Страницы

17.06.2011

Ayxan Eyvaz:Sillə


Orxan Zamana

 Gözündən yuxu tökülürdü. Oturduğu stula yayxanmışdı. Göz qapaqları ağır-ağır açılıb-örtülürdü. Dünən gecə yata bilməmişdi. Həmişəki kimi evdəkiləri yatdızdırdıqdan sonra televizorun qabağını kəsdirmişdi. Evləri beş otaqlı idi. O, televizorda porno filmlərə baxarkən, digər otaqda ata-anası fıssafıs yatırdı. Arada bir otağın içərisindəkilərin oyanacaqlarından ehtiyatlanıb televizorun səsini alırdı. Amma bilirdi ki, atası işdən evə yorğun-arğın dönür, çörək yeyəndən sonra bir stəkan arağı başına çəkir, sonra da başını atıb yatırdı.Anasının deməyinə görə atası mühüm vəzifədə çalışırdı. Firuz isə atasının böyük adam olmasını qonum-qonşunun, bir də müəllimlərin ona yaltaqlanmasından bilirdi.
 Porno filmdəkilərdən danışmaq yersizdi.Çox fisqırıq şeylərdi.Filmin nə vaxt bitdiyini xatırlamırdı.Əlində televizorun pultu ağzıüstə düşüb divanda yuxuya getmişdi. Səhər də gözünü ovub yerindən qalxmış, televizoru söndürüb, dünən gecə burda baş verənlərdən atasının xəbər tutmamasından sevinmişdi.Kişi onun belə iş tutduğunu bilsə bunun necə bitəcəyini heç təsəvvür də edə bilmirdi.
 Yazı taxtasına yanakı şəkildə durub səhərdən bəri dərsi danışan müəllimin arı vızıltısını xatırladan səsi bir andaca xırp kəsildi.Barmaqlarına təbaşir tozu bulaşmış müəllim son dəfə sinifə nəzər yetirdikdən sonra əlini-əlinə çırpıb masasının arxasına keçdi. Bayaqdan əlində tutduğu təbaşiri də elə masanın üstünə qoydu.Yavaş-yavaş eynəyini burnundan sürüşdürüb çıxartdı. Gözlərindən yorğunluq yağırdı. Dərs başlayandan bu dəqiqəyə qədər dayanmadan danışmış, təbaşirlə lövhəyə nələr isə yazmışdı. Riyaziyyat müəllimi balaca boy, eynəkli, qara saçlı bir kişi idi. Məktəbdə bir ilə yaxın idi ki, çalışırdı. Burda riyaziyyat dərsi demək üçün nə qədər pul tökmüşüdü, bunu bir özü, bir də Allah bilirdi. Bircə dəfə də dərs keçməyi ötürməmişdi. Hətta bir dəfə möhkəm qızdırmalı vəziyyətdə sinif qapısından içəri girəndə uşaqlar çox təəccüblənmişdilər. Onun xəstə olduğunu biləndə təxmin etmişdilər ki, yəqin, müəllim gəlməyəcək. Onda uşaqlar fikirləşmişdilər ki, həmin boş dərsdə məktəbin aşağısındakı parka gedib bir az gəzişsinlər. Amma istəkləri boğazlarında qalmışdı.
 Partasının arxasında oturub yuxuya getmiş Firuzu müəllim görməmişdi. Heç müəllim uşaqlara tərəf baxmırdı. Eləcə əlini çənəsinin altına qoyub gözünü lövhənin yanındakı qapıya dikmişdi. Yəqin zəngin vurulmasını və ordan çıxıb gedəcəyini düşünürdü. Başı dəhşət dərəcədə ağrıyırdı. Səhər arvadının deyintisi ilə oyanmışdı. Tez-tələsik əynini geyinən kimi özünü dayanacağa yetirmişdi. Qapını çırpanda arvadının deyintisi də kəsilmişdi. Arvadının isə bir sözü beynində dolaşırdı: “Bu müəllimlikdə nə tapıbsan, e...?”. Bu söz ona çox təsir etsə də arvadla mübahisə etməyi sevmədiyindən eləcə başını sallamaqla kifayətlənmişdi.Sonra da müəllimlər otağı, üzü-gözü yassar boyalı müəlimələr və onların arasındakı təkəm-seyrək gözə dəyən kişi müəllimlər, salam-kəlam, dərsin başlandığını bildirən zəng səsi və köhnə hamam-köhnə tas, çevir tatı, vur tatı.Dərs danışanda başı saat kimi dəqiq işləyirdi.Amma daha uşaqların şuluqluğuna hirislənib özündən çıxması-zad qalmamışdı.Əksinə uşaqlar səs salmayanda darıxırdı.
 İndi masasının arxasında sakitcə oturub düşünürdü. Sinif isə uşaqların cır səsi ilə dolmuşdu. Kimi astadan zümzümə edir, kimi danışır, kimi şit-şit hərəkət edirdi. Amma bunun heç birini müəllim görmürdü. Fikri başqa yerdə idi. Dərsi danışıb masasının arxasındakı stula çökdüyü bu vaxtacan elə əli çənəsində, gözləri qapıya dikilmiş şəkildə nəsə düşünürdü. “Qız məktəbə gələcək. Sən gedəndən sonra. Onu götür, apar nə istiyir al. Mənim bu gün işim var...” Arvadının dediyi bu sözləri xatırladı. Bayaqdan düşündüklərini bir an içində xatırlamağa çalışdı. Ancaq nə elədisə, iki saniyə əvvəl beynindən keçdiyi sözləri yadına sala bilmədi. Köynəyinin qolunu geri edib saatına baxdı. Əqrəblər on biri göstərirdi. “Qız dərs qurtaran kimi gələcək”—deyə düşündü. Sonra bir daha saatına baxıb dirsəyini masaya söykədi. Heç belə şeylərlə-paltar-zad almaqla arası yox idi. Qızının xassiyyətini də bilirdi. Hansı paltarı göstərsən ağız büzəcək, yaxşısını alana qədər bazarın hər yerini bitdə-bitdə atasına gəzdirmədən əl çəkməyəcəkdi. Yaxşı ki, bu dərsdən sonra başqa sinifə girməyəcəkdi. Hazırlıq dərsləri də keçmirdi.
 Firuz zəng vurulan kimi gözlərini yavaş-yavaş araladı. Müəllimin iri addımlarla qapıya sarı getdiyini gördü. Qapı örtüləndə müəllim: “Sağ olun”—dedi, sonra dəhlizdən onun ayaq səsləri o biri səslərə qarışıb itdi. Firuz oturduğu yerdən durdu. Bu gün  dostu  Yusif dərsə gəlməmişdi. Onun isə Yusifdən başqa dostu olmadığından digər uşaqlarla ünsiyyətdən qaçardı. Elə uşaqlar da Firuzdan xoşları gəlməzdi. Onu tərbiyəsiz, siqaret çəkən, pis-pis filmlərə baxan, yoldan ötən  qızlara  sataşan biri kimi tanıyırdılar. Görünür Firuzun da bundan xəbəri vardı. Amma üzə vurmurdu.Bu uşaqların  çoxunun ana uşağı olduqlarını, hər şeyi evdəkilərin ovcuna qoyduğunu bildiyindən onlara canı qızmırdı.Həmişə də özündən böyük uşaqlarla oturub-durmağa üstünlük verirdi.
Dəhlizə çıxanda yalandan sevmək adı ilə oyuncağa çevirdiyi qızı gördü. Amma bu dəfə qız ona tərəf baxmadı. Düz çevrilib arxasına baxmadan pillələri endi. Firuz nəsə mızıldanıb mərtəbənin başından qızın pillələrlə endiyini seyr etdi. Cibini eşələdi. Siqaret qutusu həmişəki yerdə--şalvarının sol cibində idi. Bir siqaret götürüb damağına qoydu. Alışqanı yandırmağı ilə siqaretdən qullab almağı bir oldu. Ağız dolusu havaya püskürdüyü siqaret tüstüsü dəhlizin yuxarısında balaca buludlar kimi düzüldü. Sonra ətrafı tütün iyi bürüdü.
Zəng içəri vuruldu. Adəti idi dərsə həmişə gec girərdi. Müəllimlər də onun dərsə gecikməsinə heç nə deməzdilər. Çünki rübün sonunda ataları onlara xeyli pul verib, müəllimləri susdururdu. Artıq müəllimlər də buna adət eləmişdilər. Bir də durduqları yerdə işə düşmək istəmirdilər. Firuzun hərəkətlərini özləri dedikləri kimi “yola verirdilər” ki, başları ağrımasın.
Dəhlizin o başında qırmızı koftalı, qara yubkalı bir qızın ona sarı gəldiyini gördü. O, sarışın, saçı qumraldı.Ona görə də hamıdan fərqlənirdi.Qız düz ona sarı gəlib qarşısında dayandı:
- Bağışlayın, Ziya müəllim hardadı?--deyib mavi gözlərini ona zillədi.
Firuz qızın gözlərinə baxanda çaşdı.Elə bil qız bəbəyinin arxasından ona gülümsünürdü. Bir an qızı başdan-ayağa, ayaqdan-başa süzdü.Sonra:
- Aşağıda müəllimələr otağında olmalıdı.—dedi.
- Çox sağ olun. - Qız dabanı üstə fırlanıb döndü.
  Firuz irəli keçib onun qarşısını kəsdi :
- Bağışlayın, sizinlə tanış olmaq olarmı?—deyə soruşdu.
- Yox, olmaz...—Qız sakitcə cavab verdi.
- Az, səni elə...—Firuz ağzına gələni qızın üzünə çırpdı.
Qız bu sözdən başqaları tək əsib-coşub göz yaşı tökərək şivənlik eləmədən  Firuzun yanından uzaqlaşdı. Amma sonra pilləkənlərdən hıçqırtı səsləri gəlməyə başladı. Deyəsən, qız ağlayırdı. Firuz isə bunları eşitsə də heç nə olmamış kimi cibindən bir dənə də siqaret çıxardıb damağına qoydu. Ləzzətlə püfüldətməyə başladı.
Ziya müəllim müəllimlər otağında sakitcə oturub düşünürdü. Otaqda ondan başqa heç kim yox idi.Qızının bu saatlarda gələcəyini bilirdi. Amma hələ ki, qızı gəlməmişdi. Masanın üstündəki su dolu qabı özünə tərəf irəli çəkdi. Ağzına qədər stəkanı doldurub başına çəkdi. Elə bu vaxt qapı qəfildən açıldı.Bayaq yuxarıda Firuzla danışan qız ağlaya-ağlaya içəri girdi. Müəllim qızını tanıdı. Yerindən durub onun çiyinlərindən tutdu.
- Niyə ağlıyırsan, Jalə?—deyə təəccüblə qızının yaşarmış gözlərinə baxdı.
- Ata, yuxarıda bir oğlan mənə pis sözlər dedi.—Qızın göz yaşları çənəsindən aşağı süzülürdü.
Ziya müəllim heç nə demədən qapını çırpıb getdi. Bir göz qırpımında pilləri qalxıb ən son mərtəbəyə çatdı. Dəhlizdə Firuzun divara söykənib siqaret püfüldətdiyini gördü.
- Oğraş oğlu, oğraş!—Müəllim bunu deyib Firuzun üzərinə yeridi. Firuz siqaretini püfüldətməkdə idi. Heç Ziya müəllim tərəfə baxmırdı da, elə bil söz ona yox, divara deyilirdi.
Müəllim Firuzun yanına çatanda heç nə demədən əlini havaya qaldırıb ona güclü bir sillə ilişdirdi. Ani zərbədən Firuz yerə yıxıldı. Yarıyacan çəkdiyi siqaret damağından düşdü. Sonra dəhlizi Ziya Müəllimin boğuq səsi bürüdü. İki nəfərdən savayı heç kimin olmadığı dəhliz bu sözlərdən sonra müəllimlər və şagirdlərlə doldu. Hamı həyacanla hadisəni izləyir, bir-biri ilə pıçıldaşırdılar. Gözlərində eynək olan müəllimlər, balaca boylu, yuxarı sinif uşaqları, hətta Firuzun sinif yoldaşları da gözlərini bir nöqtəyə--Ziya müəllimlə, Firuzun olduğu yerə zilləmişdilər. Müəllimin qızı da ağlaya-ağlaya onlar olan yerə gəlmişdi. Ziya müəllim ağzına gələni Firuzun üzünə deyir, ətrafdakılar isə sakitcə onlara baxırdılar.
Müəllimlərlə, şagirdlərin sıx olduğu yerə--Ziya müəllimin Firuzu söydüyü yerə direktorun gəlişini heç kim gözləmirdi. Hamının gözlərindən direktorun hardan gəlib çıxdığını öyrənmək oxunurdu. Görəsən, burda olan hadisəni kim belə tələsik direktorun ovcuna qoymuşdu?
Direktor səsini qaldıra-qaldıra dəhlizə yığışanlara təpindi. Yavaş-yavaş hamı dağılışmağa başladı. Sonra direktor Ziya müəllimin qoluna girib onu özünə sarı çəkdi. Firuz isə yerindən qalxıb qızarmış üzünü tuta-tuta sinifinə doğru irəliləməyə başladı. Sinifdən içəri girəndə direktorla Ziya müəllimin nə danışdığını eşidə bilmədi.Amma öz içində Ziya müəllimi asıb-kəsəcəyini düşünürdü. Onu bu məktəbdən atmaq Firuzun atası üçün bir içimlik su idi.

***
Üç gün sonra Firuzun atasının məktəbə gəldiyini, direktorla görüşdüyünü bütün məktəb, o cümlədən Ziya müəllim də gördü. Dünən direktorla danışdığı sözləri xatırlamağa çalışdı. “Onun atası bilirsən necə varlıdı? Başın xarabdı, sənin? Səni də, məni də məktəbdən rədd eləyə biləcək gücü var”. Direktorun sözləri ox kimi kürəyinin bu ucundan batıb, o ucundan eşiyə çıxırdı. Ziya müəllim onda hirsli olduğu üçün direktora başını sallayıb: “Heç nə olmaz”—desə də indi başını daşdan-daşa vurmağı gəlirdi.
Direktorla, Firuzun atası otaqdan çıxan kimi Ziya müəllimə tərəf gəldilər. Firuzun atası barmağını sallayaraq:
--O uşağı vurdunuz, gedin indi işiniz dalınca...—dedi.
--Oğlunuzun mənim qızıma nələr dediyini bilsəniz belə danışmazdınız.—Ziya müəllim bu sözü deyəndə artıq Firuzun atası məktəbin qapısından bayıra çıxmışdı. Direktor da onun ardınca özünü yetirmişdi.Pəncərədən çölə baxanda Ziya müəllim Firuzun atasının qara, uzun maşına mindiyini gördü.Maşın məktəbin binasından arlaşanada direktor təzədən qapıdan içəri girib Ziya müəllimi bir kənara çəkdi.Sakitcə:
--Ziya məllim, çox əziyyətiniz keçib bu məktəbə. Amma bu oğraş yamandı. Ərizənizi yazıb çıxsanız yaxşıdı.Yoxsa bu əl çəkməyəcək.Özü də dəvə kimi kinli adamdı.İstədiyinə çatmasa yaxamızdan əl çəkməyəcək—dedi.
Ziya müəllim dinməzcə durmuşdu.Direktorun nəyin nəsi olduğunu bilirdi. Özündən böyüklərin qabağında yaltaq, özündən kiçiklərinsə qarşısında əzazil idi. Direktor ondan səs çıxmadığını görüb qanlı-qanlı onu təpədən-dırnağacan süzdü, sonra da kinli-kinli fısıldayaraq  öz kabinetinə sarı getdi.
Axı o neyləmişdi? O işdən çıxsa acından ölərdi.Təzədən iş axtarmaq, kimlərəsə ağız açmaq, fikirləşəndə başından duman çıxırdı.Bu mərdiməzar oğlu, mərdiməzar gərək elə onun qarşısına çıxaydı.Hələ direktora bir bax!Onu qoyub o pullu adamın tərəfini tutur.”İşdən getsəniz yaxşıdı”.Bu söz hər dəfə onun başına isti şiş kimi sancılırdı.Bəs onun balaları nə olsun? Görünür direktorun Ziya müəllimə heç yazığı gəlməmişdi. O, ağır-ağır direktorun otağına sarı addımladı. Ərizəsini yazıb otaqdan çıxdı. Bir il burda işlədiyinə görə müəllimlərlə dostluq əlaqəsi yox idi. Bir də ki, əslində heç elə də dostu yox idi. Ona görə də heç kimlə vidalaşmadan məktəbin qapısını aralayıb eşiyə çıxdı. Bayıra çıxanda bir siqaret yandırıb damağına qoydu. Hava bir az soyuq idi.Paltosunun düymələrini bir-bir bağlayıb ağır addımlarla məktəbdən uzaqlaşarkən Firuzu gördü. Bir an içərisində istədi ki, uşağı ordaca boğub öldürsün, amma “lənət şeytana” deyib uşağın yanından keçdi. Dayanacağa çatanda Firuzun sifəti gözünün qabağına gəldi. Uşağa sillə vurduğu yer qızarmışdı. Avtobusa minəndə beynində yalnız bir sual ilişib qalmışdı: ”İşdən çıxarıldığını eşidəndə arvadı nə deyəcək?”

Комментариев нет:

Отправить комментарий