Beynəlxalq təcrübədə özünü kifayət qədər doğruldan İslam bankçılığının tətbiqi nəhayət ki, Azərbaycanda da reallaşa bilər. Artıq Beynəlxalq Bank İslam bankçılığı üzrə ixtisaslaşan yeni struktur yaratmaq niyyətindədir. Ekspertlər bildirirlər ki, Allah-Təala Qurani-Kərimdə sələmçiliyi - faiz almaq və verməyi haram buyurduğu üçün bu prinsiplərə sadiq bank sistemi müsəlmanlar üçün daha cazibəli görünür.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) mütəxəssisləri "İslam bankçılığı necə geniş yayılmağa başladı" adlı raportlarında İslam maliyyə vəsaitlərinin həcminin 1 trilyon dollara çatdığını və 2015-ci ildən etibarən dünya müsəlmanlarının öz əmanətlərinin yarısını İslam banklarında yerləşdirəcəklərini qeyd edirlər. BVF-nin raportunda İslam bankçılığının böhrandan tsirlənməməsi onun digər banklardakı kimi "zərərli amillərlə çirklənməməsi" ilə izah edilir. Xatırladaq ki, qlobal maliyyə böhranı zamanı kommersiya banklarından fərqli olaraq İslam bankları fəaliyyətlərini çox az ziyanla başa vurdular. Hətta onlardan bəzilərinin müəyyən mənfəət əldə etməsi Qərb bankirlərinin, maliyyə mütəxəssislərinin böyük təəccübünə səbəb oldu. İqtisadçı-ekspert Samir Əliyevlə söhbətimiz də şəriət prinsipləri ilə işləyən bankların spesifik xüsusiyyətləri, Azərbaycanda İslam bankçılığına keçidin səbəbləri, əhəmiyyəti və digər məsələlərlə barədədir.
Dünyada İslam bankçılığının yayılmasını təqdirəlayiq hesab edən iqtisadçının nəzərincə, Azərbaycanda da bu bank sisteminin inkişafına və tətbiqinə ehtiyac var. S.Əliyev müsəlman, həmçinin qeyri-müsəlman ölkələrində İslami qaydalar əsasında fəaliyyət göstərən bankların getdikcə inkişaf etdiyini dedi. Onun sözlərinə görə, dünya miqyasında vəsaitləri 1 trilyon dollara qədər yüksələn İslam bankçılığının 2015-ci ildə 1.2-1.6 trilyon dollara çatacağı proqnozlaşdırılır: “İqtisadi böhrandan sonra İslam bank sisteminə maraq daha da artdı. Böhran zamanı ənənəvi bankların çoxu sıradan çıxsa da, İslam banklarında analoji hadisə baş vermədi. Yəni bu ağır durumdan çox az itki ilə çıxdılar. İslam bankçılığında risk elementləri azlıq təşkil edir. Ənənəvi banklar isə daha çox pul qazanmaq üçün riskli sahələrə meyl göstərirlər. Bu halda onların gəlir götürmək imkanları çoxalsa da, gəlir itirmək riskləri də artır. Məhz bu və digər səbəblərdən klassik banklar iqtisadi böhran zamanı iflic oldular. İslam bankçılığının ən əsas fərqli cəhəti kommersiya fəaliyyətində faizdən istifadə etməməsidir. Məlumdur ki, İslam maliyyəsində faiz qadağandır. İslam bankçılığı fəaliyyət göstərmək baxımından hər bir müsəlmana bank sisteminə qoşulmaq imkanı yaradır”.
Ekspert Azərbaycanda kredit faizlərinin insanlar üçün əlçatmaz olduğunu, bundan əlavə bankların daha çox gəlir qazanmaq məqsədi ilə spekulyasiyadan istifadə etdiklərini söylədi: “Ölkəmizdə kredit faizləri çox yüksəkdir. Bunu sübut etməyə ehtiyac yoxdur. Dəfələrlə ekspertlər və hətta Mərkəzi Bankın rəhbərləri də qeyd ediblər ki, Azərbaycanda kredit faizləri hədsiz yuxarıdır. Xarici ölkələrlə müqayisə etdikdə, bizdə faizlər 3-4 dəfə çoxdur.
İslami əsaslarla çalışan banklardan kredit göturmək isə daha asandır. İslam bankçılığında insanlar indiki kimi yüksək faizlərlə kredit əldə etmirlər. Odur ki, indiki vaxtda ölkəmizdə İslam bankçılığının inkişafı zəruridir. Belə bank sistemlərinin fəaliyyəti digər kredit faizlərinə də təsir göstərəcək. Onlar məcbur qalıb, faizləri aşağı sala bilərlər”.
İslam bankçılığının daha bir spesifik xüsusiyyətini diqqətə çatdıran iqtisadçı onun sosial baxımdan çox faydalı olduğunu vurğuladı: “İslam dininin yanaşmalarından biri də insanların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. İslam bankçılığında din amili olduğu üçün istənilən halda insanların yaşayış səviyyəsi əsas götürülür. Azərbaycanda İslam bankçılığını inkişaf etdirməklə insanların kredit alma məsələsi asanlaşacaq. İkincisi, diqqətdən kənarda qalan sahələrə, xüsusilə də kənd təsərrüfatına, digər sosial sektorlara investisiya yönəlməsi artacaq. Həmçinin dini baxımdan insanlar halallıqla işləyib qazanc əldə edəcəklər. Eyni zamanda artıq adi insanlar deyil, dindarlar da ölkənin iqtisadi həyatında əhəmiyyətli rol oynamaq imkanı qazanacaqlar”.
Bununla belə, S.Əliyev İslam bankçılığında məsuliyyətlərin bərabər şəkildə bölündüyünü xatırlatdı: “Məsələn, bu işə girən insanlar hər hansı bir proyekt həyata keçirirlər və bundan əldə etdikləri gəliri paya uyğun şəkildə aralarında bölürlər. İslam banklarında verilən kreditin risqi krediti alanın real iqtisadi varlıqları və qabiliyyəti ilə sıx bağlı olduğundan müştərilərin maliyyə vəziyyəti analiz edilir. İstehlak krediti alan şəxsin maddi vəziyyəti araşdırılır. Kredit alan şirkətlərin təklif etdiyi biznes-plan və ya layihələr yaxından nəzərdən keçirilir. Sevindirici haldır ki, artıq Azərbaycanda Beynəlxalq Bank və Turan Bank İslam bankçılığının tətbiqinə təşəbbüs göstərir. Təbii ki, bu bank sisteminin inkişafı üçün qanunvericilikdə bəzi dəyişikliklər aparılmalıdır. Müəyyən məhdudiyyətlər var ki, İslam bankçılığının inkişafına imkan vermir. Amma bütün hallarda ümid etmək olar ki, Azərbaycanda bu bankçılığın inkişafı davam etdiriləcək. Bunun üçün müəyyən zəmin də var”.
Cəvahir, faktxeber.com |
Комментариев нет:
Отправить комментарий