Страницы

26.05.2011

Yazıçılar Birliyinin sədri niyə müxalifətin yanında deyil? 

Ədəbi tənqidçi olsaydım, yəqin ki, yazını başqa cür başlayardım. Nə çoxdur Anar yaradıcılığında maraqlı, orijinal və yaddaqalan sitatlar. Məsələn, «Dantenin yubileyi»ndə «Bu gecə, bu qoca, bu ocaq» deyə bilməyən, amma həyatını aktyorluq sənətinə həsr etmiş Feyzulla Kəbirlinskidən və ya psixoloji səhnələrlə zəngin olan «Mən, sən, o və telefon» və ya «Gün keçdi» qəhrəmanlarından misal gətirər, davamında isə bu əsərlərdə yaradılmış həyat lövhələrini təhlil edərdim. Yazıçının bu əsərlərdə insan ömürlərinin şəklini çəkirmiş kimi, bizi həmin ömür sahibinin-qəhrəmanın yaşadığı günlərin, evin, işin, həyətin, həyatın-bir sözlə hər şeyin ortağı etməsindən yazardım.

Amma mən ədəbiyyat tənqidçisi deyiləm. Anarı da mənim təhlil obyektimə çevirən onun siyasi müzakirələrin obyekti olmasıdır. Bununla yanaşı, Anarın tənqid olunmasının arxasında sanki müxalifətin dayanması steorotipini dağıtmaq istərdim. Müxalifət mətbuatında çap olunmaq, müxalifətə yaxın olmaq və Anarı tənqid etmək və bəzən təhqirə keçmək müxalifət rəhbərliyindən qaynaqlana bilməz. Bu barədə bir az sonra...

Bununla belə yenə də gözəl yazıçının yaradıcılığına bir daha nəzər salmadan yazıya keçid edə bilmirəm və Azərbaycanın müasir ədəbiyyatına böyük hərflərlə yazılmalı olan Anar yaradıcılığının mahiyyəti barədə bir neçə cümlə qeyd etmək istəyirəm. Bilmirəm, bəlkə də bunları Anarın ədəbi yaradıcılığını təhlil edən başqa birisi deyib. Amma indi Anarın şəxsiyyətinin, onun ziyalılığının müzakirə obyektinə çevrilməsi nəticəsində az qala unudulan yaradıcılığı, əsərləri, pyesləri, hekayələri…nədənsə məni daha çox özünə cəlb edir.

Anarı xatırlayarəkən, bu yaradıcılıqda qırmızı xətt kimi keçən yazıçı ruhunu, həssas, insanpərvər yazıçı ürəyini görməmək mümkünsüzdür. «Mən, sən, o və telefon». Hekayə niyə bu qədər inandırıcıdır, halbuki süjet xətti məsələn, «Beşmərtəbəli binanın altıncı mərtəbəsində»ki kimi həyati deyil? Məhz ona görə ki, Anar dahi yazıçı müşahidəsi və diqqətcilliyi ilə obrazları özünün içindən keçirib sonra yazıb. Təsadüfi deyil ki, həmin əsər nəinki rus kinomatoqrafçılarının diqqətini cəlb edib, bu gün artıq Amerikada belə başqa adla plagiat olunur.

Bir neçə paraqraf yuxarıda “bu barədə bir az sonra...” demişdim...
Başlayaq.

Bir sözlə, yazını profilimə o qədər də uyğun olmayan belə bir girişlə başlamağım səbəbsiz deyil. Bununla Anarı tənqid etməyə girişmiş cəmiyyətimizin yadına onun yaradıcılığını salmaq istəyirəm. Bəlkə Azərbaycan ədəbiyyatında böyük bir hadisə sayılan, Azərbaycanı dünyaya təqdim edən yaradıcılığını dana bilərik?

Digər bir məsələ Anarın cəmiyyətdəki neqativ hallara qarşı səsini ucaltmaması məsələsidir. Burada da mənim yadıma Anarın hələ sovet dövründə yazdığı «Yaxşı padşahın nağılı» düşür. Elə bir dövrdə sovet rejimini ələ salmaq kimi bir cəsarətdə bulunmuş yazıçını indi cəsarətsizlikdə suçlamaq nə dərəcədə düzgündür? Deməli, problem Anarda deyil. Hər halda Anarda deyil. Bəs problem nədədir? Niyə Anar və onun simasında bir çox tanınmış, cəmiyyətdə çəkisi olan insanlar bu günkü rejimə qarşı mübarizədə etiraz sələrini uclatmırlar? Bəzilərinin arzuladığı kimi müxalifətin yanında deyil (müxaliftələ bir olmaq üçün də ödəlik götürməyib)? Əlbəttə, söhbət inkişaf etmiş ölkələrdən getsəydi, bu cür usallar ümumiyyətlə yersiz sayılardı. Lakin Azərbaycanda doğrudan vəziyyət bir qədər özəl və qəlizdir. Məsələ burasındadır ki, Azərbaycan son illər daha qəti şəkildə avtoritar rejimlərin mövcud olduğu siyahılarda yer almaqdadır. Bu ölkədə ən sıravi insandan başlayaraq hər bir vətəndaşın hüquqları qaba formada pozulmaqdadır. Belə ölkələrdə isə insanlar istər-istəməz siyasətə qarışmalı olurlar. Və adətən belə siyasi vəziyyət Anar kimi ictimai çəkili insanları, ziyalıları «yaxasından çəkib» diqqət mərkəzinə çıxarır. Onların bu «imtahandan» necə çıxacağı diqqətlə izlənilir. Bu nöqteyi-nəzərdən yanaşanda cəmiyyətimizin Anar kimi insanlardan umacağını anlaşıqlı qəbul etmək olar. Lakin məsələnin digər tərəfləri də var. Və bu tərəflərdən bəhs etməklə müxalifət düşərgəsində ciddi tənqidlə üzləşəcəyimi də əvvəlcədən göz altına alıram. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Anar və digər ziyalılarımız vəziyyətdən optimal və yaxın çıxış yolunu göstərən güclü siyasi qüvvəni meydanda görmürlər. Bu qüvvələr elə sıxışdırılıb ki, hətta on-on belə küçələrə yığışa bilmirlər. Yazıçı, şair qəlbu ümmandır, onlara meydanlar, böyük meydanlar lazımdır.

Bir xatırlatma: 2003-cü ilin president seçkilərindən bir neçə ay sonra ünlü şairimiz Bəxtiyar Vahabzadənin sözü yadıma düşür. Demişdi ki, evdə otura bilmədim və mən də Azadlıq meydanına gəldim. Bu sözlərdə bütün Azərabycan ziyalılarının ürək döyüntüsü gizlənib.

İqtidar müxalifətin gücünü əlindən almaq və potensilanı açmağa imkan verməmək üçün onu hərtərəfli məngənəyə salıb. Milyonlar küçədə olarsa, Anar da milyonların içində olacaq. Amma, doğrusu müxalifət də bu gün missiya götürməyib ki, yüz minləri küçəyə çıxarsın. Ölkəni iflic vəziyyətə salsın. Onlar ölkədə səsial ədalətin bərpasını istəyirlər, fundamental azadlıqların bərpasını istəyirlər, insanların azad və firavan yaşamasını arzulayırlar. Bu tələblər yerinə yetirilərsə, nə küçə mübarizəsinə ehtiyac qalar, nə də qalaq-qalaq tənqidi yazılara….

Biz Anara bizim yanımızda ol tələbini verə bilmərik. O zaman aydındır ki, deməliyik ki, bizim yox, get xalqın yanında ol! Amma, xalq da bir məhfumdur. 9 milyonluq xalqın hamısının yanında ola bilməz Anar. O, xalqın təmsilçilərinin yanında olmalıdır. Xalqı isə təmsil etməkdə müxalifət olaraq iddialıyıq. Biz Anar kimi ziyalılardan xalqla iqtidar arasında körpü rolunu oynamasını xahiş edə bilərik. Bu nə ola bilər?

Düçnücəmə görə, ortaya konkret və yaxın hədəfləri göstərən proqram qoyub onu həyata keçirilməsinə bu cür ziyalıları inadırmaq gərəkdir, onlarla bilavasitə işləmək əvəzinə bu cür insanları tənqid etməyə, onlardan əllərində olan imtiyazlardan, imtiyazları olmasa da, sakit, normal yayşayışlarından imtina etməyə çağırmaq nə dərəcədə düzgündür? Bəlkə, yaxşı olar ki... Qoy onların imtiyazları qalsın, sözləri eşidilsin və ictimai rəyə də təsir edə bilsinlər! Onlara imtiyazlarından əl çəkmək əvəzində nəyi təklif edə bilərik? Bu gün, çətindir nəsə təklif etmək, amma zamanı gələn zaman, xalqın istəyinə qarşı çıxarsa... O zaman başqa məsələ. Hələ ki, bu sual açıq olaraq qalır.

Ziyalıların mövqeyindəki təlatümlər, həm də Azərbaycanın siyasi arenasında siyasi ideologiya sarıdan ciddi boşluğun olmasıdır. İqtidar formalaşdırdığı «əndrabadi» ideologiya ilə beyinləri kütləşdirdiyi bir vaxtda müxalifət olaraq bunun qarşısını ala bilmək üçün hansı ideologiyanı təbliğ edirik?

Bu gün həsədlə baxdığımız Avropa cəmiyyətləri necə inkişaf edib və edir? Necə irəli gedib bu cəmiyyətlər? Bu ölkələrdə cəmiyətin fəal, lokomotiv hissəsi müəyyən siyasi ideologiyaları qəbul etməklə təmsil olunduqları cəmiyyətin məhz bu əsaslarla idarə olunacağı təqdirdə daha xoşbəxt olacağına inanırlar. Sovet dövründə işlədilən mənada deyil, sivil mənada bu ideologiya uğrunda mübarizə aparırlar. Beləliklə, cəmiyyətin hər bir hissəsi, fəaliyyət göstərir, inkişaf edir, ölkənin idarə olunmasında bu və ya digər formada öz sözünü deyir və sairə.

Yeri gəlmişkən, yüz illik demokratik inkişaf tarixi olan ABŞ-da demokratların hakimiyyətə gəlişindən sonra dünya düzənində müşahidə olunan ciddi dəyişiklik, dünyada demokratiyanın sözdə deyil, əməldə müdafiə olunması bu cür ölkələrdə siyasi firqələrin adlarında daşıdıqları mahiyyətə, qarşılarına qoyduqları ideologiyaya həqiqətən xidmət etdiklərinin sübutu sayıla bilər.

Azərbaycanda belə deyil. Bunun səbəbləri sırasında müxalifətin tam suçsuz olmasını da söyləmək istəməzdim. Amma, əsas suçlu kimi ölkəyə cavabdehlik daşıyan və öhdəliklər götürən iqtidarı görürəm. Və nə qədər ki vəziyyət belədir, istər Anar olsun, istərsə də başqa bir ziyalı, ondan «Don Kixot»luq tələb etmək vəziyyəti gərginləşdirməkdən başqa heç nəyə xidmət etməyəcək.

Cəmiyyətin bu qədər mürəkkəb siyasi vəziyətə gəlib çıxmasında Anar kimi ziyalıların susması ilə, öz günahlarımızı da tərəziyə qoysaq, tarazlığın kimin xeyrinə pozula bidəcəyini hələ heç kim deyə bilməz. Ona görə də, zənnimcə qarşılıqlı ittihamlara rəvac verməkdənsə, qarşılıqlı anlaşmaya meylli olmalıyıq. Başa düşməliyik ki, Anar kimi imtiyazların üzünə açıq olduğu insanların sadə həyat tərzi keçirməsi, əlini korrupsiyaya, maxinasiyalara, digər iyrəncliklərə bulaşdırmaması özü böyük bir iradə, cəsarət və etiraz, həm də ziyalılıq deməkdir. Bu günkü hakimiyyətin bir üzvünə çevrilmədən təvazökar həyat tərzi keçirməyində davam edən Anar susmağı və bu dəstəyə qoşulmamağı ilə etiraz edir. Amma, vurğulamaq istərdim ki, bü gün Azərbaycanda həmişəkindən daha çox ziyalı sözünə ehtiyac var! Anar əsərlərində bu sözünü desə də, xalqımızın kitab oxumaq problemi olduğunu, daha oxuyan xalq olmadığını nəzərə alaraq müsahibələrində də sözünü desə, daha çox insana çatmış olar. Bu isə Anar müəllimin artıq öz işidir. Məsləhət vermək bizim işimiz deyil.

Son söz: Müxalifət olmaq, hər kəsi və hər şeyi tənqid etmək deyildir bizim üçün. Bunu müxalifətə sırımaq istəyənlər yanılırlar. Müxalifətin başında dayanan liderlər də dəyərli ziyalılardır. Bir sıra sıravi üzvlərin, və müxaifət fikir daşıyıcıları olan və üzvlərimiz olmayan bəzi idarə olunmazların söylədikləri isə müxalifətin mövqeyi deyil...

Razi Nurullayev

Комментариев нет:

Отправить комментарий