Страницы

26.05.2011

TİFLİSDƏKİ MİTİNQİN İÇİNDƏN REPORTAJ

“Dəyənək müxalifət qüvvələrinin əlindədir; 3 telekanal aksiyanı canlı yayımla göstərir”



Gürcüstanın paytaxtı Tiflis şəhərində müxalifətin təşkil etdiyi mitinq davam edir. Şəhər hakimiyyətinin kütləvi aksiya üçün ayırdığı vaxt başa çatsa da müxalifət qüvvələri dağılışmayıb. Bu barədə Tiflisə ezam olunmuş əməkdaşımız Tofiq Yaqublu məlumat verib.
T.Yaqublunun sözlərinə görə, Tamaz Kostava küçəsində toplaşan və əsasən eks-spiker Nino Burcanadzenin Demokratik Hərəkat-Vahid Gürcüstan Partiyasının tərəfdarlarından və Ağlar Partiyasının üzvlərindən ibarət olan etirazçıların sayı təxminən 1200 nəfərdir: “Buna baxmayaraq, onlar böyük haray-həşir yarada biliblər. Polis onlara müdaxilə etmir. Mitinqçilərin əlində dəyənəklər var. Hamısı döyüşə hazır vəziyyətdədir. Bununla belə, polis onlara dəyib-dolaşmır, sakitcə bir tərəfdə dayanıb gözləyirlər. Tiflis sakinindən aldığım məlumata görə, sona qədər belə olacaq. Çünki burada icazəli mitinq söhbəti yoxdur. İnsanlar istədikləri vaxt istədikləri yerdə istədikləri sürəklilikdə kütləvi aksiya keçirə bilərlər”.
T.Yaqublunun verdiyi xəbərə görə, Saakaşvili hakimiyyətinə qarşı etiraz mitinqinə çıxanlar nə qədər aqressiv olsalar da onlara qoşulmayan camaat o qədər təmkinlidir: “Burada xeyli sadə insanla söhbətləşdim. Hamısı deyir ki, Burcanadze Moskvanın sifarişini yerinə yetirir, Gürcüstanı qarışdırmaq istəyirlər. Açıq gözlə də görünür ki, burada müxalifətin elə də güclü dəstəyi yoxdur. Hazırda mitinqçilər Azadlıq meydanına doğru hərəkət edirlər. Maraqlıdır ki, Gürcüstanda fəaliyyət göstərən 3 telekanal aksiyanı xalqa canlı yayımla göstərir”.
T.Yaqublunun daha sonra musavat.com-a verdiyi xəbərə görə, dünən axşamüstünə doğru Tiflisdə aksiya keçirənlərin sayı artıb: “Təxminən 3-4 min nəfər olarlar və parlament binasının qarşısında toplaşıblar. Polislər küçə boyu maşınların hərəkətini dayandıraraq nümayişçilərin sərbəst hərəkətinə şərait yaratdı və onlar istədikləri yerdə maneəsiz toplaşdılar. Mən Nino Burcanadzedən aksiya üçün sanksiya alıb-almadıqlarını soruşdum. O, saymazyana şəkildə dedi ki, sanksiya biz özümüzük, istədiyimiz yerdə və istədiyimiz qədər etiraz aksiyası keçirə bilərik və keçirəcəyik”.
T.Yaqublu redaksiyaya göndərdiyi yazıda bunları da qeyd edir: “Mitinqçilərin əllərində gürcücə və ingiliscə ”Mişa, getməlisən", “Mişa, rahatlıqla get!”, “Biz demokratiya uğrunda mübarizə aparırıq”, “Gürcüstanda neobolşevizm hökm sürür” və bu tipli şüarlar var idi. Mitinqdən reportaj hazırlayan reportyorların sayı-hesabı isə yoxdur. Heç biri də əyninə xüsusi gödəkcə geyməyib. İrəvandan Samvel adlı bir qəzetçi-reportyorla tanış oldum. Mən Ağlar Partiyasının bir yetkilisi ilə söhbət edəndə bizə yaxınlaşmışdı. Həmin yetkili Saakaşvilini ölkəni neobolşevizm üsulları ilə idarə etdiyini, müxalifətə göz verib işıq vermədiyini deyirdi. Bizim gördüklərimiz isə başqa şey deyirdi... Ondan soruşdum ki, axı siz rahatca toplaşıb sözünüzü deyə bilirsiniz, televiziyalar birbaşa reportajlar yayımlayır. Həmin yetkili isə dedi ki, bu zahirən belədir, ancaq xüsusi xidmət orqanları mitinqə gələnlərə göz qoyur, onları evlərindən oğurlayırlar... Danışıb qurtarandan sonra İrəvandan olan Samvel yanıqlı-yanıqlı mənə dedi ki, kaş Ermənistanda müxalifətə bunun yarısı qədər şərait yaradaydılar, heç bir dərdimiz olmazdı. Onun dediyi fraza: “Mənə elə gəlir ki, Gürcüstan müxalifəti demokratiyanın yoxluğundan yox, bolluğundan əziyyət çəkir”.
Tribunaya yaxınlaşıb mitinqin təşkilatçıları ilə söhbət elədim. Məlum oldu ki, onlar mitinq üçün şəhər meriyasına müraciət ediblərmiş və razılaşdırıldığına görə dünən mitinqlər başa çatmalı imiş, ancaq müxalifət lideri xanım Burcanadze belə hesab edib ki, mitinqlər davam etməlidir, onlar meydandan çıxmamağa qərar veriblər. Lakin bundan ötrü meriyaya müraciət etməyi lazım bilməyiblər. Beləliklə, müxalifət bu gün (dünən-red.) Tiflisin lap mərkəzində razılaşdırılmamış (YAP-ın dili ilə “qanunsuz mitinq”) keçirirdi".
T.Yaqublunun dünən günün sonunda verdiyi xəbərdə deyilirdi ki, mitinqçilər axşam Azadlıq meydanına yürüş ediblər.
Müxbirimizin qonşu ölkədən hazırladığı özəl reportajları sabah dərc edəcəyik. Tiflisdən ən yeni və operativ xəbərləri isə musavat.com saytından oxuya bilərsiniz.
musavat.com

Комментариев нет:

Отправить комментарий