Страницы

30.06.2011

“Alman dəftəri” – 5

Bəşəriyyətin gözəl yarısı haqqında – tarixi fiqurlar

Leni Riefenstahl və Marlene Dietrich
XX əsr dünya kinematoqrafının parlaq ulduzları Marlene Dietrich (1901-1992) və Leni Riefenstahl (1902-2003) – alman kinosunun yaratdığı iki kult fiqur çox dərin və ifadəli bir qarşıdurma idi. Dünya incəsənət tarixində möhtəşəm bir iz qoymuş bu iki Frau, yalnız film çəkilişi meydançalarında, estetik dünyagörüşündə, rejissor yatağı uğrunda amansız rəqabətdə deyil, sarsıdıcı ideoloji mübarizə və yüz milyonların indiyədək görünməmiş bir azğınlıqla apardığı savaş simfoniyasının müşaiyəti altında, müdhiş bir tarix səhnəsində əks səngərlərdə üz-üzə gəldilər.
Marlene – əsrarəngiz gözəllik, qarşısıalınmaz pardaqlı şəhvət, sonsuz azadlıq və günahlar içində boğulan arzuların ilhamvericisi, yeni seksuallıq rəmzi – fəlakətli “mavi mələk”di.
Leni – qədim german saqalarından çıxmış, Vahalladan Odinin əmri ilə tarixin təkərlərini döndərmək üçün yerə enmiş əfsanəvi varlıq, idealistik aləmlərin yaradıcısı, cazibəsi qarşısında dirənişin mümkünsüz olduğu qəddarlıq həddinə yaxın “soyuq” gözəlliyin mücəssiməsi, sonralar haqqında deyildiyi kimi “Ein weibliches Monster” (dlimizdə təxmini “dişi monstr” kimi çevrilə bilər) – canlı “valkiriya”.
Marlene 1932-dən sonra artıq tamamilə dəyişilən Almaniyadan köçüb getmişdi. Müharibə zamanı almanların əleyhinə mübarizə aparan general Charles de Gaulle cəbhəsində vuruşan məşhur fransız akryoru Jean Gabenin rəfiqəsi olaraq, ayağı bir də alman torpağına Amerika ordusunun tərkibində, 1944-də dəymişdi. Müharibədən sonra bir daha buraya geri dönməmiş, yalnız 60-larda vətənə səfərində “xain” kimi bir qızcığaz tərəfindən Bonnda sifətinə tüpürülmüşdü. Lakin Marlene satqın deyildi, o nasistlərə həqiqətən də dərin nifrət bəsləyirdi, ona Goebbels tərəfindən edilmiş bütün təklifləri ikrahla rədd etdikdən sonra, Amerikanın müharibəyə qoşulduğu andan ordu qarşısında çıxışlar edərək onları düşmənlə – almalarla(!) – mübarizəyə ruhlandırırdı. Dünya kinosunun tarixində rəmzə çevrilmiş “Der blaue Engel” (“Mavi Mələk” filmi, 1930, rejissor Josef von Sternberg, baş rolda Marlene Dietrich), milyonlarla pərəstişkarının bütü olan Marlene bir daha Almaniyaya geri dönə bilmədi, uzun və parlaq həyatını Parisdə tənhalıqda başa vurdu.
Leni isə tam əksinə, 45-in baharında amerikalılara əsir düşənə qədər nasistlərin yaratdığı, ona yaradıcılıq üçün böyük səhnə vermiş bu müdhiş quruluşa bütün istedadı və tükənməz enerjisi ilə xidmət etdi. Boyca hündür olmayan, lakin sonsuz cazibəli bu qadının cəmiyyətdə yalnız peyda olması, maskulin dominanta üzərində qurulmuş nasional-sosialist quruluşunun bərqərarı üçün az qala bütün Avropanı fəth edə bilmiş, üç kontinent və okeanlarda müstəsna qəddarlıqla mübarizə aparan generalları belə ayağa qalxmağa məcbur edirdi. Sanki Wagner misteriyalarının əfsanəvi varlıqlarının bu canlı mücəssiməsi, nasional-sosialist incəsənətinin rəmzi Leni 45-ci ilin mayında həbs edilərək, denasifikasiya proseslərində üç dəfə məhkəmədə edilən ittihamlardan qurtaranadək neçə ilini Münhendəki həbsxanada, sonra isə cəmiyyətin qəddar təpkisi altında, faktiki toplum dışında və tənhalıqda keçirdi.
Uzun ömrünün sonunda, 2001-ci ildə Peterburqdakı kino festivalında peyda olarkən yenidən alqışlara qərq olmuş bu yaşlı xanım heyrətini gizlədə bilmirdi: postsovet ölkələri üçün politkorrekt anlayışının ümumiyyətlə mövcud olmadığını haradan biləydi ki? Dünyanın istənilən nöqtəsində kino cəmiyyətindən öz keçmişinə görə tamamilə təcrid olunmuş Leni üçün bu yəqin ki, son “Triumph des Willens” (“İradənin zəfəri” flimi, 1934, rejissor Leni Riefenstahl) idi. O zaman Peterburqda yaşayan həmyerlimiz, xanım Riefenstahl üçün təşkil edilmiş mətbuat konfransında iştirak etmiş Ülvi Mehti nəql edirdi ki, onun müəllimi, yəhudi mənşəli kinoşünas Mixail Trofimenkov bu canlı kino bütünün əllərini belə öpməyə hazır idi. Doğrudan da sənət heç bir sərhəd tanımırmış!
Bu iki xanınmın qarşıdurmasını incəsənət tarixində ən mənalı bir duel kimi qiymətləndirmək olar.
Lakin təəssüflə qeyd etməliyik ki, alman xanımları tarixə yalnız sənətdəki uğurları ilə yox, gözəl cinsin müstəsna qəddarlığı rəmzi kimi də yazılmışlar. Tarixdə belə qəddarlığın nümunələrinə çox çətin rast gəlmək olar –  II Dünya Müharibəsi zamanı ölüm düşərgələrində və hətta SS-də (yardımçı kimi, qadınların bu təşkilata birbaşa daxili qadağan idi) xidmət edən bu xanımların arasında Ravensbrück və Auschwitz düşərgələrində insanları hədsiz işgəncələrlə öldürən Irma Grese (“Ölüm mələyi” ləqəbli bu qadın seksual maniya xarakteri almış cinayətlərinə görə ingilislər tərəfindən 1945-də əsir alınaraq asılmışdı); Buchenwald və Maydanek ölüm düşərgələrindəki komendant Karl Kochun xanımı Ilse Koch (məhkumlara qarşı sadist davranışları səbəbindən “Buchenwald ifritəsi” adı verilmiş bu qadın hətta almanlar tərəfindən belə hərəkətlərinə görə cərimələnmişdi); Ravensbrück düşərgəsində canlı insanlar üzərində tibbi eksperimentlər aparan və Nürnberq məhkəməsində həkimlər arasındakı yeganə qadın Herta Oberheuser və bir çox başqaları buna misal ola bilər.
Bunlardan başqa “Hitler olmayan Almaniyada yaşamağın mümkünsüzlüyünü” deyərək, həyatının yalnız sonuncu günü müttəfiqlər tərəfindən məhv edilmiş Berlinin qalıqları altındakı bunkerdə ərinə çevrilmiş müstəbidlə ömrünü intiharla bitirən Eva Braun, və ya qədim yunan əfsanəsinin qəhrəmanı Medeya kimi uşaqlarını öz əlləri ilə qətlə yetirdiyini Nasional-sosializm olmadıqda həyatın mənasızlığın”da əsaslandıran Magda Goebbels kimi misallar tarixdə birmənalı olmayan bir iz buraxıb.
Təssüf ki, XX əsr qəddarlıda cinslər arasında fərq tanımırdı…
  
         Elmir Mirzəyev                          ardı var…

Комментариев нет:

Отправить комментарий