Страницы

30.06.2011

“AZƏRBAYCANDA YAZI ALICISI TAPMAQ ÇƏTİNDİR”


    “Azadliq” radiosunun əməkdaşı Səadət Akifqızı ilə müsahibə
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olan Səadət Akifqızı hələ tələbəlik illərindən fəal jurnalist kimi çalışır. “Rezonans”, “Yeni Müsavat”, “Avropa” qəzetlərində çalışıb. 2002-ci ildən “Azadlıq” radiosunda işləyir.
Son vaxtlar “Mənzil səfaləti”, “Onun arabası var”, “İşsiz-gücsüz peşə məktəbləri” araşdırmaları müxtəlif müsabiqələrin mükafatını qazanıb. Musabiqə laureatı kimi Londonda təşkil edilən jurnalist araşdırması məktəbinə göndərilib.
“Duza qoyulmuş milyonlar” adlı yeni araşdırması Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun “İctimai vəsaitlərin araşdırılması” müsabiqəsinin qaliblərindən olub.
- Səadət xanım, söhbətə sizin Londonda keçdiyiniz təlimlərdən başlamaq istərdik. Bildiyimizə görə, sizə orda təlim keçən jurnalistlərdən biri indi bütün dünyanın tanıdığı Julian Assanj olub. Bu tədbirə qatılana qədər Assanj haqqında məlumatlı idinizmi? O sizə nədən danışırdı?
- “WikiLeaks” saytının adını eşitmişdim, ABŞ hərbçilərinin Əfqanıstanda mülki şəxslərə güllə atması kadrlarını görmüşdüm. Bu kadrları “WikiLeaks” yaymışdı. Cənab Assanj bu kadrları seminarda da nümayiş etdirdi. Korrupsiyadan, qalmaqallardan, bu cinayətkarlığı dayandırmaq üçün müxtəlif vasitələrdən danışdı. Onun fikrincə, bu vasitələr azad mətbuata xidmət edir. Dedi ki, “WikiLeaks” saytının məqsədi dünya siyasətindəki ədalətsizliyə qarşı mübarizə aparmaqdır. Ona çoxlu suallar oldu, amma Julian gülüb dedi ki, artıq seminar iştirakçıları ondan müsahibə götürməyə çalışır, o, seminara gəlib, müsahibəyə yox.
- Biz Azərbaycanda araşdırma jurnalistikasının zəif inkişaf etdiyi haqqında rəylər eşidirik. Araşdırmalar üzrə ixtisaslaşan xarici jurnalistlərlə görüşlərinizdə nəyi müşahidə etdiniz: xaricdə jurnalistlər ən çox nəyi araşdırırlar?
- Əvvəlcə Azərbaycanda araşdırma jurnalistikasının zəif inkişafı ilə bağlı rəyləri formalaşdıran mühitə toxunum. Düzü, bu barədə saatlarla danışmaq olar. Araşdırma jurnalistikasının kökündə həm də qeyri-rəsmi mənbə ilə jurnalist arasında münasibətlər durur. Daha doğrusu, qeyri-rəsmi mənbənin məlumatları... Jurnalistin işi də bu qeyri-rəsmi mənbənin söylədiklərinin izi ilə gedib faktlar, sübutlar toplamaqdır. Yəni fərziyyələr əsasında yazı yazmaq beynəlxalq jurnalistika prinsiplərinə birmənalı ziddir. Amma bizdə elə bu baş verir və sonra da məlumat təsdiqlənməyəndə “qeyri-rəsmi mənbəmiz indiyə kimi bizə düzgün məlumat verdiyindən onun bu informasiyasını da düzgün saymışdıq” kimi təkzib oxuyuruq.
Araşdırma iş tələb edir, maliyyə tələb edir, amma bizdə jurnalistlərin canını tənbəllik basır: gündəlik xəbərlər, “günəmuzd” mövzular... Araşdırma vaxt tələb edir, redaktorlar isə jurnalistlərə bu vaxtı qıymırlar, çünki izinə düşülən fərziyyənin təsdiqlənməmək ehtimalı da var.
Ancaq mən Londondakı yay məktəbində fərqli bir mənzərə gördüm. Üçgünlük kurs pullu idi, təxminən 600 manata. Dünyanın 20-dən çox ölkəsindən yüzdən çox jurnalist bu pulu ödəyib gəlmişdi ki, araşdırma jurnalistikası barədə peşəkarlardan eşitsinlər.
Deyəsən, sualdan uzaq düşdüm. Xaricdə jurnalistlər üçün ictimaiyyəti maraqlandıran hər bir məsələ aktualdır, məsələn, trenerlərdən Ben Coldcrenin “Bad science” (“Pis elm”) araşdırma kitabı ilin bestselleri olubmuş. Bu araşdırmada müəllif tibb sahəsində cürbəcur dərmanlar, müalicə prosedurları uydurmuş həkimləri ifşa edir...
Hindistandan olan trener cənab Sainazın diqqətini cəlb edib ki, intihar edənlər arasında fermerlerin sayı çoxdur və bu statistikanı doğuran səbəbləri araşdırıb. “Sky News”dan reportyor Roddi Mansflayd bizə internetdə azyaşlı qızlarla tanış olan və onlarla intim münasibətə can atan yaşlı bir kişini necə izləmələrindən, yalançı adla özlərini azyaşlı kimi tanıdıb onu görüşə çağırmalarından, gizli kamera ilə çəkiliş aparmalarından danışdı. Roddi seminara gizli kamera quraşdırılmış o qədər əşya gətirmişdi ki, bilmirdin hansına diqqət edəsən.
Paul Moreyra Əfqanıstanda korrupsiya izləri ilə bağlı apardığı videoaraşdırmanı bizə təqdim etdi. Yəni bizdən fərqli olaraq onlar fərziyyələri olduğu kimi yazmırlar, fərziyyələrin ardınca gedirlər. Onları hər şey maraqlandırır: kriminal statistikadan tutmuş hökumət xərclərinə qədər...
- Son vaxtlar araşdırmalara daha çox yer ayırmanıza səbəb nədir?
- Mən araşdırmanı həm sevirəm, həm də düzünü deyim, hərdən ondan bezirəm. Sevgi hissləri daha çox işin sonunda özünü biruzə verir, əvvəl-əvvəl isə əlin işə yatmır. Çünki fərziyyəni təsdiqləmək üçün sənə açar lazımdır, ya da deyək ki, açarın var, amma hansı qapınındır? 40 yox, 40 min qapı var və sənin bu açarı hər birinin üzərində sınamağa vaxtın yoxdur. Sən isə elə hey axtarırsan... Yorulursan, bezirsən, amma bu hiss jurnalist azarına güc gələ bilmir, sən axtarırsan... Birdən tale üzünə gülür: sən kələfin ucunu tapırsan...
Hər dəfə araşdırmanın başlanğıncında özümə söz verirəm ki, bir də bu işə qol qoymayacam. Amma hardasa eşitdiyim bir cəlbedici fərziyyə bu sözvermələri elə unutdurur ki... Yadıma gəlir, on-on iki il öncə AzTV-nin fəaliyyətinin hansı qanunla tənzimlənməsini araşdırmağa başladım, o qədər dolaşıqlıq yaranmışdı ki, bilmirdim həqiqət hardadır. Nazirlər Kabinetindən deyirdilər ki, AzTV sədri hökumət üzvüdür, hüquqşünas buna qanuni əsas tapmırdı... Maraqlı bir yazı alınmışdı... Bu yazıdan duyduğum zövq də fərqli idi. Bəlkə də bu zövqü yenidən duymaq üçün araşdırmaya üz tutmuşam... Redaksiya da maraqlı təşəbbüsləri dəstəkləyir, həm vaxt ayırır, həm xərcləri ödəyir. Bu halda niyə bu qədər maraqlı, mürəkkəb janra diqqət yetirməyəsən?
İndi daha çox büdcə vəsaitlərinin araşdırılmasına diqqət yönəltmişəm. Bu sahədə ixtisaslaşmaq istəyirəm. Niyə büdcə?. Azərbaycan büdcəsinin məbləği, müxtəlif sahələrə ayrılan vəsaitlər o qədər maraqlıdır ki... Məsələn, büdcə təşkilatlarına son altı ildə nəqliyyat vasitələrinin alınmasına yarım milyardlıq vəsait ayrılıb. Sosial sferaya və elmə ayrılmış vəsait isə bunun yanında bir damladır. “Onun arabası var” araşdırmam da elə bu barədə idi.
London görüşlərimdə mən son araşdırmalarım haqqında məlumat verəndə bundan da danışdım. Bir tədqiqatçı dedi ki, əgər belə bir araşdırma Londonda ortaya çıxsaydı, dövlət vəsaitindən səmərəsiz istifadə olunmasına görə böyük qalmaqal qopardı. Azərbaycanda digər sahələrdə də araşdırmalı o qədər mövzu var, izinə düşsən, oxunaqlı o qədər yazı ortaya çıxar ki... İstər kriminal həyatda, istər sosial, istərsə də hökumətin fəaliyyətində... Təəssüf ki, gördüyüm mövzuların hamısının ardına düşməyə vaxt tapa bilmərəm, amma həmkarlarımın təqdimatında maraqla oxuyardım.
- Jurnalistikanın, demək olar, bütün janrlarında özünüzü sınamısız. Hansı janr müəllifin özünü jurnalistikada avtoritet kimi hiss etməsinə yardım göstərir?
- Məncə, bu məsələdə janrın yox, peşəkarlığın rolu var. İstər köşə yaz, istər reportyorluq elə - ortada peşəkarlıq yoxdursa, heç bir nüfuzdan söhbət gedə bilməz.
- Bu sualı həyati əhəmiyyətli sual kimi veririk. Azərbaycanda hansı janr jurnalistə daha çox pul qazandırır?
- Azərbaycanda jurnalistin pul qazanması üçün janrın elə də əhəmiyyəi yoxdur. Çünki bizdə yazıya qonorar hesablananda onun dəyərindən çox qəzetdə tutduğu həcm ölçülür. Bir neçə il əvvəl əməkdaşlıq etdiyim qəzetlərdən birinə reportaj göndərmişdim, Moskvada Bauman bazarının uçması nəticəsində həlak olan azərbaycanlıların meyitlərinin vətənə gətirildiyi gecədən - aeroportdan hazırlanmışdı. O reportaj, sonradan bildiyimə görə, jurnalistika fakültəsinin tələbələrindən birinin diplom işində istifadə edildi, hətta mənə dedilər ki, baş redaktorun hədsiz xoşuna gəlib. Reportaj manşetə çıxarılmışdı və bütün bu təriflərə rəğmən o reportaja verilən qonorar o qədər cüzi idi ki, bilmirdim gülüm, ya ağlayım.
Bizdə informasiya, yazı biznesi çox zəif inkişaf edib. Londondaki yay məktəbində trenerler tez-tez “yazını necə sata bilərsiz” deyə məsləhətlər verirdilər. Azərbaycanda yazı alıcısı tapmaq çətindir. Ona görə də yaxşı mənada yazı rəqabəti də bir o qədər hiss olunmur.
- Yeri gəlmişkən, bir jurnalist kimi Londonda sizi təəccübləndirən nə oldu?
- Həm də bir vətəndaş kimi təəccübləndim bəzi şeylərə - məsələn, küçələr çox təmiz idi, mübaliğəsiz deyirəm, heç toz da yoxuydu. Məəttəl qalmışdım ki, milyonlarla sakini, üstəlik, turisti olan bir şəhərdə bu təmizliyi necə qoruyurlar? Günün günorta çağı süpürgəçilər və ya xüsusi maşınlar da görünmürdü ki, deyəsən gecə-gündüz təmizləyirlər. Yaşıllıq çox idi, bağlar təbiidir orda, ot və ağac, adda-budda da skamya qoyulub. Fikirləşdim ki, Bakıda da məhz bu cür bağlar olsaydı... Şəhərimiz parkla doludur, amma elə bil ki, evlərdə “qorka”nın içindəki xrustal qablardır, hər yer bər-bəzəkli, qorxursan ki, uşaq qaçanda mərmər döşənmiş yerə yıxılar.
Metroları da bizimki kimi yaraşıqlı, geniş deyil, amma qatarların iş rejimi o qədər dəqiq, yüksək səviyyədə tənzimlənir ki, ən pik vaxtlarda da metroya düşəndə bizdəki basabası görmədim. İkimərtəbəli avtobuslara isə günün istənilən saatında minsən oturmağa yer taparsan. Bir də “The centre for investigative journalism” təşkilatının təşkil elədiyi yay məktəbinin keçirildiyi “Sity University London”un jurnalistika fakültəsinin hər bir dərs otağında pianino vardı. Buna da çox təəccüblənmişdim, pianino və jurnalistika… Azərbaycan sakinini öz həyat tərzi ilə təəcübləndirə bilən bir şəhərdir London.
- Çox nüfuzlu KİV-də çalışırsınız - “Azadlıq” radiosunda. Azərbaycanda bu nə deməkdir?
- Oxucunun, dinləyicinin, artıq tamaşaçının - çünki bir aydan çoxdur ki, radiounun veb-saytında televiziya işə düşüb, o cümlədən “flaş-nyus” xəbərlər blokuna baxmaq olar - güvənə, etibar edə və alternativ informasiya ala bildiyi məkan. Burda çalışan jurnalisti isə daha çox məsuliyyətli, daha çox peşəkar edən iş yeri və bir də onun yaradıcılıq iddialarını gerçəkləşdirən ocaq... Və bir də çoxlarının demokratiyasızlıqdan dad döydüyü bir ölkədə demokratik mühit...
- Jurnalistikanın olmayacağı bir dövrü təsəvvür edirsinizmi? Yoxsa tarixin sonrakı mərhələlərində yaranan bu peşənin tarixlə axıracan yol yoldaşlığı edəcəyini düşünürsüz?
- Jurnalistika hələ indi-indi tarixdə öz yerini möhkəmləndirir. Çətin ki, onu tarixin yolundan çıxara bilsinlər. Hətta getdikcə daha maraqlı janrlar ortaya çıxacaq, jurnalistikanın yeni qolları yaranacaq. Beş-on il əvvəl internet jurnalistikasından danışan vardımı? Amma indi nəinki internet-qəzetlərdən, artıq xalq jurnalistikasından danışılır. O cümlədən internet televiziyaları işə düşüb. Bəlkə də xalq jurnalistikasının ənənəvi medianı sıxışdırıb çıxaracağını iddia etmək olar.
Amma peşəkarlara hər zaman ehtiyac olacaq. Bir dəfə oxudum ki, ABŞ-da bir əyalət qəzeti dünya maliyyə böhranının nəticələri ilə üzləşəndə xərclərini azaltmaq üçün ən nüfuzlu və daha çox maaş alan müxbirini işdən çıxarıb. O müxbir də internetdə öz bloqunu yaradıb və bloq oxucular arasında o qədər məşhurlaşıb ki, reklamdan qazandığı gəlir qəzetdən aldığı maaşı ötüb. Jurnalistikanın yeni imkanlarından, yeni dəyərlərdən danışmaq olar, amma bu peşənin nə vaxtsa tarixin yolundan qırağa atıla biləcəyindən yox.
- Deyirlər jurnalistlik ömürlük ezamiyyədir, bununla razısınızmı?
- Ömürlük ezamiyyət? Maraqlı obrazlaşdırmadır, hardasa razılaşmaq da mümkündür. Jurnalist olmaq istəyən kəs bu peşədə səkkiz saatlıq iş rejimi axtarmasın. Bəzən sən gecəyarısı da yuxudan oyanıb hadisə üstünə gedə bilərsən və ya məzuniyyətdə olduğun bir vaxtda yanında hadisə baş verəndə sən istirahətçi yox, jurnalistsən.
Bu günlərin söhbətidir, Gəncədə məzuniyyətdəydim, oğluma çəkmə almaq üçün onu mağazaya aparmışdım, qayıdanda gördüm ki, polislər bir dəstə dindarı qovur. O dəqiqə fikirləşmədən əlimi çantama aparıb video-kameramı - bu, kiçik bir videokameradır, telefona bənzəyir, redaksiyadan veriblər, hər zaman üstümdə olur - çıxardım, oğlumun da əlindən tutub qaça-qaça tünlüyə yaxınlaşdım. Uşaq hay-küydən qorxmuşdu, ağlayırdı, mənsə bir əlimlə onu sakitləşdirməyə çalışırdım, o biri əlimlə çəkirdim. Bəlkə də həmin vaxt mən pis anaydım, amma peşəkar reportyor kimi davrandığıma əminəm. Jurnalistikada rahat, sakit iş həyatı yoxdur. Bu peşədə bəzən şəxsi həyat da ikinci plana keçir.
- Jurnalistikanı daha çox kişi, yoxsa qadın peşəsi saymaq olarmı?
- Bu peşənin cinsi yoxdur, peşəkar və qeyri-peşəkar jurnalist ola bilər. Sadəcə, qadın jurnalistlərin kişi həmkarları ilə müqayisədə məişət yükü çox olur. Yəni fərq varsa, o da məişət zəminindədir. Bəzən işdə kişi həmkarlarıma deyirəm ki, sizə nə var, evə gedəndə çayınız qabağınıza hazır gəlir, amma biz evə gedib o çayı hazırlamalıyıq.
Təbii ki, peşəkar qadın jurnalist məişət yükünü bəhanə gətirmir. Əgər həvəsi, istəyi varsa, heç nə ona mane olmaz. Vaxtdan şikayətlənmək tənbəllərin silahıdır.
- Müsahibə zamanı texniki problemlər yaranarsa, yaddaşınıza tam əminsinizmi? Yəni müsahibin dediklərini təhrif etmədən yadda saxlaya bilərsinizmi?
- Yaddaş öyündüyüm tərəfim deyil, təəssüf ki. Bu mənada texnikadan və ya qeydlərdən asılıyam.
- Söz azadlığını nəyə qurban vermək olar?
- Birmənalı deyirəm, heç nəyə. Çünki insanların öz fikirlərini, xüsusilə siyasi-ictimai düşüncələrini azad söyləyə bilməməsi qapalı cəmiyyət yaradır. Qapalı cəmiyyət isə onun yaranmasına təkan verənlərin özləri üçün də sonradan təhlükəyə çevrilir. Söz azadlığı insanın yaşamaq, yemək, sağlam olmaq kimi təbii haqqıdır. İnsanın yaşamaq haqqını nəyəsə qurban vermək olarmı?!..
- Jurnalistlər adətən redaktorlardan narazı olurlar, söhbət onların yazılarını redaktə edənlərdən gedir. Sizin bəxtinizə düşən redaktorlar haqqında nə deyə bilərsiniz?
- İndiyə kimi maraqlı redaktorlarla işləmişəm. Yazı üslubumun formalaşmasında onların əməyini qiymətləndirirəm. Amma “Azadlıq” radiosunda Azərbaycan jurnalistikasında görmədiyim redaktə prosesi ilə rastlaşdım - yazıda nəyin çatmaması, müxtəlif mənbələrə, müxtəlif əks fikirli tərəflərə istinad, ziddiyyətli məqamların tutuşdurulması, faktların adamlara təsiri...
Beynəlxalq standartlara söykənən bu redaktə prosesini illərlə hiss etmək peşəkarlığıma ciddi təsir göstərib. Xarici jurnalistika dərsliklərinin birində oxumuşdum ki, yazıya mütləq redaktor baxmalıdır, əgər sənin yazında redaktə olunası bir şey yoxdursa, onda sən dahisən. Bu cümlədə, təbii ki, ironiya gizlənib. Çünki mükəmməl heç nə yoxdur, “hətta ayda da ləkə var”.
Azərbaycanda həm də peşəkar redaktor məktəbinə ehtiyac var, mən bunu oxuduğum qəzetlərdə, saytlarda görürəm, hətta telereportajlarda da ciddi redaktə ehtiyacı görünür. Jurnalist yazısındakı redaktəni faciə saymamalıdır, əksinə, bunu iş yerində gündəlik təlim kimi də qəbul etmək olar. Təlim, öyrənmək isə heç vaxt adama artıqlıq eləməyib.
- Bir neçə il əvvəl “Media forum”da “İnformasiya müharibəsi” adlı elmi məqaləniz çap olunmuşdu. Ancaq arxası gəlmədi...
- Bu yazıdan sonra “Nədir KİV? Kimdir jurnalist?” adlı daha bir elmi məqalə də yazmışdım. Jurnalistikada məni düşündürən məsələlər çoxdur, bayaq vaxtla bağlı dediklərimin əksi olmasın, hazırda praktik işlərlə məşğul olmağım vaxtımın əsas hissəsini “işğal edib”. Bir tərəfdən də oğlum Toğrulla boş vaxt tapan kimi “maşın qəza”sı oyununu oynayırıq. Bu oyunu o icad edib, aralı məsafədə üzbəüz oturub bir neçə oyuncaq maşını bir-birimizə sarı itələyirik. Bəzən “yolda” sürətlə hərəkət edən maşınlar toqquşur, qəza olur, Toğrul da buna çox sevinir.
- Bəs mütaliəyə necə, vaxt bölgünüzdə yer olurmu? Son oxuduğunuz kitab varmı?
- Bir xasiyyətim var, bir neçə kitabı birdən oxuyuram. Çox sürətli oxu tərzim var, həyat yoldaşım hərdən təəccüblənir, kitabın ayrı-ayrı fəsillərindən sual verib məni yoxlayır. Son oxuduğum kitab Orxan Pamukun “Mənim adım qırmızı” əsəridir. Hazırda araşdırma jurnalistikası ilə bağlı ingilis dilində yazılmış bir dərsliyi oxuyuram. İşlərimin çoxluğu məhsuldar mütaliəyə hələ ki, mane olur, ən çox da təəssüfləndiyim budur...
 
 
"Media forum"

Комментариев нет:

Отправить комментарий