Страницы

28.05.2011

ADU-da “Əli və Nino”nun müəllifinin Çəmənzəminli olmamasından danışıldı


image
Azərbaycan Dillər Universitetində (ADU) “Əli və Nino”nun müəllifi kimdir?” mövzusunda debat keçirilib


“Azərbaycan ədəbiyyatı” kafedrasının baş müəllimi Sevinc Kazımovanın təşkilatçılığı ilə baş tutan debatda ekspert kimi Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Çərkəz Qurbanlı iştirak ediblər. 

“Azərbaycan ədəbiyyatı” kafedrasının baş müəllimi Sevinc Kazımova 33 dilə tərcümə edilmiş “Əli və Nino” romanının hansı yazıçıya məxsus olduğunu aydınlaşdırmağın mürəkkəb iş olduğunu deyib. Adıçəkilən əsərin başqaları tərəfindən mənimsənilməsinə gəlincə, o, bildirib ki, bu fakta görə “Əli və Nino” nə birinci, nə də axırıncı əsərdir. S.Kazımova həmçinin söyləyib ki, Azərbaycan psixologiyasına, mədəniyyətinə bələd olmadan belə əsər yazmaq qeyri-mümkündür. O, əsərin müəllifləri kimi Əsəd bəyin, Yusif Vəzir Çəmənzəminlinin, Elfrida Erhenfelsin adlarının çəkildiyini qeyd edib.

Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı bildirib ki, bu əsər bədii əsərdir, romandır, lakin onun müəllifinin kim olması barədə suala isə elmi araşdırmalar cavab verə bilər. Bu barədə 100-lə əsərin yazıldığını bildirən H. İsaxanlı araşdırmalarda müəllif kimi adları çəkilən Əsəd bəyin (Lev Nissembaumun) müsəlman olmasını inkar edən fakta rast gəlinmədiyini deyib. Əsəd bəyin yazıçı kimi fəaliyyət göstərdiyini söyləyən H.İsaxanlı onun tarixi əsərlər müəllifi olduğunu vurğulayıb. O, əsərin müəllifi kimi adları çəkilən Əsəd bəy, Lev Nissembaum və Qurban Səidin eyni adamlar olduğu qənaətinə gəldiyini bildirib.

Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Çərkəz Qurbanlı isə çıxışında Əsəd bəyin islamı qəbul etmiş yəhudi olduğunu qeyd edib. Ç.Qurbanlı əsərin Yusif Vəzir Çəmənzəminli ilə heç bir əlaqəsinin olmadığını da dilə gətirib.

Tədbir qarşılıqlı polemika əsasında davam edib. Bildirilib ki, əsərin müəllifinin kim olması barədə dəqiq fikir söyləmək bir qədər çətindir. Tədbirdə həmçinin 1 saylı İngilis dili fakültəsinin tələbələrinin ifasında romandan parçalar təqdim edilib.

Qeyd edək ki, “Əli və Nino” romanı Qurban Səid imzası ilə ilk dəfə Vyanada 1937-ci ildə nəşr edilib. İndiyə qədər əsərin müəllifinin kim olması barədə müxtəlif fikirlər səsləndirirlir.

Modern.az

Комментариев нет:

Отправить комментарий