Страницы

18.06.2011

Mətanət Vahidova. “Mən bir eşqin köləsi…”


Haqqın ən sadiq qullarından olan Zahid Sarıtorpaq haqqında
Mətanət VAHİDOVA
                          unudulur
                          ana südünün dadı kimi yaddan çıxır
                         qanımıza yeriyən sevgilər
                         bələkdəki körpələr
                         gündə bir yol da olsa
                         qanadsız doğulduqlarına ağlayırlar
                         ağlayırlar torpağa düşənəcən…
Onun yaradıcılığı ilə ilk tanışlığım bu şeirdən başlamışdı iki-üç il öncə -  sehrlənmişdim bu misralarla, “insan necə belə kövrək, duyğulu yaza bilər?!” deyə.
Bəzən ikicə dəqiqəlik qısa bir görüş də bəs edir insanı içli-dışlı tanımağa, o insanı ki, ruhunun təmizliyi simasına yansıyır. Allaha sevgisi üzünə elə əks olunub ki, yalnız bircə kərə gördüyüm bu adamı xatırladıqca ilk ağlıma gələn simasındakı nur olur…
Bəndəni Allahdan qopmağa qoymayan adamdır Zahid Sarıtorpaq. Sanki şeirlərini mələklər pıçıldayır qulağına, o isə sadəcə mələklərin səsində gələn sözləri yazıya çevirir… 
Müəllifin ilk və hələ ki yeganə kitabını – “Üfürülmüş çırağın ruhu”nu qarşına qoyub oxuduqca birinci şeirdən sonuncuya kimi sanki uzun bir yol keçirsən  – Allaha doğru aparan sonsuz bir yol. Bu yolda Zahid Sarıtorpaq sözün əsil mənasında zahidə çevrilir, mürşid kimi əlindən tutub aparır o yolu. Şeirdən-şeirə Yaradanına bir addım daha yaxınlaşdığını bədənindəki xoş bir ürpərtidən hiss edirsən. Bu ürpərtini yalnız Rəbbinə sidq ürəklə dua-səna edən bəndə hiss edə bilir; sanki Allahın nuru sonsuzluq məsafəsindən bu yana toxunur üzünə, sirayət edir qəlbinə.
                          …mən öldüyüm sevginin içində suçlu
                             mən dirildiyim dualarımda suçlu
                             Qul deyilənin bütün sifətlərinin təcəllası canımda
                             mən faniliklər içində miskinliyimdə suçlu
                             sən məndə pak-pakizə
                             mən səndə suçlu
Şeirlər bitincə o yolun sonuna gəldiyini düşünmürsən amma. Ucalardan uca Tanrıya gedən yolun o biri ucu sonsuzluqdur. Ona olan məhəbbətdə kamillik zirvəsinə varmaq mümkünsüzdür, çünki o zirvə yoxdur – Allahı sevdikcə sevmək var, qüdrətinə heyrətləndikcə heyrətlənmək var. O üzdən şeirlər bitincə bu yol bitmir, sadəcə yolun geri qalan hissəsinə sevgidən körpü tapmaq ümidilə yaşayır insan.
                         …bir olan haqdan gəlir qismətimiz burda
                            hamının yükü gücünə görədi
                            hamının gücü sevgisinə görə
Bu şeirləri oxuduqca insanın varlığına bir nur yayılır və şeirlər bitdiyi zaman o təəssüratdan qopub ayrılmırsan. Vaxt bulunca oxumaq deyil bu misralara münasibət, daxili ehtiyacını – o işığa, nura olan ehtiyacını ödəmək üçün dönə-dönə qayıdırsan bu şeirlərə.
Biz insanlar bəzən elə yaşayırıq ki, sanki heç ölməyəcəkmişik kimi, sanki bugünkü əməllərimiz əbədiyyən cavabsız qalacaqmış kimi, sanki ömrümüz vur-tut beşcə gün deyil, milyon ilmiş kimi. Halbuki Allah qatında bizim yaşadığımız bu “uzuun-uzadı” ömür yolu sadəcə bir nəfəs qədər, bir ah qədərdir.
                               bir uçuq divardan
                               bir sınıq qapıdan başqa
                               ölümlə nə durur aramızda
Bəzən ürəyi Allah sevgisindən aşıb-daşan bir şair, bir yazar elə yazır ki, onun Yaradana asi olduğunu düşünürsən – ədəbiyyatda hər şeyin mümkün olduğunu bilməsən, lap bəlkə o adamı həyatda tanımasan, ateist olduğunu düşünərsən. Amma Zahid Sarıtorpağın kitabındakı şeirləri oxuyarkən bir an belə imanına şübhə etmirsən. Bu adam təpədən-dırnağa BƏNDƏdir, bütün varlığıyla eşq atəşinə tutulan AŞİQdir – VƏHDƏT günü qovuşmaq ümidilə YARına doğru gedən yolu sevgisiylə asanlaşdıran bir YOLÇUdur.
                               sevda kabusudur başımın üstündəki
                               mən bir eşqin köləsi
                               mən bir haqqın quluyam
                               Tanrının Rəhmət Qapıları açıqsa da üzümə
                               nə keçə bilirəm nə də ki qala
                               bu batil ömür
                               fanilik içində hər yükü
                               çətin çəkə biləcək
                               içim külə dönmüş bir “Ənəlhəq!” yeridir
                               nə bir çiçək
                               nə bir ot bitirər daha
Bəzən elə misralar oxuyursan ki, şeirin əvvəlindən sonuna qədərki bir neçə misrada sanki böyüyürsən, hətta ahıllaşır, özünü ölümün lap bircə addımlığında hiss edirsən. Bu misralar ölümü xatırladan əcəl zənginə dönür, ömür yolunun sonsuz olmadığını, bir gün gec, bir gün tez o yolun sonuna varacağımızı yada salır. Odur ki, bizə bəxş olunmuş bu kiçicik ömür yolunu yalnız Allah qarşısında əyilən başımızı dik tutaraq keçməyin lazımlığı xatırlanır – nəsihət yox, didaktika yox, sadəcə xatırlatma. Ölümdən qorxmursan amma, çünki yolun sonunda ayrılıq yox, vüsal var, kiçik ayrılıqların qurban olduğu o böyük Vəhdət var.
 
                               çıxdı sinədən son nəfəs
                               üzülmüş can azad oldu
                               elə bil ki bir dəstə quş
                               qışdan çıxıb azad oldu
Dünya bir dayanacaqdır, kimi bu dayanacaqda qatara minib işığa sarı istiqamət götürür, kimi enərək bilinməzliyə doğru yol alır. Lap yüz yaşında belə dünyasını dəyişsə, dili söz, əli iş tutmayan qoca bu dünyadan kam almadığını düşünərək yumur gözlərini son dəfə. Bu vaxt başqa bir məkanda hər şeydən xəbərsiz bir körpə çığır-bağırla göz açır dünyaya. Əslində, yaşadığımız dünyanın işıqla, gedəcəyimiz naməlum yerin qaranlıqla asosiassiya olunması da şərtidir. Çünki  sevgidən çox xəyanətin, dürüstlükdən daha artıq məkr və hiylənin hakim olduğu   bu dünya “möminlər üçün zindandır”. Bu gün yanar ocağa pərvanə olan insan sabah, o biri gün bilinməzliyə uçacaq bir kəpənəkdir. Amma bu kəpənəyin ikinci ömrü daha səkkizcə saat deyil, əbədidir həyatı. O kəpənəyin yol alacağı istiqamət özündən, istəyindən heç asılı deyil; alova necə pərvanəlik etməsindən, onun yolunda necə yanmasından asılıdır.
                               bu ömrün dolanbac aşırımlarını
                               fani günlərin cəsədilə dolmuş gördüm, yavrum,
                               qibləsi
                               yolları çiskin içində
                               bir eşqin miskin heykəliyəm indi
                               güzgüyə baxanda diksinən
                               salavat çevirən zamanım gəlib daha
Zahid Sarıtorpağın şeirlərində misralar çılpaq deyil, örtülü, pərdəlidir. Ən adi, ən sadə həqiqəti belə şair elə incə bir tülə bürüyüb təqdim edir ki, sözün sehri adamı məftun etməyə bilmir. Bu şeirləri oxuyunca haqqındakı sözlərin quruca pafos, yaxud boş tərif olmadığına hər kəs şahid olar. Lakin bu misraları tez-tələsik, “bunu da oxudum” deyə işarə qoymaq üçün deyil, asta-asta, müəllifin sözləri bükdüyü tül pərdəni kəlmələrin üzərindən incə-incə, ehmal-ehmal çəkərək, gözəlliyinə dalmaq, dərinliyinə vararaq oxumaq lazım. O zaman bu misralara olan aşiqliyə haqq qazandırılar.
                                sular öz səsini eşitmir
                                eşitmir yarpaqlar öz səsini
                                öz işığını görmür ulduzlar
                                sular öz səslərinin uçurumuna yüyürür
                                yarpaqlar yıxılır öz səslərinin uçurumuna
                                öz işığının uçurumuna tökülür ulduzlar
                             …sevgiyə tutulunca
                                bir quşun qızılgül budağında
                               didilib qanamış səsinə bənzəyir
                               ruhumuzun səsi
Necə ki Hz. Əli deyirdi “İnsan öz dilinin altında gizlənib”, dahi Füzuli deyirdi, “Artıran söz qədrini sidq ilə qədrin artırar, Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz” – hər bir söz ustasının yaradıcılığının məhsulu olan misralar onun düşüncəsindən, ağlının, qəlbinin süzgəcindən süzülüb gələn, yaşantılarından keçən fikrlərdir. Buna görə də bu kitabda yer alan əsərlərə əsasən demək olar ki, Zahid Sarıtorpağın yaradıcılığının ana xəttini aşiqlik, bəndəlik, həyat, ölüm kimi mövzular təşkil edir.
“Üfürülmüş çırağın ruhu” kitabında yer alan bütün əsərlər bir-birindən gözəl, bir-birindən mənalıdır; hansından yazasan, bilmirsən. Ən yaxşısı, düşünmək istəyən, zövq almaq, imanın şəffaf rənginə boyanmaq istəyən hər kəs özü oxusun bu şeirləri. Əminəm ki, hərənin öz fərqli yozumu, fərqli düşüncəsi olacaq.
Mən əslində Zahid Sarıtorpaq haqqında yazmadım bu yazını, bir zahidin, bir aşiqin böyük eşqi haqqında yazdım. Bunlar yazmaya bilmədiklərim idi, yaza bilmədiklərim yazdıqlarımdan daha artıq…

Комментариев нет:

Отправить комментарий