Страницы

20.06.2011

Xoşbəxtlər və bədbəxtlər


“Xoşbəxtlər” və “bədbəxtlər”in taleyi onlarla əsərin mövzusu, yüzlərlə diskussiyalar predmeti olub. Əksəriyyət bu mövzudakı söhbətlərdə Tolstoyun “Xoşbəxtlər hamısı eyni, bədbəxtlər isə hərəsi bir cür bədbəxtdir” fikrini səsləndirməyi xoşlasalar da, əks fikri səsləndirənlər də yox deyil. Əks fikirlilər düşünür ki, heç xoşbəxtlər də hamısı eyni cür xoşbəxt deyil. Bu gün xoşbəxt, bəxtəvər kimi təsəvvür etdiklərimizə içdən bələd olanda bəlli olur ki, onların hər birinin özünə məxsus bədbəxtlikləri var. İndi oxuduğunuz yazıya belə başlıq verməyimiz də səbəbsiz deyil. Belə ki, cüzi əmək haqqı, pensiya pulu müqabilində ac-yalavac yaşayanların da bəzisi özünü bədbəxt saymır, fürsət düşən kimi hökumətdən razılıq edirlər. İnanmırsınızsa, Astara müxbirimiz Müstəcəb Məmmədovun bizə ünvanladığı bir bədbəxt ailənin hekayətini dinləyin:
“Ac-yalavac yaşayırıq”- Astara şəhərinin mərkəzi küçələrin birində yaşayan 64 yaşlı, bir ayağından şikəst Akif Süleymanov belə deyir. O, xırıltı ilə danışır: ”Həmişə xəstəyəm”- deyir. Kədərli baxışlarını bir nöqtəyə zilləyib fikrə gedir. Sonuncu dəfə haçan müalicə olunduğunu yadına sala bilmir.
A. Süleymanov 2-ci qrup əlildir. Dövlətdən 83 manat pensiya alır. Qazın, işığın pulunu ödədikdən sonra qalan pulları gündəlik ərzaq məhsullarına verir. Dediyinə görə, ayda bir dəfə toyuq alır, o da nisyə. Qonşuluqda olan mağazaya hər ay 30-40 manat borclu qalır. Pensiyanı alanda borcunun yarısını verir. O deyir ki, borcunun hamısını ödəsə, quru yerdə qalar.
“Bizdə yaşamaq da bahadır, ölmək də. Axşam yatağa uzananda fikirləşirəm ki, səhərə sağ çıxmaram. Səhər görürəm ki, yox, hələ nəfəsim gəlir-gedir. Lakin hökumətdən çox razıyam. Yeni ildə hədiyyə də verdilər. Pensiya verirlər. Ola bilər ki, onu da verməsinlər, əlimdən nə gələcək. Küçəyə çıxırsan, gəzirsən, sakitlikdir. Bundan yaxşı nə ola bilr ki? Ancaq kasıbçılıqdır. Bu pensiyanı 5-6 manat artırsaydılar, yaxşı olardı. Ailə qurmuşam. Ancaq uşağımız yoxdur. Olsaydı, onlara nə verərdim?”
Bacısı Sürayyə Süleymanova da Akiflə yaşayır. O da 2-ci qrup əlildir. İki otaqlı evdə yaşayırlar. Bir otaqda Akif Süleymanov həyat yoldaşı ilə, ikinci otaqda isə bacısı Sürayyə tək qalır. Evləri 60-cı illərin əvvəllərində tikilib. Gildən hörülmüş divarlara əl vuranda tərpənir, tökülür. Evin uçulması təhlükəsi var. Hər dəfə güclü külək əsəndə evin dağılma ehtimalı daha artır.
Sürayyə Süleymanova deyir ki, ölmə-diril dolansa da, ət almağa pulları çatmır. Haçan ət yediyi də yadına gəlmir. ”Heç Qurban bayramında da ət yemədik. Onunla özümə təsəlli verirəm ki, ət adamı qocaldır, elə olmasa yaxşıdır. Baxın, evimiz nə kökdədir.Yağış birbaşa içəriyə yağır. Allahın bizə rəhmi gəlir, bu il havalar babat keçir, yağış yağmır. Qohumlar çoxdur. Hərənin öz dərdi var. Bu qardaşım yataq xəstəsi, böyük qardaşım da iki oğlunu nişanlayıb, amma pulu yoxdur ki, onlara toy etsin. Əlacsızlıqdan iki həftədir, Qaradağdakı daş karxanasında fəhləliyə gedib. Özü nə qazanır ki, bizə nə kömək edə. Başqa qohumlar da onun kimi.”

Arxada qalan yeni ildən söhbət düşəndə A.Süleymanov deyir ki, bayramların onlara aidiyyəti yoxdur. ”Hər dəfə pensiya alanda bayram edirik. Dekabrın pensiyasını ilin son günündə güclə aldıq. Heç kimdən kömək görməmişik. Ötən dəfə külək əsdi, evimizin damını dağıtdı. Ərizə verdik, heç gəlib baxmadılar da.”
Akifin bacısı Sürayyə də qardaşının dediklərinə şərik çıxdı: ”Evimizdə nə qənd, nə çörək var, heç nə yoxdur. Qablar bomboşdur. Həmişə belə olur.”
Müsavat partiyası Astara rayon təşkilatın sədri Asən Həşimlinin dediyinə görə, Astarada aylarla dilinə ət dəyməyən insanlar az deyil. Onlar gündəlik çörək pulu uğrunda ölüm-dirim mübarizəsi aparırlar. Rayonlarda yoxsulluğun səviyyəsi yüksəkdir. Əvvəlki illərə nisbətən dilənçilərin sayı da çoxalıb. Onların yadına bayram, yeni il-filan düşür?. Neçə vaxtdır ki, Astara küçələrində bir ana körpəsi ilə gecələyir.. Bu barədə danışanda rəhbərlər deyir ki, bizdə heç kim acından ölmür.”
Astara rayon icra hakimiyyəti başçısının 1-ci müavini Məzahim Hüseynov ailələrə hədiyyələr verildiyini deyir. ”Hər il 500-600 nəfərə hədiyyə verilir-düyü, toyuq əti, şəkər və digər ərzaq məhsulları. Bu yardımlar büdcə vəsaiti hesabına aparılır. Akif Süleymanovun da adı hədiyyə verilənlərin arasında olub.”
Yeni illə bağlı Astaranın mərkəzində bir neçə metrlik yolka ağacı da bəzədilmişdi. Deyilənə görə, bu adla da xeyli pul silinib. Lakin belə bəzək-düzəyə xərclənən pulun məbləğini öyrənə bilmədik. Eh, bir də həmin yolka ağacı nə hündürlükdə olur-olsun. Bu, aylarla dilinə ət dəyməyən, bir tikə qəndə belə həsrət qalanın həyatında, güzəranında nəyi dəyişəcək ki? 


Müstəcəb Məmmədov
         "Cənub xəbərləri" qəzeti

Комментариев нет:

Отправить комментарий