Страницы

31.05.2011

Yazarlar internetdən necə istifadə edirlər


Günümüzdə internet həyatımızın bir hissəsinə çevrilmişdir. Hətta, elə adamlar var ki, hər gün qlobal şəbəkəyə qoşulmasalar, özlərini elə bil “ac-susuz” kimi hiss edirlər. Necə ki, hər insan gün ərzində ərzaqla təmin olunmalıdır, artıq internet də onların beyni üçün ərzağa çevrilib. Azərbaycan insanının beynində xüsusilə feysbuk (facebook.com) istifadəçisi almaq dəb halını alıb. Onsuz da dünya üzrə 400 milyondan çox istifadəçisi olan feysbukun Azərbaycanda sayca çox istifadəçisi olan dördüncü sayt olduğu (mənbə: alexa.com) təəccüb doğurmur. Şəxsən mən elə insanlar tanıyıram ki, feysbukda “yatıb-durur”lar. İndi çox sevindirici haldır ki, Azərbaycan internet məkanı – “AzNet” deyilən məfhum yaranıb. Amma üzücü bir fakt da var ki, sahibi Gabrelyan (e-poçtu: gabrelyan@corp.mail.ru) olan mail.ru-dan təkcə Bakıdan 30 mindən artıq adam istifadə edir. Daha acınacaqlısı ondadır ki, bizim yazarlarımızın da bəziləri bu istifadəçilər arasındadır. Bəlkə də bu 30 minlik kütlənin hamısının gerçəkliydən xəbəri yordur. Əgər bilə-bilə yenə də öz bildiklərini edirlərsə, demək milli mənlikləri yoxdur.Nə isə... Yazarlar xalqımızın qaymaqları sayılır normal halda. Görək yazarlarımız necə istifadə edir internetdən. Bu məqsədlə bir neçə yazara müraciət etdik.
İlk olaraq Aqşin Yeniseyə yanaşdım. Həmişə maraqlı fikirləri ilə yadda qalan tanınmış yazar dedi ki: “Hamı necə, mən də elə. Ancaq bütün günü internetdə eşələnən adamlardan deyiləm. Özümə lazım olan informasiyanı əldə etmək, yaxud yaxın dostlarla əlaqə saxlamaq üçün bu xidmətdən istifadə edirəm. Ən çox işlə bağlı məsələlərə görə virtual məkanla get-gəlimiz olur. Ancaq buna da Əsəd Qaraqaplan imkan vermir. Nağıllardakı əjdaha çayın qabağını kəsdiyi kimi, Qaraqaplan da bütün günü iş yerindəki kompüteri qucaqlayıb o qız sənin, bu qız mənim partapart yazışır. Məsələn, hərdən Kafkanın atasının, yaxud Markesin anasının adını dəqiqləşdirmək lazım olur, Əsədi bütün müqəddəslərə and verirəm ki, tutalım, “Hüsniyyəylə” ikicə dəqiqəlik “ayrılsın”. Bu adam dünya ədəbiyyatından ömürlük ayrılmağa razıdır, ancaq Hüsniyyədən iki dəqiqəlik ayrılmağa “qarnı ağrıyır”. Ona görə iş yerində internet üzünə həsrətəm. Sözün açığı, mən real dünyada yaşamağı sevirəm, hətta bu çox ağır şərtlər altında olsa belə. Virtual dünyada Qaraqaplan kimi “hərəmxana” saxlamaqdansa, real dünyada tək-tənha yaşamaq daha maraqlıdır mənə.”
Son zamanların köşəyazanı Səlcuq Elçin internetdə ancaq saytlardan istifadə edir. Maraqlısı odur ki, görəsən, netdən istifadə edən başqa insanlar orda kartof əkir? ”İnternetdən, əsasən, saytlardan istifadə edirəm. Digərləri bekarı işlərdi. Hətta, facebook məndə xəstəlik yaradıb. Bir gün belə olsa oradan ayrıla bilmirəm. Bundan əlavə Doqquziklim.net, Edebiyyat.net, Azadlıq.org-a da mütəmadi olaraq baxıram. Yeni yazarları oxuyuram. Ayxanın yazdıqlarını oxumuram. Çünki, sər-səfeh yazır. Təbii ki, bu bir zarafat deyil.”
Gənc yazar Orxan Zaman isə: “Düzünü deyim,internetdə daha çox ədəbiyyat portallarını izləyirəm.Yeni yazarların publisistik yazılarını, poeziya nümunələrini, esseləri və başqa nəsr əsərlərini oxuyub onlara tənqidi və dostcasına münasibətimi bildirirəm. Öz yazılarımı da hərdən bəzi ədəbiyyat portallarının elektron ünvanına göndərirəm. Çap olunan yazım haqqında dostlarımın, tanıdıqlarımın, tanımadıqlarımın iradlarını, tənqidi fikirlərini diqqətlə nəzərdən keçirib nəticə çıxarmağa çalışıram. Bəzi internet portallarında isə adını eşidib yazıları ilə tanış olmadığım yazıçı, şair, filosofların yazıları ilə maraqlanıb oxuyuram. Öz şəxsi kitabxanamda olmayan kitabların isə elektron variantını tapıb oxumağa çalışıram. Bu qədər dediklərim.”
Yaxın günlərdə iki müsabiqədə iki ikinci yer tutan Ayxan: “Əvvəllər kompüterin yalnız cürbəcür oyunlardan ibarət olduğunu zənn edirdim. Həmyaşıdlarım məni internetlə tanış eləyəndə kompüter ekranında porno görüntülərlə üz-üzə qaldım. Düzü, əvvəl baxmağa cəsarətim çatmırdı, elə bil qorxurdum. Amma getdikcə alışdım və porno saytların izləyicilərindən birinə çevrildim. İnternetlə tanışlığım bu şəkildə yarandı və məni erotik saytlardan başqası heç cürə maraqlandırmırdı. Yəqin ki, başqa saytlara daxil olanda dostlarım tərəfindən gülüş obyektinə çevriləcəyim üçün elə porno saytlardaca “var-gəl” edirdim. Böyüyəndən sonra bu maraq məndən yavaş-yavaş sıyrılıb çıxdı. Həm də düşündüm ki, daha erotik saytlar da maraq vermir. İnsan nə qədər qorxu içində belə kadrlara baxar? Gərək yaşıdlarımdan fərqlənəydim. Bir az özümü ağır aparaydım. Hə, beləcə erotik saytlara bir dəfəlik əlvida dedim və tanışlıq saytlarına üz tutdum. Həyatda heç bir sevgilim olmamışdı. Amma virtual aləmdə bir fermaya sığışacaq qədər “sevgilim” olmuşdu. Özümü Məcnun, Fərhad-zad hesab eləyirdim. Amma bu heç düzgün şey deyil. Axı, hər kəsin yalnız bir sevgilisi olmalıdı. Bir də bu qızları görməmişdim və nəyin nəsi olduqları haqda xəbərim yox idi. Həm də belələrini bilmək olmaz, bir də gördün adamdan evlənmək üçün villa-zad istədilər. Çat qədər axmaq bir şey yoxdu, bunu sonradan anladım. “Virtual sevgililər”lə “virtual görüşlər” mənə heç nə vermədi. Hekayə yazmağa başlayanda ədəbiyyat portalları ilə yaxından əlaqə saxladım. Həm orda yazılarım çap olundu, həm də orda dərc olunan yazıları mütəmadi oxuya bildim. Bir sözlə, “virtual Don Juandan” “virtual qəhrəman”a çevrildim. Gözümü açanda gördüm ki, həyatdan daha çox internetdə tanınıram.”
Ədəbiyyat xəstəliyinə yenicə tutulan Ayaz Quliyev isə: "Mən iki dünyada yaşayıram. Arada tez-tez gah internetə gah işə gah da evə gedib gəlirəm. Düzünü deyim 5 ildir internet istifadəçisiyəm və Mail.RU-nun azərbaycan, bayrağına, xəritəsinə qarşı bu saytda yerləşdirilən propaqandalar daima məndə bu sayta qarşı nifrət oyadıb. Ancaq internetdə işləmə saatımın 85%-ni işğal edən Facebook xəstəliyinə artıq tutulmuşam. Dəfələrlə özümə və kompyuterimə facebook qadağasını qoysam belə, hər zaman bu fikrimdən vaz keçib yenidən facebook-a qayıtmışam. Axı Əsəd Qaraqaplan, Cəlil Cavanşir və digər yazar dostlarım ordadır, günüm onların yazdıqlarını oxumaq, yazdıqlarımı paylaşmaq, məcburən onlara mənim haqqımda yaxşı fikirlər yazmağa məcbur etmək, Cəlilin şerləri ilə qızları gipnoz edib, ta ki, qızın özü nömrəsini verənədək zəli olub qır-saqqız olmaq və bütün bunlar hamısı hər gün məni Face-də gözləyir. Ama onu da deyim ki, Səlcuq Elçin kimi mən qızlardan nömrə istəmirəm haaa...özləri verirlər. Əslində günümüzdə sosial şəbəkə saytları çox dəbdədir ki, ani qısa mesajlaşma imkanı olan və hazırda nə etdiyimizi yaza biləcəyimiz Twitter, Telefonla, kamera ilə hardasa çəkdiklərimizi paylaşmaq üçün vasitə olan YouTube, hər şeyimizi açıb tökmək imkanı verən Facebook kimi sosial şəbəkə saytları mövcuddur ki, bu saytlarda gün ərzində hər şeyimizi paylaşırıq. Ancaq bunun da bir partlayış nöqtəsi var və olacaq. Çünki bu cür xəstəlik və epidemiya kimi durmadan surətlə yayılan və günümüzü işğal edən sosial şəbəkə saytları artıq bizi internet xəstələrinə çevirib. Yadıma gəlir ki, 2 il bundan qabaq, hələ Facebook-da qeydiyyatım olmayan vaxtlarda, e-poçtlarımı yoxlayıb, bir neçə xəbərə göz atıb, köşə oxuyub internetdən ayrılırdım. Ancaq bu gün belə deyil. Bu gün kompyuterin qarşısında əyləşib Facebook-u açdıqda hər şey yaddan çıxır. Bircə şeyi də deyim ki, Facebook əslində mənim həm biznesim, həm yeni insanları tanımağımda səbəbkardır ki, real həyatda tapıb sözümü deyə bilmədiyim insaları harda olsa Face vasitəsilə tapıb ünsiyyətdə oluram. Bunun isə avantajı çoxdur. Son zamanlar bu qərara gəlmişəm ki, manyak kimi istifadə etdiyim internetdən əsas da facebook-dan ayrılım. Ya da ki, istifadə vaxtlarımı proqramlaşdırım. "
Adını gizlədib Ay Han olan Cəlil Cavanşir: İnternetlə tanışlığım çoxdan başlayıb, hardasa 21 yaşımdan. Ancaq heç vaxt virtual dostlarım, virtual sevgililərim olmayıb(son 3 ay istisnadır). Nədənsə son 3 ayda özümü internetə elə qapdırmışam ki, real həyatda baş verənlərlə çox az maraqlanıram. İndi virtualda dostlarım real həyatdakından çoxdur. Bütün bunlara baxmayaraq reallıqla yaşamağa borcluyam. Ona görədə gün ərzində 4-5 saatdan artıq internetə vaxt ayırmıram. Bu vaxt ərzində də kultaz.com saytındakı yeni yazılara baxır, doqquziklim.net saytına da yeni yazılar əlavə edirəm. İşarası virtualdakı “sevgilim”lə danışır, real dostlarımla, həmçinin üzünü belə görmədiyim virtual dostumla dərdləşirəm. facebook.com adlı saytda da az vaxt keçirmirəm. Mart ayı ərzində facebook.com-a 8-10 saat vaxt ayırırdımsa, artıq bu gün ərzində 1 saata enib. Ancaq internet vasitəsi ilə müasir dünya ədəbiyyatı ilə maraqlanmağım, ingilis dili öyrənmək cəhdlərim, alman dili bilgilərimi inkişaf etdirməyim, blog və sayt adminliyi ilə məşğul olmağım işin xeyirli tərəfi sayıla bilər. İnternetin faydalı tərəflərini dəyərləndirməyi üstün tuturam. Bu gün internet həyatımıza daxil olan çox vacib bir ünsürdür. Bir yazar kimi, virtual oxucularımın olması, virtual dostlarımın olması vacibdir. Real həyatda olduğu kimi, virtualda da sevgi işləri korlayır. İnanıram ki, internet ailə dağıda, dostluq yarada, sevgili tapa, qatilə çevrilə bilər. Həmyaşıdlarımın və yazar dostlarımın bu nəsnədən az dozada istifadə etməsini tövsiyyə edirəm. Hər halda çətin şərtlər altında olsa belə real həyatla addımlamağa dəyər.

Məcid Həsənli                     doqquziklim.net 


Комментариев нет:

Отправить комментарий