Страницы

25.04.2011

Heydər Əliyev mənə Naxçıvanda evlənməyi təklif etdi–VI yazı

Əfşar Süleymani


Keçmiş yazılarda xatırladım ki, 1992-93-cü illərdə Heydər Əliyev 2 dəfə İranda rəsmi səfərdə oldu, yüksək səviyyədə müzakirələr etdi və Naxçıvan əhalisinin bir sıra problemləri bu səfərlərin, danışıqların və imzalanmış sənədlərin nəticəsində ardıcıl olaraq öz həllini tapdı. Mənim də öz növbəmdə bu işlərdə rolum var idi.

Yadıma gəlir ki, birinci səfərdə Tehranda Sədabad sarayında (İranın keçmiş şahının saraylarından biri) danışıqlar sübh saat 5- dək davam etmişdi və 2 tərəfin heyətində iştirak edənlər yatmamışdılar. Heydər Əliyev də yatmamışdı. Mən də azərbaycanlı qardaşlarla sənədin üzərində işləyirdim. Mərhum Heydər Əliyev mənə dedi ki Əfşar sən də özümüzdənsən, azərbaycanlısan, görürəm ki, ürəkdən çalışırsan. Çalış bu sənəd tez yekunlaşsın. Zarafatcasına əlavə etdi ki, gələrsən Naxçıvana səni bir gözəl naxçıvanlı ilə evləndirərik. Mən də gülə-gülə dedim: “Heydər müəllim, elə bir xanımım var bəs edər. Arvadlarla bacarmaq olmaz”. Rəhmətlik dedi ki, “o xanım sənin İrandakı həyat yoldaşındı. Sən tez-tez Naxçıvana gəlirsən orda da bir xanımın olmalıdır ki, tək qalmayasan”.

Beləliklə, 1 il müddətində biz Naxçıvanla və Heydər Əliyevlə təmasda idik. O müddət ərzində Naxçıvandakı İrana qarşı mənfi fikir müsbət istiqamətə meyl etmişdir və bu Bakıdakı Xalq Cəbhəsi hakimiyyətini incidirdi. Ona görə də onlar İrana etiraz edirdilər ki, niyə İranın Heydər Əliyevlə əlaqələri var.

O görüşlərdə Heydər Əliyev bizə deyirdi ki, Azərbaycanda Xalq Cəbhəsi hakimiyyəti ölkəni uçuruma aparır. O deyirdi ki, az zaman çəkməz onların hakimiyyəti dağılar. Rəhmətlik özünün Bakıya hakimiyyətə qayıtmağından nəhayət əmin idi və deyirdi ki, xalq onu dəvət edəcək və xalqın istəyi əsasında Bakıya qayıdacaq. Bu zamanlarda Azərbaycanın əksər ziyalıları dediyim kimi Heydər Əliyevdən Yeni Azərbaycan Partiyasını yaratmağını və onun rəhbəri olmasını istəyirdilər. Nəhayət ki, neçə aydan sonra o partiya yarandı və Heydər Əliyev də onun lideri seçildi.

Naxçıvanla bağlı xatirələrimin biri də budur ki, Heydər Əliyev görüşlərimizin birində dedi ki, “daxili işlər naziri İsgəndər Həmidov deyib ki, guya mənim başıma (Heydər Əliyevin) bir güllə vuracaq. Baxacağıq görək necə başıma güllə vurucaq!”.

Səhv etmirəmsə, həmin ərəfələrdə idi Bakıdan İsgəndər Həmidov təyyarə ilə polisləri Naxçıvana göndərmişdi ki, Naxçıvanı Heydər Əliyevin əlindən alsınlar. Amma Naxçıvan əhalisi buna imkan vermədi. Güman edirəm ki, Naxçıvan hava limanına toplaşdılar və təyyarənin oturmağına imkan vermədilər.

Nəhayət ki, İsgəndər bəy o gülləni vura bilmədi və Heydər Əliyev Bakıya hakimiyyətə qayıdandan sonra xatirimə gəlir ki, Milli Məclisdə Heydər Əliyev məclisin sədri olaraq həm nazir, həm də millət vəkili olan Həmidov cənablarına hamının hüzurunda dedi ki, mənim başıma güllə vuracaqdın, dur gəl vur da.

Amma İsgəndər peşman olduğunu nümayiş etdirirdi. Sonra da İsgəndər bəy məclisdən çıxarılaraq polisə təhvil verildi. Bununla bərabər Xalq Cəbhəsindən hakimiyyətdə olanların çoxu məhkəmə əli ilə həbsə göndərildi.

Beləliklə, mənim verdiyim proqnoz düz çıxdı və Heydər Əliyev 1993-cü ilin iyunun 9-da mərhum Əbülfəz Elçibəyin dəvəti ilə Surət Hüseynovun çevriliş etməyinin qarşısını almaq üçün Bakıya qayıtdı. Heydər Əliyev elə bir şəraitdə Bakıya gəldi ki, Surət Hüseynov Gəncədə, Astarada az fasilə ilə Əlikram Hümmətov və ləzgilərin Sadval təşkilatı Azərbaycanın milli təhlükəsizliyinin zədələnməsini özlərinə hədəf qoymuşdular. Digər tərəfdən də ermənilər rus ordusunun yardımı ilə Qarabağı, Şuşanı işğal etmişdilər və başqa əraziləri də işğal etməyə çalışırdılar. Beləliklə, Azərbaycanda bir sıra qüvvələr ermənilərə şərait yaratmışdılar ki, işğalı rahatcasına davam etdirsinlər. Halbuki, elə bir zamanda bütün qüvvələr xarici düşmən qabağına durmalıdırlar!..

Ardı qafqazinfo.com-da

Комментариев нет:

Отправить комментарий