Страницы

19.06.2011

Lənətlənmiş suallar

 Lənətlənmiş sualların vaxtı gəlib çatdı, əzizlərim!

Bunlar o suallardır ki, bu günədək onun üstündə baş sındıranları adi həyatın axarından qaçan \"narazı ağılın\" nümayəndələri, faydasız intellektual adlandırıblar. Ancaq artıq faktdır - bu gündəlik həyatdan birdəfəlik, arxada lap xarabalıqlar qoyub bütün nə varsa hamısına meydan oxuyub, sütununa qədər bu ukladı dağıdıb qaçmaq lazımdır. Yeni həyatı qurmaq üçün. Kütləvi şəkildə. Bu, bugünkü vətəndaşlığın əzəli və əbədi tələbidir.
Hər dəfə güclü ictimai qıcıqdan, siyasi qızdırmadan, ağlasığmaz faciədən sonra \"Daha bu cür yaşamaq olmaz!\" bağırtıları eşidilib. Və ər dəfə də hər şey köhnə məcrasına qayıdıb. Ancaq kumulyasiya qanunu da var - qıcıqlar toplanıb sıçrayış, qığılcımlar alov yaradır. Və bu dəfə bu qaçış dönməz olmalıdır.
\"Lənətlənmiş suallar\" o vaxt aktuallaşır ki, absurd ifrat reallaşıb, çılpaqlaşıb, permanentləşib gözə girir. Yaxud gülləyə çevrilib danışan dilə, vuran ürəyə atılır. Və onda ənənəvi həyat tərzini heç nəyə dəyişmək istəməyən \"sakit\", qorxaq ağılların qiyamı başlayır. Çünki, daha alternativ yoxdur.
Heç 20 il də yaşaya bilməmiş bir uşaqlıq dostum uşaqlıq illərimizdə uşaqlara xas olmayan ağılla \"Təbiətin ən əsas sualını verirəm - Mən kiməm doğulmuşam və haraya gedirəm\" yazanda anlamaq olardı ki, bu \"lənətlənmiş sualı\" ilə o heç 20 il də yaşaya bilməyəcək. Elə o cür də oldu. O, hamının adət-ənənə girdabına qurşanıb başını aşağı salaraq \"gündəlik kasıblığı\"nı etdiyi bir vaxtda bu cür suallar verməməliydi - ictimai şüur adlı mücərrəd toplu bunu tələb edirdi…
\"Lənətlənmiş suallar\"ı özünə verən hər kəs mövcud qaydalara müharibə elan edir. Mövcud qaydalar isə fərdlər üçün aydın və vərdişlidir. Səhər oyanmaq - marşrut - işə (alverə, adam soymağa, rüşvət almağa, qul bazarına, paqon taxıb cinayət törətməyə, adam öldürməyə) yollanmaq - günortaya qədər \"çalışmaq\" - nahar - axşamadək \"çalışmaq\" - şam yeməyi - yuxuqabağı daha kimi aldatmaq, soymaq, yeni cinayətlər, iş elanları, yeni qul bazarının yeri barədə fikirlər - yuxu - və yenə də oyanmaq… Budur adi ritm. Və 8 milyonluq toplum 10 illərdir bu cür yaşayır. Heç sual da vermədən - niyə və nəyin xatirinə. Bu cür də ömür sonuna gedir.
Və günlərin birində bu ritm ürəkbulanma yaradır. \"Lənətlənmiş suallar\" üzə çıxır. Əksəriyyt bu sualları içində boğur. Ancaq bütün hallarda kimlərsə oyanır.
   
10 il əvvəl Rafiq Tağı \"Azadlığı övladlarımıza qurban verdik\" kimi qısa və parlaq fikrinə çox böyük müdriklik yerləşdirmişdi. Bu paqonlu canilər, killerlər, qul bazarında dayananlar, ömürləri piştaxta arxasında keçənlər, yaltaq \"ziyalılar\"… hamısı - yaxşı övlad, nümunəvi ata, həsəd doğuracaq qardaş, mehriban baba, əla dost, həssas qohum ola bilərlər. Ancaq vətəndaş, şəxsiyyət deyillər. Olmaq da istəmirlər. Onlar azadlıqlarından könüllü olaraq əl çəkiblər. Onlara bu cür asandır. Sual yoxdur - cavab axtarmaq da gərək deyil.
Sadəcə, \"Ölümün son, sonun ölüm olduğu\" aləmdə son anda da olsa dəhşətli aydınlığın gələcəyindən ki qaça bilməyəcəklər! Ölümü beynindən ataraq, bu fikirləri fikrindən qovaraq yaşamaqla əbədiyaşar olmaq mümkün deyil. Son onsuz da gələcək. Və hər kəs öləndə tənha öləcək. Kim ki \"lənətlənmiş suallar\"sız yaşayır, son nəfəsində onsuz da onunla üzbəüz qalacaq.
Odur ki, bu sualları indi özünə vermək zəruridir. Əks halda, adi həyat adlandırdıqları indiki ritmlə mövcud olanlar son anda özlərini lənətləyəcəklər ki, yaşamayıblar. Onların ömrü çirkli, üfunətli çalada çabalamaq olub. Alternativ isə vardı…
… Elmar uzun, sakit, tox ömür sürə, dərin qocalığında nəvələrinin əhatəsində yatağında ölə bilərdi. Buna onun sağlamlığı imkan verirdi. Elmar uzun və təminatlı həyat keçirə bilərdi. Buna onun intellekti imkan verirdi.
Ancaq bunları seçmədi. \"Lənətlənmiş suallar\"ın ardınca getdi. Azadlığı övladına da qurban vermədi. Və Nitsşesayağı \"qorxulu azadlığ\"ın qiymətini əvvəldən bilərək ödədi. Öz xaçını sonadək, tək və qürurla daşıdı.
O ölümünü özü ssenariləşdirmişdi. Onun sonadək məntiqi yaşanan həyatında bu məntiq ona öz sonunun necə olacağını da diqtə etmişdi. Vaxtilə Salvador Dali dostu Qarsia Lorkanın güllələnmə xəbərini eşidəndə ilk ifadəsi \"Ole!\" qışqırtısı olmuşdu. Bu kəlməni ispanlar korridada matadorun öküz üzərində qələbəsi anında qışqırırlar. Dali Lorkanı duel qurbanı sayırdı. Dali Lorkaya - bu qiyamçı ağıla, bu nihilistə başqa qismət də gözləmirdi. Lorka öz rolunu sonadək uğurla oynamış aktyor idi. Rol isə - həyatıydı. O rolu ki, onu 90 il yaşayıb yatağında ölən Dali oynaya bilmədi və bilməzdi. Hər kəs öz yolu və öz rolu. Elmar yolunu özü seçdi.
Onun qətlindən sonra internet-forumlarda çoxlu maraqlı fikirlər gördüm. Həm də sarsıdıcı.
\"Bu, səbrin son damlasıdır - vəssalam, bu lənətə gəlmiş ölkədən getməyə qəti qərar verdim!\", - rəylərdən biridir. \"Lənətlənmiş sual\"ın incitdiyi ağılın qışqırtısı. Və elə bilirsiz, bunu yazan hansısa lümpendir, orta statistdir? Yox məhz ağıllılar gedirlər. O ağıllılar ki, bu ölkəyə lazımdırlar. Və onlar bəlkə də ölməkdən çox azadlıqlarını tam itirməkdən qorxurlar. Dozalaşdırılmış azadlıq olmur - o ya var, ya da yoxdur.
Elmar sübut etdi ki, azad yaşamaq olar. Ancaq məntiqi sonluqla. O, passionarlığı sıfırla mənfi sonsuzluq arasında \"rəqs edən\" bir xalqın övladıydı. O xalqın ki, qul olmağı ilə razıdır və Elmar kimilərin hələ də mövcud olduğu onda müqəddəs dəhşət yaradır:\" Necə, yəni bu cür adamlar hələ bitib qurtarmayıb?\"
…Elmar müharibə edirdi. İstənilən intellektual kimi, onun müharibəsi həm iqtidarla, həm müxalifətlə idi. O, heç bir cəbhəyə aid deyildi. Çünki, azad adamdı. Azad adam kiminkisə ola bilməz. Əks halda o quldur.
… Onun qətli sadəcə azad sözə hökm deyil - bu, kiçik və cılız səslənərdi. Bu qətl - azad adamların məhvi zəncirində son həlqələrdən biri idi. Fenomen getdi. Qaldı mavrlar ordusu. Qocalmamış ölmək istəməyən balaca balıqlar…

   Məmməd Süleymanov                 mameds@mail.ru

Комментариев нет:

Отправить комментарий