Страницы

26.05.2011

Ramiz Mehdiyev «Xural»ı susdurmağa çalışır!!!


Baş redaktor Əvəz Zeynallı RATİ-də mətbuat konfransı keçirdi…
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetimizi məhkəməyə verməsi, ədalətsizcəsinə səlahiyyətlərindən istifadə edərək 10 min manat cərimələtməsi, sonra da həmin cəriməni icraya yönəltməsi ölkədə böyük rezonans doğurub.
Azərbaycan hakimiyyətinin ən güclü adamının azad sözün üzərinə bu cür səlib yürüşü başlatması «Xural» olaraq dirəniş göstərməyimizə və bu dirənişi Azərbaycan səthinə yaymaq təşəbbüslərimizə səbəb oldu. Bu mənada və bu çərçivədə baş redaktor Əvəz Zeynallı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat zalında mətbuat konfransı keçirdi və mayın 16-da baş tutan bu mətbuat konfransını daşıdığı tarixi əhəmiyyətə görə yayınlamağı qərarlaşdırdıq.
Buyurun, Əziz «Xural» Oxucusu, Ramiz Mehdiyevin bütün arsenalı ilə üzərimizə gəldiyi bir zamanda yanımızda olub tədbirimizə qatılanların bütün dünya ictimaiyyətinə səslənişini siz də oxuyun…
Azərbaycanın de-fakto birinci adamı ilə qarşı-qarşıyayıq…
Əvəz Zeynallı:
- Azərbaycanda müstəqil mətbuatın sərhədlərini o qədər məhdudlaşdırıb, o qədər daraldıblar ki, onsuz da barmaqla sayıla biləcək qədər az mətbu orqan, mətbu vasitə qalıb. Ölkədə heç bir özünüsenzura hissi daşımayan jurnalistlərin sayı da barmaqla sayıla biləcək qədərdir. Bütün hallarda, Ramiz Mehdiyevin «Xural» qəzetinin üzərinə gəlişindən bəri, nə qədər paradoksal olsa da, mətbu aktivlik mənim üçün xoş təəssürat yaradıb. Çünki Azərbaycan mətbuatının aparıcı qəzet və jurnalistləri bu məsələyə gözləmədiyimiz reaksiyanı verdilər və bununla hələ azad və müstəqil sözün tam ölmədiyini göstərdilər. Ən azı, bizim içimizdə öləziyən bir ümid var ki, hələ varıq və hələ mübarizəmizi davam etdiririk. Ölkənin ən güclü məmuru, faktiki olaraq bu ölkəni idarə edən, Azərbaycanın de-fakto birinci adamı, ölkənin daxili siyasətini müəyyənləşdirən adamla – Ramiz Mehdiyevlə məhkəmə çəkişməsində üz-üzə gəlmişik. Əslində, bu, bir qəzet üçün bəlkə də indiki Azərbaycan reallığında müsbət sayıla bilər. Bəlkə əslində bu addımı atmaqla Ramiz Mehdiyev azad mətbutın ünvanını göstərib? Yəni bu baxımdan, bəlkə də kənardan yaxşı görünə bilər, amma inanın ki, Ramiz Mehdiyev bizi məhkəməyə verəndən bu günə qədər – iyunun 10-da bir il olacaq ki, bizim aramızda məhkəmə işi başlayıb – mənim bu ölkədə görə bildiklərim və qəzet olaraq bu ölkədə yaşantılarım çox komikdir. Dostlardan, müəyyən qəzetlərdən, jurnalistlərdən, müxtəlif adamlardan, millət vəkillərindən, siyasətçilərdən tutmuş ən normal ünsiyyətdə olduğum insanlara qədər hamıya Ramiz Mehdiyevin təsirinin olduğunu gördük.
Ramiz Mehdiyevin qorxusundan telefonlarımıza mesajlar yazırlar…
Yəni Ramiz Mehdiyevin bir jurnalisti məhkəməyə verməsi həm də bir qəzetin baş redaktorunun telefonlarına cavab verilməməsi, hakimiyyətə yaxın insanların adekvat olaraq mesaj göndərməsidir ki, «Ramiz Mehdiyevdən üzr istəməsən, səninlə dostluğumuz qurtardı» və s. Ölkədə elə bir diktatorluq rejimi qurulub ki, bir jurnalist ölkə rəhbərliyinə, ünvan göstərməklə konkret ali rəhbərliyə tənqid yaza bilmir. Azərbaycanda haqqında yazılar yazılmasına sərt reaksiya göstərən məmurlar var. Tutaq ki, prezident İlham Əliyev o yüksək çinli məmurlar arasındadır, Mehriban xanım Əliyeva da, Ramiiz Mehdiyev də, onun əlaltısı Əli Həsənov da o sıradadır. Bu adamlar haqqında konkret nəsə yazmaq çox çətindir. Biz bütün bunları əyani şəkildə gördük və öz üzərimizdə hiss etdik. Ramiz Mehdiyev «Xural»ı məhkəməyə verəndə mən əvvəlcə bunu müsbət presedent kimi dəyərləndirmişdim, hətta bunun «yaxşı nümunə» ola biləcəyini də söyləmişdim. O mənada ki, dövlət məmurları jurnalistləri, qəzetləri sadəcə mülki qaydada məhkəməyə verməlidirlər. Bu, müsbət bir şeydir. Çünki buna qədər dəfələrlə olmuşdu ki, jurnalistlər xüsusi ittiham qaydasında məhkəməyə cəlb olunmuşdular. Ola bilsin, mətbuat kiminsə haqqında onun şərəf-ləyaqətinə toxunan material yazsın, ola bilər ki, bu materiallarda bir qədər də yanlışlıq olsun, o zaman mətbuatı məhkəməyə vermək, hətta onu cərimələmək də normaldır. Bizdən 10 min manat cərimənin tələb edilməsi də məni sevindirmişdi. Çünki bizi indiyədək məhkəməyə verənlər, qəzetdən 1 milyon, 250 min manatadək pul cəriməsi tələb etmişdilər. Bu məbləğlərlə müqayisədə Ramiz Mehdiyevin tələb etdiyi 10 min manat cərimə bizə o qədər də böyük gəlmədi. Hətta Ramiz Mehdiyevə bu səbəbdən «eşq olsun!» söylədiyimiz də oldu.
Ayda 70-90 manat arası cərimə ödəyə bilərik – ümumi məbləğ 1.000 manat olarsa…
Düşünürdüm ki, bu 10 min manat ilkin məhkəmə instansiyasında 5 min manata endirilər və biz şikayət edəndən sonra Apellyasiya Məhkəməsində 3 min manata salınar, Ali Məhkəmə də bu məbləği min manat civarında təsdiqləyər və biz də bir il boyunca kisəmizdən, boğazımızdan kəsib, haradansa kredit götürmüşük kimi ayda 80-90 manat bu cərimədən ödəyə bilərik. Yəni «Xural» qəzeti bu gün özünün bütün imkanlarını səfərbər edib, ayda 70-90 manat arası cərimə ödəyə bilər – yəni 90+1 manat artıq ödəyə bilməz. Yəni bir il müddətində biz bu pulu birtəhər ödəyə bilərdik. Mən Ramiz Mehdiyevin cərimə məsələsinə ona görə normal yanaşmışdım ki, dövlət məmurları həm də jurnalistləri, hər hansı mətbu orqan rəhbərlərini xüsusi ittiham qaydasında məhkəməyə verməsinlər. Yəni bu baxımdan R.Mehdiyev digər aşağı çinli məmurlar üçün nümunə ola bilərdi. Çünki əgər Ramiz Mehdiyev məni xüsusi ittiham qaydasnda məhkəməyə versəydi, mövcud məhkəmə sistemi ilə dəqiq artıq həbsdə idim. Yəni bu məsələdən 1 il keçdiyini və bu vaxta qədər heç bir əfv fərmanının verilmədiyini nəzərə alsaq, mən bu günə qədər həbsdə yatırdım. Yəni demək istəyirəm ki, biz ilk gündən Ramiz Mehdiyevin bir mətbu orqan rəhbərini xüsusi ittiham qaydasında məhkəməyə verməməsini yaxşı hal kimi qiymətləndirdik. Amma hadisələr bir-birini əvəz etdikcə və Ramiz Mehdiyev də bizə qarşı qaldırdığı iddiada nə qədər ciddi olduğunu göstərdikcə, baxdım ki, bu məsələ əslində azad sözə qarşı çox böyük komplodur və onun hədəfində də biz varıq.
Hakimiyyət mətbuata qarşı «rus ruleti» oynayır…
İndi Azərbaycanda müstəqil mətbuata qarşı «rus ruleti» dəbdədir – bir gülləni tapançanın barabanına yerləşdirib fırladır və tətiyi basırlar. Güllə istənilən an kimisə tuta bilər. Tutaq ki, Elmar Hüseynova güllələnmək, Eynulla Fətullayevə həbs, Bahəddin Həziyevə ayağının üstündən maşınla keçmək, Rauf Arifoğluna, Qənimət Zahidə şantajla öz sözündən çəkindirmək və bizə də bu düşdü. Ola bilsin, sabah ruleti bir daha fırladacaqlar və yerlər dəyişiləcək. Bizə güllə də düşə bilər, başqa müstəqil söz adamına təkərin altında əzilmək düşə bilər və s… Yəni biz bilməsək də, istəməsək də hakimiyyətin müstəqil mətbuata və azad sözə bəslədiyi siyasət kompleks siyasət olaraq aparılır. Hakimiyyət konkret demir ki, Eynulla Eynulla Fətullayev olduğuna görə və yaxud Əvəz Əvəz Zeynallı olduğuna görə, Qənimət Qənimət Zahid olduğuna görə bu cür cəzalara məhkumdur. Məsələ bunda deyil. Məsələ ondadır ki, kim daha çox azaddırsa, kimin azadlığı daha çox hakimiyyətə təhlükə gətirə bilərsə, özlərinin idarə etdikləri ruletə o adam düşür. Bu mənada Ramiz Mehdiyevin iddiasının daha ciddi olduğunu anladıq. Məxsusən ötən il «Ruh» Jurnalistlər Birliyinin İlham Əlyievi «mətbuatın dostu» elan etdikdən sonra mənim bu hadisəylə bağlı yazdığım məqalədə, «korrupsiyanın, talançı bir komandanın başında duran, Azərbaycanı irəli yox, geri çəkən bir komandaya rəhbərlik edən prezident İlham Əliyev nə Əvəz Zeynallının, nə də «Xural» qəzetinin dostu ola bilməz, ümumiyyətlə, «mətbuatın dostu» ola bilməz!» kimi reaksiyamdan sonra, sanki bir yerlərdən düyməyə basdılar.
Bu ölkədə məhkəmə cərimələri ödənmir…
Sürətlə bizə qarşı məhkəmə işləri bir-birinin ardınca gəlməyə başladı. Keçmiş məhkəmə işləri qaldırıldı, icraata yönəldildi. Mən məhkəmə və məhkəmə cərimələrindən qorxmuram, çünki bizi tanıyanlar yaxşı bilirlər ki, bizim məhkəmə təcrübəmiz zəngindir. Dəfələrlə olub ki, məhkəmələr cərimə kəsib və biz də onu ödəmək iqtidarında olmamışıq. Digər tərəfdən, Azərbaycan mətbuatında məhkəmənin kəsdiyi cərimələri mətbuatın ödəməsi kimi təcrübə yoxdur. Bu, həm də yazılmamış qanundur. Çünki hakimiyyətin özü də mətbuatın nə durumda olduğunu bizdən yaxşı bilir. Ona görə də bir neçə il keçir, məhkəmələrin kəsdiyi cərimələr yığılır və sonunda prezident bu cərimələri ya silir, ya da bağışlayır. Onsuz da mətbuatın bu cərimələri ödəməyəcəyini də bilirlər. Mətbuatın ödədiyi cərimələr də sonunadək getmir. İddiaçı tərəf bir-iki aydan sonra məhkəməyə bir kağız təqdim edir ki, biz öz aramızda razılaşdıq, məsələnin bağlanmasını istəyirik. Amma bizdə nə baş verdi? Nüşabə Ələsgərliyə 2007-ci ildən bizim 100 manat borcumuz qalmışdı. Onunla da bizim davamız ideoloji məsələ üstündə düşmüşdü. O, İlham və Fərizəyə, «30 İyun – Sevgililər Günü»nə dil uzatmışdı, əl uzatmışdı, onlara «sevgili» yox, «ər-arvad» demişdi və mən də buna etiraz əlaməti olaraq, fikrimi açıqlamışdım ki, Nüşabə Ələsgərli gənclərimiz arasında əxlaqsızlığı təbliğ edir, Azərbaycan gənclərini əxlaqsız bir istiqamətə yönləndirir. Yəni bu tipli şeylər 14 Fevral və 30 İyun ətrafında çox yaşanır. Mən hesab edirəm ki, Əvəz Zeynallının, «Xural» qəzetinin başına gətirilən bütün ümumi faciələrin dərin qatlarında yatan əsas amillərdən biri də 30 İyun məsələsidir. Biz türk milliyyətçisiyik. Biz Azərbaycanın türklərin olduğuna inanan bir kəsim və dava adamlarıyıq. Biz özümüzü türk hesab edirik və biz bu dəyərlərin türk dəyərləri üzərində qurulduğunu bilirik. Azərbaycanın məhz türk millətinin olduğuna qərar gətirmiş prinsipial bir nəslə aidik. Mən bizim başımıza gətirilən oyunlardan birinin də məhz o olduğunu güman edirəm.
Eyni millətin övladı öz soydaşına belə kinli münasibət bəsləməz…
Çünki bir millətin övladı, öz millətinin övladına bu cür kinli münasibət bəsləməz. Yalnız kənar bir millətin, düşmən bir millətin adamı, nümayəndəsi türk millətinin övladına belə kinli və qərəzli münasibət bəslə bilər. Mənim millətimin övladı mənə niyə belə münasibət bəsləsin ki? Biz bir-birimizə nədən bu qədər kinli münasibət bəsləməliyik ki?
Yəni bütün bu məsələlərin ardından bizim məhkəmə cərimələri anında birbaşa Ədliyyə naziri Fikrət Məmmədovun göstərişi və tapşırığı ilə araşdırılır  və icraata yönləndirilir. 4 il əvvəlki məhkəmə işləri qaldırılır və Nüşabə Ələsgərliyə olan 100 manat cəriməmiz, «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərova 3 nəfər ortaq şəkildə min manat  – «Xural» qəzeti, Əvəz Zeynallı və Kamal Hüseyn adlı kənar müəllifə kəsilən cərimə – adama 333 manat düşür – cəriməmiz dirildildi. Mən o zaman belə bu məsələnin bu qədər ciddi olduğunun fərqinə varmamışdım. Dostlar, tanışlar bu məsələyə qarışdılar, biz də onlara müraciət etdik. Maraqlı bir mənzərə ortaya çıxdı.. Həm Nüşabə Ələsgərliyə, həm də Ağabəy Əsgərova xəbərdarlıq edilib ki, əsla cərimələrdən imtina etməsinlər. Davamlı olaraq bu pulları tələb etsinlər. Bu məsələ məhkəməyə qədər davam etdi. Bizim üçün bu məbləği borc-xərc ödəmək problem deyil. 20 min manata nisbətən 100 manatı ödəmək imkanı daha rahatdır. Bizi 100 manat ödəyə bilmədiyimizə görə Nərimanov rayon məhkəməsi 3 min manat cərimələndirdi. 2007-ci ildə icraata yönəldilən 100 manatlıq cəriməni ödəyə bilmədiyimizə görə 2011-ci ildə 3 min manat cərimələndirdilər. Özü də bu iş o qədər sürətlə, o qədər ardıcıl həyata keçirildi ki, gözümüzü aça bilmədik. Artıq mayın ortalarıdır. Ağabəy Əsgərovun bütün borcunu borc-xərclə, dostlarn köməkliyi ilə ödədik – 660 manat… Ağabəy Əsgərovun burnundan gəlsin bu pul (Gülüş qopur…).
Azərbaycan xalqından üzr istəyəcəm…
Adamın özü də əməkdar jurnalistdir Allah qoymasa… «Azərbaycan» nəşriyyatını ölüm yerinə çevirən bu adam haqqında biz nə yazmışdıq ki? Jurnalistlər yaxşı bilirlər. Yazmışdıq ki, «Azərbaycan» nəşriyyatından tualet iyi gəlir – birinci mərtəbəsindən 9-cu mərtəbəsinə qədər bu gün də oradan tualet iyi gəlir. Bu adamlar nəşriyyatın hesabına milyonlarla manat pul qazanırlar, günü bu gün də, amma tualetini belə düzəltdirməyə əlləri gəlmir. Nəşriyyatda çörək sexi fəaliyyət göstərir, zərgərlik dükanı açılıb, mətbuatdan başqa bu nəşriyyatda insanın ağlına gələ biləcək bütün pisliklər həyata keçirilir. «Xural» qəzeti bu mövzunu dəfələrlə yazıb ki, «Azərbaycan» nəşriyyatının torpaq sahəsində şadlıq evi tikilir. Əvvəlcədən bunu faktlara əsaslanaraq yazmışıq da, sübut etmişik də. Bu gün həmin «Filiz» Şadlıq Evində toylar keçirilir. Şəxsən özüm bir yazı yazıb Azərbaycan xalqından üzr istəyəcəm ki, «biz «Azərbaycan» nəşriyyatından bu qədər əsaslı şeylər yazmağımıza baxmayaraq, yazdıqlarımızın 100 faizinin də öz təsdiqini tapmasına baxmayaraq, bütün bunları yazdığımız üçün hələ bizi məhkəməyə də verdilər və məhkəmənin kəsdiyi cərimələri də bizi boğa-boğa aldılar». Mən bu «Filiz» Şadlıq Evində toyda da olmuşam. Sanki toyda yox, yasda idim, çünki orada yaşayan insanların şikayətlərini dinləmişdik, etirazlarını qəbul edib, qanunsuz tikilinin həyata keçirilməsi haqqında yazılar yazmışdıq. Bunları cəzalandırmaq əvəzinə, bizə qarşı məhkəmə qarşısında iddia qaldırmışdılar ki, bu ərazidə tikili tikmirik, siz yalan yazırsınız, şərəf-ləyaqətimizə toxunursunuz. İndi isə orada həqiqətən də restoran tikilib. Yazdıqlarımız öz təsdiqini tapandan sonra belə üzərimizə qoyulan haqsız cəriməni bizi boğa-boğa aldılar. Bu gün də «Azərbaycan» nəşriyyatına məxsus torpaqlarda ev tikib satırlar.
Bu pulu onlara halal etmirik…
Həmin tikilən evlərdə yazmışdıq ki, Siyavuş Novruzov ev alacaq, həqiqətən də aldı. Yazmışdıq ki, Əli Həsənov alır buraları, həqiqətən də elə oldu. Qardaş, sizin şərəf-ləyaqətinizə toxunacaq nə yazmışıq ki, bizə Ağabəy Əsgərovun cəriməsini ödətdirdiniz? Biz də onlara bu pulu halal etmirik. Çünki bu pul azad mətbuatın haqqından kəsilən pul idi.
Nüşabə Ələsgərliyə də halal etmirik. Çünki bu pul milli dəyərlərimizə atılan çamura görə ödənilib. Bizim mübarizəmiz hər zaman ideoloji mübarizə olub. Ödədiyimiz pulların heç biri onlara halal deyil, çünki halallığını heç bir zaman verməyəcəyik. İndi də Ramiz Mehdiyevin 10 min manatı dövrəyə girib. Fevral ayında Ali Məhkəmənin qərarı qüvvəyə mindi. Ali Məhkəmənin qərarı gələndən sonra icranın sənədi gəlir. İcranın sənədi gələndən sonra da 10 gün vaxt verirlər. Bu vaxtı da vermədilər.
Mətbuatın «qara kağız»ları…
Qəribədir ki, bizə göndərilən bütün bəd xəbərli məktubları aldığımız tarixlər yadımdadır – bir neçəsini milli mətbuat günü – iyulun 22-də almışıq. İcraata yönləndirmək haqqında gələn məktubların hamısı bizim üçün müharibədə göndərilən «qara kağız» kimi bir şeydir. Ramiz Mehdiyevin «qara kağızı» da bizə Heydər Əliyevin ad günündə, mayın 10-da gəldi. Qanun bizə 10 gün müddətində vaxt tanıyır, həmin müddətdə biz şikayət verə bilərik. Lakin həmin məktubdan bir gün sonra, mayın 11-də, 12 və 13-də bir-birinin ardınca Nərimanov rayon məhkəməsinin icraçıları redaksiyaya gələrək, oradakı əmlakı siyahıya almağa başladılar. Bu hadisədən hamının xəbəri var, mətbuat da geniş işıqlandırıb. Adımıza olan nəsə tapmağa çalışırlar. Adımıza isə heç nə yoxdur bu ölkədə. Redaksiyamız yox, icarəyə götürmüşük, bilgisayarlarımız dostların hədiyyəsidir. Bu qədər…
Hər an hər şey ola bilər. Hətta mənim otağımdakı şəkilləri də siyahıya alıblar – Şah İsmayıl Xətainin, Mübariz İbrahimovun, Ramil Səfərovun şəkillərini… Əməkdaşımız Yasəmən Arif heydərəliyevçidir, H.Əliyevə sevgisi var və masasının üzərində H.Əliyevin, İlham Əlyievin və onların birlikdə şəkilləri var ki, onları da siyahıya aldılar. Maraqlıdır ki, həmin rəsmlərin və fotoların hamısı hərraca çıxarılacaq. Söhbət onların maddi dəyərindən getmir, ortada bir mənəviyyat məsələsi var. Məsələn, Kərəm Məmmədovun «Mən tarana gedirəm» adlı kitabı var, Oxucular üçün nəzərdə tutub redaksiyamıza gətirmişdi. Onların da hamısını siyahıya aldılar. Yəni artıq ortada mənəvi olan heç bir dəyər söz bunlar üçün mövzu bəhsi deyil. Ona görə də etiraz əlaməti olaraq müxtəlif aksiyalar keçirmək niyyətindəyik. Əvvəlcə «Xural» qəzetinin ilk səhifəsini ağ buraxmaqla bu aksiyaya başladıq. Beynəlxalq qurumların hamısına müraciətlər etdik. Məsləhətləşəcəyik. Ola bilsin, daha fəal aksiyalar keçirək.
Bütün bunlar o cür qəbul olunmasın ki, cərimələri ödəməkdən imtina edirik, yox. Biz əvvəlki cərimələrimizi ödəməklə sübut etdik ki, bundan imtina etmirik.  Həmin 10 min manatı da ödəyəcəyik. Buna görə bizə uyğun imkan tanınmalıdır. Əgər bu ölkədə minimum əmək haqqı 85 manatdırsa, əgər bizim işimiz könüllülük prinsipi üzərində qurulubsa, rəsmi olaraq heç bir yerdən gəlirimiz yoxdursa, 10 min manat cəriməni necə ödəyə bilərik?! Yəni qanunların tanıdığı bir şey var. Məhkəmə elə bir qətnamə çıxarmalıdır ki, biz onu ödəyə biləcək səviyyədə olaq. Çünki bizim ödəyəcəyimiz pul təkcə Ramiz Mehdiyevə deyil. Biz bir neçə yerə ödəniş aparırıq. Bütün bunlar da üst-üstə yığılanda bir müstəqil qəzet üçün bunu ödəmək çox ağır olur. Ona görə də məhkəmələr elə qətnamə çıxarmalıdır ki, ayda 20-25 manatdan çox olmayaraq bu pulu ödəyək. Əks təqdirdə, aksiyalarımız davam edəcək. Biz elə hesab edirik ki, bütün bu təpkilər azad mətbuata, azad sözə qarşıdır. Bu gün müstəqil mətbuatın əhatə dairəsinin məhdudlaşdırılması planı həyata keçirilir. Biz mövcud medianın içində azadlığın olduğu yeganə qəzetlərdən biriyik. Ona görə də mətbuatda olan heç kim bu tip məsələlərin ondan yan keçəcəyini sanmasın. Bu «qara xəbər», bu «qara kağız» bütün müstəqil qəzetlərə gələcək. Azərbaycan mətbuatı azad mətbuatın səngərlərindən çox geri çəkildi, zaman-zaman müəyyən səbəblərlən çox güzəştə getdilər. Mənim yaxşı yadımdadır ki, bizim qəzet redaktorlarının başının üstündən quş uçanda yer-göy bir-birinə dəyirdi. İndi belə redaktorlar çox azdır. Çox az qalmışıq. Ona görə də bütün aksiyaları həyata keçirməkdə qərarlıyıq. Aclıq aksiyası, mitinq, yürüş keçirmək, digər başqa bu tipli etiraz aksiyaları gündəmimizdədir. Təbii ki, qanunları çərçivəsində… Təbii ki, dinc şəkildə… Bütün mətbuatı səsimizə səs verməyə və azad sözü qorumağa çağırıram. Çox istərdim, Ramiz Mehdiyevin, ümumiyyətlə, Azərbaycan mümuriyyətinin qarşısından qaçmağa son qoyaq. Bu məmurlar korpusu hiss eləməlidir ki, Azərbaycanda mətbuat heç bir zaman susmayacaq, Azərbaycanda azad söz hər zaman deyiləcək və bu gün bir Əvəz Zeynallı gedərsə, onun yerinə 10 Əvəz Zeynallı gələcək. Biz Elmar Hüseynov hadisəsində də bunu gördük, elə Eynulla Fətullayev hadisəsindən sonra da bu baş verdi. Biz bu gün də bunun şahidiyik. Döyülən bir jurnalistin yerinə onlarla jurnalistlər çıxıb. Onlar dəfələrlə polisin hücumuna məruz qalıblar, amma yenə də azad söz uğrunda mübarizələrindən çəkinməyiblər. Bu bir ənənədir və bu gün də davam edir.
Əvəz Zeynallının çıxışından sonra sual-cavablar və digər çıxışlar başladı…
Davamı olacaq                                 Hazırladı: XuralTAC

Комментариев нет:

Отправить комментарий