Страницы

25.06.2011

Gənc dramaturq: "Elə teatr direktorları var ki, səndən pul istəyirlər"

Samir Sədaqətoğlu
“Elə teatr direktorları var ki, onlara əsər təqdim edirsən, bunun müqabilndə səndən pul istəyirlər... Yaxud sponsor istəyirlər. Bu da gənc dramaturqlarda bir küskünlük yaradır”.

Bunu Azadlıq Radiosunun “Pen klub” verilişində gənc dramaturq Samir Sədaqətoğlu deyib.

Proqramda teatrların niyə daha çox klassikaya müraciət etməsi, müasir problematikalı tamaşaların az olması məsələsi müzakirə edilib.

S.Sədaqətoğlu deyib ki, bir sıra teatr direktorları ilə dil tapmaq mümkün deyil.

“Lap şedevr də təqdim etsən, onlar bir əmma tapacaq və səni teatrdan uzaqlaşdırmağa çalışacaqlar”.

Proqramda iştirak edən rejissor Mehriban Ələkbərzadə isə S.Sədaqətoğlu adlı dramaturqun adını ilk dəfə eşitdiyini, onun əsərləri ilə tanış olmadığını deyib.

Rejissor onun səsləndirdiyi ittihamların doğruluğuna inanmır.

M.Ələkbərzadənin sözlərinə görə, bütün maneələrə baxmayaraq, “səhnə üçün mükəmməl əsər yazan adama heç kəs “get, sabah gəl” deməz”.

Rejissor teatrların klassikaya müraciət etməsini də qəbahət saymır. Onun fikrincə, əsl 



şedevrlər bütün dövlərdə aktuallığını qoruya bilir. “Məsələn, Cəfər Cabbarlının “Almaz” əsəri indi çox aktualdur”.

Verilişə qatılan Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov da gənc dramaturqların teatrlardan uzaqlaşdırıldığına inanmır.

“Çünki indi teatrlar yeni problematikalı əsərlərə möhtacdır. Məsələn, mənim ən böyük qayğılarımdan biri teatra belə əsərlərin cəlb olunmasıdır.

Doğrudur, bütün sahələrdə namuslu adamlar da var, şərəf hissini itirənlər də.

Amma S.Sədaqətoğlu gərək ümumiləşdirmə aparmasın, bunu bütün teatrlara aid etməsin. Samir bəylə tanış deyiləm.

Amma əsərini bizə təqdim etsəydi, 3-5 nəfər teatrşünasla birlikdə oxuyardıq, onunla söhbət edərdik”.

İ.İsrafilov deyir ki, yeni əsərlər az deyil, amma onların heç də hamısı səhnəyə qoyulası səviyyədə olmur.

“Heç kəs öz ayranına turş demir. Əsərlər yazılır, amma bəzi müəlliflərə əsərlərinin səhnəyə uyğun olmamasını izah etmək vaxt aparır.

Bir də nədənsə, bütün pyes yazanlar istəyir ki, əsəri Akademik Milli Dram Teatrında qoyulsun. Bizim teatrın repertuarı bütün pyes formalarına açıq deyil.

Verilişin digər qonağı – yazıçı-dramaturq Afaq Məsudun bu yaxınlarda Akademik Milli Dram Teatrında “Qatarın altına atılan qadın” əsəri tamaşaya qoyulub.



Rejissoru da M.Ələkbərzadədir. A.Məsud deyib ki, ənənəvi hadisəçilikdən uzaq bir əsər yaratmağa çalışıb.

“İnsanlar hadisəçiliyə öyrəşiblər. Məsələn, seriallara baxırlar – “Santa-Barbara”-filan. Amma mənim əsərimdə elə bir hadisə də baş vermir.

Mən insanların daxili aləmində baş verənləri ifadə etməyə çalışmışam. Bu, asan deyil, amma məncə uğurlu alınıb.

Çünki tamaşa iki gün getdi. Birinci gün premyera oldu, ikinci gün isə biletlər açıq satışa çıxarıldı.

Zal doldu, iki saat ərzində mən zalda bir pıçıltı belə eşitmədim. Deməli insanlara qəhrəmanların daxili yaşantıları maraqlıdı.

Tamaşanın bu uğuru həm əsərin özü, həm də M.Ələkbərzadənin rejissorluğu ilə bağlıdır”.

A.Məsud hesab edir ki, onun əsəri Azərbaycan dramaturgiyasında yeni istiqamətin başlanığıcı olacaq.


S.Sədaqətoğlu isə bildirib ki, gənc dramaturqlara mane olan bir məsələ də teatr repertuarlarının əsasən vəzifəli yazarların əsərlərindən ibarət olmasıdır.

Onun sözlərinə görə, sovet dövründə də teatrlar Mirzə İbrahimov, Süleyman Rüstəm kimi yazarlıqla yanaşı həm də məmur kimi çalışan şəxslərin əsərlərinə üstünlük verirdilər.

“Amma onların əsərlərindən bu günəcən yaşayan demək olar ki yoxdur. Bu gün də vəzifəli şəxslərin əsərləri gənclərə maneçilik törədir, gənclərin yerini tutur...”

Bunlar verilişdə səslənmiş fikirlərdən seçmələr idi. Proqramı tam şəkildə BURDA dinlə.

Verilişin aparıcısı İlqar Rəsul
Prodüsser Maarif Çingizoğlu

Комментариев нет:

Отправить комментарий