Страницы

28.05.2011

Sevinc Telmanqızı: "Hələ 3D filmlərinə baxmamışam"

Bu dəfəki sorğumuz 3D filmləri haqqındadır. Hər bir yeniliyi daha çox gənclər həvəslə qarşılayırlar. Aşağıdakı sualları cavablandıran respondetlərimiz isə müxtəlif sahənin və yaşın sahibləridir.

1. 3D filmləri sizə necə təsir edir?

2. Retro filmlərimizlə yeni çəkilənləri müqayisə edəndə hansına üstünlük verirsiniz?

3. Ümumiyyətlə, sonuncu dəfə maraqla izlədiyiniz film hansı olub və onu sizə sevdirən nə olub? 



Gülər Mehdizadə 

"var.az" saytı 

1. 3D filmlərini xoşlayıram. Mənə əla təsir edir. Ürəkdə adrenalini artırır. Bu isə zərər deyil.Vaxt tapdıqca 3D filmlərini izləyirəm. Son vaxtlar isə 4D filmlərinə üstünlük verirəm. Axırıncı dəfə 2 ay öncə baxmışam 4D filminə. Məndən olsa, tez-tez gedib baxaram, amma vaxt olmur. 

2. Mənim üçün müasir və retro filmlərinin hərəsinin öz yeri var. Müqayisə olunmayacaq qədər.

3. Sonuncu dəfə, hardasa, 1 həftə öncə redaktorumuz işdən bir az tez çıxmışdı. Bundan istifadə edib qızlarla "Romantik komedi" filmini izlədik. Maraqlı idi. Adı kimi həm romantik, həm də gülməli idi. Bəyəndim. 


Elmir Mirzəyev 

Bəstəkar 

1. İstənilən texniki və bədii yenilikləri müsbət qarşılayıram. 

2. Bəzi səhnələri və deyimləri artıq arxetipə çevrilmiş bir neçə filmin ismini çəkə bilərdim: "Kəndlilər", "Lətif", "Uzaq sahillərdə", "Bir cənub şəhərində", "7 oğul istərəm" və s. 

3. Mənim üçün XX əsrə keçid dövründə üç vacib kəşf bəşəriyyətin simasını və tarixin gedişini tamamilə dəyişdi. Bunlar: Uçuş arzusu (təyyarə), görünməz əlaqə (radio) və əbədiyyət (kino) idi. Hər üçü çox vacibdir, lakin əbədiyyət arzusunun bəşəriyyət üçün nə demək olduğunu hamı anlar. 


Aysel Əlizadə 

Yazar 

1. 3D filimlərini izləmirəm. Kinoteatrda film izləməyi sevirəm, həm də yaxından yox. Film gözümə girməməlidir. Mən uzaqdan tamaşaçı kimi seyr etməkdən zövq alıram, iştirakçı kimi yox. 

2. Retro filmlərimizin hamısı yaxşı deyil. Məsələn, hamının o vaxt həyəcanla baxıb ağlaşdığı "Ögey Ana" ya mat qalıram. Elə iddialı ögey ana olar? İki gündür kəndə gəlib deyir ki, "İsmayıl mənə hökmən ana deməlidir. Özü də pafosla, hökmlə. 

O filmi rəhmətlik Ceyhun xilas edib. Ancaq sevdiyim filmlər də var: "Bəyin oğurlanmasi", "Dəli Kür", "7 oğul istərəm", "Axırıncı aşırım" və s. Son illər ləzzət aldığım filmlər Ayaz Salayevin "Yaramaz"ı və Vaqif Mustafayevin çəkdikləri olub. "Fransız" isə məni öldürür. Çox sevirəm bu filmi. 

3. Dünya kinosunda da sevdiyim filmlər var. Rejissor Reynin böyuk cazmen Rey Çarlz haqda çəkdiyi "Rey" filminə, Mel Gibsonun "Apokalipsis"nə sevə-sevə baxmışam. "Pianoçu" adlı bir film də var. Filmdə gəmidə yaşayan bir musiqiçinin vəhşi istedadından danışılır. Dəhşətli filmdir. Kitablar bizə nə verirsə, filmlər də onu verir. Hansı sənətdə həyat görünürsə, o maraqlıdır. 


Aynur Zərrintac 

Jurnalist 

1. 3D filmlərinə baxanda özümü filmin real iştirakçılarından biri kimi hiss edirəm. 

2. "Azərbacanfilm"in istehsalı olan retro filmlərdən "Şərikli çörək"ə daha çox üstünlük verirəm. Filmdə təsvir olunan həyat tərzi sanki bu günümüzün reallığıdır. 

3. Sonuncu dəfə baxdığım film isə 7 ölkədən 7 rejissorun çəkdiyi "Unudulmuş uşaqlar" filmidir. Film dunyanın 7 ölkəsində 7 problemi yaşayan uşaqların həyatından bəhs edir. Bu, savadsızlıq, SPİD, narkomaniya, yoxsulluqdur. Uşaqlarla işləməyə üstünlük verdiyim üçün bu film mənə problemli uşaq tiplərini tanıtdırdı. Azərbaycan telekanallarında film çəklişlərinin səviyyəsi sıfırdır. Bircə, sonuncu dəfə çəkilən "Aktrisa"nı çıxmaq şərtilə. 


Sevinc Telmanqızı 

"Yeni Musavat" qəzeti 

1. Bu, XXI əsr insanı üçün nə qədər minus sayılsa da, hələ 3D filmlərinə baxmamışam, daha doğrusu, baxmağa fürsət tapmamışam. 

2. 3D filmlərinə baxmadığım üçün, təbii ki, retro filmlərə üstünlük verirəm. Orada həyat daha təbii təsvir olunur. Şişirtmə, texnikanın hiylələrindən daha uzaq olur. 

3. Sonuncu dəfə Pedro Almadovarın "Anam haqqında hər şey" filminə baxmışam. Son bir həftəni onun filmlərinə baxmağa həsr edirəm. Onun filmləri bir-birini müəyyən detallarla xatırlatsa da, hər birində çox fərqli və maraqlı insan hekayələri var. "Anam haqqında hər şey" filmi isə cavan oğlunu bir qəzada itirən qadının ilginc hekayəsindən bəhs edir. Təbii olan hər şey maraq doğurur. Məni bu filmdə daha çox bu təbiilik özünə cəlb etdi. 


Oqtay Hacımusalı 

Publisist 

1. 3D filmlərindən bir şeyi anlaya bilmirəm. 

2. Bizdə Sovetler Birliyi dağıldıqdan sonra bütün sahələrdə olduğu kimi, kino sahəsində də böhran yaşandı. Mən "Azərbaycan filmi dirçəlməyə başlayıb" deyənlərlə razı deyiləm. Çünki bu gün çəkilən filmlərimizə baxanda düşünürəm ki, yəqin bunu çəkənlər film çəkmək xatirinə çəkib. Ya da bu gün hansısa xarici filmə baxdıqdan sonra ağıllarına gələni çəkiblər. O baxımdan daha çox Sovet dövründə çəkilən köhnə Bakı filimlərinə baxmağa üstünlük verirəm.

3. Ən son izlədiyim film isə türk filmi "İssiz adam"dır. Bu filmi dəfələrlə sevə-sevə izləmişəm. Nə bilim, bəlkə də filmdə ruhuma bağlı nələrisə tapdığım üçün bu qədər bağlandım ona. 


Eldəniz Elgün 

Jurnalist 

1. 3D süniliyin özüdür. Ona görə nifrət edirəm. 

2. Retro filmləri ilə müqayisədə üstünlüyü, əlbəttə, retro filmlərə verirəm. 

3. Sonuncu ciddi izlədiyim və ciddi yanlışlıq tapdığım isə "Möhtəşəm yüzyıl" oldu. 


Reyhan İsayeva 

Fotojurnalist 

1. 3D filmləri mənim üçün yalnız əyləncədir. 

2. Retro filmlərimizdən "Şərikli çörək", "Bəyin oğurlanması"nı sevirəm. Vaqif Mustafayevin filmlərini sevirəm - "Hər şey yaxşılığa doğru" və. s. 

3. Mən filmə çox baxıram. Bu yaxınlarda "Solyaris"ə baxdım. "Solyaris" (Tarkovski) filmini sevməyimə gəlincə, bu, anamın işidir. Yəqin ki, filmi mənə anam sevdirib.

Arzu Abdulla                    movqe.az

Комментариев нет:

Отправить комментарий