Страницы

25.04.2011

TOFİQ ABDİN TƏZƏ KOSTYUM GEYMƏYİ SEVMİR


Aqil Abbasın qonağı Azərbaycanın görkəmli publisisti və şairi, onu sevən dostların “abi” deyə (Osmanlı türkləri böyük qardaşa “abi” deyirlər) çağırdığı Tofiq Abdindir

- Abi, nə var, nə yox. Bilirsən də, bizim ən çox sevdiyimiz sözdü “nə var, nə yox”. Hətta bu sualın cavabını yapon kompüterləri də tapa bilmirlər.
- Yaponları deyə bilmərəm, amma bizdə bu sualın cavabı var”:: “Hər şey var, heç nə yoxdu”. Bu bir zarafat. Salamatçılıqdır. Qızımın toyuna hazırlaşıram.
- Allah xoşbəxt eləsin. Nə vaxtdı, inşallah.
- Avqust ayının 23-də.
- Abi, necə dolanırsan? Bu hər şey var, heç nə yoxdu dünyasıyla dil tapıb dolana bilirsənmi, yoxsa ayrı-ayrı dildə danışırsız?
- Dolanmağına dolanıram. Amma dünyaynan dil tapa bilmirəm. Nəinki dünya ilə, heç yaxın dostlarımla da dil tapa bilmirəm.
- Niyə dostlarınla və bu dünyayla dil tapa bilmirsən? Dili öyrənməmisən, yoxsa sənin dilin quş dilidir,təkcə Süleyman bilir ancaq?
- Deməli belədir ki, belə halların iki tərəfi olur. Ya mən pis adamam, ya mənim dil tapa bilmədiklərim pis adamlardılar. Türkiyədə olanda mən belə bir şer də yazmışdım. Deyirdim İlahi mən Türkiyədəki türk insanlarına onların ən böyük şairi Tofik Fikrətin adını xatırlatdım. Yenə də mən onlarla dil tapa bilmədim. Həyatımı orda qura bilmədim.
-Türk şairi adı çəkdin, Nazim Hikmətin bir yaxşı sözü var, ümid sənin çörəyin. Ye Mehmet, ye. Çörəyin bol olub, yoxsa ümidin?
- Vallah, dostlarım həmişə mənə deyirlər ki, çörəyin boldu. Amma mənim ümidim boldur ki, bu vaxta qədər yaşayıram.
- Məmməd Arazın da bir sözü var, bir ümidin ətəyindən tutub da fırlan…
- Əslində çox gözəl fikirdi. Amma bir az abstrakt olduğu üçün mən ümidin ətəyindən tutub fırlanmamışam, yəni sabaha böyük bir ümidlə də baxmamışam.
- Evininz neçə otaqlıdır?
- Üç otaq.
- Bu üç otağa sığışa bilirsizmi?
- Yox. Bu dəqiqə ən dəhşətli problem odur. Yəni bu bütün hamının problemidir, bütün yaradıcı adamların problemidir.
- Evi hardan almışdın?
- Evi 1982-ci ildə “Qobustan” jurnalında işləyəndə Mədəniyyət Nazirliyindən almışdım.
- İndi heç harasa müraciət eləmisən?
- Yox, müraciət etmərəm. Çünki faydası yoxdur.
- Evini axırıncı dəfə nə vaxt təmir etdirmisən?
- Axırıncı dəfə 2001-ci ildə. Türkiyədən qayıdandan sonra. Orda işlədiyim zaman bir az pulum var idi. Bilirdim ki, bura gələndən sonra heç nə edə bilməyəcəm. Gündəlik həyatımı yaşayacam. Ona görə də bəzi şeyləri orada elədim.
- Abi, xəstələnəndə həkimə gedirsən, yoxsa Allahdan əlac umursan?
- Yalnız Allahdan. Mən bir şey deyim. 65 yaşın ərəfəsindəyəm. Sentyabrın 1-də mənim 65 yaşım tamam olur. Xahiş edirəm bunu gizli saxlayın. Elə biləcəklər Tofiq Abdin özünü reklam eləyir və ya nəsə istəyir. Bu müddət ərzində demək olar ki, mən xəstəxana görməmişəm. Yalnız İstanbulda apendisit oldum.
-Bu dövlətdən nəsə umursunuz?
- Qətiyyən. Yeganə bədbəxtliyimiz odur ki, bu gün insanların ən səmimi cavabını belə qeyri-səmimi başa düşürlər. Mən həqiqətən heç nə ummuram. Çünki mənim bu dövlətə verdiyim heç bir şey yoxdur və bu dövlətdən də mənim umacağım yoxdur. Mən Aqil Abbasa bir şey vermişəm, Əbülfətə bir şey vermişəm, oxucuya bir şey vermişəm. Mən onlardan uma bilərəm.
- Qələminlə bu millətə xidmət etmisən.
- Xeyr. Mən qələmimlə yalnız özümə xidmət etmişəm. Yazmışam “Ədalət”dən qonorarımı almışam, “525″-dən qonorarımı almışam və sair və ilaxır . Yəni Azərbaycan deyilən bu dövlətə, dövlətə ha, xalqa, millətə demirəm, mənim heç bir xidmətim olmadığı üçün, heç bir umacağım da yoxdur. Allah eləsin bu sözlər səmimi qəbul olunsun. 65 yaşından sonra ummağın özü də boş bir şeydir.
- Neçə kostyumun var.
- İki və ya üç olar. Ümumiyyətlə, mən kostyum geyinən deyiləm.
- Axırıncı dəfə əynini nə vaxt remont eləmisən?
- Deyim sənə. Təxminən 3 ay bundan qabaq bir dənə şalvar, bir köynək və bir ayaqqabı almışam.
- Bəs qızıyın toyuna hazırlaşmırsan?
- Mən ömrümdə kostyum geyinib toya getmərəm.
- İndi toyda təzə paltar geyinməyəcəksən?
- Yox. Dedim də, mən toylara heç vaxt təzə paltar geyinmirəm. Özümü pis hiss edirəm təzə paltarda. Özümün toyumda bir dəfə təzə kostyum geyinmişəm.
- Niyə, bəlkə imkanın olmayıb almağa, ona görə?
- Yox, yox, imkan-zad var. Sadəcə olaraq sevmirəm.
- Maşının var?
- Var. Maşın mənim adımadır, oğlum minir.
- Markası nədi?
- “06″. 2001-ci il buraxılış. 3600 dollara almışam.
- Birinci dəfə maşını neçənci ildə almısan?
- 1976-cı ilin oktyabrında Mədəniyyət Nazirliyindən almışam və noyabrın 30-da da toy eləmişəm.
- Ondan sonra neçə maşın dəyişmisən?
- Mənim birinci maşınım olub “01″, sonra “011″ və “06″. Onu da bağışladım qardaşıma getdim Türkiyəyə. Qayıdıb gəldim. Elə həmin “06″ yenə də qardaşımdadır. Bir də indi ki “06″nı aldım.
- İşə nə ilə gəlib gedirsən?
- Metro ilə.
- Hər il istirahətə gedə bilirsən?
- Yox. Sonuncu dəfə istirahəti mən bilən 1989-cu ildə, ya da 88-ci ildə Şuşada etmişəm. Hadisələrin başlanğıcında ailəmlə birlikdə orda olmuşam. Ondan sonra heç yerdə olmamışam.
- Həvəsiniz olmayıb, yoxsa imkanınız.
- Nə həvəsim var, nə imkanım. Bir də ki, Bakıdan çıxmağı xoşlamıram. Mən bir az kosmopolitəm. Ona görə də mənim buradakı 9-cu mərtəbəm ata yurdumdan da, hətta Türkiyədən də doğma gəlir. Bakı mənim üçün ən gözəl istirahət yeridir. Türkiyənin özündə də narahat idim, Yurmalada da narahat olmuşam.
- Bakıya sizi bağlayan nədir?
- Bilmirəm. Bunun izahı o qədərdir ki.
- Evinizə qonaq gələndə sevinirsiniz, yəqin ki, fikrimi tutdun, yoxsa… Ümumiyyətlə tez-tez qonağınız gəlir?
- Oğlum evlənəndən sonra qonaq az-az gəlir. Evimə gələn qonağa özümün xidmətim son dərəcə yüksək olur. Evdə gözləmirəm ki, kimsə qonağa nə isə gətirəcək. Bir dəfə də siz olmusunuz mənim evimdə görmüsünüz. Qonağa xidmət etməkdən son dərəcə ləzzət alıram.
- Toya çağırılanda sevinə-sevinə gedirsiniz, yoxsa deyirsiniz ki, bu toy hardan çıxdı.
- Niyə elə toy var ki, ora mən atmalıyam yüksək pul. Hə, onda mənim bir az sıxıntım olur. Amma elə toy da var ki, mən bilirəm bu adamı toyuma çağırmayacam. Onda gedib 15 “şirvarn”ımı yazdırıram və yaxud da pulumu göndərirəm. Yas-toy məsələsində mənim elə bir sıxıntım yoxdur. Hər zaman mənim bu toya, yasa veriləcək ailəmin dışında pulum olur.
- Ad gününüz nə vaxtdı? Hə, sentyabrın 1-i…
- Mənim ad günüm sentyabrın 1-dir. Onu da mən özüm təyin eləmişəm. Onu mən qəzetdə də qeyd etmişəm. Türkiyədə də yazdım, burda da yazdım. Bu qondarma ad günüdür. Mən əslində sentyabrın 1-i deyil, avqustda, noyabrda doğulmuşam. Hətta 41-ci ilin özü də mübahisəlidir. Çünki deyirlər ki, əmim Krım müharibəsində olan zaman yazıb ki, onun adını filankəs qoyun. Krım müharibəsi də heç bilmirəm neçənci ildə olub. Bunlar da elə yazıblar müharibə vaxtı 41-ci il.
- Ad günü keçirirsiniz?
- Yox, keçirmirəm. Əvvəllər keçirirdim. İndi keçirmirəm.
- Dostlar da yığışıb gəlmir?
- Yox, heç kim gəlmir.
- Heç sizi ad gününüzdə axtaran olmayıb?
- Mən sizə bir şey deyim. Açığını deyim bu gün ayın neçəsidir? 14-dü. Mən səs salmasam bir kişi bilməz ki, mən sentyabrın 1-də doğulmuşam. Halbuki bilirlər. Bəlkə də birinin yadından çıxır. Aqil qurban olum. Biri bəlkə bilir demir. Bunu xatırlatmaq lazım gəlir.
- Ümumiyyətlə, ad gününüzdə sizə hədiyyə verən olub?
- Gəncliyimdə olub. İndi ailəmdə uşaqlarım – məsələn, qızım, oğlum hərəsi bir dənə kontur alır. Bir şirvanlıq və yaxud da beş şirvanlıq kontur alırlar. Ən böyük hədiyyəm budur.
- Dostlar sizi yeyib-içməyə tez-tez dəvət edir?
- Yox. Ən böyük bəlalardan biridir. Elə olur ki, hər istirahət günləri mən zəng gözləyirəm ki, birisi mənə deyə ki, mən qonaqlıq verirəm ey, heç kəs mənə zəng etmir ki, gəl gedək yeyib-içməyə. Məsələn, bəziləri deyirlər ki, bizi yeyib-içməyə çağırırlar. Amma mən təəccüb edirəm ki, onları necə çağırırlar.
- Yəni dostların kef günündə yada salmırlar.
- Bəlkə də kefləri aşağıdı. Mən başqa bir şey deyə bilmərəm.
- Kefi kök olan dostların yoxdu?
- Kefi kök olan dostun biri sən. Başın hər zaman qarışıqdı. Mən deyə bilmərəm ki, Aqil, sən məni niyə çağırmırsan. Çağrılmayan elə yerlər var ki. Məni Sabir Rüstəmxanlı 60 illiyinə çağırmadı. Mən də bir yazı yazdım ki, Sabir Rüstəmxanlı məni 60 illiyinə çağırmadı. Və yaxud Ədalət Həsənov mənim salyannımdır. 70 illiyi oldu, məni saya salmadı. Mən də yazdım ki, Ədalət Həsənov, mən həqiqətən bildim ki, sən Salyanlısan. Salyanlı olmasaydın məni çağırardın 70 illiyinə. Halbuki mən onun toyuna Salyana getmişdim. Amma onun 70 illik yubileyində elə adamlar iştirak elədi ki, onların Ədalətə dəxli yoxdur. Aqil bu da bir şansdı. Bu da insanın bir alın yazısıdır. Məsələn, Aqil Abbas çağırmasa incimərəm. Mən yerimi bilən bir adamam. Aqil Abbas millət vəkilidir. Mən ona” Sayın millət vəkilim” deyə mürciət edirəm. Aqil Abbas iki dəqiqədən bir mənim evimə zəng edim mənim halımı soruşan deyil ki? Düzdür, ürəyim qırılır, amma yer eləmir mənə.
- Qohum-əqrəba məclislərdə, nişanlarda, ad günlərində mənim sağlığına içirlərmi?
- Niyə, o qədər mənim sağlığıma içmisiniz ki!
- Özümüz oturan məclisləri demirəm. Yuxarıda dediyim məclislərdən danışıram, toylara, nişanlara gedirsən də…
- Elə bir şey olmaz. Mən sən deyən böyük bir yazıçı kimi də tanınmıram. Yox siz tanıya bilərsiniz. Mənim fikrimi kəsmə xahiş edirəm. Deməli mən böyük yazıçı kimi, böyük şair kimi də tanınmıram və ikincisi də, Aqil qurban olum, toylarda ad günlərində ola bilər, mənim söz deməkdən zəhləm gedir. Çünki səni dinləməyən yerdə danışmağının əhəmiyyəti yoxdur. Hətta bir xasiyyətim var ki, tanış tamadanın cibinə bir şirvan qoyuram ki, mənim adımı çəkmə, mən burda yoxam.
- Yaralı barmağınıza çiş eliyən dostunuz var?
- Mənim haqqımda dostlarımın ayrı bir təfəkkürü, ayrı bir fikri var. Mənim ən böyük bədbəxtçiliyim orda oldu ki, 8-10 il Türkiyədə işlədim. Mənim dostlarım elə bildilər ki, mən Türkiyədən çox böyük paralar gətirmişəm. Təbii ki, düşünə bilərlər də. İnan Aqil, istəyirsən adını çıxararsan, o gün Ağəddin Mənsumzadə deyir ki, mən Siruz Təbrizlini oğlumun toyuna çağırdım və o mənim oğlumun toyuna 1000 dollar yazdırdı. Bu mənim üçün dəhşətli bir şeydi. Xahiş edirəm lətifəsi sənə gəlib çıxmasın, babat dostum sənsən, sən mənim uşağımın toyuna 200 dollar yazdırmısan. Mənim elə bir tanışım yoxdur. Mənim oğlumun toyunda millət vəkilləri də iştirak etdi, yaxın dostlar da iştirak elədi. Bir nəfər dostum mənə dedi ki, bir nəfəri çağırdım toyuma and içir ki, 3000 dollar yazdırdı. Təbii onu yazdıran yüzdə yüz bilir ki, Tofiq Abdin bu pulu geri qaytarmayacaq. Qaytarsa 100 dolları qaytaracaq. Amma mən, vallah, bu istiqanlılığımla, oynaqlığımla mən elə bir dost qazana bilməmişəm.
- Bəlkə vəzifə qazanmamısınız?
- O da ola bilər. Amma sənə bir şey deyim. Ağaddin Məhsimzadənin elə bir vəzifəsi də yoxdur. O da bir alın yazısıdır yəqin ki.
- Abi, içirsiniz?
- İçirəm. Amma son vaxtlar özümü qoruyuram. Ona görə ki, Aqil, mən yaşamaq istəyirəm. Bəzi şeylərin sonunu görmək üçün, bir az da yaşamaq istəyirəm.
- İçəndə nədən içirsən, kefdən, yoxsa dilxorçuluqdan?
- Yox qətiyyən. Mənim cibimdə elə bir para da olmur ki, mən kefdən içim. Əvvəllər, Rafael Hüseynovla dostluq etdiyim vaxtlarımda bizim evdə günlərlə, həftələrlə ley-pey olardı. Yıxılıb yatardı bizdə. İndi “525″-in uşaqları hər gün məni bir yerə dartmaq istəyirlər. Mən deyirəm ki, qardaş mən sizinlə ayaqlaşa bilmərəm. Salyanlıların gözəl bir sözü var”:: deyir, qonaqlıq yaxşı şeydi, bir gün sizdə, bir gün bizdə. Sən üç dəfə qonaqlıq verəndə, bir dəfə də mən verməliyəm. Deyirəm ki, mən sizdən cəmi 25 “şirvan” qonorar alıram. Bunu da mən sizə bir gündə xərcləsəm onda biz gərək ayda bir dəfə oturaq. Razısınızsa oturaq. Bu dəqiqə mənim maaşım 32 şirvandı. 25 şirvan səndən alıram, səndən deyəndə, “Ədalət”dən. Kefin kök olanda bir az da üstünə qoyursan. Rəşad Məcid ömründə 15-18 şirvandan artıq verməz. Mənim bütün gəlirim budu. Amma istəyirəm ki, “525″-in uşaqları ilə də, sizinlə də hər gün oturum, sizinlə də hər gün oturum. Amma mən kiməsə hər gün qabırğa ola bilmərəm ki.
- Sonuncu kitabın nə vaxt çıxıb?
- Dünən almışam. Kitabın adı belədir ki, “Türk şeri Esrar Dədədən Orxan Arasadək Tofiq Abdinin uyğulamasında”. Türk şairlərinin Azərbaycan dilinə uyğulaması. Təxminən 75 şairdi. Onun bir hissəsi “Ədalət”də çıxıb, müəyyən hissəsi “525-ci qəzet”də çıxıb, müəyyən hissəsi başqa qəzetdə. Kitabı Elçin İsgəndərzadə bir qəpik almadan çap edib. Çox sağ olsun.
- Kiməsə borcun var, abi? Həm mənəvi cəhətdən, həm də maddi cəhətdən.
- Mənəvi cəhətdən çox adama borcum var. Açığı deyim sənə. Gəlib sən üzbəüz oturmusan. Deyək ki, Rəşad Məcidə mən mənəvi borcum var. Mənim yazılarımı çap eliyənlərə borcum var.
- O başqa. Rəşadın da minnəti olsun, Aqilin də minnəti olsun ki, sənin yazını çap eləyirlər. Bu məsələnin bir tərəfi. Ümumiyyətlə, həyatdakı mənəvi borcdan danışıram. Məsələn, mən özümü mənən borclu bilirəm Mirzə Cəlilə. Belə borcdan danışıram.
- O aspektdən götürəndə mən mənəvi cəhətdən Nazim Hikmətə borcluyam ki, Nazim Hikməti oxumasaydım mənim istiqamətim tamam ayrı cür olardı.
- Maddi borcun nə qədərdi?
- Maddi borcum heç vaxt olmayıb. Məndən hər zaman borc istəyiblər. Amma mənim heç kəsə maddi borcum olmayıb.
- Ayda nə qədər pul qazana bilirsən?
- Bu saat mən sənə dəqiq deyim. 32 şirvan “Mədəniyyət” qəzetindəki maaşım, yenə də deyirəm 25 şirvan “Ədalət” qəzetindən aldığım, 17-18 şirvan civarında “525″dən aldığım. Bundan başqa mənim heç bir yerdən gəlirim yoxdur. Heç bir yerdən.
- Oğlunuz harda işləyir?
- Oğlum mərkəzi klinikada işləyir. İşlətməçidir. Türkiyədə təhsil alıb. Qızım İqtisadi İnkişaf Nazirliyinin antiinhisar departamentində aparıcı mütəxəssis kimi çalışır. Amma onların mənə dəxli yoxdur. Yəni mənim onlardan umacağım yoxdur. Amma işlə təmin olunublar.
- Nəsə bir söz demək istəyərsən. Deyiləsi sözün varmı? Mənim kimi dostlara və yaxud da barmağına çiş eləməyən dostlara.
- Mən yenə də deyirəm, Aqil qurban olum, indi dost demək çox çətin məsələdir. Və mən həmişə də uşaqlarla mübahisə edirəm ki, ən demokratik qəzet elə “Ədalət” qəzetidir. Azərbaycanda ən demokratik qəzet hesab eləmişəm bu qəzeti. Ondan sonra da “525″ gəlir. Sizin qəzetdə bircə korrektor problemi var. Hətta bunu mənə Almaniyadan da yazırlar. Bu anlamda açıq bir söz deyim sənə. Hidayət Elvüsalın Vaqif Nəsiblə müsahibəsini oxuyanda çox xoşum gəldi. Dedim nə gözəl proyektdi. Həqiqətən ürəyimdən keçdi ki, mən bunların qulağının dibindəyəm, amma o qədər məhşur deyiləm, ona görə də mənə heç təklif də etməyiblər. Amma bu günkü təklif mənim üçün çox gözlənilməz oldu. Sizin qəzet mənim üçün çox maraqlı və doğmadır. Və sovet dönəmindən qalan bir ənənəni yaşadır, yəni tənqidin cavabını da ala bilir. Yenə də çox sağ olun ki, bu layihənizdə ikinci adam mən oldum. Ona görə təşəkkür edirəm.

tofigabdin.com

Комментариев нет:

Отправить комментарий