Страницы

26.06.2011

"Ədəbiyyatda qruplaşmalar yaranıb"

Əyyub Qiyas: "Azərbaycan ədəbiyyatının həkim müayinəsinə ehtiyacı var..." 

"İyrəncliklər gəlib artıq ictimaiyyətə çıxanda biz nüfuzdan düşürük"
 
Müsahibimiz yazıçı Əyyub Qiyasdır

- Əyyub müəllim, bu qədər qaçhaqovun içərisində yorulmursunuz ki?
- Üç-dörd gün yorulmadan bir sıra yeni türk filmlərinə baxdım. Açığı çox böyük zövq aldım. Hətta bəzən hiss elədim ki, gözlərim dolur o filmlərə baxanda. Hiss elədim ki, bu, yorğunluqdan qaynaqlanır. Biz hər birimiz yaradıcılığa bələd olduğumuz üçün sentimental hissləri də tanıyırıq istər-istəməz. Həmin o sentimental duyğular məni apara bildi. O anda düşünməyə fürsət də tapdım ki, demək içimdə bir saflıq qalıbmış. Saflıq qalıbmış ki, mənim gözlərim dolur. İnsan bəzən həyatımızın o qədər sərt reallıqlarını görür ki, öz - özünə suallar verir: biz nə qədər öz saflığımızı qoruyub saxlaya bilmişik? İtirmişiksə nə qədərini itirmişik? Nələr qalıb hələ bizdə? İnsan öz-özünə bu sualları verir. Bu meyarları ölçəcək bir ölçü vahidi mövcud deyil ki, bir həkimin yanına gedəsən və "mənim saflığımı ölç görüm nə qədər saf qalmışam?" - deyə soruşasan. Amma bax belə məqamlarda adam hiss eləyir ki, yox, məndə hələ nələrsə qalıb. Ola bilməz ki, bizim zamanımızda biri özünün mələk olduğunu iddia eləsin. O adam çıxıb ortalığa bunu iddia etsə belə mən şəxsən o adamın saflığına inanmaram. Hər bir insanın içində az da olsa, balaca da olsa o bulanıq məqamlar var. Kimliyindən asılı olmayaraq. Məhz o bulanıq məqamları bax belə filmlərə baxmaqla, müəyyən kitabları oxumaqla hiss etmək mümkün olur. Məsələn, mən nasirəmsə başqa bir nasirin əsərini oxuyanda bir az eqoist davranıram. Səhv axtarmağa çalışıram, o dəqiqə öz münasibətini qoyursan ki, mən olsaydım belə yazardım. Yaxşı, əgər bütövlükdə sənin o hikkən, hissin sənə imkan vermirsə ki, sən doğruları etiraf edəsən, o zaman sənin doğurdan da həkimə ehtiyacın var. 


- Bəs müasir Azərbaycan ədəbiyyatının həkimə ehtiyacı varmı?
- Çox böyük ehtiyacı var. Hətta mən deyərdim ki, çekap müalicəyə ehtiyacı var bizim ədəbiyyatımızın. Əvvəldən axıra kimi müayinə olunmalıdır. Həm daxili həkim, həm dəri- zöhrəvi həkimi, həm beyin həkimi Azərbaycan ədəbiyyatını ciddi şəkildə müayinə etməlidir. Hətta kosmetoloq belə bu işə əl atmalıdır. Əgər müasir Azərbaycan ədəbiyyatı psixoloq da daxil olmaqla bu həkimlərə müraciət etsə yüz faiz əminliklə deyirəm ki, Azərbaycan ədəbiyyatı xəstə çıxacaq.


- Yəni, heç ümid yeri qalmayıb?
- Yox, niyə ki?! Əgər məsələni belə qoyuruqsa belə bir misal var: Allah dərd veribsə dərman da verib. Allah yaxşıların canını sağ eləsin, mənim söhbətə gənclərdən başlamağım heç də təsadüf deyildi. Mən bu gün Azərbaycanın ədəbi prosesində o istedadlı gəncləri görürəm. Böyük-kiçiyə münasibətindən tutmuş, özlərini aparmağa kimi hər bir hərəkətlərini də kənardan izləyirəm. Heç vaxt heç nə bitmir. Ədəbi proseslər gedəcək, "otuz il sonra hər şey yaxşı olacaq" yanaşması da düzgün deyil. Hər şey yaxşı olsa nə var ki, onda yaşamağa? Amma adamı bir az qorxudan, bir az ümidsizliyə düçar edən başlıca əsas məsələ odur ki, sanki bir az naşükürlük yaranıb. Ədəbiyyatda bir az qruplaşmalar yaranıb. Otuzuncu illərdə də belə idimi, altmışıncı illərdə də beləydimi, mən onu deyə bilmərəm, amma mənə elə gəlir ki, elə belə olub, belə də davam edir. Nə dərəcədə yaxşıdır, nə dərəcədə pisdir, onu da deyə bilmərəm, amma mən onu deyə bilərəm ki, bu klanlaşmalar, bu qruplaşmalar ədəbiyyatın inkişafına çox pis təsir edir. 


- O zaman belə demək mümkündürmü ki, bu klançılığı, ədəbiyyatdakı qruplaşmaları biz sələflərimizdən almışıq və xələflərimizə ötürürük?
- Bu məhz belədir. 


- O zaman bunun günahını keçmişimizdə axtarmalıyıq?
- Bilirsiniz, insan əgər keçmişini görürsə və keçmişdə edilən günahları yenidən təkrar edirsə o zaman artıq günah keçmişdə olmur. Biz bunu bilirik ki, Azərbaycan Yazıçılar Birliyində sədrlik üstündə sədrlə katib arasında qırx il əvvəl hansı proseslər gedib? Kim kimi infarkt edib bu binada? Biz bunu bilirik, düzdürmü? Bundan xəbərimiz var. Hansı gənc şairin üzünə bütün qapıları bağlayıblar, sonradan o, öz istedadı ilə parlayandan sonra qəbul ediblər, amma artıq gec olub. Ürəyi partlayıb ölüb. Amma öləndən sonra heykəl qoyublar ki, bu doğurdan da böyük şair olub. Biz bütün bu tarixləri bilirik. Lakin bütün bu tarixin bir nüansından belə ibrət götürmürük. Əslində bu ibrət götürməyi bacarmamaqdır. 


- Şəxsən Əyyub Qiyasa lazımdır ki, öləndən sonra onun heykəlini qoysunlar?
- Ümumiyyətlə, Əyyub Qiyasa heç sağlığında da heykəl lazım deyil. Əyyub Qiyas əgər yazdığı əsərlə özü öz heykəlini qoya bilərsə, onun üçün ən böyük heykəl elə odur. Ümumiyyətlə, mənim aləmimdə yazıçı üçün ən böyük heykəl elə budur. Bizim bir az heykəlşünaslığa meylimizə anormal bir hal kimi baxıram. 


- Bayaq AYB-nin adını çəkdiniz. AYB-də nələr baş verir sizcə?
- Bilirsiniz, biz əgər qələm adamıyıqsa, hər birimiz AYB-nin həm təəssübünü çəkirik, həm də AYB bizim uman yerimizdir. Mən açıq danışım ki, bu gün qurultayqabağı bəzi proseslər başlayıb. Bu proseslər bəzən sürətlənir, bəzən səngiyir. Mən həmişə çalışmışam ki, həmişə o mətbəxdən uzaq olum. Çünki o mətbəxin içinə düşürsən və başlayırsan orda bişməyə. O da mənim işləməyimə mane olur. Beyin qalır orda, əsəb qalır orda, ruh qalır orda, bu da istər-istəməz yazmağa əngəl yaradır. Ona görə də ordan uzaq olmağa çalışıram. Kənardan baxıram.


- Bəs kənardan necə görünür?
- Kənardan çox iyrənc görünür. Ələxsus da təqaüd məsələsi artıq iyrəncliyin pik nöqtəsidir. Fevral-mart aylarında AYB bir qaynar qazana dönür. Orda hansı proseslər gedir, kimlər nə işlər düzür-qoşur, bir az da yaxından o mətbəxi keçmiş adam kimi hər şey gözümün qabağında cərəyan edir. Bəzən elə düşünürlər ki, kim nə biləcək, amma yox, hər şey göz qabağındadır. Hətta o dərəcəyə gəlib çıxır ki, adam istəmir AYB o səviyyəyə ensin. Çünki Azərbaycan oxucusu, ümumiyyətlə Azərbaycan ictimaiyyəti o yaradıcı qurumlara məbəd kimi baxırlar. Ordakı insanları qeyri-adi, fövqəlbəşər insan kimi təsəvvür edirlər. Bu iyrəncliklər gəlib artıq ictimaiyyətə çıxanda biz nüfuzdan düşürük. Bu gün yazarların, sözün nüfuzdan düşməsinin səbəblərindən biri də AYB-dir. Çünki birliyə üzvlərinə əvvəllər biz tələbə olanda necə baxırdıq, İlahi! Saatlarla dayanıb gözləyirdik ki, onlardan hansısa birini canlı olaraq görə biləcəyikmi? Bu gün adam özünə təhqir sayır ki, bir qisim AYB üzvləri ilə bərabər oranın üzvü olsun. 


- Bu gün Azərbaycan ədəbiyyatının çiyinlərində gəlib müəyyən yerlərdə oturanlar var...
- Siz çox gözəl bir məqama toxundunuz: bəli, bu gün Azərbaycanda Azərbaycan ədəbiyyatının çiyinlərində gəlib müəyyən yerlərdə oturanlar və özünü ədəbiyyata, geniş mənada isə ictimaiyyətə sırıyanlar var. Onlar çox böyük bir qrupdurlar. AYB-nin hələ ki, müəyyən qədər nüfuzu, müəyyən qədər hələ ki, imkanları var və böyük bir qrup, içində sən də, mən də olmaqla, böyük bir qrup yazar bax həmin bu imtiyazlardan kənarda qalır. Mən xahiş edirəm kimsə bunu şikayət kimi qəbul etməsin, mənim yeri gələndə bu imtiyazlara ehtiyacım da yoxdur. Amma söhbət nədən gedir? Söhbət diqqətdən gedir. Məşhur "Uşaqlığın son gecəsi" filmində deyildiyi kimi "İş sosiskada deyil, iş "vnimatelni" olmaqdadır". Yenə də söhbət diqqətdən gedir. On xarici yaradıcılıq ezamiyyəti olursa, biz razı, qoy bunun beşində ailə üzvləri getsin, dost-tanış, qohum-əqrəba getsin, amma beşinə də imkan yaradın istedadlı yazarlar təmsil etsin Azərbaycanı.


- Siz Pen Klub adlı bir orqan eşitmisiniz? Onun fəaliyyətindən nə vaxtsa yararlanmısınızmı?
- Yox. Bir ara Aydın Xan Penklub haqqında çox danışırdı, sonradan bu söhbət mənim üçün qapandı. Mən sizə bir şey deyim: bizim yaxşı, təmənnasız təbliğatçılarımız var. Bunlar heç şübhəsiz ki, oxuculardır. Əlli "Penklub" olsun, ya da 500 AYB olsun, onun min dənə ədəbi orqanı olsun, beş oxucunun təbliğatı onların hamısını üstələyir. Mən bunu faktlarla və statistika ilə deyirəm. Tutaq ki, Əyyub Qiyasın "Sonuncu büt" romanının müzakirəsi keçirilir. Bir kitabxnada baş verir bu. Ora gələn oxucular hazır gəliblər. Razı olduqları məqamlar da var, razı olmadıqları da. Sırf polemika gedir. Bax, orda kitbı oxumayanlarda da maraq yaranır ki, romanı nəyin bahasına olursa olsun alıb oxusun. Bu da oxucuların sayının artmasına təsir göstərir. 


- Əyyub Qiyas bu gün iddia edə bilərmi ki, onun kitabları Azərbaycanda reklam maşını işləyən yazarların kitabları ilə eyni satılır?
- Xeyr. Bilirsiniz, əgər orda otursaydım, əlimdə onların əlində olan imkanlar olsaydı təbii ki, mənim də reklam bazarım böyük olardı. Kimdən əksiyik? Amma bu qəbul olunub ki, orda bir çərçivə var. Bu reklam çərçivəsidir və bura heç kimi buraxmırlar. Söhbət burda yalnız beş-on nəfərin təbliğatından gedir. Bu gün Azərbaycanda yeni Markes ya Orxan Pamuk yetişsin, xeyri yoxdur, onun reklam olunma şansı yoxdur. Ona görə də lazımdır ki, bu prosesləri özümüz quraq, özümüz yaradaq. Mən də belə şeylərdən bir qədər uzağam. 


- Əgər Əyyub Qiyasın fərdi internet səhifəsi yoxdursa, onu müasir oxucu necə oxumalıdır?
- Biz hələ ki, köhnə kişilər kimi kitab variantı gedirik. Amma sözün açığı bir neçə aydır ki, o məsələlər barəsində düşünürəm. Mən internetdən sadəcə müəyyən informasiyalar əldə edirəm və müəyyən qədər də informasiya ötürə bilirəm. Sırf o saytı işlətmək, o sayta nəzarət etmək bir az mənim imkanlarımın xaricindədir. 


- AYB-nin axı özünün internet portalı pis gündədir...
- Bu gün çalışmaq lazımdır ki, AYB-in nüfuzu qalxsın. Nüfuz yerinə gəlsə hər şey düzələcək. Artıq cəmiyyət özü maraqlanacaq və tələbat yaranacaq o sayta. Bu gün o nüfuz olmadığı üçün maraq və tələbat yoxdur, sayt da qalıb kölgədə. 


- AYB gəncləşməlidirmi?
- AYB mütləq gəncləşməlidir. Mən təsadüfən demədim ki, AYB-nin nüfuzu artmalıdır. Nüfuz məsələsində mən faktlara söykənərək danışmaq istəyirəm. AYB-də sədr çox nüfuzlu bir adam olmalıdır. Anar müəllim də yetərincə nüfuzlu bir adamdır. Deməli ondan möhkəm yapışmaq lazımdır. Amma bu katiblik məsələsi artıq AYB-nin idarəedici orqanıdır. Bax, bu katiblik strukturunda ciddi reformlar aparılmalıdır. Katiblikdə bekarçılıqdan əziyyət çəkən, bütün günü əsnəyən və yaxud şöbələrdə yorğunluq xəstəliyinə düçar olan insanlardan qurtulmaq lazımdır.

OKtay Hacımusalı   Söhbətləşdi: Oktay Hacımusalı

Комментариев нет:

Отправить комментарий