəbi zövqünüzə kimlər yaxındır?
- Mən əlimə düşəni oxuyuram. Məsələn, Vladimir Voynoviçin "Əsgər Çonkinin macərəları" ağlımı başımdan almışdı. Oxuyanda az qalırdım, gülməkdən ölüm. Hətta ssenariləşdirib, film də çəkmək istəyirdim. Əladır!
- Eşitmişəm, Belqrad yaxınlığında balaca, qeyri-adi bir kənd salmısınız. Bu barədə ətraflı danışa bilərsiniz?
- Mən anti-qlobalistəm. Bundan başqa, təbiətcə çox nadinc adamam. Daima yeni həyat modeli axtarıram. İnsanların yeni, alternativ ətraf mühitdə necə yaşaya biləcəklərini öyrənirəm.

Tarixçilərin dediyinə inansaq, qədim xristian yığnaqları və kommunalar bir qayda olaraq dağılırdı. Bununla da, həmin balaca cəmiyyətlərdə yaşayan adamların psixologiyası da dağılırdı. Mən ən müxtəlif seminarların - boksdan tutmuş, nüvə fizikasına qədər - keçirilməsi mümkün olan bir kənd salmışam…
- Boksdan xoşunuz gəlir?
- Hə. Ümumiyyətlə, kinodan tutmuş ədəbiyyata qədər hər şeylə maraqlanıram.
- Nüvə fizikasından da başınız çıxır?
- Hər halda bununla da maraqlanıram. Mənim kəndim elə bir yerdir ki, orada nəyisə reklam eləmək mümkün deyil. Orada ancaq nəyisə öyrənmək olar.

Bu kəndin ideyası mənim istənilən cür reklama olan nifrətimdən yarandı. Bilirsiniz, mən hansısa ölkəyə getdiyimdə, təyyarədən düşüb, nəhəng reklam lövhələrini görən kimi qanım it qanına dönür.
Ona görə də elə bir kənd saldım ki, burada mən və sevdiyim, qlobalistlərlə heç bir əlaqəsi olmayan adamlar yaşaya bilək. Mövqeyimi daha yaxşı başa düşməyiniz üçün sizə bir şey deyim: bir vaxtlar mən Sovet tanklarının Çexoslovakiyaya girməyinə etiraz etmişdim.
Bu gün də mən qloballaşmanın düşməniyəm. Mənim kəndim isə "Kustendorf" adlı sosial-psixoloji cəmiyyətdir. Kəndin adının birinci yarısı isə mənim soyadımın bir parçası - "Kust" ilə eynidir.
- Maraqlıdır, "Kusturitsa" nə deməkdir?
- "İti ülgüc" mənasını verir…
- Doğrudan? Sizə yaraşır…
-…bayaq siz ədəbiyyatdan sual verdiniz. Mən əsasən Latın Amerikası ədəbiyyatının vurğunuyam. Borxesdən tutmuş Markesə (yeri gəlmişkən, Markes mənim dostumdur) Varqas Lyosaya qədər. Doğrudan da, çox oxuyuram.

Mən elə bilirəm ki, mütaliə etməyən insan ruhi xəstədir. Mütaliə adamın əsəblərini sakitləşdirir. Məsələn, deyirlər ki, Motsartın əsərləri epilepsiya tutmalarını azaldır. Mən də belə hesab eləyirəm ki, Qrem Qrinin, İsaak Babelin, Dostoyevskinin, Bulqakovun yaxşı, humanist əsərlərini oxumaq adama müalicəvi təsir göstərir.
- Yeri gəlmişkən, Bulqakovun Kiyevdəki evini görmüsünüz?
- Heyif ki, hələ vaxt eləyə bilməmişəm. Ümidvaram, gələn səfərimdə gedib, görə bilərəm. İnanıram ki, bura bir də gələcəm. Çünki Kiyevdə özümü evdəki kimi hiss eləyirəm, hamımızın cücərdiyi, sonra dünyanın uğur və şöhrət yollarını sardığı doğma slavyan kökümüzü duyaram.

(Müsahibəmiz bu patetik notlarla bitir. Amma sonuncu cümlələri filmlərindən tanıdığımız Əmir Kusturitsanın söylədiyinə inana bilmirəm. Buna görə də, "No Smokinq Orchestra"nın gitaraçısına bir neçə sual verməyə məcbur oluram. İ.Q).
- Əmir, kefiniz olmayanda hansı musiqiyə qulaq asırsınız?
- Mən musiqiyə qulaq asmıram.
- Musiqini xoşlamırsınız?
- Son vaxtlar musiqiyə heç qulaq asa bilmirəm. Musiqi məni boğaza yığıb! Bezmişəm…
- Bu günki aktyorlar, rejissorlar, musiqiçilər arasında "avtoritet" bildiyiniz adamlar kimlərdir?
- Avtoritetlər çoxdur - Cim Carmuşdan tutmuş Conni Deppə qədər. Aki Kurismyakidən tutmuş, Nikita Mixalkova qədər. Mən uğurun zirvəsini fəthetmiş çox adam tanıyıram.
- Bəs qadınlar arasında avtoritet kimdir?
- Qadınlar arasında bircə avtoritet var - arvadım. Biz otuz ildir ki, bərabərik.
- İncəsənətdə kimi öz müəlliminiz hesab edirsiniz?
- Bu, çex rejissoru Otakar Vavradır. O mənə sənətin sirlərini, kino çəkəndə çox vacib olan bir çox fəndləri öyrədib.
- Əgər sizdən xahiş etsələr ki, rejissor, musiqiçi, insan Əmir Kusturitsanı bir neçə kəlmə ilə xarakterizə edəsiniz, nə deyərdiniz?
- Bir neçə kəlməyə ehtiyac yoxdur. Bircə kəlmə kifayətdir - mən hər şeylə maraqlananam.
- Sizcə, bu gün ən maraqlı kinematoqraf hansı ölkədədir?
- Məncə, bu gün ən maraqlı filmlər Asiya qitəsində çəkilir. Amma daha on nəfər var ki, bu gün əsl kino yaradır.
- Üçünün adını deyə bilərsiniz?
- Cim Carmuş, Aki Kaurismyaki, Pedro Almodovar…
- Bəs Əmir Kusturitsa necə, həmin onluğa aiddirmi?
- (Qınayıcı nəzərlərlə baxır) Nə danışırsınız? Mən özüm haqda belə bir şeyi necə deyə bilərəm?



Çevirdi: Günel M.                  abzas.net

Комментариев нет:

Отправить комментарий