Dünyada öz çevikliyinə və bu səbəbdən də xüsusi qabiliyyət sahibi olduqları ilə fərqlənən Azərbaycan məmurları tarixin daha bir sınağından çıxdı. Həm də bu sınaqdanşərəflə, təmkinlə, üzüağ çıxmağı bacardı. Onların qürurunu sınmağa yönəltmiş, qamətlərini bükə biləcək korrupsiya olaylarından belə ləyaqətlə çıxmağı bacarmaları bir daha sübut etdi ki, Azərbaycan məmuru öz yenilməzliyini heç nəyə güzəşt etməyəcək.
Arada korrupsiyaya qarşı mübarizə məmurlarımızı silkələyə bilsə də, onların qamətinə təsir edə bilmədi. Onlar yenə də təkcə öz qohum-əqrəbalarının deyil, eləcə də xalqımızın güvənc mənbəyi kimi öz əzəmətli duruşlarını bərpa edə biliblər. Hərçənd ki, onlar korrupsiya üzərinə yürüş başlananda bir qədər çaşqın duruma düşmüş, üzlərindəki təbəssüm də bir qədər donmuşdu. Sükr olsun tanrının böyüklüyünə ki, yenə də məmurlarımızda görməyə adət etdiyimiz bütün təkəbbür və qürur olduğu kimi yerinə qayıdıb. Qoy uca Tanrı özü bizim məmurları bəd işlərdən və bəd nəzərlərdən uzaq eləsin.
Hansı yolla pul əldə etməsindən asılı olmayaraq, bu işi məharətlə bacaran və bu bacarığına görə bizim mənəvi sığınacağımız olan məmurları acınacaqlı, miskin durumda görməkdən daha ağır bir mənzərə təsəvvür eləmirəm. Axı "məmur" sözü eşidiləndə ilk növbədə bizim nəzərimizə bütün ətrafa örnək ola biləsi təşəxxüslü bir sima kimi gəlir ki, bunu başqa formada görməyin özü belə bizim həyatımızın mənzərəsinə təsir edə bilər. Hətta təşəxxüslü durumu, əzəmətli görkəmi olmayan şəxslər belə təsadüfən məmur ordusunun içinə qatılıbsa, o, bu görkəmi ilə qəbul olunmur, yəni "əsl" məmura olan sayğı ona göstərilmir. Hətta yaxın qohum-əqrəbaları tərəfindən belə. Çünki belə təsadüfi məmurlar bir qayda olaraq səriştəsiz olduqlarından, başlıcası isə qaz vurub qazan doldurmağı bacarmadığından onu hətta yaxınları belə sevmirlər. Bizim məmur təbəqəsinə olan baxışımızın nəticəsidir ki, "səriştəsiz" məmurları öz övladları belə qəbul eləmək istəmir. Çünki onlar da digər məmur balaları kimi "cip"-də gəzib, eyş-işrətlə məşğul olmaq arzusunda olsalar da, atalarının "əfəlliyi" bu yolun qarşısını kəsir. Ona görə də təsadüfən məmur ordusuna qoşulmuş belələri zamanın gərdişinə uyğunlaşa bilmədiyindən kənara atılır.
Xülasə bizim həmişə gördüyümüz və görməyə alışdığımız məmurlar yenə də əvvəlki görkəminə qayıda bildilər. Arada bir neçə ay müddətində əzəmətinə kölgə düşmüşməmurlarımızı görəndə bizim nələr çəkdiyimizi Allah bilir. Heç rəvadırmı ki, bizim işimiz düşdü-düşmədi məmnuniyyətlə baş əyməyə hazır olduğumuz məmurlarımız məhzun görkəmdə görünsün?
Doğrudur arada bir-iki məmurumuz güdaza da getdi. Ancaq bir həqiqətdir ki, qurbansız qələbə olmur. Bir tərəfdən də baxanda elə güdaza gedənlər də həmin səriştəsiz məmurlardandı. Bu mənada məmur ordusunun heç nə itirmədiyini, hələ mübarizədə bir qədər də mətinləşdiyini də deyə bilərik.
Artıq bütünlüklə məmurlar özlərinə qayıda bilmişlər. Bir qədər əvvəl çaşğınlığın təsiri ilə hətta sadə vətəndaşın ayağına duran, ona salam verən məmurları əvvəlki təkəbbüründə görmək onların bütün çətinlikləri arxada qoyduğunu söyləməyə əsas verir. Tarixin ağır sınağınıarxada qoymuş məmurlar yenə də toylarda "dövran bizimdir" havasına oynamaqla, öz qələbələrini qeyd edirlər. Bizə isə bu xoş mənzərədən düşən pay "qırx min kərə maşallah!" demək istəyimizdir.
Düşünürəm ki, ustad Mirzə Cəlil yaşasaydı, öz oxucularına dərgidə belə bir hesab məsələsi ilə müraciət edəcəkdi: "Bizim hökümətin başbilənləri 6 ildir ki, korrupsiyaya qarşı əməllı-başlımübarizəyə başlasalar da bu müddətdə heç nəyə nail ola bilməyiblər. Bu minvalla onlar daha neçə il mübarizə aparmalıdırlar ki, korrupsiyanın kökünü kəsə bilsinlər?"
Комментариев нет:
Отправить комментарий