Страницы

30.04.2011

Qəddafi: “Ya azadlıq ya ölüm, təslim olmayacağıq”

Liviya lideri Müəmmar Qəddafi NATO döyüş təyyarələrini dayandırarsa atəşkəsə və danışıqlara hazır olduqlarını söyləyib. 

“Qafqazinfo”nun məlumatına görə, bu gün səhər saatlarda Liviya dövlət televiziyasında 80 dəqiqəlik çıxışında geri addım atmayacağını və ya ölkədən ayrılmayacağını deyən Qəddafi bildirib ki, NATO hücumlarını dayandırarsa, Liviya xalqının problemlərini özü həll edə biləcək. Televiziyada yazı masası arxasında oturan və əl yazısıyla qələmə alınmış qeydlərin köməyi ilə danışan Qəddafi qeyd edib ki, Liviya atəşkəs danışıqlarına hazırdır. O, bəyan edib ki, atəşkəs birtərəfli olmamalıdır: “Atəşkəsə görə, ilk növbədə biz sevinərik və qəbul edərik. Amma Səlib NATO hücumu dayandırmalıdır”. Qəddafi öz çıxışını “sülhə açılan qapı açıqdır” ifadəsi ilə başa çatdırıb. Bu dəfəki çıxışında daha əvvəl “siçanlar” deyə xarakterizə etdiyi müxalifətə də münasibətini bir qədər yumşaldıb. Müxalifətdən silahlarını yerə qoymasını istəyən Qəddafi deyib ki, liviyalılar bir-birinə qarşı döyüşməməlidir.

Ölkədəki üsyanın muzdlu əsgərlərlə əcnəbilər arasında olduğunu deyən Qəddafi bildirib: “Bir-birimizlə döyüşmərik. Biz bir ailəyik”. Vətəndaşlara kütləvi hücumlar təşkil etdikləri istiqamətindəki iddialarını rədd edən Qəddafi Liviyada hücumlar təşkil edən Avropa ölkələrinə xitabən deyib: “Biz onlara hücum etmədik və ya dənizin qarşısına keçmədik. Nə üçün bizə hücum edirlər? Bizə hücum edən ölkələr, sizinlə müzakirə etməyimizə icazə verin. Müzakirə etməyimizə icazə verin”.

Liviya lideri bildirib ki, NATO qüvvələrini danışıqlar aparmaq istəmədikləri halda
Liviya xalqı təslim olmayacaq və terrorist hücumlara qarşı mübarizə apararaq ölmək arzusundadır. O, NATO-ya müraciətində ölkəsi işğal edilərsə, NATO rəhbərinin öləcəyini bildirib: “Ya azadlıq ya ölüm. Təslim olmayacağıq. Geri çəkilmək olmaz”.

Qeyd edək ki, Qəddafinin çıxışı yayımlandıqdan sonra Liviya dövlət televiziyasına bitişik bina NATO qüvvələri tərəfindən bombalanıb. Liviya mətbuatı yaydığı məlumatda qeyd edib ki, Liviya lideri danışdığı müddətdə bina bombalanıb və lider hədəf alınıb.

Nərgiz Ehlamqızı

Комментариев нет:

Отправить комментарий