Страницы

27.04.2011

ÖLÜM HÖKMÜ BƏRPA OLUNSUN, YOXSA YOX?

Aslan İsmayılov: "Bu gün üçün belə bir təklifin səsləndirilməsini anlamaq qeyri-mümkündür"
Zərdüşt Əlizadə: "Onsuz da Azərbaycanda qanunlar işləmir. Ölkədə pulu olan şəxslər bu qanunlara tüpürüblər"
Elton Quliyev: "Ölüm hökmünün yenidən bərpası İlyas İsmayılovun subyektiv fikridir"






Xəbər verdiyimiz kimi dünən Milli Məclisin keçirdiyi iclasda deputat İlyas İsmayılov çıxışı zamanı bildirib ki, Azərbaycanda ölüm hökmü cəzasının ləğv olunmasını doğru addım hesab etmir. Deputatın sözlərinə görə, ölüm hökmünün ləğv edilməsi Avropa Şurasının tələbi olsa da, bu cəza ləğv edilərkən zərərçəkənlərin hüquqlarının qorunması da nəzərə alınmalı idi: “Mən bunu dəfələrlə söyləmişəm və kitabımda da yazmışam. Mən şəxsən ölüm cəzasının ləğvinə tərəfdar deyiləm. Şəxsiyyət əleyhinə törədilmiş cinayətlərdə bu saxlanılmalıdır. Biz gərək Avropanın təklif etdiyi qanunları qəbul etdikdə milli mənafelərimizi də nəzərə alaq”. İ. İsmayılov çıxışı zamanı hesab edib ki, ölüm cəzasının bərpa olunmasına ehtiyac var və bu, cinayətlərin sayının azalmasına təsir göstərə bilər.


Millət vəkilin bu çıxışı ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılansa da, FaktXeber.com-un müsahibləri bunu birmənalı qəbul etməyib. “Azərbaycanda ölüm hökmünü bərpa etmək lazımdır? Bu qanun qüvvəyə minərsə Azərbaycan nəyi itirəcək və nəyi qazanacaq?” sualına tanınmış vəkillər Aslan İsmayılov, Elton Quliyev və politoloq Zərdüşt Əlizadə cavablandırıb.
Aslan İsmayılov: “Mənim İlyas İsmayilova hüquşunas kimi çox böyük hörmətim var. Onu həmişə görkəmli bir hüquqşünas kimi qəbul etmişəm. Amma mən çox təəsüf edirəm ki, bu təklif onun dilindən səslənib. Bu gün üçün belə bir təklifin səsləndirilməsini anlamaq qeyri-mümkündür. Ona görə ki, bütün sivil dünya bu hökmün ləğvini istəyir. Bu hökm ancaq Afrika cəngəllikləri olan ölkələrdə mövcuddur. Hazırda ABŞ-ın bir neçə ştatında bu hökm qüvvədədir və bunun ləğv olunması istiqamətində işlər görülür. Ölüm hökmü bütün Avropada ləğv olunub. Belə bir məqamda bu təklifin səsləndirməsi tam yersiz və əsassızdır. Bu hökmün bərpası Azərbaycanın imicinə dünyada çox pis xələl gətirəcək və Azərbaycanı geri zəkalı bir cəmiyyət kimi tanıdacaq. Mən inanmıram ki, bu qanun qəbul olunsun. Əgər qəbul olunsa, bununla da Azərbaycan dünyada özünü biabır edəcək“.

Zərdüşt Əlizadə: “Heç vaxt cinayətkarlığın qarşısını ölüm hökmü və cəzaların ağırlaşdırılması ilə almaq mümkün deyil. İlyas İsmayılov özü hüquqşunasdır, bunu məndən də yaxşı bilir. Onun bu təklifi yəqin ki, hansısa bir əlacsız qalan əhalinin əhval ruhiyyəsinə cavab vermək üçün irəli sürülüb. Amma əslində hüquqi baxımdan bu yalnış bir mövqedir. Ümumiyyətlə bu qanunun bərpası Azərbaycan üçün lazım deyil. Onsuz da Azərbaycanda qanunlar işləmir. Ölkədə pulu olan şəxslər bu qanunlara tüpürüblər. Əgər bu qanun da bərpa olunsa, bunun o biri qanunlardan fərqi bu olacaq ki, buna verilən rüşvətin miqdarı çox olacaq.  Ölüm hökmünün qəbul olunması, Beynəlxalq təşkilatların Azərbaycana qarşı səsləndirdikləri tənqidi fikirlərin artmasına səbəb olacaq”.

Elton Quliyev: “Ölüm hökmü yüz illərdir ki, müxtəlif səviyyələrdə mübahisə predmetinə çevrilib. Azərbaycanda ölüm hökmü neçə illər müzakirə olunub və artıq ölkəmiz bu mərhələni keçib. Aparılan statistikalar ölüm cəzasının tətbiqi zamanı cinayətkarlığın azaldılması qənaətinə gəlmək əsasını vermir. Ölüm hökmünün yenidən bərpası İlyas İsmayılovun subyektiv fikridir. Ancaq anlaya bilmirəm ki, o, öz fikirini nəyə əsasən deyib.  Mən inanmıram ki, belə bir qanun qəbul olunsun. Azərbaycan bir neçə il bundan qabaq Avropa Şurasına üzv olduqda bu cəza növününün ləğv olunması barədə öhdəlik götürüb”.

Комментариев нет:

Отправить комментарий