Страницы

19.06.2011

Bu vaxtın sahibindən

OKtay HacımusalıOKtay Hacımusalı



Baxın, mən balaca bir böcəyəm. Yolun ortasında dayanıb sizi gözləyirəm, Gəlin, əzin keçin məni, sizdən xahiş edirəım. Bir azdan bu şansınız da əlinizdən qaçacaq. Məni əzin bahalı maşınları ilə təzə salınan yollarda, körpülərdə şütüyən özündənrazı ərkəklər, məni əzin! Məni əzin kiminsə hesabına gəlib bu yerlərə sahib olanlar, məni əzin! Məni əzin, gözlərində şöhrətdən başqa heç nə olmayan, şöhrətə qovuşmaq üçün istənilən yolu mübah sayanlar, məni əzin! Məni əzin, gecə saatlarında bardan çıxıb atalarınızın sizə aldığı bahalı avtomobillərdə fısqırıq törədib ikitəkər qaldıran cavan oğlanlar, məni əzin! Yolunuza davam edin sonra heç bir şey yoxmuş kimi!... Göz yaşı zad da axıdıb eləməyin. Onsuz da gündə yüzlərlə insanı əzmək təhlükəsi ilə üz – üzə qalırsınız. Təhlükə deyirəm e, sizə, təhlükə! Siz təhlükənin qlobal miqyasına baxın! Siz təhlükə ilə üz – üzə gəlmirsiniz. Çünki, siz təhlükənin yaradıcılarındansınız. Ona görə də uzun sözə nə ehtiyac, əzin məni! Əzin məni, gözlərinizi yollardan çəkmədən, ancaq irəli baxa – baxa. Hətta istəsəniz qabırğama bir – iki yağlı söyüş də yerləşdirə də bilərsiniz. Bu hardan çıxdı deyə?! Onsuz da öyrəncəliyəm. Neynim? Mənim işimin – gücümün adı  budur, ruzimi sizin ayaqlarınızın altından qazanıram. Tez – tez, məni gördüyünüz yerdə onsuz da ölümlə hədələyirsiniz. Bəzən dözməyib dalımca da düşürsünüz. Guya məni tutduğunuz yerdə öldürəcəksiniz. Yekə, şişman bədəninizlə əlinizdə ev ayaqqabılarınız yorulub – təntiyib arxamca qaçmaqdan vaz keçdikdən sonra dayanıb məni maraq dolu gözlərlə süzürsünüz. Diqqətlə baxırsınız, sürətlə ora – bura qaçışmağıma. Sizə qəribə gəlir, eləmi? Mən bu qədər həyat enerjisini hardan alıram? Ax, ax, ax!... Sizin məni başa düşməyiniz illərinizi alıb apara bilər. Ona görə də məni əzin!...  Ən son dəblə geyinməyi özü üçün adət halına gətirən, valyuta  mağazalarından aldıqlarını bir il sonra memilərə verib satdıran xanımlar, onsuz da əlimdən yanırsınız. Səhər, günorta, axşam, hər Allahın verdiyi gündə üç dəfə əlinizdə olsa evlərinizi dərmanlayarsınız ki, canınızı məndən xilas edəsiniz. Mən də arsız, balaca bir böcəyəm. Oturmuşam yolun ortasında, əcəlimin kimin əlindən olacağını gözləyirəm. Əzrayılımla çiling – agac oynamaq fikrinə düşmüşəm. Gözləyirəm bir Allah bəndəsi çıxsın məni rahatlıqla əzib keçsin! Qoy təkərlərin altında qalım. Yapışqana bənzəyən qəribə bir məhlul qalsın məndən geriyə. Təkərlərinizi növbəti dəfə qaraltdıranda siz də təkər qaraldan o səkkiz – doqquz yaşlı uşağa xüsusi ilə tapşırasız ki, təkərin o tərəflərini yaxşı təmizləsin. Görüb eləyən olar, niyə hansısa bir böcəyə görə kiminsə ödü ağzına gəlsin? Keçən dəfə təkər qaraldanda kəsdiyiniz bir manatı da qoyarsınız üstünə. Verərsiniz o balaca uşağa. Aparıb verər anasına. Ya da yox, aparıb verməz, elə yoldan ciyərləri çürümüş qardaşı üçün bir az yemək alar. Artıq iki manata nə düşürsə. Ancaq indi söz danışıqdan keçər, məni əzməmiş heç yana getməyin! Mən əzilməyə layiqəm! Özüm də bunu hiss edirəm. Özü də bütün iliyimlə, qanımla hiss edirəm artıq əcəlimin vaxtı çatıb. Dartıb gəlin yanıma, qaqaşlar, məni elə daha rahat öldürərsiniz. Birdən – birə böyüyərəm gözlərinizin qarşısında. Gözlərinizin qan çanağı olduğu bir vaxtda çevrilib olaram sizin üçün qara əqrəb. Ancaq vəziyyətiniz normala dönməmiş başınıza dönüm, əzin məni! Birdən özünüzə gələrsiniz və elə fikirləşərsiniz ki, bu yazıq böcəyi niyə öldürürəm e, qoy yaşasın da!...  Saqın, elə fikrə - zada düşüb eləməyin! Məni öldürmək lazımdır, vəssalam!
Bir azdan səhər verilişləri başlayacaq kanallarda. Evdə olanlar evdə, işdə olanlar işdə pultu əllərinə alıb gəzinəcəklər kanallarda. Kanallar da əttökən səhər verilişləri ilə insanların beynini xarab eləməklə məşğul olacaqlar. Mən isə yolun üstündə dayanıb radar aparatını quraşdırıb bir azdan işə başlayacaq polisə yaxınlaşıram:
- Salam!
Polis əvvəlcə səsin sahibini yəni məni axtarır. Bir o yana, bir bu yana baxandan sonra başını yelləyir. Gözlərini yumub açır. Gicgahını ovuşdurur. “hamısı dünənkinin zibilləridir.” – deyə düşünür öz – özünə. Dünən işdən sonra dostları, köhnə məhlə uşaqları darthadart onu gətirdilər yeyib – içməyə. Düt deyənə kimi içmişdi. Indi başı partlayır ağrıdan.
Bir də salam verirəm:
- Salam!
Səsin gəldiyi yerə sarı əyilir və birdən məni görür:
- Ay əleyküməssalam, qədeş, əleyküməssalam! Sən danışa da bilirsən, özü də tərtəmiz doğma dilimizdə? Yaxşısan, yenə bizim rəisə baxanda! Nə isə, gijdədim deyəsən! Mən də deyirəm səhərdən bu səs hardan gəlir?
- Sizdən bir şey xahiş edəcəyəm.
- Elə, qurbandı sənə hər şey. Lap belə ikisni elə. Ancaq qabaqcadan deyim, əsl iqtisadi böhrandayam. Kreditin vaxtı da çatıb. Heç bilmirəm neynim?
- Qorxmayın, mən sizdən pul istəməyəcəyəm.
- Onda döşə gəlsin e... Ancaq qurban sənə, mənimlə adam kimi danış. Mədəni danışanda qaşınma tutur məni.
- Məni əzin!...
- Neynim?
- Əzin də, əzin məni!
- Qadası, xatanı məndən uzaq elə!
- Mən ölmək istəyirəm.
- Allah canını sağ eləsin! Lap yaxşı eləyirsən. Guya biz yaşamışıq əlimiz bala batıb?! Amma mənlik deyil.
Bu belə deyib üzünü çevirib getmək istəyirdi ki... Birdən nə fikirləşdisə dala qayıtdı. Əyilib məni yerdən götürür. Diqqətlə məni süzür və səliqə ilə səkiyə tərəf addımlayır. Səkidə əlindən yerə qoyub:
-Get, dostum, - deyir – get yaşa. Ancaq hamıya öz dərdüvü diyib eləməginən. Insanların heç də hamısı səni bax beləcə maşın yolundan çıxarıb səkiyə qoymaz. Əzib keçər və heç uf da deməz!....
****
Gəlməyin, istəmirsinizsə heç gəlməyin! Mən sizsiz də öz yoluma davam edərəm...
****
Can məhkəmə qədeş, mənim oğlum əvvəllər mal vururdu. Daha evdə - eşikdə heç nə qalmamışdı. Əlinə nə düşürdüsə, aparıb vərirdi igneyə. Görüm qonşumuz Ağarzanı dərin getsin, hamısı o  gorbagorun zibilləri idi. O gorbagor öyrətmişdi uşağı mala. Çörək sexində işləyirim. Mənim işləyən vaxtım idi? Neynim, can məhkəmə qədeş, əslində evdən başımı götürüb qaçırdım səhərlər. Ancaq səhərlər. Çünki bilirdim axşam yenə haylanıb fırlanıb gələcəyəm evə və yenə qanım qaralacaq.
O gün də işdən qayıdırdım. Gördüm evin qabağı adamla doludur. Ürəyimə min cür güman gəlirdi. Nə olmuşdu görəsən? Yaxınlaşanda dedilər ki, Sərvər(mənim o başıbəlalı balam) qonşumuz ignə dostu Çingizi yortub. Adi hal idi də, neçə illər idi gündə belə sözlər eşidirdik. Ərlərimizin dalınca türmə yolu getməkdən yorulmuşduq, indi də uşaqlarımızın dalınca gedəcəkdik.
Məhkəmə oldu, iş kəsdilər balama. Bir tərəfdən sevinirdim, bir az baş – qulağım dinc olacaqdı. Amma bir tərəfdən də ürəyim yarpaq kimi əsirdi ki, birdən orda lap pis oldu? Bir dəfə böyük qərdeşinə deyib ki, ana çox əziyyət çəkib mənimçün, deginən halal eləsin. Mən daha qabaqkı Sərvər deyiləm. Tövbə eləmişəm mala.
Böyük oğlum bunu mənə xəbər eləyəndə uçmağa qanad axtarırdım. Sevinirdim. Il yarımdan sonra amnistə düşdü. Gəldi. Sınıxmışdı bir az. Namaz qılırdı. Orda öyrənmişdi. Gündə mal vuran, anaşa çəkən oğlum indi heç adi siqaret də çəkmirdi. Sevinirdim.
İş tapmışdı. İşləyirdi. Arada məhlədə söz də düzüb qoşurdular onun üçün. Qulağıma çatırdı. Bir dəfə özünə də dedim.
-Oğlum – dedim – üzüvü qırx, bu saqqal nədi belə? Burda bilmirsən ala qarğa bala çıxarmır?! Özüvü nöş dilə - dişə salırsan?
Üzümə baxdı və güldü. Ay Allah, gülüşünə qurban olum balamın! O gülüşdə bir damcı da olsun yalan yox idi.
-Ay ana, bax mən artıq əvvəlki adam deyiləm. Allah mənə hidayət verib. Namaza gəlmişəm. Peyğəmbərimiz də axı saqqal saxlayıb. Narahat olma, anacan!
Oğlum mal vurmurdu, anaşa çəkmirdi, hər Allah verən günü gəlib başımı divara çırpıb pul istəmirdi məndən. Namaz qılır, Allah buyurduğundan danışırdı. Allaha şükür eləyirdim gündə yüz dəfə, min dəfə. Can məhkəmə qədeş, mən hardan bileydim ki, oğlum haranısa partlatmaq istəyir?       
-Anamı zaldan çıxarınnnnn!!!
****
Yuxusuna haram qatılmışdı. Gecə soyunub yerinə uzanan kimi qulağına bir səs gəlirdi: “Hamı Allah qarşısında cavab verəcək elədiklərinə görə!” Qulağına gələn bu səs onu varından yox edirdi. Nə qədər düşünürdü ki, canını necə xilas eləsin bu səsdən, alınmırdı. Alınmırdı da, güc deyildi ki.
Dostunun ofisində pəncərəni açıb qışqıra -  qışqıra telefonla danışırdı. Nəyisə başa salmağa çalışırdı telefondakına. Özündə deyildi, bəlkə də həmin anda onu tikə - tikə də etsəydilər vecinə olmazdı. Onda eşitmişdi həmin o cümləni:
-Hamı Allah qarşısında cavab verəcək elədiklərinə görə!
****
 -Mən neynəmişəm e, cavab verməli olum axı? – deyə öz – özünə təskinlik verməyə çalışdı ilk əvvəl. Sonra başa düşdü ki, təskinlik verməklə deyil. Heç kim bilməsə də özü bilirdi axı hər şeyi.

Комментариев нет:

Отправить комментарий