Страницы

23.07.2011

Onlar və biz


Alı Vüsal                     Professional Oxucu Liqası

 Niyə bizdə hər şey olduqca maraqlı və unudulmazdır? Bütün dünya nə edir, biz niyə onun əksini edirik? Və yaxud düz bir qanunun böyür-başına bir-iki şey pərçimləyib onu əcaib bir formaya salırıq. Bir də o şey ki zülmlə olur, onda hər şey daha maraqlı, daha yaddaqalan olur. Məsələn, inkişaf etmiş ölkələrdə yaxşı natiqlik edən, haqqına danışan adamlara mükafat, fəxri adlar verirlər. Bizdə isə danışa bilən, lakin danışmayan, yəni lal olana, “lallığına” görə pul verirlər. Bundan başqa, dünyanın çox yerində əsl ziyalılar da var, ziyalı cəmiyyətləri də. Bizdə isə əsl ziyalı olanda cəmiyyətləri olmur, cəmiyyətləri olanda orda ziyalı olmur. Yaxud, bir çox yerlərdə fəal gənclər də var, “Gənclər evi”də. Bizdə isə “Gənclər evi” olur, amma içində gənc olmur. Yapçı olur gopçu olur, di gəl ki gənc olmur. Gənclərin çoxu da elə çaq-çuq etməklə, toyda oynamaqla günlərini keçirirlər. Lap hamının yaralı yeri qəzetləri götürək. Dünyanın çox yerində qəzetlər reklamdan o qədər qazanır ki, nüsxələri hamıya havayı verirlər. Bizdə isə hər 6 aydan bir müəllimlərdən, həkimlərdən 30-40 manat yığır, heç əməlli-başlı qəzet də vermirlər.
 Bir az lap iri işlərdən danışaq. Nadir şah, Şah İsmayıl və onlar kimi başqa hökmdarlar həmişə qoşunun qabağında gedər, od-alova birinci girərdilər. Amma bizim başçılar çox vaxt arxada gizlənib, elə eyni yurddan olanları bir-birinin üstünə qaldırırlar. Yaxud, keçmiş kişilər həmişə deyərdi ki, bala, mərd olun, kişi olun. Amma bizim bəzi rəhbərlər qadının əvəzini kişidən çıxmaq kimi şərəfdən, ləyaqətdən uzaq yol da tuturlar. Müqəddəs heç nə qalmayıb.
 Belə misallar bir deyil, beş deyil. Məsələn, başqa yerlərdə polis xalqı oğrudan, quldurdan qoruyur. Bizdə isə polisin, prokurorun ən yaxın dostları elə həmin oğru, quldurlardır. Hətta bəzi polis işçiləri özləri mədəni oğurluq edirlər. Çox az polis rəisi, yaxud müavini tapılar ki, onun müəllim, jurnalist, şair dostu olsun.
 Başqa yerlərdə kasıblara ünvanlı yardım verirlər ki, o da bir tikə çörək yesin. Bizdə isə ünvanlı yardım istəyən kasıbların başına elə oyun açılır ki, onun öz ünvanı da yadından çıxır. Özgə yerlərdə xeyriyyəçiləri həvəsləndirirlər ki, yaşadıqları yerə sərmayə qoysunlar. Bizdə isə deyirlər ki, amanın günüdür, xeyriyyəçini doğma yurda yaxın qoymayın. Yaxın düşəni də tutub tasa otuzdururlar. Bunlar abadlıq adı ilə milyon manatlarla pul silir, indi xeyriyyəçi gəlib burada abadlıq işləri aparsa, onların ayıbı daha aydın görünər axı!
 Əvvəllər heç bu qədər hacı, kərbəlayı yox idi, bu qədər alıb-aldatmaq da yox idi. Yəqin elə bu sayaq halları görəndən sonra filosoflardan biri deyib ki, Avropada müsəlman görmədim, müsəlmançılıq gördüm, Şərqdə isə müsəlman gördüm, müsəlmançılıq görmədim.

Комментариев нет:

Отправить комментарий