Страницы

22.07.2011

EŞŞƏYİN XOŞBƏXTLİYİ VƏ BƏDBƏXTLİYİ


Kənan Hacı
                            Eşşək polis rəisini necə aşırdı?

  Şamaxı haqqında çoxsaylı yazılar oxumuşam, bu şəhərin ötən əsrin əvvəllərində zəlzələlər nəticəsində yerlə-yeksan olduğu haqqında yaşlı adamların acı xatirələrini dinləmişəm. XIX əsrin axırlarında Mahmud ağanın evində düzənlənən şeir-sənət yığnaqlarının səsi-sorağı yaddaşın hesabına illəri adlayıb kitab səhifələrində möhkəmlənib.  Hələ yeniyetmə ikən   “Qobustan” toplusunda Rafael Hüseynovun Mirzə Məhəmmədhəsən haqqında yazdığı  “Səssiz və rəngsiz dünyanın adamı” yazısını oxumuşdum və Şamaxı mənim uşaq yaddaşımda həm də Mirzə Məmmədhəsənin səsi kimi hüznlü, qüssəli, qaranlıq bir şəhər kimi qalmışdı.
  Bu acı təəssürata mərhum yazıçı Əzizə Cəfərzadənin Seyid Əzim Şirvaninin həyatından bəhs edən  “Aləmdə səsim var mənim” romanındakı tünd boyalar da əlavə olunandan sonra Şamaxı mənim rəng yaddaşıma boz-bulanıq, tozlu-torpaqlı şəhər kimi həkk olundu.
 Bürkülü yay günündə qəfildən könlümüzə Şamaxı düşdü. Niyə məhz Şamaxı? Axı məqsədsiz-filansız hansısa səfərə çıxmağın özü də qeyri-ciddi təsir bağışlayır. Jurnalist dostum Əli Şükürovla bu səfəri planlaşdıranda düşündük ki, rayona çatan kimi ilk növbədə İcra başçısı Asif Məmmədovla  görüşsək yaxşı olar. Həm bu başıbəlalı  “eşşək” məsələsinə aydınlıq gətirərik, həm də şəhəri gəzmək üçün onun yardımından faydalanarıq. Əslində Şamaxı gündəmə gəldiyinə görə ilk növbədə bu gözünə döndüyüm  “eşşəyə” minnətdar olmalıdır. Eşşək həngaməsi olmasaydı, Şamaxının adı ilin-günün beləcə qarışıq vaxtında qəzet səhifələrində, televiziya kanallarında bu qədər hallanmazdı.
  Əvvəlcə düşündük ki, mənim maşınımla gedək, sonra təkərlərin bir qədər nasaz olduğunu nəzərə alıb bu fikirdən daşındıq. Şəhərin qayır-qayır qaynadığı, asfaltdan buğ qalxan vədədə  “Şamaxinka”da bir  “Mersedes”in sürücüsüylə danışıb yola çıxdıq. Kürəyimin ortasından su axırdı. Sürücü yerindən dəbərən kimi şüşələri qaldırmaq əmrini verib kondisioneri işə saldı. Bir andaca soyuq hava axını sərin duş misalı məni ağuşuna aldı.  
  Şamaxıya tez çatdıq. Maşını birbaşa İcra hakimiyyətinin qarşısına sürdürdük. Rayonda abadlıq işləri aparılırdı, İcra hakimiyyətinin önündən  keçən yola təzə asfalt örtüyü çəkirdilər. Şamaxı şəhərinin girişində eşşək heykəlinin qoylması təkcə mətbu sferada deyil, siyasi çevrələrdə də ciddi müzakirələrə səbəb olmuşdu və bir neçə məmurun vəzifədən getməsiylə nəticələnmişdi. Zaman günün günorta çağı Şamaxıda möhtəşəm bir tragikomediya yazmışdı.
 Deyilənə görə, eşşək heykəlinin müəmmalı şəkildə dağıdılması Şamaxıda məmurlar arasındakı konflikti daha da dərinləşdirib. Özünü rayonun mərkəzindəki mebel mağazalarından birinin müdiri kimi təqdim edən Balaməmməd adlı sinli bir kişi bizə danışdı ki, heykəlin vurulması əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilib, əks halda maşını qəsdən heykələ çırpmış sürücünü dərhal azadlığa buraxmazdılar. O heykəlin şəhərin girişində qoyulması Şamaxı camaatına ən böyük təhqir idi, əhali imkan verməzdi ki, heykəl orada qalsın.
  Balamməd kişi İcra başçısını o ki, var təriflədi, guya polis rəisini bir gecənin içində işdən çıxartdırıb, bir neçə məmurla da vidalaşandan sonra həmin vəzifələrə öz inanılmış adamlarını təyin etdirib. Biz rayonda olanda polis rəisinin artıq rayonu tərk etdiyini bildirdilər. Amma İcra başçısının rayonun polis rəisini işdən çıxartdırmağa nə dərəcədə səlahiyyəti çatdığı da bizim üçün cavabsız qaldı.

                                       Deputatın toy macərası 

İcra başçısının qəbuluna yazılıb yaxınlıqdakı parkda təzəcə əyləşmişdik ki, inzibati binanın qarşısında bir-birinin ardınca qırmızı lentlə bəzədilmiş 7-8 xarici maşın peyda oldu. Gələn qonaqlar  arasında millət vəkili Qənirə Paşayeva, xanəndə Zabit Nəbizadə, politoloq Rüstəm Əliyev və bəzi tanınmış şəxslər də vardı. Qapıda dayanmış polis serjantı bizə bildirdi ki, çox güman ki, İcra başçısı bu gün sizi qəbul edə bilməyəcək, Bakıdan qonaqları var. Qonaqların gəlişinin məqsədi haqda soruşduq, bizə dedilər ki, rayonun deputatı Elxan Süleymanov yetim bir gəncə toy çaldırır, bütün idarə müdirləri məcburi şəkildə həmin toya bir növ təhkim olunublar. Konkret məbləğ də müəyyən edilib - hər kəs toya minimum 100 manat yazdırmalıdır! Toya idarə müdirlərindən əlavə rayondakı irili-xırdalı bütün iaşə obyektlərinin sahiblərinin də dəvət edildiyini öyrəndik.
  Biz sonra biləcəkdik ki, əslində Asif Məmmədovla deputat Elxan Süleymanovun arasında soyuq küləklər əsir. Zavallı eşşəyi  “xosunvay” edən sürücünün azadlığa buraxılmasını da polis rəisindən məhz Elxan Süleymanov xahiş edib və rəisin sürücünü azad etməsi İcra başçısının qəzəbinə səbəb olub. Nəticədə rəis öz vəzifəsiylə vidalaşmalı olub.
 Yaxşı, bəs görəsən bu eşşəyə Şamaxıda hansı şücaətinə, qəhrəmanlığına görə heykəl ucaldıblar? Yer üzündə eşşəyə abidə ucaldan şəhər kimi Şamaxının adı Ginnesin Rekordlar kitabına düşməyə şanslıdır.
                                   
                 Bakı restoranlarından baha Şamaxı yeməkxanaları

  Şamaxının baş küçəsiylə bir xeyli ora-bura vurnuxsaq da ucuz yeməkxana tapa bilmədik,  “Dostluq” restoranındakı qiymətlər Bakının bahalı restoranlarındakı qiymətləri geridə qoyur. Məcbur olub yaxınlıqdakı ərzaq mağazasından kolbasa, skumbriya, çörək aldıq və qarşımıza çayxana çıxacağı ümidilə gəzişməyə başladıq. Balaməmməd kişi də elə bu vaxt qarşımıza çıxdı, sağ olsun, bizi özünün sahibi olduğu Mebel mağazasına apardı, nahar üçün şərait yaratdı, yeməkdən sonra onun pürrəngi çayına  da qonaq olduq. Balaməmməd kişi çox mətləblərdən danışdı, onun dediklərinin hamısını yazmırıq ki, ona problem yaşatmayaq. Amma onu da deyək ki, Balaməmməd kişi rayonun İcra başçısından yerdən göyədək razılıq elədi.  Ondan əvvəlki İcra başçıları haqda da mənfi ampulada döşədi. Amma “Tarixi-Nadir”i vərəqləməyə bizdə vaxt hardaydı?
  Balamməməd kişi bizi  yek kəlmə ilə “arxayın” elədi ki, Asif müəllim elə kişi deyil, sizi hökmən, hələəlbət qəbul edəcək. Biz də səmimi-qəlbdən inanıb İcra hakimiyyətinin binasına minnətdar nəzərlərlə boylandıq.
  Axır ki, bir çayxanaya rast gəldik. Sən demə, bu çayxana çox da uzaqda deyil, İcra hakimiyyətinin binasının arxasındaymış. Sabir adlı qoca bir kişi bizi kölgəliyə dəvət edib qəşəng bir samovar çayı gətirdi. Belə yerdə bir nərd atmaq pis olmazdı. Həm də bir hovur dincimizi alardıq. Sən demə, səfər yoldaşım Əlinin də könlündən nərd keçirmiş. Sabir kişi nə az, nə çox-11 övlad atasıdır. Əli zarafata keçir:
  -Kişi, maşallah, bekar durmamısan!
  Əlini yelləyir:
  -Eh, noolsun? Bu gədələrin ikisi fərsiz çıxıb, bilsəydim, heç onları əkməzdim. Olur da... Hamısı yaxşı çıxa bilməz ki. Məhsul da yetirəndə mütləq içindən zayı çıxır. Təbiətin qanunu belədir. Amma bu gədələr mənə bu qoca vaxtımda yaman əziyyət verirlər...
  Sabir kişi giley-güzarını bitirib bir anın içində bağdakı yaşıllıqda gözdən itdi. Biz çayımızı içib oyunumuzu bitirənəcən də gözə görünmədi. Çaydanın altına 1 manat qoyub qalxdıq.   
 
                                “Kişidə kişilik qoymayıblar”

   Bakıdan çıxanda bizə demişdilər ki, Şamaxıya gedəsən, Pirquluya baş çəkməyəsən, günah olar. Orda eyni adlı istirahət mərkəzinin sahibi Seyran müəllimlə görüşmədən qayıtmayın, deyə öyüd də vermişdilər. Deyilənə görə, Seyran müəllimin qardaşı şair olub, ədəbi gurlar arasında Oqtay Qaya kimi tanınıb və möhkəm yeyib-içən adam olub. Natəvan heykəlinin böyründəki  məşhur  “Novbahar” restoranında şairlərə, yazıçılara qonaqlıqlar verməyilə yaddaşlarda qalıb.
   Dedilər ki, elə Seyran müəllimin özü də yazar əhlinə xüsusi hörmət göstərən insanlardandır. Pirquluya getsəniz, o sizin yaxşıca istirahətiniz üçün hər cür şərait yaradacaq. Univermağın qarşısından taksiyə əyləşib Pirquluya üz tutduq, köhnə  “Jiquli” torpaq yolda sanki qanad açmışdı, maşının şüşəsini endirdim, axşamın  sərin mehi üz-gözümü yaladıqca özümü xoş hisslərin ixtiyarına verdim.
 Yal-yamac qoyun sürüləriylə doludur. Qədim Şirvan yolları fikrimi min-bir yerə çəkir. Düşünürəm ki, bu yerlərdən qədim saq-işquz orduları, qıpçaqlar, hunlar, xəzərlər, oğuzlar gəlib keçib, hərəsi də bu torpaqda öz izini-nişanəsini qoyub gedib.
  Yolüstü Şamaxı Rəsədxanasına da baş çəkdik. Burda əməlli-başlı yenidənqurma işləri aparılıb. Rəsədxananı keçən kimi bizim qəhrəmanımızn obyekti görünür. Hə, bu da  “Pirqulu”! Həyətdə bir neçə xarici maşın var, orda-burda itlər dolaşır. Seyran müəllimi soruşuruq, bizi onun yanına aparırlar, miyanə bir otaqda oturub alverin haqq-hesabını aparır. Hündürboy, sağlam cüssəli kişidir. Hiss etdim ki, gəlişimizdən məmnun deyil. Bizimlə çox soyuq görüşür.
 Sonra bu soyuqluğun səbəbini biləcəyik. Uşaqlar bizi gözəl bir guşəyə aparırlar. Əl-üzümüzə soyuq su vurub bir az özümüzə gəlirik. Buranın mənzərəsini sözlə ifadə etmək çətindir, fürsətdən istifadə edib fotoaparı işə salıram və bir neçə kadr çəkirəm. Gözümüz  önünə yaşıl xalı kimi sərilmiş meşənin sükutu ruhumuza dinclik gətirir.  Bir azdan axşam düşüncə çaqqalların vaqqıltısını eşidəcəyik, uşaqlar deyəcək ki, buralara dağların o üzündən canavarlar da gəlir, hətta vaşaqa da rast gəlmək olur. Hətta bizə ehtiyatlı olmağı da tapşırırlar. 
  Nəhayət, Seyran müəllim yaxınlaşıb bizimlə bir masada əyləşir, gəlişimizin məqsədini soruşur. Özümüzü təqdim edirik, mən nəsr kitabımdan birini ona bağışlayıram. Seyran müəllim zamanədən şikayətə başlayır:
  -Eloğlu, məqsədinizi anladım. Amma indi kişidə kişilik qoymayıblar, dost-aşna, qonaq-qara yanında üzümüz qaradır. İnanın, səhərdən bir maşın gəlməyb, eləcənə boş-boşuna oturmuşuq. Siz fikirləşdiyiniz o əyyamlar, o gözəlliklər keçmişdə qaldı. Məni əməlli-başlı utandırırsınız, bilmirəm ki, sizə necə qulluq edim.
  Araya uzun bir süküt çökür. Əliylə baxışırıq, ikimiz də gəlməyimizə peşiman olmuşuq. Handan-hana Seyran müəllim dilə gəlir:
  -Uşaqlara deyərəm, sizə yemək verərlər. Amma başqa şeyə imkanım yoxdu, vallah. Mənim bir az işlərim var, sizinlə otura bilməyəcəyəm.Gərək üzürlü sayasınız...
  Dinmirik. Qalxıb  gedir. Bıçaq vursan, qanımız çıxmaz. Artıq axşam düşdüyündən getmək fikrindən daşınırıq. Yoxsa dinməzcə burdan çıxıb gedərdik. Bir azdan süfrəyə soyuq qəlyanaltı, kabab, araq gətirilir. Könülsüz yeyirik, araq bir az öncəki xoşagəlməz  situasiyanı müvəqqəti olaraq bizə unutdurur.
  Sən demə, Seyran müəllim bizə  əsl sürpriz hazırlayıbmış. Kababdan yeyib arağın xumarlığından təzəcə xoşhal olmuşduq ki, Seyran müəllim gəlib çıxdı və bizə nə desə yaxşıdır?
  -Yaxşı, nə fikirləşirsiniz? Hara gedəcəksiniz?!
 Arağın kayfı uçub getdi, heç ağlımıza gəlməzdi ki, Seyran kişi gecənin bu vədəsində bizi çöldə qoyar. Eləcə soyuq tərzdə dedi ki, sizinçün yerimiz yoxdur, kotteclərin hamısı  “zanit”dir. Əli təəccüblə üzümə baxdı, yəni bəs bu bayaqdan deyirdi ki, bircə müştərimiz yoxdu, indi isə bu qədər  evciklərin biri də boş olmur. Əməlli-başlı pis vəziyyətdə qalmışdıq.
 Seyran kişinin  “Mersedes”i də “zanit” idi. O, öz işçilərini yaxınlıqdakı kəndə, evlərinə aparırdı. Sağollaşmadan maşına oturub uzaqlaşdı. Çölün düzündə qalmışdıq. Bir müddət sonra uzaqdan maşın işıqları göründü, əl elədik, saxladı.  “UAZ” maşını idi, içindəkilər hərbçilər imiş. Sağ olsunlar, bizi Çuxuryurda qədər endirdilər. Başımıza gələn qəziyyəni onlara da danışdıq. Sükan arxasında oturan caydaq oğlanın səsi mis kimi cingildədi:    
 -Sizə məsləhət vermək olmasın, gələndə kişi qapısına gəlin!
Evə getməyi təklif etsələr də razılaşmadıq, gecə vaxtı evdəkiləri narahat etmək yaxşı düşməzdi. Bizə Çuxuryurdda bir oteli məsləhət gördülər və bizi həmin otelin qarşısında düşürüb sağollaşdılar. Sağ olsunlar, bu yazı vasitəsilə də onlara öz minnətdarlığımı çatdırıram. Düz deyirmişlər ki,dünya yaxşılardan xali deyil.

                  Şamaxıdan olmayanın Şamaxı qonaqpərvərliyi

  Oteli icarəyə götürmüş Məqatil müəllim bizə böyük qonaqpərvərlik göstərdi, təzəcə yeyib-içməyimizə baxmayaraq restoranda bizə quzu ətindən pörtdəmə gətizdirdi. Az qala partlamaya düşmüşdük, imtina eləyə  bilmirdik ki, xətrinə dəyə bilər. Məqatil müəllim bizə qalmaq üçün yaxşıca otaq da ayırdı, yatıb dincəldik, uzaq yolun yorğunluğunu canımızdan çıxartdıq.
  Bu gülərüz kişi əslən Ağsudandır, ailəsilə burada qalır və otelin bütün işlərinə özü nəzarət edir, on iki yaşlı oğlu atasına hər işdə əl yetirir, çox zirək oğlandır. Biləndə ki, biz yazarlarıq, uşaq sadəlövhlüyü ilə “noolar, qəzetinizdə bizim oteli reklam edin də” deyə bizdən xahiş edir, baş üstə, deyirik. Fotoaparatı çıxarıb onun da şəklini çəkirəm. Əməlli-başlı sevinir.
  Məqatil müəllimin qonaqpərvərliyi Şamaxı səfərimizin boz-bulanıq ovqatına işıq salan yeganə məqam oldu.
  Sübh tezdən oyanıb səhər yeməyini yedik və yubanmadan rayona qayıtdıq. İcra başçısının qəbul günü olmağına baxmayaraq yenə də bizi qəbul etmədi.
   Bircə çarəmiz qalırdı- Bakıya dönmək. Düşünürdüm ki, gördüklərimin, eşitdiklərimin hamısını yazacağam. Amma çox şeyi yazmadım, sadəcə, şamaxılılara əskiklik gətirən şeyləri qələmə almağı özümə və onlara rəva bilmədim. Hər halda Şamaxıdan xoş təəssüratla qayıtmırdıq.

                                   Şamaxı-Pirqulu-Bakı

Комментариев нет:

Отправить комментарий