Страницы

30.04.2011

Tələbələrin portalının bir yaşı oldu

Azərbaycan Mətbuat Şurasında “Azxeber.com” portalının 1 illik fəaliyyəti ilə əlaqədar mərasim keçirilib. Tədbirdə saytın kollektivi, jurnalistika fakültəsinin müəllimləri, müxtəlif media qurumlarının təmsilçiləri və tələbələr iştirak ediblər.

Mərasimi açan “Azxeber.com” portalının redaktoru Əfsələddin Ağalarov əvvəlcə Mətbuat Şurasına toplantının təşkili üçün yaratdığı şəraitə görə tələbələr və saytın kollektivi adından minnətdarlığını bildirib. “Azxeber.com”un yaranması və 1 il ərzində gördüyü işlər barədə məlumat verən redaktor deyib ki, portal internet jurnalistikadakı fəaliyyətinə “jurfak.tk” bloqu vasitəsilə başlayıb. “Bloq kollektiv səciyyə daşıyırdı. Burada Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrinin yazıları, yaradıcılıq nümunələri yayımlanırdı. Daha sonra yaxın əhatəmizdəki insanların, xüsusən də müəllimlərimizin bizə verdiyi stimuldan cəsarətlənərək, fəaliyyətimizi daha da genişləndirmək qərarına gəldik. Beləcə 2010-cu ilin 13 aprel tarixində “Azxeber.com” yarandı. Portalda ölkədə və dünyada baş verən ən aktual xəbərlər yerləşdirilir. “Siyasət”, “sosial”, “şou-biznes”, “idman”, “secdiklərimiz”, “gənclik”, “maraqlı” adlı bölmələrimiz var. Saytımızın gündəlik istifadəçilərinin sayı 2000-3000 arasıdır (İP ünvandan )”.

MŞ sədri Əflatun Amaşov çıxışına rəhbəri olduğu qurumun gənclərə daim dəstək göstərdiyini və mövcud ənənənin davamlı olduğunu xatırlatmaqla başlayıb. O bildirib ki, xəbər jurnalistika janrları sırasında ən çətinidir. İnternet jurnalistikada isə onu istehsal edənin reytinqi xəbərin keyfiyyəti ilə ölçülür. “Belə görürəm ki, portalda çalışanlar aldıqları jurnalistika təhsilinə sadiq qalmağa çalışırlar. Bilik və bacarıqlarını yeni media imkanları ilə uyğunlaşdırırlar. Şura məhz bu səbəbdən “Azxeber.com”u “Ən perspektivli media qurumu” diplomu ilə təltif edir. Ümidvaram ki, portal fəaliyyət istiqamətlərini daha da genişləndirəcək və yeni-yeni nailiyyətlərə imza atacaq”, - deyən Ə.Amaşov MŞ-nın diplomunu “Azxeber.com” portalının redaktoru Ə.Ağalarova təqdim edib.
Tədbirdə çıxış edən BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli bunları deyib: “Mən daim tələbələrimlə öyünürəm. Son dövrlər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bir canlanma, yeni nəfəs hiss olunmaqdadır. Etiraf etməliyik ki, bu prosesdə müəllimlərdən daha çox, tələbələrin təşəbbüsləri və fəaliyyətləri əsas rol oynayır. Gəncləri həvəsləndirmək, gələcəyə ümidləndirmək biz müəllimlərin borcudur”

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun jurnalistika fakültəsinin müdavimlərinin daim istedadları və dünyagörüşləri ilə digər tələbələrdən seçildiklərini önə çəkib. Baş redaktor bildirib ki, 1 yaşını qeyd edən “Azxeber.com” portalının yaranması və fəaliyyəti də məhz həmin fakültənin tələbələri olan Əfsələddin Ağalarov və Hacıbəy Heydərlinin gərgin əməyinin nəticəsidir. Saytı müntəzəm olaraq izlədiyini deyən A.Aşırlı diqqəti orada gün ərzində 30-dan çox xəbərin yayımlanmasına çəkib. “Sayt bəzi eksklüziv xəbərlərə də imza atmaqdadır. İstərdim ki, portal və kollektivi inkişaf tempini qorusun. Hadisələrə daim obyektiv, qərəzsiz və vicdanlı yanaşsın”, - deyə o əlavə edib.

Azəri Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı jurnalistika fakültəsinin tələbələri üçün yaradıcılıq labaratoriyasının olmasının vacibliyini vurğulayıb: “Görünür, tələbələr həmin labaratoriyanı “Azxeber.com”un timsalında artıq yaradıblar. Əminəm ki, onlar gələcəkdə daha böyük layihələrə imza atacaqlar”.

“Qafqazinfo” xəbər portalının baş direktoru Elbrus Ərud da öz növbəsində portala uğurlar arzulayıb: “Azxeber.com portalını təbrik edirəm. Əminliklə, demək olar ki, artıq BDU Jurnalistika fakültəsinin müəllimləri tələbələrdən nəsə öyrənirlər, dərs zamanı tələbələrin yaratdıqları portaldan misallar çəkir, onları örnək gətirirlər. Azxeber.com-a və gənc jurnalistlərə gələcək fəaliyyətində uğurlar arzulayıram.

Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında “dövr dəyişdikcə imkanlar da genişlənir. İnternet sürətlə həyatımıza nüfuz etməkdədir. Bu kontekstdə internet jurnalistika bəlkə ilk baxışdan asan görünə bilər. Amma peşəkarlar da təsdiqləyə bilərlər ki, əsl jurnalist daim peşəsinin məsuliyyətini dərk etməli və ona sadiq qalmalıdır. Sizə bu çətin və məsuliyyətli işinizdə uğurlar diləyirəm” - deyib.

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin müəllimi, tanınmış jurnalist Qulu Məhərrəmli gənc həmkarlarını təbrik edərək bildirib ki, “Azxeber.com” portalı qısa müddətdə tələbələrin yaradıcılıq meydanına çevrilib. “Saytın fəaliyyətə başlaması ilə jurnalistika fakültəsindəki sükut pozuldu. Bunu edən siz gənclər oldunuz. Gələcəkdə qarşınıza daha böyük məqsədlər qoymanızı və onlara çatmanızı arzu edirəm”.

Tədbirdə çıxış edən digər şəxslər də təbriklərə qoşularaq, “Azxeber.com”un kollektivinə qarşıdakı fəaliyyətində uğur diləyiblər.

Комментариев нет:

Отправить комментарий