Страницы

01.07.2011

Elmar Şahmar. Sevgi nəğmələri

          Bir  acı  sözmü?

Yaşanmış  hər  şeyi  nə  tez  unutdun,
Bizi  ayrı  saldı  bir  acı  sözmü?
Atıb  məhəbbəti  qüruru  tutdun,
Bizi  ayrı  saldı  bir  acı  sözmü?

İnsan  çox  qəribə, özü  qəribə,
Baxıb  görmədiyi  gözü  qəribə,
Bilmədən  dediyi  sözü  qəribə,
Bizi  ayrı  saldı  bir  acı  sözmü?

Kaş  ki  lal  olaydı, susaydı  dilim,
İndi  sızlamazdım  mən  ilim-ilim,
Gülüzlü  mələyim, bir  söylə, bilim,
Bizi  ayrı  saldı  bir  acı  sözmü?

Sənsiz  tək  qalacam  bu  gələn  qışla,
Həsrətlə, sakitcə  yağan  yağışla,
Haqlısan, sevgilim, məni  bağışla,
Bizi  ayrı  saldı  bir  acı  sözmü?

Sənə  bir  sirr  açım, bildirmə  yada,
Nə  qədər  həyat  var, salarsan  yada,
Mənimçün  ən  əziz  sənsən  dünyada,
Bizi  ayrı  saldı  bir  acı  sözmü?

Gün  gələr, olarsan  dilinin  qulu,
Getdiyin  yol  olar  peşmanlıq  yolu,
Özünə  verərsən  bax   bu  sualı:
“Bizi  ayrı  saldı  bir  acı  sözmü?”.

Bilirəm, qəlbində  böyük  qəzəb  var,
Xəcalət  çəkərsən, qəzəbin  soyar,
Gözəlim, sənsiz  də  yaşayar  Elmar,
Bizi  ayrı  saldı  bir  acı  sözmü?

            Əlvida, gedirəm

Son  dəfə  səsini  eşitmək  üçün,
Əyib  qürurumu  zəng  edirəm  mən.
Hər  şeyi  demişəm, qalıb  bircə  söz,
Əlvida, həyatım, çıxıb  gedirəm.

Sən  doydun  sevgidən, mən  qalmışam  ac,
Bir  şirin  sözünə  olmuşam  möhtac,
Hər  şeyi  sınadım, qalıb  tək  əlac,
Əlvida, həyatım, çıxıb  gedirəm.

Uca  eşq  dağından  heç  enməyəcəm,
Eşq  üçün  yanacam, heç  sönməyəcəm,
Bir  gün  çağıracan, bil  dönməyəcəm,
Əlvida, həyatım, çıxıb  gedirəm.

Dünya  bir  teatr, həyat  tamaşa,
İstədim  yaşayaq  birlikdə, qoşa,
Seçdin  tənhalığı, indi  tək  yaşa,
Əlvida, həyatım, çıxıb  gedirəm.

Dəniztək  hey  coşub, hey  çağlasan  da,
Vəfasız  qəlbini  hey  dağlasan  da,
Geriyə  yol  yoxdur, hey  ağlasan  da,
Əlvida, həyatım, çıxıb  gedirəm.

Bir  çayam, bu  yerdən  axıb  gedirəm,
Son  dəfə  şəklinə  baxıb  gedirəm,
Bütün  keçmişimi  yıxıb  gedirəm,
Əlvida, həyatım, çıxıb  gedirəm.

           Görməyəcəksən

Dağ  dağa  rast  gələr  dünyada, ancaq
Sən  məni  bir  daha  görməyəcəksən.
Qarşına  neçə  cür  insan  çıxacaq,
Sən  məni  bir  daha  görməyəcəksən.

Sevgimiz  bitibdi  sənin  üzündən,
Nahaq  yaş  axıtma  əsla  gözündən,
Utan  sözlərindən, utan  özündən,
Sən  məni  bir  daha  görməyəcəksən.

Necə  də  xoşbəxtdik  biz  bir  zamanlar,
Artıq  xatirədir  o  keçmiş  anlar,
Əzabın  olacaq  son  yaşananlar,
Sən  məni  bir  daha  görməyəcəksən.

Mən  sənə  “can”  deyib  sevdim  dəlicə,
Fikrindən  yatmadım  inan  bir  gecə,
Bəs  mənə  xəyanət  etdin  sən  necə?!
Sən  məni  bir  daha  görməyəcəksən.

Bir  gün  mənim  kimi  sən  də  sevəcən,
Hər  gün  ağlayacan, dərd-qəm  çəkəcən,
Məhəbbət  nə  imiş  onda  görəcən...
Ancaq  məni  heç  vaxt  görməyəcəksən!

Комментариев нет:

Отправить комментарий