Yusif Məmmədov təhsil ocağında restoran açıb
"Bizim dövr"
Qəzetimizin ötən saylarında xəbər verdiyimiz kimi redaksiyamıza daxil olmuş məlumatlarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədovun tələbələrlə əxlaqsız davranışı iddia olunurdu.
Həmçinin bir müddət əvvəl ADPU-nun tələbəsi olmuş Aylin Məmmədovanın müəmmalı şəkildə özünü asaraq intihar etməsi, bu faciəyə görə universitet rektorunun məsuliyyət daşımalı olduğu, hadisə ilə bağlı Nizami rayon Prokurorluğu tərəfindən AR CM-nin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işinə başlanması və sonradan naməlum səbəblərdən istintaqın nəticələri barədə ictimaiyyətə heç bir açıqlamanın verilməməsi faktları da məqalədə öz əksini tapmışdı. Amma Yusif Məmmədovun fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmiş ciddi qanun pozuntuları haqda yeni məlumatlar da redaksiyamızın ünvanına daxil olmaqda davam edir.
ADPU-nun coğrafiya fakültəsinin yerləşdiyi 3-cü korpusunun 1-ci mərtəbəsində küçəyə qapısı açılmış yeməkxananın qanunsuz fəaliyyəti barədə dərc etdiyimiz məlumatdan dərhal sonra yeməkxananın qapısında yerləşdirilmiş "XAŞ" və "ÇAY" elanları TƏMİR xəbərdarlığı ilə əvəz olundu. Beləliklə, cənab Yusif Məmmədov ən azından artıq bir nöqsanı etiraf etmiş oldu. Elə isə, hörmətli rektorun növbəti ittihamlara da münasibət bildirmək üçün bir vasitə tapa biləcəyinə ümid etmək olar. Ittihamlar isə kifayət qədər ciddidir.
Yeni aldığımız məlumatlarda bildirilir ki, bir müddət əvvəl unverisitetin Məktəbəqədər təhsilin metodika və pedaqogikası fakültəsinin tələbələrindən biri ailə qurmuşdur. Bir qədər sonra isə həmin tələbə xanım hamiləlik və analıqla əlaqədar müəyyən müddət ərzində dərslərə gəlməmişdir. Universitetə qayıtdığı zaman bütün tələb olunan tibbi sənəd və arayışların olmasına baxmayaraq Yusif Məmmədov həmin tələbənin dərslərə buraxılmasını qadağan etmiş və təhsilini davam etdirə bilmək üçün ona 1000 manat məbləğində "ödəniş" etməli olduğunu bildirmişdir. Nəticədə isə rüşvət verməkdən imtina edən tələbə xanım universitetdən xaric edilmişdir. Ona tutulan iradlara qarşı isə Yusif Məmmədov tamamilə qeyri-adekvat mövqe nümayiş etdirir. Belə ki, cəmiyyətimizdə hörmət və nüfuzu ilə tanınmış şəxsiyyətlərin adını hallandırmaqdan çəkinməyən Y.Məmmədov özünün Nərgiz xanım Paşayevanın himayəsində olduğunu və bu səbəbdən də ona heç kəsin "bata" bilməyəcəyini iddia edir.
Digər bir məlumatda isə ADPU-da sessiya imtahanlarının test üsuluna keçirilməsi ilə bağlı yaranmış neqativ hallar vurğulanır. Məlumatda bildirilir ki, testlərin cavabları imtahandan bir neçə gün əvvəl universitet daxilində açıq satışa çıxarılır. Cavab "paketlərinin" qiymətləri isə 500-1000 manat hüdudlarında təyin edilir.
Nəhayət daha bir məlumat yenə də cənab Yusif Məmmədovun "kommersiya" fəaliyyəti haqdadır. Belə ki, hörmətli rektor deyəsən universitetin binasının keyfiyyətli tədris prosesi üçün tələb olunduğundan xeyli artıq böyük olduğu qənaətinə gəlib. Elə buna görə də əsas tədris korpusunun bir hissəsini Türkiyəli iş adamlarına icarəyə verib və hal-hazırda orada "Elif" türk restoranı fəaliyyət göstərir. Deyəsən axı biz artıq qeyd etmişdik ki, Yusif müəllim təhsil ocağından daha çox mətbəx ocaqlarına rəhbərlik etməyə meyllidir.
Indi gözləyək, görək cənab Y.Məmmədov bu ittihamlara qarşı necə reaksiya verəcək...
"Bizim dövr"
Комментариев нет:
Отправить комментарий