Страницы

02.07.2011

POTENSİAL İNSAN

Həmid HERİSÇİ



Qədim kənd mənzərələri əhatəsindəydim bu hadisənin baş verdiyi dar məqamda. Sinəsinə sərin quyu suyu fışqırdılan kəhər atın şahə qalxdığını gördüm. Üzərimizdəki sütunsuz göylərə ağ göyərçinlər sahibdi burda. Qədim daş divar dibində son günlərini çürüdən paslı manqal. Kağız kisənin dibindən son kömür (bəlkə son ömür?) parçalarını manqala atan tanımadığım birisi. Nəm çəkmiş kibrit qutusundan çıxarılan çöplərin biri sınır, ikincisi, üçüncüsü... Səbrimiz imtahana çəkilir sanki.
Hə, yamanca darıxdım bu son mənzərəni seyr etdikcə, yorğun gözlərimi nəhayətsiz göy qübbəsinə qaldırınca anında şaşırıb gözlərimi bərəltdim. Göy qübbəsinə çatıb orda rəqs edən ağ göyərçinlər ulduz xəritəsindəki YEDDİ QARDAŞ bürcünü göylərə tam dəqiqliyi ilə həkk etmişdilər...
***
Nağıllar aləmində bir də görürsən ki, qəhrəmana deyirlər: “Get öz arzularının ardınca, gündüz vaxtı göylərə baxanda diqqətli ol, ulduzları, sitarələri, səyyarələri çalış günün günorta vaxtında gör”.
Hə, mən də sanki belə vəziyyətə düşmüşdüm - göylərdə rəqs edən göyərçinlərin ulduz bürclərini səma üzərinə rəssam kimi həkk etdiklərini açıq-aydın görürdüm. Düşündüm: “Bəlkə məni qara basır? Bəlkə... Bəlkə Allah özü mənim bəsirət gözümü açıb indi?. Bir sözlə, əməlli-başlı möcüzələr aləmində idim. Zarafat deyil, günün günorta vaxtı göydə ulduzları görürdüm elə bil...
Quş dilini bilən Süleyman peyğəmbərlər harda qaldı e? Gedib onlara danışardım sütunsuz göylər aləmində gördüyüm bu ilahi möcüzəni. Yooox, belə demə. Quş dilinə indi də bələd olanlar var. Başı papaqlı, əli təsbehli Bakı quşbazlarını deyirəm də... “Bəlkə onlarla bölüşüm öz müşahidələrimi?” Sualı ürəyimdə dönə-dönə təkrarlayıb gəlirəm Bakının səs-küylü Əzizbəyov meydanına. Sürücü tayfasıyla qiymət davasını çox da uzatmadan bir köhnə “Jiquli”yə əyləşib baş götürüb gedirəm adı əzbər Maştağa kəndinə. Kənddə rəhmətə gedən zənən xeylağı var - qapı ağzında durmuş dəmir mafəyə adətə görə qara kəlağayı sancaqlanıb. Xəzri vurduqca kəlağayı rəhmətə gedənin narahat ruhu kimi çırpınıb dalğalanır. Kənd cayıllarının çəp baxışlarının müşayiəti altında gəlirəm məşhur quşbaz Məşədi Qeybinin mübarək qapısına.



Hacı qeybi


Maştağada hamı ona “Məşədi, Kərbəlayı” desə də bu köhnə quşbaz əslində hələ ki, heç bir ziyarətə getməyib. O ənənəyə sadiqəm - qapıda məni salamlayan bu köhnə kişiyə “Məşədi Qeybi” deyə xitab edəcəyimi əvvəlcədən yəqin etsəm də qəfildən dilimdən tamam başqa ifadə çıxır:
- Salaməleyküm, Hacı Qeybi...
- Sən ki, məni həci etdin, Allah niyyətini eşitsin. Buyur içəri.
Təzəcə sulanmış həyətin nəm qoxusu. Masaya sərilən ağ süfrə. Üzüm yarpaqlarının divarda oynayan dəcəl kölgələri. Məcməyi üstə hüzurumuza əlvan çay dəstgahı gəlir. Armudu stəkanlar ağ süfrəyə gəlib çatanacan bir-iki dəfə öz aralarında toqquşub cingiltili səs çıxarır, ruhumuzun incə tellərinə toxunur. Həyətin ortasında əhənglənmiş 14 daşın işarələdiyi böyük bir dairə var. Ortada isə yastı su qabı.
- Hacı Qeybi, bəs bu nədir belə həyətinizin ortasında? - ilk sualım özümdən biixtiyar dodaqlarımdan qaçır.
- Bilirdim ki, siftə mənə bu sualı verəcəksən. - Məşədinin üz qırışları azca açılışır. - Göydə yolunu azmış tək göyərçin bu dairəni yuxarıdan görüncə onu ağ göyərçin dəstəsi bilib aşağı enir. Düşür əlimə, qanadlarını tez kəsib onu özümünkülərə qatıram. 2 aya təzə qanadları çıxanacan məndən elm-irfan öyrənir... - Köhnə quşbaz əl hərəkəti ilə göyərçin qanadlarını necə kəsdiyini təkrarlayır. - Bütün kənd də bilir mənim buna ixtiyarım var, day səs-küy salmırlar.
Ürəyimdə lal suallar səslənir: “Dairəni təşkil edən 14 daş, yəni 14 məsumun işarəsimi? Göyərçinlərin daşıdığı 14 məsum ruh bu yollamı göydən tənzil olur hüzurumuza? Demək, əsl quşbaz bazardan almır öz quşunu, göy qübbəsindən gözləyir qismətini”...
Məşədi ilə çaydan bir udum almağımız bizə bəsdi, söhbətimiz düşür rəvana (nirvanaya?):
- Cadu çağıranlar başqadı, cəddi çağıranlar başqa. Mən cəddi çağıranlardanam. Cinlə şeytan adəmlərə çarpaz verilib, namaz möhürünün lap yanındadı cinü-şeytan. Həzrət Əlinin gümüş üzüyü üzərində bu hikmət həkk edilibmiş: “Bildin, əməl elə”. Yoxsa biliyin batil olar. Mən əməl sahibiyəm. Quşlarımı görürsən də...
Axşam namazının vaxtı yaxınlaşır deyə əsas sualımı Məşədi Qeybiyə verməyə tələsirəm:
- Dünən göydə bir dəstə göyərçinin rəqsini gördüm. Göy qübbəsinə qalxınca ulduz xəritəsini həkk etdilər səmada, - bunu deyib əl atıram süfrədəki təsbehimə.
- Bəli, bəli. Bu məsumlarda hikmət-iman bəndələrdən şükür ki, çoxdu. Dünən mənimkilər də səmada YEDDİ ULDUZ bürcünü işarələmişdilər. Allahın hikmətidir bu. Bunu gördünmü, seçilmişlərdənsən, günorta vaxtı ulduzları görüb məqamə yetişibsən. Şükür! Əməl vaxtıdır səninçün...
Qeybinin səliqəli həyətini bir də gözdən keçirirəm - uzaq üfüqlərdə günəş qürubdadı, imam qarışqaları yuvalarına qayıdır, ətraflarında bir dənə də qaçaraq atlı qarışqa gözə dəymir. İmam göyərçinləri qanadlarını büküb namaz vaxtını gözləyir. Kasıb komanın qapısı azcana aralanır - ordan uzanan qorxaq zənən əli çəkinə-çəkinə bizə əl-üz dəsmalı təklif edir. Hə, abdəstin vaxtı çatıb...
İstəyirəm son sualımı elə vaxt verim ki, Məşədi onu eşidib sükuta dalsın, azan sədaları özü versin sualımın cavabını:
- Quşların hamısı üfüqü trayektoriyanı götürüb uçuşa başlayır. Təyyarələr də belə edir. Tək Bakı göyərçinidi ki, dikinə (helikopter kimi) 1200 metrədək yuxarı qalxır, orta havanı keçib buluda girir, orda “küləklərin qızılgülünü”, yəni hava axınlarının kəsişdiyi nöqtəni tapır. Sükunətə dalıb 4-5 saat orda bu vəziyyətdə qalır...
Mənmi deyirdim bunları, yoxsa Məşədi Qeybi? Bilmirəm. Məncə, hər ikimiz.
- Hə, o biri quşlardı, təyyarələrdi uçan. Göyərçin isə yerdə bir nöqtəni manşırlayıb ordan səmaya millənir, - möcüzədi lap, hər ikimiz yenə bir ağızdan eyni sözləri təkrarlayırıq.
- Bu isə merac deməkdir axı, - cavabı yenə eyni anda hər ikimizin dodağından qopur. - Alimlər bunu öyrənib meracın nə olduğunu təsdiqləyə bilər.
Göyərçin sanki Arximedin arzuladığı o dayaq nöqtəsini, MƏRKƏZi tapmasa, heç göylərə millənə, merac edə bilərdimi? Bayaqdan söhbətimizi dinləyən göyərçinlər razılıq əlaməti kimi qanadlarını çırpır. Bu vaxt göylərə azan sədası yayılır, söhbətimizi bitirib üzü qibləyə Allaha dua etməyə başlayırıq...




Alim


Maştağadan Bakıya qayıdandan sonra bir neçə gün təkliyə qapıldım, külqabım siqaret kötükləri ilə doldu. Hansı alimlə bölüşüm bu əcaib fikirlərimi? Qərara gəldim ki, suallarımın tək bircə alim cavablandıra bilər - dünya çapında tanınmış məşhur riyaziyyatçı Lütfizadə ilə birlikdə çalışan akademik Rafiq Əliyev. Bir-birimizi çoxdan tanısaq da nə zamandır ünsiyyətimiz olmamışdı. Telefon danışığımız məni sevindirdi. Hörmətli alim həm də oxucularımdanmış. Qərar verib görüş günümüzü müəyyənləşdirdik. Həmin ərəfədə Rafiq müəllim öz həyat yoldaşını itirsə də özünü səbirli aparırdı. Bu itkidən sonra mən bəlkə də onun ilk həmsöhbəti idim. Ağırlığımı rahat yumşaq kresloya salıb göyərçinlər barədə bildiklərimi sadə dillə ona nəql etdim. “Avtomatlaşdırılmış siqnal sistemləri” sahəsində ən yüksək pillələrə qalxmış professor məni diqqətlə dinləyirdi. Eynəyinin şüşəsi üstdən arabir mənə diqqətlə baxan dəyərli alimimiz axırda nəhayət ki, aramızdakı sükut buzunu qırdı. Göyərçin cütlüyünün döş-döşə verib sevişə-sevişə göyə millənməsini təsvir etdiyim vaxt Rafiq müəllimin sarı siminə toxundum sanki. Ömür-gün yoldaşını xatırlayan kimi oldu o, bu nisgilli dəqiqələrdə:
- Alim istəyirəm ki, bu göyərçin “merac”ının riyazi modelləşdirməsini qursun.
Eynək arxasındakı mehriban gözlərinin lal kədərlə dolduğunu hiss etdim bircə an. 1983-cü ildə SSRİ Dövlət Mükafatı laureatı adını, “Soft Komputinq” kitabıyla dünya kitab bazarında fəxri ikinci yeri qazanmış professor çox yox, bir-iki saniyə yenidən öz şəxsi itkisini yaşadı. Tez də öz aləmindən ayrılıb söhbətimizə qayıtdı:
- Göyərçinlərimizin uçuş, qalxma modeli, düzü, məni çox düşündürdü. 10 il öncə riyaziyyat köklü dəyişib, təbii seçim nəticəsində yaranmış varlıqları indi ciddi öyrənir riyaziyyat. Alimin işi sonsuzluğun bizə bəlli olan son nöqtələrini tapmaqdır. Göyərçin məhz bu cür təbii modeldi. Onun avtomatlaşdırılmış siqnal sisteminin sonsuz kainatla bu cür əcaib bağlantısı... Nə deyim sualınıza... Bəli, çox maraqlı göründü mənə, - professorun havada bir nöqtəni tutub daim ora baxması, hərəkətlərindəki dəqiqlik, sükutla səsin müvazinətini dürüst tutması nəzərlərimdən qaçmır.
- Robotların sərbəstlik dərəcəsi 6 hərəkətlə məhdudlaşır. İnsanda 27 hərəkət varsa, ilanın sərbəstlik dərəcəsi sonsuzdur. Təəssüf ki, alimlər insanın yalnız reallığını nəzərə alır, potensialını gözardına vurur. Biz indi Lütfizadə ilə “potensial insan” modelinin riyazi modelləşdirilməsi ilə məşğuluq. Tədqiqatda iki tərəf var, Amerikanın tanınmış Berkli Universiteti, - layihəni onlar maliyyələşdirir, - bir də bizim “Rafiq Əliyevin elmi qrupu”.
Rafiq müəllim kinayə dolu baxışlarını masadakı bilgisayara ünvanlayıb az sonra sözünə davam etdi:
- Bilgisayarın ağlı mən deyərdim ki, “Əhməd haradadır?” filmindəki Zülümovun ağlını xatırladır. Yəni bütün Əhmədləri lazım gəldi-gəlmədi bir yerə yığır. İndi bizə insan beynini imitasiya edə bilən, onun psixoloji semantikasını əhatələyən bilgisayarlar lazımdı. Dəfələrlə yazmışam, keçər 30-50 il, görərsiz, riyazi qanunlar siz deyən o təbii, metafizik, göyərçin dilində danışacaq. Sizə iki məntiqi nümunə gətirim. Birinci misal: BÜTÜN İNSANLAR, GÖYƏRÇİNLƏR ÖLƏCƏK...
Professor gətirdiyi misalda lal-dinməzcəsinə sanki yenə öz şəxsi itkisinə toxunurdu. Daxilimdə özümə səsləndim: “O, öz itkisinin də riyazi tənliyini, modelini qurur, Allah”...
Bütün tüklərimin ürpəşdiyini, başımın ağırlaşdığını hiss edib əlimi çənəmə dayayıram. Alimə baxa-baxa onun qarşısında baş əymək fikri ötür ağlımdan...

***
Ani fasilədən sonra diqqətim yenə professorun nitqindədir:
 - Bu, məntiqi müddəadır, - Rafiq müəllim, hə, ağrısını bu cür cavablandırır sanki. Ancaq bununla barışmadığı da eynək arxasındakı gözlərindən sezilir.
- İkinci müddəa: SOKRAT İNSANDIR. Sizin məntiqiniz deyir: “SOKRAT ÖLƏCƏK. GÖYƏRÇİNLƏR DƏ”. Ancaq bu təfəkkürün arxasında hansı rəqəmlər durur? Hansı differensial tənlik? Hansı inteqral cədvəl?
Siqaretlərimizdən qalxan qalın tüstü havada əriyənə qədər dərin sükut girir aramıza. Qismətindəki itkiyə professorun bu cür riyaziyyatçı baxışı məni dərindən sarsıdır.
- Biz Lütfizadə ilə indi bununla məşğuluq. - Alimin bu qısa, quru cavabında onun bütün nəhəngliyini duyuram...

***
- Deməli, göyərçinlərimizin meracı, göyə millənməsi, göy qübbəsində ulduz xəritəsini cızması - bütün bunlar sizin karınıza gələcək? - deyib böyük maraqla ustaddan cavab gözləyirəm.
- Lakin ulduz xəritəsi, göyərçinlərin uçuş trayektoriyası dəqiq həndəsi fiqur deyil, nisbidir, fraktaldı. Yəni ölçüsü dəyişkən, Allah verən qədərdi - bu cavabı məni azca məyus edir.
- Lakin uzaq ulduz aləmindən gələn siqnal sistemini qavrayıb əks edən göyərçinlərdə bu, tam mənada insanınkı ilə eyni çıxır. Meracın ilk empirik təcrübəsini indi mən sizə danışıram. Bu, zarafat deyil axı. Yox, göyərçinlər həm fiziki, həm metafizik mərkəzi tapmasalar, səmaya 1200 metr millənə bilməzlər. Göyərçinlər kosmosu, ulduz xəritəsini eynən bizim kimi görüb qavrayır. Mən ki, bunun empirik, yəni təcrübədə təsdiqlənən nümunəsini sizə göstərirəm...
Bütün uzun söhbətimiz boyu bir yerdə qərar tutub əyləşən Rafiq müəllim bu vaxt qəfil yerindən qalxaraq küncdəki dolaba yaxınlaşır. Siyirməni çəkib ordan çıxardığı bir sənədi hörmətlə mənə uzadır:
- Al oxu. Dediklərin burda təsdiqini tapacaq...
İngiliscə yazılmış məktubun müəllifi dünya şöhrətli alim Lütfizadədir. İsveç Nobel Komitəsinə ünvanlanmış məktubun qısa məzmunu təxminən belədir: “Məncə, Rafiq Əliyevin işləri tamamilə kifayət edir ki, o, iqtisadiyyat sahəsi üzrə Nobel mükafatına layiq görülsün. İmza: L.Zadə”.
Alimin səsini bu dəfə qeybdən gələn səs kimi eşitməyə başlayıram. Əks-səda ilə birgə eşidirəm sanki indi bu səsləri:
- Siz deyənləri təxminən biz də nəzərə almışıq. Zadə ilə təzə nəzəriyyə üzərində işləyirik. “Potensial insan”ı riyazi yolla modelləşdirərkən onu iqtisadi modellərdə sınaqdan çıxarmışıq. Məncə, bundan sonra qərar çıxaran insan biz deyən o “potensial insan” olmalıdır. Göyərçini də biz inanın, əsla unutmayacağıq.

***
Akademik Rafiq Əliyevlə söhbətim qulaqlarımda əks-səda verə-verə yenə Maştağadakı tanış ünvana, Hacı Qeybinin qapısına qayıtdım. Hə, çox halal adamdı bu köhnə Bakı quşbazı. Saatlarla sənə Bakı göyərçinlərindən danışsın. Nərd də vurar sənlə, lakin heç vaxt zəri ovcunda cütləməz. Ayrıca qeyd edir-artıq bütün dünya alimləri bizim İmam Hüseyn göyərçinləri ilə maraqlanmağa başlayıb. Bakı göyərçinlərinin möcüzəsi dillərdən düşmür indi, bəziləri artıq bu cinsi ayrıca irq elan etməyi təklif edir bizə. Dünya farmakologiya elmi göyərçinlərimizi öyrənməyi indi özünə əsas borc bilir. Bəziləri isə hesab edir ki, bu Bakı quşları Nuh peyğəmbərin buraxdığı o qədim göyərçinlərin nəslindəndir. Xəzər dənizi isə o tufandan bizə yadigar qalmış su hövzəsidir. Altımızdakı neft də Nuhdan əvvəlki həyatın çürüntüsüdür...
- Göyərçin qənədiylə adamı vuranda lələyiylə əl sinirini zədələyir, ağrı gedir çıxır onurğa sütununa. Handabir cayıl tapmazsan ki, bu ağrıdan qışqırmasın. Ancaq şəfası var bu zərbənin, əsəblər sakitləşir sonra, əlin day heç vaxt əsmir.
Bakı quşbazlarının sərrast bıçaq zərbəsi, güllə atmaq bacarığı da sanki burdan qaynaqlanır. Onların Quran açma bacarığını da sıraya qatsam, hə, məsələ lap ciddiləşər. Göyərçin zərbəsi almış əllər day titrəmir axı. Quranı da ancaq bax, bu əllər düzgün aça bilərmiş...
- Dimdiyindən süd verən ana göyərçinlər isə naməhrəm gördümü, qanadları ilə özlərini, üzlərini örtür. Hə, onlardı müsəlman, biz isə hələ kafirik, - deyir Hacı Qeybi.
Özü də bax, bu cür niqab altda, qeybdə qalmaq istəyir. Şəklini də vermir mənə. Deyir ki, hələ qeybdədir, üzə çıxa bilməz. Deyir ki, qoy Rafiq müəllimin şəkli çap olunsun yazımda. Bir də bizim imam göyərçinlərinin şəkilləri mətbuatı bəzəsə, bu, Hacının lap ürəyincə olar.
Neynək. Gərək razılaşım bununla. Buyurun, baxın bizim İmam Hüseyn göyərçinlərimizə. Gələcəyin “potensial insan modeli” onun sayəsində dünyaya gələcək bəlkə də...

Комментариев нет:

Отправить комментарий