Страницы

01.05.2011

Kriminal qiraət üçün

Ülvi Məmmədli    Azad Yazarlar Ocağı

 Tək bircə günün kriminal xəbərlərindən seçdiyim başlıqları təqdim edirəm: "Ata oğlunun toyunda öldü", "Özünü atasının qəbrinin üstündə asdı", "Oğul atasını döyərək qətlə yetirdi", "Ər arvadını amansızcasına öldürdü", "Qardaşını öldürən 8 il iş aldı", "Oğlunun başını kəsən ata həbs edildi"... Nə olub nə haydı? Nə baş verir? Sovetlər dağılandan sonra əcəb günlərə qaldıq. Doğmalar bir-birinə düşmən kəsilib. Heç kimin tükü də tərpənmir. Hamı pul qazanmağında, analoqsuz işlər görmək sevdasındadır. Bundan da analoqsuz dəhşət olarmı? Bu boyda dəhşətlərə belə soyuqqanlı, heç nə olmayıbmış kimi reaksiyasız baxılmaları anlaya bilmirəm ki, bilmirəm.
 Son zamanlar vaxtaşırı olaraq əxlaqsızlıq yuvaları adlandırılan yerlərə və əxlaqsızlığı özünə peşə edənlərə qarşı polis reydlərinin keçirilməsi
, onların televiziyalarda, qəzetlərdə göstərilməsi, yazılması az qala siyasi və iqtisadi xəbərlərin sayından çox olub. Adamda elə təəssürat yaranır ki, məmləkət elə başdan-başa əxlaqsızlıq yuvaları, fahişələr və bıçaqlaşanlarla doludur. Sonuncular lap o qədər çoxdur ki, kimsə balta ilə, dəryaz ilə başqasını vurdu xəbəri eşidiləndə adam təzə söz eşitdiyi üçün qulaqlarını şəkləyir. Bıçaqqayırma sənayemiz yüksəlişdədir. Beləliklə, bıçaqaterapiya, ya da bıçağofobiya. Üzr istəyirəm, tualetdə unitazın ipini də dartanda kimsə kimisə bıçaqladı xəbəri gəlir. Toyda bıçaqlayırlar, yeməkxanada bıçaqlayırlar, taksidə bıçaqlayırlar, elə-belə, məzə üçün bıçaqlayırlar. Xəstəxanalarda ayrıca bıçaqlanma şöbələri açıblar. Neynəyək, bıçaq istehsalını və idxalını saxlamağı təklif eləyək? Nə isə, allah axırımızı xeyir eləsin. Müstəqillik qazanandan sonra hər bəlalar başımıza gəldi.
 Hə, fahişələri tuturlar, televizorda göstərirlər, 40 manat cərimələyirlər, yəqin ki qeyri-rəsmi görüm-baxım, natura ilə ödəmə və sair də olur, sonra qarabağlılar demiş, boşdayırlar bayıra. Buraxılan qadınlar da ya elə həmin gün, uzaqbaşı səhəri gün qayıdır "post"una və başlayır köhnə "peşə"sinə. Qanunvericiliyimizdə bu "iş"in cəzası elə bu qədərdir və əlavə cəza nəzərdə tutulmayıb. İndi bəzi təşkilatlar məsələ qaldırırlar ki, fahişəliyə görə cəzaları... yox, əvvəl daha mühüm bir məqamı ortaya qoyaq, sonra qayıdarıq cəzalandırmaq məsələsinə.
 Sovet hökumətinin vaxtında müəyyən ərazidə bir-iki "bu yolun yolçusu" olardı ki, onları da ərazidə hamı tanıyardı. Çoxları öz uşaqlarına, qadınlarına belələri ilə hətta salamlaşmağı da qadağan eləyərdi. Fahişələr də "başlarını aşağı salıb işlərini görür", öz taleləri ilə barışıb yaşayırdılar. Bilmirəm bizim mənəviyyatımızı nə korladı, iş haradan qaysaqlandı ki, indi fahişələr ən hörmətli zatlara çevriliblər. Masonların ardıcıl siyasəti nəticəsində onlar "peşə"ləri ilə fəxr eləyir, təmizləri bəyənmir, cəmiyyətdən özlərinə xüsusi diqqət və imtiyaz tələb eləyir və... alırlar. Dəhşət orasıdır ki, belələri istədiyi vaxt ərə də gedə bilir, ailələri dağıdır, məclislərin ən yuxarı başına çəkilirlər. Hətta bəzilərinə 3 otaqlı mənzil də bağışlayırlar yüksək səviyyədə. Fahişəni yüksəltmək namusluları alçaltmaq, fahişəliyə haqq qazandırmaq deməkdir.
 Bütün bəlalar yuxardan gəlir. Daxili İşlər Nazirliyi polis orqanlarında xidmət eləmək üçün vakant yerlərə işə qəbul elanı verib. Şərtlər sadalanır: Müsabiqəyə dövlət təhsil müəssisələrində ali hüquq təhsili almış... Şəxsən mən çox gözəl başa düşürəm və anlayıram - Daxili İşlər Nazirliyi müəyyən həqiqi savadı olan işçilərə malik olmaq istəyir. Və bunları da dövlət təhsil müəssisələrini bitirmişlər arasında axtarır. Baxmayaraq ki, onların da savadı və ixtisaslarını nə dərəcədə bildikləri şübhəlidir, amma gör özəllər nə gündədir ki, onları dövlət qulluğuna qəbul eləmək istəmirlər. Bəs onda niyə möhürünə universitet yazdıran rektor ilk olaraq hüquq fakültələri açır? Az qala kolleclər, litseylər də hüquqşünas buraxır və dünyada ünvanımıza səslənən qınaqlardan birincisi bizim hüquqlarımızı bilməməyimizdir. Kimdən öyrənək, özəl məktəbi bitirən "hüquqşünas"lardan? Ay balam, bir halda ki, onları polisə götürmürlər, prokurorluğa götürmürlər, məhkəməyə götürmürlər, heç adi notarius da götürmürlər, bəs onda bunlar bir ətək pulu niyə verirlər?..

Комментариев нет:

Отправить комментарий