Страницы

23.07.2011

Sizindir, sizindir, mətbuat da sizindir...

Ancaq bizdə oxuyun!

Sofiya Sadıqlı Azərbaycan şor-biznesindən yazır

“Bizimdir, bizimdir, İrəvanda bizimdir” oxuyub, gecəyarısı saat üçdə, dörddə bir qazan dana basdırması basıb yatan qadından Ancelina Coli olmaz

Star Cəmiləni qapıda qoydular

Bu bayramlar içində ən çox sevdiyimdir. Ən çox sevdiyim bayramı da ürək dolusu yaşamağa imkan vermirlər. Baxanda belə bəlli olur ki, bu ölkədə hər şey şou üçündür. 22 iyul mətbuat günü, daha doğrusu mətbuat bayramı kimi qeyd etmək istədiyimiz bu günü əslində bu günə aidiyyatı olmayanlar yad edilir, mükafat verilir. Artıq neçə gündür ki, vur-çatlasındır. Şou əhli elə şouxananı işıqlandıran bir dəstə “qələm” əhlini təbrik eləyir, orda-burda cızbız-kabab qonaqlığı verir.
Ötən gün paytaxtın əyləncə mərkəzlərinin birində keçrilən tədbirdə isə əməlli-başlı qovğa yaşanıb. Dəqiq desək, şou-biznes və mədəniyyət yazarlarının mükafatlandırıldığı məclisdə  “H.C production”nun təsis etdiyi mükafatlandırılma mərasimi baş tutub.  Jurnalistlər müxtəlif nominasiyalar üzrə “Peşəkar jurnalist” mükafatına layiq görülüblər.
Məclisi Lider Tv-nin seksi aparıcısı Zima aparıb. Day indi hara aparıb, necə aparıb, onun odlu sözlərindən məclisdəkilər nə dərəcədə xəyal qırıqlığına uğrayıb və ya tam əksi olub bunu bilən yoxdur. Eşitdiyimiz və bildiyimiz odur ki, jurnlalistləri təbrik etmək üçün gələn Sevda Yahyayeva, Niyam Səlami, reper Hüseyn Dərya və başqalarını yuxarı başa keçirsələr də zavallı şouxanım Cəmiləni qapıdan qovublar. Guya burdakılar Cəmilədən abırlıdır.
Tədbirin reklam çarxlarında iştirakçılar sırasında “Elit star” ləqəbli Cəmilənin adı olsa da son məqamda müğənni jurnalistlərin tədbirinə buraxılmayıb. Səbəb isə guya onun konsertdən bir az əvvəl konsertlə bağlı keçirilən mətbuat konfrasına qatılamaması olub.
Amma deyilənlərə görə, əsl səbəb başqa olub. Son zamanlar tez-tez açıq-saçıq görkəmdə, iyrənc pozalar verən Cəmiləylə bir məclisdə olmağı özünə sığışdırmayan bir xanım onu adıçəkilən tədbirdən uzaqlaşdırıb. Xanımın kimliyinə gəlincə, bu məsələdə daha çox son günlər bərkgedən müsabiqələrdən birində münsif qisimində iştirak edən modelin adı çəkilir.

Ruhi səxavət kisəsinin ağzını açıb

Keçmiş müğənni Ruhi şou-biznesdən gedən kimi unuduldu. Axı söhbət şoudan gedir, bu isə sənət deyil. Sənət onu yaradan sənətkar olmayanda belə yaşayır. Ruhi isə yenidən gündəmə gəlmək, yada düşmək istəyib. Yada düşsün xatirələr deyə, o, böyük bir məclis düzənləyib və şoudan yazan müxbirlərə hədiyyə paylayıb. Deyilənlərə görə, o, şouxananı öyən müxbirləri ətir yağışına tutub. Ruhi müxbirlərə o ki var ətir paylayıb. Deyirlər hər kəsin öz spesfik ətri olur. Məncə Ruhi hamıya eyni ətirdən paylayıb. Çünki şouxananın formasını hansı şəklə salırsan sal, məzmun eynidir.
Şouxana əhlini bir restoran yığan Ruhi hətta müxbirlərı diplomlar da paylayıb. İndi diplomda nə yazıldığını əsas deyil ki, əsas ətirdi və onu verənin cibinin həcmidir.

Əli aşıynan, Vəli aşının orta məxrəcində

Deyirəm bizimkilər nə olur olsun, hara gedir getsin canlarında bir yarımçıqlıq var  ki, var. “Çırmanırıq keçməyə çay gəlməmiş”, amma çay gələndə xəbər tuturq ki, əslində o çırmanmanın bu çayla heç bir əlaqəsi yoxdur. Tutaq ki, Hollivud ulduzu Ancelina Coli yarıçılpaq şəkildə pozalar verir. O zaman bu pozaları görən Nüşabə Ələsgərli, Ziyafət Əsgərova, Məbzurə Musayeva kimi şouxanımlar da qızışıb düşür ortaya. Ölkədə nə çox fotoqraf, pul da ki bir ingilisdə, bir də bizim şouxanada.
Başlayırlar eyni pozaları təkrarlamağa. Bir azdan mətbuata çıxan rüsvayçı şəkillərdən isə üzümüzə tam ifadəsiz gözlər, tam mənasız sifət boylanır. Hələ bu harasıdır, bu seksi pozalar verən şouxanımların, iri qarınları, sallam-sallam sallanan ətləri adamın ürəyini bulandırır. Axı anlamaq gərəkdir ki, insan ya pul qazanar, ya da sənət. gecəyarıya kimi toylarda “Bizimdir, bizimdir, İrəvanda bizimdir” oxuyub, gecəyarısı saat üçdə, dörddə bir qazan dana basdırması basıb yatan qadından Ancelina Coli olmaz. Heç siz bilirsiz Ancelinanın çəkisi nə qədərdir? Bu aktrisa zərif qalmaq üçün hətta çəkiliş meydanında da doyunca qidalanmadığı üçün özündən getdiyi anlar olur.
Bu günlərdə daha çox şouxanada uzun saçları ilə yadda qalan Xəyalə Manaflı fotosesiya edib. Kişinin qızı türklər demiş yataq odasında ürək hoplatan pozalar verib guya. Bu sadəcə saç reklamıdır. Yataq otağında poza verən Xəyalə şəkillərdən birində əynindəki ağ pijamada guya Allaha dua edir. İbadət nədir, yataq otağı nədir? Bu başı ağrıyana qarın ağrısı dərmanı verən həkmilərin işini xatırladır. Rəhmətlik Məşədi sağ olsaydı, üzünü tutardı Xəyaləyə və deyərdi: “Heç hənanın yeridir?”.

Səidə Sultan dəyişdi

Müğənni Səidə Sultan imicində dəyişiklik edib.  Xeyli kökəlib, çəki artıran Səidə saçlarını açıq sarı rəngə boyayıb.
Son günlər deyəsən Səidənin işləri yaxşı gedir. Çünki şouxananın hansı kanalını açırsan ordan Səidə çıxır. Həddən artıq “səviyyəli”, həddən artıq “intellektual” Səidə telekanallardan üzünü tamaşaçılara tutub, həyat və fəaliyyəti haqqında geniş məlumat verir. Əslində onun bu “səviyyəli” və “vacib” məlumatı tamaşaçılara gərək deyil. Amma hiss olunur ki, bu ölkədə Səidə Sultanlar və onun kimlərin fəaliyyəti kimlərəsə vacibdir, çox vacibdir.

Fillər bizim dostumuz imiş

Röya da mətbuat günündə mətbuatımızı xeyli sevindirib. Deyib ki, mən jurnalistləri özümə dost hesab edirəm. Bu sözə həsrət o qədər çatlaq dodaqlar var idi ki, o dodaqlar islanıb, o dodaqlar gülüb.
Gəl indi bu bayramı ürəkdolusu qeyd et də görüm, necə edirsən.

Sofiya Sadıqlı

Комментариев нет:

Отправить комментарий