Страницы

30.05.2011

İri-iri addımlarla

Ülvi Məmmədli                      Azad Yazarlar Ocağı

 Dünyalı, dünyasız, ağıllı, ağılsız, əsgəri, sərxoş, axsaq... addımlarla addımlayırıq. Düşünülmüşü də olur, düşünülməmişi də, məntiqlisi də olur, məntiqsizi də. Çox vaxt da fəxr edirik ki, bir yerdə dayanmırıq, harasa irəliləyirik. Həmişə irəliləmək çox mənasız yerlərə aparırsa, bəlkə heç irəliləməmək məsləhətdi...
 ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi "erməni soyqırımı" layihəsini qəbul etdi. İndi çox sözlər danışıldı, çox "sərt" reaksiyalar verildi, hətta bizim Milli Məclis də xala-xətrin qalmasın atmacalar səsləndirdi. Mənasız işdir, burayacan çıxarmamaq lazım idi. Yüz faiz əminəm, konqresdən keçməyəcək, Obama imzalamayacaq. Ata canı! Sadəcə olaraq seçkiqabağı vəd vermişdi, sözündən qaça bilmədi. Yəni dünya dağılmayacaq, amma şapalaq şapalaqlığında qalır. Deyəsən iş o yerə çıxacaq ki, Türkiyə özü erməniyə yerini tanıdacaq, tanıtmağa məcbur olacaq. Daha doğrusu, erməni özü məcbur edəcək ki, burnu ovulsun. Həqiqi sözümdü, gülmə...
 Moskvada yaşayan bir həmyerlimiz, Fərhad Şabanov isə adını Ginnesin rekordlar kitabına yazdıracaq. Kişi 40 ilə 2400 təsbeh toplayıb. Həmin təsbehlərlə evinin divarlarını bəzəyən soydaşımız özünü təsbehsiz təsəvvür etmədiyini deyir. Adamın sevincindən gözləri yaşarır. Millət yetişdirib dəə...
 Xəbəriniz var də AccessBanka necə reklam çəkiblər? Deyəsən AccessBank pulunu xərcləməyə yer tapmır. Özünü reklam elətdirmək üçün belə bir reklam çəkib: Bir eskalator adam metroya düşürlər. Mətn gedir: "Düşünülməmiş addımlar insanları uçuruma aparır" O biri eskalatorda bir sarsaqqulu təkcə yuxarı qalxır. Yenə mətn gedir: "Amma hamı yüksəlmək arzusundadı". Sonra da aydındı ki, "ağıllı, sizi zirvələrə aparan bank" və s. Di indi gəl başa düş, o bir eskalatordakı adam niyə düşünülməmiş addım atır, metroya düşür dana. Üçurum deyib metro kimi elitni yeri də təhqir edirlər. O bir sarsaqqulu təkcə yuxarı qalxmaqla hansı yüksəkliyə dırmaşır ki, aşağı enənlər ona təəccüblə baxırlar? Yuxarıda da elə həmin hökumətdi ki, günümüzü göy əskiyə büküb.
 "Dadlılar"ın da qəribə bir reklamı var; bir məmuru göstərirlər, deyir hər dəfə məsuliyyətli qərar qəbul edəndə stress keçirirəm. Sonra bir cərrah xanımı göstərirlər. Diktor kadr arxasından deyir ki, həmişə insan həyatı üçün böyuk məsuliyyət ("məsuliyyət" ekranda da yazılır), sonra bir rəssam qızı göstərirlər və ekranda "Axtarış" yazılır. Kadr arxasından da deyirlər ki, həmişə yaradıcılıq axtarışı. Bütün bunlardan sonra "Dadlılar" üçü birində çayını, qəhvəsini göstərib deyirlər: -Bütün bünlardan azad olmaq istəyirsinizsə - "Dadlılar". Stressdən qurtarmağı başa düşdük, bəs məsuliyyətdən, yaradıcılıq axtarışlarından qurtulmaq nə deməkdi?.. Bu da sənə mason fintkuruşları! Cəmiyyəti beləcə məhvə sürükləyirlər.
 Azad İstehlakçılar Birliyinin açıqladığı bir fakt məni tərsinə şapalaq kimi tutdu. Deyir, müddəti ötmüş məhsullar satışdan yığışdırılmır: "Bu tipli məhsullar adətən regionlara göndərilir. Bir çox yerlərdə əhalinin alıcılıq qabiliyyəti zəif olduğu üçün dükandan malı nisyə alır. Satıcılar da, adətən, istifadəyə yararlılıq müddəti bitmiş məhsulları məhz alanlara satır". Ay atanın evinəcən, zəhəri də nisyə alasan... Vallah, millətə qatıq lazımdır ki, barı qırılmasın. 
 "İmpuls" 9 adama "dəm qazından zəhərlənməkdən qorxursunuzmu" sualını verib. Rəyi öyrənilənlərin 6-sı ali, 3-ü orta təhsillidir. Cəmi 3 nəfər deyir ki, soyuqdan donsaq da gecələr qazları söndürürük. Neynəsinlər, donsunlar? Həm də, dedim axı, tutaq ki, mən söndürdüm, bəs qonşunun dəmi? Bir ara mahnısında deyilir ki, "dəm, dəm, dəm olmuşam, gözləri xumar olmuşam". Bu dəmlikdən gözlər xumar olmur, əgər yanmamış ölmüsənsə yaxınlarından biri çənəni bağlayanda gözlərini də qapayır. Özü də mən qəti əminəm ki, bu sənin alın yazın deyil, işini məsuliyyətli və ehtiyatlı tutsan, Əzrail həmin gecə növbədənkənvar evinə gəlməz və gücləndirilmiş iş rejimində olmaz. Özünü qoruyanı Allah da qoruyar. ALLAH AMANINDA!..

Комментариев нет:

Отправить комментарий