Страницы

12.04.2011

TƏZƏXAN MİRƏLƏMLİ OĞLU İLƏ GÖRÜŞÜB

Qətl törətməkdə ittiham edilərək həbsə alınan Vasif Mirələmovun vəkilləri və atası aprelin 11-də onunla görüşüblər



FaktXeber.com-un verdiyi məlumata görə, “Turan”a danışan Vasif Mirələmovun atası Təzəxan Mirələmli deyib ki, oğlu rayon polis şöbəsinin təcridxanasında saxlanılır: “Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, oğlumun 15 yaşı olduğu üçün mən Vasifin qanuni nümayəndəsi kimi tanınmalıyam. Müstəntiq bundan imtina edirdi. Amma qanunun tələbləri izah olunduqdan sonra oğlumun qanuni nümayəndəsi kimi tanındım”.

Təzəxan Mirələmli oğluna dövlətin təyin etdiyi vəkil Habil Bəhmənovun obyektivliyini şübhə altına aldığını vurğulayıb. O, Habil Bəhmənovla bir neçə dəfə mübahisələri olduğunu əsas gətirib. Müstəntiqə yazılı müraciətlə Habil Bəhmənov müdafiədən kənarlaşdırılıb.

Təzaxan Mirələmli qeyd edib ki, atası barışıq üçün rayonun tanınmış ağsaqqallarını zərərçəkən tərəfə göndərib. Qarşı tərəfdən rayon icra hakimiyyətinin göstərişi ilə hərəkət edəcəkləri bildirilib.

Vəkil Tahir Xanəliyev Vasif Mirələmova Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlandığını və barəsində iki aylıq həbs qətimkan tədbiri seçildiyini deyib: “Tələb etsək də, həbs qətimkan tədbirinin seçilməsi üçün sübutlarla bağlı materiallar bizə təqdim olunmayıb. Həm də qanuni nümayəndə, valideynlərin razılığı ilə təyin edilən vəkil olmadan aparılan istintaq hərəkətləri prosessual qanunvericiliyə ziddir”.

Tahir Xanəliyev hadisədə siyasi motiv olduğunu bildirib: “Atası müxalifətçi olduğuna görə 10-cu sinif şagirdləri Vasif Mirələmova rişxənd ediblər, qıcıqlandırma yaradıblar. Vasif Mirələmov məktəbin direktor müavininə uşaqların hərəkətlərindən şikayət edib. Amma direktor müavini hadisənin qarşısını almaq üçün yuxarı sinif şagirdlərini tənbeh etməyib”.

Aprelin 5-də Cəlilabad rayonunda 7 saylı orta məktəbin 8-ci sinif şagirdi Vasif Təzəxan oğlu Mirələmovla həmin məktəbin 10-cu sinif şagirdi Cavanşir Həsən oğlu Həsənli arasında baş vermiş mübahisə ölümlə nəticələnib. Cavanşir Həsənli aldığı bıçaq zərbəsindən xəstəxanada dünyasını dəyişib. Hadisə 7 saylı məktəbin qarşısındakı yolda baş verib.

Vasif Mirələmov Azərbaycan Xalq Cəbhəsi Partiyasının Cəlilabad şöbəsinin rəhbəri Təzəxan Mirələmlinin, Cavanşir Həsənli isə rayon polis şöbəsinin keçmiş əməkdaşı Həsən Həsənlinin oğludur.

Təzəxan Mirələmlini aprelin 2-də polislər müxalifətin Bakıda keçirdiyi mitinqdə döyüblər. Şagirdlər arasında insident onun Bakıda müalicə olunduğu, döyülmüş vəziyyətdə çəkilən fotoşəkillərinin KİV-də yayıldığı vaxt baş verib. Ölüm hadisəsindən sonra bir qrup insan Cəlilabadda Təzəxan Mirələmlinin yaşadığı evin qarşısında müxalifətin əleyhinə şüarlar səsləndirib.

Комментариев нет:

Отправить комментарий