Страницы

03.06.2011

Gerçəkləşməyən xəyallarım

Azər Qaramanlı                "Davam" qəzeti


         İdeyalar ölmür, ideyalar uğrunda ölmək gərəkir

Keçən əsrin 30-cu illərində Atatürk, o dönəmin Baş Qərargah rəisi Qara Bəkir Kazım paşanı yanına çağıraraq: "Mən istefa edəcəm" - deyir. Qara Bəkir paşa duruxur. "Sən də istefa edəcəksən"? Atatürk davam edir: "Biz Hataya gedəcəyik. Orada xalqı başımıza toplayıb Xatay Türk Cümhuriyyətini quracağıq. Sonra Məclisin qərarı ilə Xatay Cümhuriyyətini Türkiyəyə birləşdirəcəyik".
Lakin Atatürk istefa vermədi. Qara Bəkir paşa da həmçinin. Ancaq Xatay Türkiyə Cümhuriyyətinin sərhədləri içinə alındı.


Tarixi türk torpaqları olmasına baxmayaraq, Hatayı Osmanlı imperiyasından düşmənlər-Birinci Dünya Savaşının qalibləri ayırmışdı. Atatürk apardığı cəsarətli siyasət nəticəsində Xatayı əvvəl müstəqil cümhuriyyət etmiş, daha sonra isə bu cümhuriyyəti Türkiyəyə birləşdirmişdi. Atatürk Kərkük-Mosulla da bağlı ciddi cəhdlər etmişdi. Amma ömrü vəfa etmədi.
Mən bu misalı nədən çəkdim?
Ona görə ki, Atatürk xəyal etməyi bacarırdı. Ondan sonra, Ə.Elçibəy istisna olmaqla, heç bir Türk lider xəyal etməsinin gücü ilə siyasət yapmadı. Xəyallardan qaynaqlanmayan siyasət isə qorxaq və hədəfsiz olur. Çünki hər şey xəyal etmədən başlayır. Xəyallar hədəfləri yaradır. Hədəflər isə gerçəkləri.
Biz xəyal etmənin kənarında yaşayan millətik. Xəyal etmə gücümüzü qeyb etmişik. Yalnız başqalarını xəyallarının gerçəklərini seyr edirik. Bu, siyasətdə də belədir, iqtisadiyyatda da, sosial-mədəni həyatın inkişafında da. Başqalarının etdiklərini yamsılamağa çalışırıq.
Hətta dədə-baba yurdumuz Qarabağı işğaldan azad etməyi xəyal edə bilmirik. Ya bütöv Azərbaycan? Bütöv Azərbaycanı xəyal edə bilirikmi? Birləşmiş və qüdrətli Azərbaycanı?
Edə bilmirik. Çünki əksər siyasilərimiz Amerikanın, Rusiyanın, İranın və Avropanın xəyallarını gerçəkləşdirmək üçün çalışırlar. İqtisadçılarımız da elə, digər ictimaiyyət nümayəndələrimiz də. Azərbaycanın gündəmini Amerikanın, Avropanın xəyallarını gerçəkləşdirmək üçün formalaşdırırlar.
Bizim xəyallarımız isə yoxdur.
Ya bəyənməsək, nə olur? O zaman mübarizə aparacağıq. Həyatımızı qazanmaq üçün. Millət olaraq xəyallarımızı gerçəkləşdirmək üçün savaşacağıq.
Bismark: "Siyasət mümkünü etmək sənətidir" demiş. Heç bir şey etmədən "İmkanı yox" demək deyil, bu sözlərin anlamı. Fədakarcasına çalışıb, mümkün olan hər şey etmək çağırışıdır.
Bir siyasətçi üçün milli mənafelərin ortaya gətirilməsi əsla bəzi düşüncələrə və maraqlara görə olmamalıdır. Millətin mənafeyi hər zaman ortada olmalı və hər zaman siyasətçinin gündəmini oluşdurmalıdır.
Lider xəyalının gücü ilə kütlələrə təsir etməyi, onu yönləndirməyi bacarmalıdır.
Bütün xəyalların gerçək olması isə önəmli deyil. ?–nəmli olan xəyalların gerçək olması üçün çalışmaqdır. Çalışmaq olacaqsa və hədəf müəyyən ediləcəksə, əvvəl-axır xəyal gerçək olacaq. Bir nəsil bacarmazsa, ikinci nəsil bacaracaq. Ya da üçüncü. Ortalıqda bəlli hədəf olduğu zaman nə fərq edər ki?
Mete Xaqan, İsgəndər, Çingiz, Teymur, Napoleon, Hitler kimi böyük fatehlər xəyallarının gücü ilə dünyanı ayaqladılar. Amerika gerçəkləşmiş xəyal gücü ilə dünyanı yönləndirir. Təkrar edirəm, gerçəkləşmiş xəyal gücü ilə.
Xəyal etmək gələcəyə baxmaq deməkdir. Gələcək nəsil isə ona tərəf baxmayan, yalnız öz həyatları içində qalmış olanları tez unudur.

Комментариев нет:

Отправить комментарий