Страницы

03.06.2011

Kataklizmlər


Ülvi Məmmədli                                Azad Yazarlar Ocağı
                               
 Bir yandan dünyanı su basır, bir yandan da içməli su qıtlığı böyük bir problem kimi dünyanın və bizim boğazımıza keçib. O gün də Türkiyədə, su forumunda camaatı zopaladılar. Su dedim, yadıma Nyu-York düşdü. Alimlər deyirlər ki, qlobal istiləşmə nəticəsində Amerikanın Nyu-York şəhəri suyun altında qala bilər. Deyir, adalarda və dəniz səviyyəsindən cəmi 5 metr hündürlükdə yerləşən bu şəhər batmaq təhlükəsinə görə Londonu, Parisi, Tokionu, Sidneyi, Mayamini, San-Fransiskonu geridə qoyur. Əgər okeanın səviyyəsi 51 santimetr qalxsa, təkcə Nyu-York yox, Vaşinqton və Bostonun da su altında qalmaq təhlükəsi var. Sevinməyin, indi yox, 2100-cü ildə belə şey gözlənilir.
 Qəribədi, suyun içərisində olan şəhərlərdən biri də Venetsiyadı. Amma onun batacağından danışan yoxdu. Venetsiya demişkən, Avropa Şurası Venetsiya Komissiyasının rəyini eşitdiniz də. Bizim hərdən referenduma çıxardığımız bəzi məsələlərə dodaq büzüb. Amma bizim dövlət yetkilisi Komissiyanın cavabını verdi. Dedi ki, onların rəyi faciə deyil. Deyir, referendum xalqın iradəsinin ən demokratik ifadəsidir və buna qarşı hər hansı bir fikir söyləmək demokratiyanın baza prinsipləri ilə uyğun gəlmir. Düz deyir dəə apo müəllim. İtalyanların mafiyalarını bütün dünya bəyənmir, amma biz heç onların işinə qarışmırıq, onların nəyinə gərəkdi bizim işimizə burun soxurlar. Bir çoxbilmiş də deyir ki, burada Avropa Şurasının barmağı var, Komissiyanın adı boş şeydi. Misal kimi bizim əhdimizi kəsən ATƏT-in Minsk Qrupunun Minskə, beloruslara heç bir dəxli olmadığını deyir. Bir sözlə, referendumumuza kəm baxanın sözlərini biz heç saya da salmarıq. Yaxşı danışsınlar, sözlərini şüar kimi yazaq!..  
 Ağzım qızışır, yazıdan yazmaq əvəzinə onun həmqafiyələrindən danışıram. O gün maraqlı bir hadisə baş verib; Vüqar Xəlilov ad-soyadlı bir vətəndaşımız saxta 10 manatlıqla... səməni alıb. Heç nə, fakt araşdırılır, günahkar çıxsa gələn amnistiyanın Vüqara dəxli olmayacaq, gözləyəcək o biri bayramları. Bəziləri saxtası hazırlanan pulun hörmətli pul olduğunu söyləyir. Adamı yandıran odur ki, indi pulun kasıblar üçün olanını, xırda əskinasları da saxtalaşdırırlar. Kasıbın əlində böyük pul 10-luq olur, onun da saxtası var. Heç olmasa, bayram vaxtı bu qələti eləməyin dəə...
 Bayram demişkən, muğam qonaqlığına xaricdən də gələnlər vardı. Gərək bu Novruz, bağışlayın, Yaz, naz, qaz, ayaz, paz... bayramını elə keçirək ki, müsəlman olduğumuz qonaqların gözünə çox görünməsin. Bilsinlər ki, adət-ənənəyə riayət eləməklə bərabər Avropadan, dünyadan da xəbərimiz var, müasirlikdən də, etika-estetikadan da.
 P.S. Ağıllı-ağıllı kişilər müzakirə açıblar ki, "Namus rəmzi olan papağı Novruzda qapılara atmaq olarmı"? Sübut eləyirlər ki, bu, şal sallama, qurşaq atmanın təhrif olunmuş formasıdı. Mən bir yazımda demişdim ki, cavanlar indi papaq yox, "kulyok" atırlar. Alimlərin müzakirəsinə başımı qatıb öz mülahizəmi deyirəm ki, papağı adət kimi, namus rəmzi kimi yox, iritutumlu qab kimi atırdılar. Maşallah, başımız yekədir axı, başımızın qabına da payı çox doldurmaq olur. İndi qəşəng-qəşəng, şəkilli-şəkilli, göyçək-göyçək "kulyok"lar var, tutumu da papaqdan çox. Ona görə daha namusumuzdan narahat olmaya bilərik, indikilər daha praktikdilər, papaqdı, atdın, birdən "atdılar", heç qaytarmadılar, durub bayram vaxtı dava eləməyəcəksən ki...

Комментариев нет:

Отправить комментарий