Страницы

03.06.2011

Aslanın erkəyi, dişisi olmaz: bəs vətənin keşiyində duran əsgərin necə?


Azərbaycan ordusunda "zərif" əsgərlər

Müharibə şəraitində olan bir dövlətin hər şeydən öncə vətəndaşlarının sədaqətinə, sevgisinə və fədakarlığına ehtiyacı var. Vətən anadır, o övladlarını seçmir. Hərdən nankorluq edən övlad isə vətən üçün kəsilməyən barmaqdır. İstər qadın olsun, istər kişi, vətənimiz üçün hamısı övladdır. Doğulan hər övlad isə bir əsgərdir...

Qadınlar nə vaxt əsgər oldu?


Dövrümüzdə qadınların məcburi hərbi xitmətə çağırılması ilə bağlı kifayət qədər danışılır. Orduda qadının önəmi həmişə müzakirə edilən bir mövzu olub. Düzdür, qadının hərbi borcunu yerinə yetirdiyi ordular var. Amma bir çox önəmli döyüşlərdən uzaq tutulan qadın əsgərlər kişilər qədər peşəkar hesab edilmir.

Alimlər hesab edir ki, kişi beyni qadın beyninə nisbətən daha çox inkişaf edib və buna görə də döyüşlərdə qadınların təhlükəni fərq etməsi və reaksiya verməsi kişilərə nisbətən daha ləng olur. Eyni zamanda, kişilərin fiziki cəhətdən daha güclü olması da səbəb göstərilir və gərəkərsə əlbəyaxa döyüş anında qadınların gərəkli qüvvəni göstərə bilməməsi sübut gətirilir.

Azərbaycan ordusunda "zərif" əsgərlər

Araşdırmalarımıza görə, zərif və gözəl cinsin nümayəndələrinin əsgərlik tarixi 4000 il öncəyə qədər gedib çatır. Qədimdən bəri qadınlar orduda bir çox vəzifələrdə qulluq ediblər. Şanlı tariximizə yazılan türk qadınlarının zəfər çaldığı nə qədər döyüş var.

Ərəblərin Azərbaycana təcavüzü zamanı Muğanda kişilərin döyüşlərdə məhv olmasından sonra sabahı günü son hücuma hazırlaşan ərəb ordusu qarşısında böyük bir ordu görmüşdü. Bu qədər kişinin qalmadığını düşünən ərəblər heyrətə gəlmişdi, yalnız döyüş başladıqdan sonra qarşı tərəfin tam olaraq qadınlardan olduğunu fərq etmişdilər. Yaxın tariximizə nəzər salsaq, Qarabağ döyüşündə xeyli qadın döyüşçülərin olduğunu görərik.

Qadın əsgərlər - həm ön cəbhədə, həm də arxada..

Azərbaycan ordusunda "zərif" əsgərlər

Bəzi dövrlərdə qadının hərbi peşəkarlığına gərək duyulsa da, müəyyən dönəmlərdə zərif cinsin əsgərlik etməsi qadağan edilib. Amma bu gün qadın hərbçilərin sayı kifayət qədərdir.

İngiltərə ordusunun 9 faizi, Nepal ordusunun isə 40 faizi qadın döyüşçülərdir. Dünya ölkələri arasında yalnız İsraildə qadınlar üçün hərbi xidmət məcburidir. Bu ölkədə qadınlar 20 yaşda əsgər aparılır. Kişilərin 3 il hərbi xidmət etdiyi bu ölkədə qadınlar məcburi 2 il hərbi xidmətdə olur. Müsəlman ölkələri arasında isə ən çox qadın İran ordusundadır. Ukrayna ordusu da qadın əsgərlərin sayına görə dünyada qabaqcıl yerlərdən birini tutur.  Bu ölkənin ordusunda 50 min qadın əsgər var.

Dünya ordularında qadınların böyük qismi əsasən, arxa cəbhə təminatı və qərargah işlərində çalışırlar. Yalnız İsrail, ABŞ, Rusiya, Çin, Şimali Koreya və Böyük Britaniya ordusunda qadınlar bilavasitə döyüş tapşırıqlarında iştirak edə bilirlər.

Azərbaycan ordusunda "zərif" əsgərlər

Sovetlər dönəmində Böyük Vətən Müharibəsi zamanı qadın əsgərlərin sayı isə 800 mini keçirdi. Bu qadın əsgərlərin 70 faizi döyüş bölgəsində, səngərdə düşmənlə üzbəüz olub. Əvvəlki illərlə müqayisədə əhali artımında bir durğunluq yaranan Türkiyədə isə gələcəkdə orduda qadınlara da ehtiyac duyulacağı gözlənilir. ABŞ prezidenti bu yaxınlarda çıxışlarının birində bu məsələyə münasibət bildirdi və qadınlar ön cəbhədə xidmət etməsinin mümkünlüyünü vurğuladı.

Ekspertlər isə hesab edir ki, istənilən qadın 2-3 aylıq hazırlıq kursu ilə hərbi xidmətə həm fiziki, həm də mənəvi cəhətdən hazır olar. Hazırda qadınlar ümumilikdə bir çox orduda xidmət etsələr də bir çox döyüşlər zamanı ön cəbhədə döyüşmələrinə izin verilmir. Ona görə də, əksər qadın hərbçilər orduda səhiyyə, xilasetmə, rabitə və bu kimi sahələrdə xidmət edir.

Azərbaycan ordusunda “zərif” əsgərlər
 

Azərbaycan ordusunda "zərif" əsgərlər

Azərbaycanın Müdafiə Nazirliyində, Daxili Qoşunlarda, Sərhəd Qoşunlarında, Xüsusi Dövlət Mühafizə Xidmətində, Mülki Müdafiə Qoşunlarında və digər hərbi təşkilatlarda zərif cinsin nümayəndələrinə rast gəlmək olur. Qeyri-rəsmi məlumatlara görə, bizim ölkədə qadınların hərbi çəkisi 3 faizdir.

Azərbaycan Silahlı Qüvvələrində qadınların kütləvi xidmətlərini bəzi amillər məhdudlaşdırır. Sosioloq Sevil Qarayeva bunu ilk olaraq mentalitetlə bağlayır: “Hesab edirəm ki, bizdə kişilər qadınlardan bir addım öndə ona görə durur ki, təhlükəni birinci qarşılasın və zərif cinsi qorusun. İkinci səbəb qanunvericilikdə bu barədə müddəanın olmamasıdır. Üçüncü və bir qədər vacib arqument isə hərbçi qadınlara hərbidə və cəmiyyətdə bir qədər kinayə ilə baxılmasıdır”.

Düzdür, milli mentalitet gender bərabərliyini bir qədər “ört-basdır” edir, amma bu o demək deyil ki, bizim qadınlar orduda xidmət etməyib. 1991-1994-cü illərdə 500-dən artıq qadın müxtəlif hərbi hissələrin tərkibində cəbhədə döyüşüb. O zaman ayrıca qadın batalyonu da yaradılmışdı.

Keçmiş hərbçi: “Erməni kimi düşməni olan ordu qadınları əsgər çağırmasa yaxşıdır”

Azərbaycan ordusunda "zərif" əsgərlər

Qadınların döyüşdə icazə verilməməsinin səbəbi zərif cinsin nümayəndəsinin güclü cinsə nisbətən daha az fiziki imkanlara malik olması, əlbəyaxa və ağır iziki güc tələb edən işlərdə zəif olmasıdır. Belə ki, qadınların skelet quruluşunun kişilərə nisbətən daha seyrək olduğundan qırılmaq, zədələnmək ehtimalı daha çoxdur.

Keçmiş hərbçi, indiki təqaüdçü Arifə Qazıyeva deyir ki, qadınlardan hərbidə pilot və ya dənizaltı döyüşçü qüvvəsi kimi yararlanması daha məqsədəuyğundur. Çünki kişilərə nisbətən qadın daha təmiz ciyərlərə sahibdir və hava çatışmazlığını az hiss edir:

“Başqa bir səbəb isə orduda qadın və kişi əsgərlər arasında yaxınlıq əmələ gəlmə ehtimalıdır. Daha dəqiq desək, kişi əsgərlərin qadınlar, qadın əsgərlərin isə kişilərə biganə qalmamaq ehtimalı var və bu da döyüş gücünün və marağının azalması baxımından yolverilməzdir.”

Azərbaycan ordusunda "zərif" əsgərlər
  
Qadın döyüşçülərin əsir düşəcəyi təqdirdə işgəncəyə məruz qalması ehtimalının olduğunu deyən hərbçi fiziki baxımdan daha dözümlü olan kişilərin bu səbəbdən daha yaxşı döyüşçü olduğunu hesab edir:

“Özəlliklə qeyd etmək istəyirəm ki, düşmən tərəf ermənidirsə, bu, daha da çətinləşir. Döyüş anında əsir götürülmüş qadın hərbçinin zorlanmaya məcbur qalması ehtimalı da var. Bu kimi səbəbləri nəzərə alan sivil dövlətlər orduya könüllü əsgər olmaq istəyən qadınlara bu arqumentləri bir-bir anladır. Bundan sonra qadın yenə əsgər olmaq istəyində israrlı olursa, özünə cavabdeh olduğu və bu qərarının məsuliyyətini özü daşıdığına dair bildiriş yazır”.

Feministlər: “Qadınlar əsgər çağırılsa, yayınmaq üçün xaricə qaçmaz”


Bu gün qadınlara cəbhədə xidmətinə rəsmi icazə verən verən ölkələr Yeni Zellandiya, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, Norveç, İsrail və İsveçrədir. İngiltərədə qadınlar hərbi xidmətdə daha çox topçu kimi hazırlanır, ABŞ-da hərbi xidmətə gedən  qadınlar döyüş pilotu olaraq yetişdirilir. Amma əksəriyyət dövlətlər qadının əsgər getmək məcburiyyətinin olmadığı qənaətindədir.

Azərbaycan ordusunda "zərif" əsgərlər
  
Feministlər hesab edir ki, qadınların ordudan uzaq tutulması cinsi ayrı-seçkilikçiliyin son həddidir. Qadınların bu ampluada da qəbul edilmədiyini bildirən müdafiəçilər əsgərliyin qadının ən təbii haqqı olduğunu düşünürlər. Qadağaları da onunla əsaslandırırlar ki, əks cinsin nüayəndələri qadın uğuruna dözə bilmədiyindən bu cür qərarların qəbuluna imkan vermir. İnsafən, feministlər bu mövzuda haqlıdırlar. Qadınların döyüş sahəsində qazandığı uğurlara dair tarixdə olduqca çox nümunə var.

Feminist Aynur İmranova deyir ki, qadının hərbçi, əsgər ola biləcəyini deyəndə çox kişinin istehsa ilə gülümsədiyini görür:
 “Hesab edirəm ki, qadın aramızdakı bir çox “kişi”dən daha yaxşı əsgər ola bilər. Hər halda əsgərlikdən qaçaraq Rusiyada alver edən gənclər qızlar deyil. Lazım gələrsə, bütün qadınlar əsgər ola bilər, bizim buna gücümüz çatar. Mənim əsgər, hərbçi, kəşfiyyatçı o qədər qadın tanışım var ki...”

Aynur Qurbanqızı isə deyir ki, orduda xidmət etmək ilk öncə hər bir vətəndaşın vətən borcu deməkdi: “Qadın da, kişi də vətənin övladıdırsa, niyə bu borcu yalnız kişilər yerinə yetirməlidir? Qadınlar da kifayət qədər güclüdür və problemsiz vətənə xidmət edə bilərlər.

Problem o zaman ola bilər ki, orduda qadınlara qarşı seksual tələb və digər diskriminasiya və zorakılıq halları baş versin. Amma bizim ordumuzda  bu mümkün deyil, bizim kişilər bütün qadınları ana-bacı kimi dəyərləndirir, ordudakı qadınlara da öz namusları kimi qoruyacaqlarına əminəm. Düşünürəm ki, müharibə şəraitində olan ölkəmizdə tərkibində qadınların da olduğu ordunun olması pis olmazdı”.

Psixoloqlar: “Qadın zərifdir, zəif deyil”

Qadınların döyüş bölgəsində olmasına icazə verilməməsi onların psixoloji cəhətdən davam gətirməyə biləcəyi ilə əsaslandırılır. Amma bir qədər öncə qeyd etdiyimiz kimi, Böyük Vətən müharibəsində Sovet ordusunda 800 min qadın hərbçi olub və onların hamısı da olmasa böyük qismi ön xətdə döyüşüb. Nə qədər faciə yaşayıb, nə qədər dəhşət görüb.

İran ordusunda qadın əsgərlərə daha çox üstünlük verilir, bunun səbəbi də qadınların daha yaxşı atıcılıq qabiliyyətinin olmasıdır. Bu orduda qadınlar daha çox snayper olur. Digər ölkələrin ordusunda da  qadın snayperlərə çox rast gəlinir.

Psixoloqlar deyir ki, qadının zərif cinsdən olması onun zəif olması demək deyil. Əksinə, elə qadınlar var ki, bəzi kişilərdən daha dözümlüdürlər.  Psixoloq Aydın Əsədov deyir ki, qadına zəiflik damğasını yapışdıranlar məhz kişilərdir: “Hər gün bir kişiyə onlarla insan “zəifsən” desə, o da zəif olacaq, çünki qadınları bu cür sözlərlə zorla zəif olmağa məhkum edirlər. Psixoloji basqı fiziki cəhətdən ən güclü kişini belə zəif edə bilər”.

Psixoloq hesab edir ki, qadınların öz potensialını göstərmələri üçün güvənə ehtiyacları var: “ Bir qədər güvən və azacıq inamla onlar nəyə qadir olduqlarını göstərə bilərlər. Orduda da xidmət edə bilərlər, ən ağır işlərdə də işləyə bilərlər. Kosmonavt, pilot olan qadın torpaqda vətənini qorumağı bacarmayacaqmı?”

Azərbaycan ordusunda "zərif" əsgərlər

Xanımlar nə deyir?

Jurnalist Əsanə Ələsgərli deyir ki, son vaxtlar xanımların snayper kurslarına yazılması bu mövzu üçün ən vacib nümunə ola bilər: “Düşünürəm ki, Azərbaycan qızından əsgər də, zabit də general da olar. Snayper Ziba Qəniyeva və onun uğurları buna nümunə ola bilər.

İsrail Ordusunda qadınlar da oğlanlar kimi hərbi xidmət keçir və məcburidir. Yəni ölkə gender bərabərliyinə riayət edərək hər iki cinsdən olan vətəndaşlara bərabər yanaşır. Ölkəmizin 20% torpaqlarının işğal altında olmasını və müharibənin hələ sona çatmadığını nəzərə alsaq görərik ki, Azərbaycanda da oğlanlarla yanaşı qızların da hərbi hazırlığının yüksəldilməsinə, silahla davranmaq bacarığının aşılanmasına çox ehtiyac var.”

Vətənpərvər xanım deyir ki, çox istərdi ki, könüllü olaraq qızların hərbi xidmət məsələsi qanunvericilikdə öz əksini tapsın: 
“Mən qızların könüllü olaraq xidmətinin tərəfdarıyam. Əgər buna ən yüksək səviyyədə şərait yaradılarsa, sevinərəm. Onlar potensial hazırlıqlı əsgər və tibb bacıları olaraq yetişməlidir”.

Azərbaycan ordusunda "zərif" əsgərlər


Həmkarım Şəhla Feyruzbəyli ilə söhbətimiz əsnasında bu barədə nə düşündüyünü soruşdum, tarixdəki Azərbaycan qadınlarının şücaətindən danışdı uzun-uzun, sonra da ümumiləşdirdi fikirlərini: “Azərbaycan qadını vətənə orduya getmədən də xidmət edir. Ordudakı minlərlə əsgəri qadın dünyaya gətirib. Bizim qadınlarımızın qanı və mübariz ruhu ilə qidalanan əsgərlər başqa heç bir orduda yoxdur.  Hesab edirəm ki, qadından mükəmməl əsgər olar və olur da. Müharibə olacaqsa, vətəni qorumağa mən də gedəcəyəm və mənim kimi yüzlərlə türk qadını da”.

Məmməd Arazın məhşur şeirindən iki misra düşür yadıma:  “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”. Zərif cinsin nümayəndələri isə deyir ki, vətən oğul-qız  ayırımı etmir, önəmli olan vətənə əsgər ola bilməkdir...

Azərbaycan ordusunda "zərif" əsgərlər
Lalə Mehralı                                                                                                                                                     Milli.az 

Комментариев нет:

Отправить комментарий