Страницы

29.04.2011

Rövşən Yerfi ilə müsahibə


Rövşən Yerfi ilə müsahibə
“Bu xeyirsiz işlə məşğul olan yeganə şəxs mənəm”


Həbsxana həyatından bəhs edən əsərlərə maraq göstərən oxucular, yəqin ki, Rövşən Yerfi imzası ilə tanışdır. 1988-ci ildən Azərbaycan qəzetlərində məqalələri çap olunan yazar, 1993-cü ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul edilib. Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc olunub. Həmin il “Debüt-89” respublika ədəbi yaradıcılıq müsabiqəsinin nəsr üzrə qalibi olub. 2004-cü ildə “Üzdəniraq ada” adlı ilk kitabı işıq üzü görüb. 2008-ci ildə “Qadın düşərgəsi” povesti Kitab Klubunun həyata keçirdiyi “Sınaq nüsxəsi” layihəsində bəyənilərək çap edilib. 2009-cu ildə “Residivist” adlı kitabı nəşr olunub. “Üzdəniraq ada” romanı və “Residivist” povesti cəzaçəkmə müəssisələrinin 1995-1998-ci illərdəki dövründən bəhs edir. Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətində çalışır.

-Rövşən bəy, ədəbiyyat aləminə gəlişinizlə bağlı danışaq. Sizin çalışdığınız sahə ədəbiyyata aidiyyəti olmayan, ədəbiyyatdan uzaq bir sahədir. Necə oldu ki, yazmaq istəyiniz yarandı? “80-cilər” ədəbi nəslinin nümayəndəsi kimi, özünüzü “itirilmiş” hesab edirsinizmi? 
-İlk hekayəm 1989-cu ilin yayında qəzetdə dərc edilib. Elə o zaman Mədəniyyət Fondu tərəfindən “Debüt-89” ədəbi müsabiqəsi elan olunmuşdu. Bildiyiniz kimi fondun sədri Kamal Abdulla idi. Kamal müəllim hələ o vaxtdan gənclərə qayğı ilə yanaşırdı. Dekabrın son günlərində qalibləri təbrik etdilər və vəd verdilər ki, tezliklə sizin yazılarınız “Azərbaycan gəncləri” qəzetində, “Ulduz” yurnalında çap ediləcək. Üstündən üç həftə keçmədi 20 yanvar faciəsi baş verdi. Matəm, sonra uzun müddətli durğunluq cəmiyyətin bütün sahələri kimi ədəbiyyatı da ölgünləşdirdi. O əhval-ruhiyyədə kimdənsə çap edilməyini ummağın yeri də yox idi. Hə, ilk uğurum belə nəticəsizliklə nəticələndi. Görünür bu da mənim baxtımdan imiş ki, “dəvə oynayanda qar yağsın”. Yəni gəlişim ağir iillərə düşdü. Bu baxımdan mən də özümü “itmiş nəsildən” hesab edirəm.

-İlk uğurunuz nəticəsiz olduğu üçün uzun müddət ədəbi aləmdə görünmədiniz. Ədəbiyyatdan kənarda qalmağınız, yazmamağınız nə ilə bağlı idi?

-Əlbəttə ki, ədəbiyyatdakı iflic olma mənə də təsirsiz ötmədi. Üstəlik xidmətdəki iş şəraitimin gərginliyindən bir dövr – altı il bir sətir də yaza bilmədim. Nəhayət, bu qıcolmadan 2002-ci ildə qurtuldum və Yerfi imzasıyla yenidən ədəbi fəaliyyətimi bərpa etdim.

-Qanun keşikçisinin, belə deyək, “paqonlunun” həbsxana həyatından əsər yazması necə qarşılandı? Penitensiar Xidmətdə çalışanlar necə baxır sizin yazıçı olmağınıza?

-Bir misal var: aşıq gördüyünü çağırar. Şübhəsiz, mən ilk növbədə çalışdığım sahə ilə bağlı əsərlər yazmalıydım. Mənə qədər nəsrimizdə “paqonlunun” qələmi ilə həbsxanaya dair əsər yazılmamışdı. “Üzdəniraq ada” romanı və “Residivist” povesti 2004-cü ildə kitab halında çap olundu. Açığını deyim, əvvəlcə təzyiqlərlə üzləşəcəyimdən çəkinirdim. Ona görə də o əsərlərdə problemlərin dərin qatlarına varmamışdım. Amma, əbəs yerə. Çünki, yazdıqlarımdan nəinki narahat olan, oxumağa həvəsi göstərən belə olmadı. Onu da deyim ki, qulluq etdiyim Penitensiar Xidmətin iki mindən çox əməkdaşı arasinda bu xeyirsiz işlə məşğul olan yeganə şəxs mənəm.

-Sizin əsərlərinizdə təkcə həbsxana həyatı göstərilmir axı...

-Düz buyurursunuz.Yazdığım povestlərdə cəzaçəkmə müəssisindəki həyatdan başqa ikinci mövzu tənha qadın mövzusudur. Daha doğrusu yaratdığım surətlər qəlbən tənhalaşmış, kimsəsiz, köməksiz vəziyyətə düşmüş qadınlardlr. Belə qadınların çoxluğu cəmiyyətimizin faciəsidir. Mən istəyirəm ki, tənha, köməksiz, sevilməyən qadın olmasın. Cəmiyyətdəki əxlaqi, mənəvi fəsadlar məhz bu problemdən törəyir. Oadını zəif, əlacsız olan xalq heç vaxt xoşbəxt ola bilməz. “Sel” və “Günahsız qatil”də oxuculara söylədiyim mövzu ilə bağlı narahatlığımı çatdırmaq istəmişəm.

-Qadınların həbsxana həyatından bəhs edən ilk iri həcmli ədəbi nümunəni ədəbiyyatımızda siz yazmısınız. Necə qarşılandı “Qadın düşərgəsi”? 

-“Qadın düşərgəsi”ni yazanda povestin ədəbiyyatımızda qadın həbsxanasından bəhs edən ilk əsər olduğu üçün xüsusi maraqla qarşılanacağını güman edirdim. Təəssüf ki, Azadlıq radiosunun “Oxu zalı”ndan qeyri heç bir ədəbi orqan, ya hansısa bir qadın təşkilatı ona təbliğ nəzərindən əhəmiyyət vermədi. Ailə, qadın və uşaq problemləri ilə məşğul olan komitədən başlayaraq qadınlarla bağlı ictimai təşkilatlaradək, habelə məhkumların hüquqlarının qorunması ilə məşğul olan qurumlaradək gözləmədiyim etinasızlıqla rastlaşdım. Məlum məsələdir ki, onlar ancaq özlərinə sərf edən işlərlə və yuxarıların göstərişləri ilə maraqlanırlar. Yeri gəlmişkən qeyd etməyi özümə borc bilirəm ki, son bir ildə istər yaradıcılığ fəallığımın artmasında, istərsə də geniş oxucu kütləsi arasında tanınmağımda bir çox ədəbi nəşrlərdən fərqli olaraq “Oxu zalı”nın təmannasız fəaliyyəti, təsiri əvəzsizdir. Mənim nəzərimcə bu günkü ədəbiyyatımızın inkişafında “Oxu zalı”nın yeri “Ulduz” və “Azərbaycan” jurnallarından daha öndədir. Bu jurnalların başlıca işi “sərfəli” imzalardan savayı digər müəlliflərə yazısının dərcini gözləmək üçün iki – üç il “cəza” verməkdir. Fəaliyyətinə görə jurnallardan geri qalmayan “Ədbiyyat qəzeti”ni də bu sıraya qatmaq olar. Şükür ki, ədəbi portalların çoxluğu bizi onların “məhkumu”luğundan qurtardı...

-Son dövrlər Azərbaycan ədəbiyyatında gedən proseslərə münasibətiniz necədir? Nə vəd edir ədəbiyyatımız?
-İndi ədəbiyyatda “var-gəl edənləri” əsasən iki qrupa bölmək olar: yaşı qırxadək olan cavanlar və yaşı altımışdan yuxarı qocalar. Orta nəsil yox dərəcəsindədir. Qocalar dövranlarının sona yaxınlaşdığını artıq başa düşüblər. Ona görə də on-on beş il əvvələ baxanda xeyli həlimləşiblər, mehribanlaşıblar. Cavanlarda isə olduqlarından çox özündən razılıq var. Özü barədə son dərəcə iddialı olmaq az qala kütləviləşib. İstəyirlər ki, qısa bir müddətdə tanınsınlar, mükafat alsınlar, “ulduz” olsunlar. Sizə hər gün rastlaşdığımız bir epizodu misal çəkim. Metroda vaqonun qapıları açılanda oturacaqlardan biri boşalarsa ayaqüstə duranlardan tez içəri daxil olan o boş yeri tutmağa atılır. Niyə belədir, maraqlıdır. Bax, cavanlar da belədir. Aralarında istedadlılar çoxdur. Əllaməlik edənləri də var. Yeni yazılmış əsərlərin bəzilərində açıq-aşkar həyasızlıq təbliğ və tərənnüm olunur. Əsərin qəhrəmanı “geridə qaldığına görə” valideynin üzünə qayıdır, ruhunu təzələmək üçün həyat yoldaşına xəyanət edir. Demək, cinayət əməli olmayan, lakin əxlaqa zidd olsa da “obraz” adət-ənənəyə qarşı çıxıb ürəyi istədiyini edirsə, bu olur yenilik, azadlıq, demokratiya. Əslində isə bu bizim ailə quruluşumuzu, əxlağımızı dağıtmaq istəyən düşmən qüvvələrinə xidmət etmək, yalmanmaqdır. Belələri adətən özlərindən əvvəlkiləri “sovet qalığı” adlandırırlar. Məgər onların ata-anaları xaricdəmi böyüyüblər, yoxsa dissident təfəkkürlü olublar? Mən hesab edirəm ki, əsl yazıçı heç bir “izmlərə”, dəstələrə qoşulmayıb mükafat gözləmədən yalnız sənəti üçün çalışmalıdır. Yazıçılıq da bir sənətdir. Allah tərəfindən hər kəsə nəsib olmayan sənət...

Söhbətləşdi: Cəlil CAVANŞİR “MƏRKƏZ” qəzeti

Комментариев нет:

Отправить комментарий