Страницы

25.06.2011

Vəzirovun arzusu gerçəkləşir?


Rəsmilər susmaqda, ermənilərsə ahəstəcə Bakıya qayıtmaqda…
Vitse-spiker Ziyafət Əsgərovun «Azərbaycanda rəsmən 50 min erməni var» açıqlamasına niyə hər kəs biganə qaldı?
Son dövrlər mətbuat mövzu sarıdan nəinki korluq çəkmir, əksinə, bu qarmaqarışıqlıqda bir sıra aktual problemləri təkrar ictimai müzakirəyə çıxarıb tirajlamağa da imkan tapmaq olmur. Görünür, elə bu baxımdan yola saldığımız həftə əslində mətbuatda ən şıdırğı müzakirə olunası bir ümummilli mövzu tamamən hər kəsin yadından çıxdı. Belə ki, bir neçə ölkənin ombudsmanının Bakı toplantısının iştirakçılarını Milli Məclisdə qəbul edən parlamentin vitse-spikeri Ziyafət Əsgərovun Azərbaycanda rəsmən 50 min erməninin heç nədən qorxmadan sərbəst şəkildə yaşamasını dilə gətirməsi doğrudan da sensasiya hesab oluna bilər. Əlbəttə, Azərbaycanda 10 minlərlə erməni əsilli vətəndaşın yaşadığı yeni xəbər deyil və bu mövzu dəfələrlə ölkə mətbuatının gündəmini zəbt edərək çək-çevir predmeti olub. Ancaq sensasiya rəsmən dilə gətirilən rəqəmlərdəki uyğunsuzluq və erməni sayının heyrətamiz sürətlə artmasıdır.
Xatırladaq ki, hələ Heydər Əliyevin prezidentlik dönəmində məhz o, dönə-dönə bu və ya digər beynəlxalq təşkilat təmsilçiləri ilə söhbətlərdə həvəslə bəyan edirdi ki, Azərbaycanda 30 min erməni yaşadığı halda, Ermənistan monoetnik dövlətə çevrilib və bu ölkədə bir dənə də azərbaycanlı qalmayıb. Diqqətçəkən məqam ondan ibarətdir ki, aradan keçən təxminən 10 il ərzində necə olar bilər ki, bu rəqəm az qala 2 dəfə artsın? Axı, tutaq ki, Bakıda və ya Sumqayıtda hansısa azərbaycanlının arvadı olan Anuş qarının dünyaya gətirdiyi övladların da övladları necə erməni adlandırıla bilər? Axı, bu cür demoqrafik sıçrayış heç bir məntiqlə izah oluna bilməz. Əksinə, məntiq onu diktə edir ki, ölkəmizdəki erməni sayı hər ötən il təbii ölüm-itim qanunauyğunluqlarına müvafiq olaraq azalmalıdır. Digər tərəfdən, Ziyafət Əsgərov ölkə parlamentinin vitse-spikeri və kifayət qədər ciddi hesab olunan hakimiyyət təmsilçisidir. O, heç bir halda dəqiqləşdirilməmiş rəqəm səsləndirərək başına bəla açmaq istəməz, illah da ki, söhbət Azərbaycandakı ermənilərin sayından gedə. Ona görə də mətbuatın diqqətindən yayınmış bu mövzunu inkişaf etdirərək bir suala cavab axtarmaq qərarına gəlmişik, görəsən, kimin rəqəmləri düzdür, Heydər Əliyevin, yoxsa Ziyafət Əsgərovun?
Mövzunun ölkədəki etnik azlıqların sayı ilə bağlı hər zaman maraqlı araşdırmalarla çıxış edən politoloq Cümşüd Nuriyevlə davam etdirmək qərarına gəldik. Ziyafət Əsgərovun belə rəqəmi səsləndirdiyi ilə bağlı açıqlamasından xəbərsiz olduğunu bildirən politoloq təəccübünü gizlədə bilmədi: «Heydər Əliyevin vaxtında onun özünün dilə gətirdiyi rəqəm 32 min idi, amma sonradan bu rəqəmi 50 min elan elədilər. Çünki xatırlayırsınızsa, bir ara Bakıya və Sumqayıta bir qrup ermənilər qayıtdı. Ziyafət Əsgərov da çox ciddi adamdır. Bəlkə, doğrudan da onun bildiyi və bizim bilmədiyimiz məsələlər var. Xatırlayırsınızsa, bu günlərdə Manivelyan da İran radiosuna belə bir müsahibə verdi ki, Azərbaycan həm Dağlıq Qarabağdakı ermənilərə, həm də vaxtilə köçüb getmiş ermənilərə yiyə durmalıdır. Onlar istənilən halda Azərbaycan vətəndaşı hesab olunurlar. Bu cür açıqlamaları təsadüfi hesab etmək olmaz. Doğrudur, ölkəyə qayıdan ermənilərin adları açıqlanmır, amma çoxsaylı müraciətlər var ki, onlar Azərbaycana dönmək istəyirlər».
Politoloqa vaxtilə Əbdürrəhman Vəzirovun azərbaycanlılara «ermənilər qayıdır» – deyə muştuluğunu xatırlatdıq və Vəzirovun həyata keçirə bilmədiyini indiki hakimiyyətin nədən reallaşdarmaqda olduğunun səbəbini soruşduq:
- Bu, çox ciddi məsələdir. Bilirsiniz, vaxtilə mən bu məsələni araşdırmışdım və təkcə Bakıda 22 min erməninin olduğunu öyrənmişdim, 10 min də Sumqayıtda yaşayırdı. İndinin özündə şəhərin mərkəzində elə bir binanın bloku yoxdur ki, orada erməni yaşamasın. Saydakı bu artımı da onunla əlaqələndirmək olar ki, son zamanlar mən dəqiq bilirəm ki, Rusiyada, Almaniya, Hollandiyada, isveçdə və Norveçdə yaşayan azərbaycanlılar çoxsaylı ermənilərlə evləniblər, bu, birmənalıdır. Elə mənim öz qonşularımda da onlardan var. Onlar artıq erməni gəlinləri ilə bura qayıdırlar və onların hamısı ucdantutma Azərbaycan vətəndaşlığı alırlar.
Dövlətin bu cür ümummilli təhlükəyə qarşı biganəliyini anlamadığını dilə gətirən politoloq bütün mətbuatın bu məsələnin üstünə getməli olduğunu vurğuladı: «Əslində Dövlət Miqrasiya Xidməti mütləq bu məsələyə rəy verməlidir. Ziyafət Əsgərov dövlətdə hardasa beşinci, altıncı adımdır. Bundan başqa o, peşəkar hüquqşünasdır, həm də təcrübəli deputatdır. Özü də Azərbaycan parlamentində barmaqla sayılası normal deputatlardan biridir. Görünür, həmin rəsmi məlumatı ona veriblər ki, o da deyib. Təbii ki, o məlumatı ancaq Dövlət Miqrasiya Xidməti verə bilər. Çünki Dövlət Sərhəd Xidməti ancaq ölkəyə gedib-gələn erməniləri qeydə ala bilər, ancaq burada vətəndaşlıq alanların hamısını Miqrasiya Xidmətində bilirlər».
Politoloqdan onu da soruşduq ki, işğal olunmuş ərazilərimizə – Laçına və Kəlbəcərə 7-8 yüz erməni ailəsinin qayıtmasına kəskin reaksiya verərək az qala bütün beynəlxalq təşkilatlara müraciət ünvanlayan Azərbaycan iqtidarı bu məsələdə nədən belə susqunluq nümayiş etdirir?
- Qaçqınlarla İş üzrə Dövlət Komitəsi var. Əslində bu məsələyə məhz həmin komitə ciddi reaksiya verməli idi. Çünki köçkünlərin geri qayıdışına – remiqrasiyaya onlar cavabdehlik daşıyırlar. Əgər vaxtilə Azərbaycan vətəndaşı olmuş ermənilər geri qayıdırsa, bunun mütləq qeydiyyatı aparılmalıdır və ictimaiyyət də məlumatlandırılmalıdır.

Zülfüqar

Комментариев нет:

Отправить комментарий